Edqar Allan Po
QARĞA
O qalıncildi, əcaib kitabları düşünərək,
Gecəyarı oturmuşdum yorğun-arğın, hələ oyaq.
Elə yuxu gələn anda, taqqıltı eşitdim birdən,
Kimsə döyürdü qapını ehmallıca, çox utancaq.
"Qonaq gəlib," fikirləşdim, "Ziyarətə gəlib qonaq,
Başqa kim olar ki, bu vaxt?"
Ah, dəqiq xatirimdədir, bir dekabr gecəsiydi,
Döşəmədə əks edirdi şölələnib yanan ocaq.
Dan sökülsün istəyirdim, ölüb getmiş Lenorumun
Buraxdığı ağrıların çarəsini axtararaq.
Mələklərin çağırdığı Lenorum qayıtmayacaq,
Gəlməyəcək bir də heç vaxt.
Bənövşəyi pərdələrin xışıltısı, əvvəllər hiss
Etmədiyim bir qorxuya saldı məni, sən işə bax!
Həyəcanım yatsın deyə, ayağa durdum və dedim:
"Ehmalca qapını döyür, mütləq gecikmiş bir qonaq,
Gec gəldiyiyçün utanan, hansısa gecikmiş qonaq,
Başqa kim olar ki, bu vaxt?"
Tezliklə özümə gəlib utana-utana dedim ki:
"Qadınsınız, yoxsa kişi, bağışlayın məni ancaq.
Elə yavaş döydünüz ki, otağımın qapısını,
Elə yavaş döydünüz ki, mən yuxuya getdiyim vaxt,
Çaşıb qaldım." Mən qapını aralayıb baxdığım vaxt,
Zülmət gecə gördüm ancaq.
Gözlərimi qaranlığa dikib baxmağa başladım,
Ürkək nəzərlərlə baxdım, qorxub ehtiyatlanaraq.
Sükut hakimdi ətrafda, havada tərpəniş yoxdu,
Pıçıltıyla bircə kəlmə Lenor dedim, bir söz ancaq,
Pıçıltımın əks-sədası qayıtdı qanadlanaraq,
Lenor eşidildi ancaq.
Yerimə qayıdan kimi yenə taqqıltı eşitdim,
Əvvəlkindən daha güclü, əvvəlkindən daha şaqraq.
"Əlbəttə ki," fikirləşdim, "Pəncərədən gəlir bu səs,
Ürəyim də sakitləşsin, baxım, qorxu düşsün uzaq,
Yəqin küləkdir çırpılır pəncərəyə taqqataraq,
Başqa nə olar ki, bu vaxt?"
Pəncərəni açan kimi, müqəddəs günlərdən qalma
Qarğa uçdu otağıma, elə bil gəlmişdi qonaq.
Heç mənə fikir vermədi, çox incə bir hərəkətlə,
Uçdu qapının üstünə, qanadlarını çırparaq,
O Palladanın büstünə qanadlarını çırparaq
Oturub qaldı daş sayaq.
Qara Qarğanın varlığı, cəsarəti, görünüşü
Həyəcanımı qaçırtdı, gülümsədim toxdayaraq.
"Baxmayaraq ki, yolunub," dedim, "Başında tüklərin,
Çox da qorxulu deyilsən, sən gəlmisən bizə qonaq.
Ölüm sahilində səni çağırırlar hansı sayaq?"
Qarğa baxıb dedi: "Heç vaxt!"
Heyrətləndim mən Qarğanın dil açıb danışmağına,
Dediyinin mənasını başa düşməsəm də ancaq.
Əlaqəsiz cavab idi, burası da var insanın
Qapısına belə bir quş, qonaq olub gəlməz hər vaxt.
Qanad çalıb Palladanın büstü üstə qonmaz hər vaxt.
Qarğa qonaq gəlməz heç vaxt.
Bəlkə də mənasız deyil dediyi bu iki kəlmə,
İçindəki niyyətindən Qarğa verdi mənə soraq.
Bunu deyib yenə susdu, mən danışdım əvəzində:
"Dostlarım getdi yanımdan, məni tək-tənha qoyaraq,
Sən də sabah gedəcəksən, məni tək-tənha qoyaraq."
Qarğa baxıb dedi: "Heç vaxt!"
Sükutdan səksənib dedim: "Yəqin ki, əzbərləmisən,
Bu sözlər yadigar qalıb, yaddaşına həkk olaraq
İnsafsız bir fəlakətin haqladığı sahibindən.
Sən bu sözləri deyirsən, aramsız təkrarlayaraq,
Düşünmədən, fasiləsiz, aramsız təkrarlayaraq."
Qarğa baxıb dedi: "Heç vaxt."
Daima mənimlə olan kədər, qüssə itib getdi,
Kreslo çəkib oturdum, balışı rahatlayaraq.
Keçmiş əsrlərdən qalan Qarğa düz qabağımdaydı.
Qarğa haqda fikirləşdim, dərin xəyala dalaraq,
O dediyi kəlmələri beynimdə dolandıraraq.
Necə deyirdi o? "Heç vaxt."
Atəşli gözləri indi sinəmi didib-dağıdan
Qarğa haqda fikirləşdim, dərin xəyala dalaraq.
Birdən ağırlaşdı başım, düşdü balışın üstünə,
Məxmər üzlü balışımın, hədsiz rahat, hədsiz yumşaq.
Daha Lenorun əlləri balışa toxunmayacaq.
Dəyməyəcək bir də heç vaxt.
Elə bil ki, əks-səda verən addımları ilə
Mələk keçdi qabağımdan, əlində ətirli çıraq.
Hirslənib özümə dedim: "Tanrının yazığı gəlib,
Göndərib mələklərini, özünə gəl deyə, axmaq!
Özünə gəl, o kədərli xatirədən qurtularaq."
Qarğa baxıb dedi: "Heç vaxt!"
"Ey müqəddəs varlıq," dedim, "Uğursuz quşsan, ya şeytan.
Bəlkə elə cəhənnəmdən gəlmisən yanıma qonaq?
Danışırsan, çıxır səsin qorxu dolu otağımda.
Mənim nicatım hardadır, nə olar ki, versən soraq?
Dərmanım o dünyadadır, bəlkə, mənə versən soraq."
Qarğa baxıb dedi: "Heç vaxt."
"Başımızın üstündəki Tanrını sevirsənsə de,
Ey müqəddəs varlıq," dedim, "Kədərimi azaldaraq.
Ruhum uçub o dünyada, gözəl cənnət bağlarında
Lenorla görüşəcəkmi, arzu-kamına çataraq?
Mələklərin çağırdığı Lenorla qarşılaşaraq?"
Qarğa baxıb dedi: "Heç vaxt!"
Durub qışqırdım ki: "Uç get, tərk et mənim otağımı,
Ölüm sahilinə qayıt, küləklərə qoşularaq.
Xatirə də qoyma burda, bir lələyin də qalmasın.
Tənhalığımı pozma, get, uçub get, qanad çırparaq,
Dimdiyini ürəyimdən çıxart, get, qanad çırparaq."
Qarğa baxıb dedi: "Heç vaxt."
Palladanın büstü üstə yerini də rahatlayıb
Sakitcə oturub Qarğa, əhvalını pozmayaraq.
Xəyal quran bir İblisin gözləriylə mənə baxır,
Düşür divara kölgəsi, titrəşərək, oynaşaraq,
O kölgədə üzən ruhum, əsarətdən çıxmayacaq.
Çıxa bilməyəcək heç vaxt!
Tərcümə edəni:
Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!