Şedevr və ya özgələşmə tarixindən nümunələr - Nadir Bədəlov yazır

Aləmə adət oldu, mənə bidət

 

1958-ci ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov Qax rayonunun Əyriçay yaxınlığında, şosse yolundan xeyli uzaqda tənha bir məzarın ətrafında adamların yığışdığını görüb ora yaxınlaşır və bunun kimin qəbri olduğunu xəbər alır. Məlum olur ki, bu yerin adı Hacı Murad baba piridir.

Aləmə adət oldu, mənə bidət. (Atalar sözü)

Fransızca "şedevr" sözünün Azərbaycan dilində qarşılığı yəqin ki, "şah əsər" ifadəsi ola bilər və elmi baxımdan yanaşanda bu söz, həm tərcümədə, həm də orijinalda heç bir ciddi məna kəsb etmir. Hər şeydən əvvəl ona görə ki, istər sənət tarixi, istərsə də sənət nəzəriyyəsi birinci növbədə müəyyən tarixi mərhələlərdə və müəyyən coğrafi ərazidə, bir çox hallarda isə ümumiyyətlə, dünya incəsənətində baş verən prosesləri öyrənir. Ədəbiyyat tarixinin və şübhəsiz ki, paralel olaraq ədəbiyyat nəzəriyyəsinin predmeti ictimai-tarixi inkişafın tərkib hissəsi olan ədəbi-bədii təfəkkürün ardıcıl inkişaf prosesidir. Daha açıq və sadə şəkildə desək, ədəbiyyat tarixi çoxluq təşkil etməklə böyük ədəbi seçmələr üçün zəmin hazırlayan ikinci və üçüncü dərəcəli bədii əsərləri öyrənir.

Məgər ədəbiyyat tarixçisi birbaşa bu dediyimiz seçmələrin üzərində dayana bilməzmi? Xeyr, çünki dövrün siyasi konyukturası, bədii mühitin əsas tendensiyaları normativ olaraq ikinci-üçüncü dərəcəli əsərlərdə daha bariz ifadə olunur, nəinki seçmələrdə. Digər tərəfdən ikinci-üçüncü dərəcəli əsərlər adsız (müəllifsiz) ədəbiyyata daha yaxın olur, nəinki fərqlənib seçilən sənət nümunələri. Yenə etiraz oluna bilər. Məgər böyük əsərlər, bu əsərlərin müəllifi olan böyük yazıçıların yaradıcılığı tarixçilər üçün daimi tədqiqat obyekti deyilmi? Elədir, amma bu əsərlər və onların müəllifləri ədəbi prosesdə öyrənilirsə, onda fərqləndirici keyfiyyətlər kənarda qalır, əsas diqqət onların həmin tarixi mərhələ üçün səciyyəvi olan cəhətlərinə yönəlir və bunun nəticəsində bu əsərlər seçilən statusundan ayrılıb normativ səviyyəsinə endirilir. Əslində isə, ədəbiyyat tarixçisi sanki yad ölkəyə səyahətə gedən turist  qismində  çıxış edir. Səyahətçi torpağına ayaq basdığı ölkənin və xalqın adətləri ilə daha çox  maraqlanır, nəinki bu adətlərə meydan oxuyan bidətlə. Çünki bidət bir qayda olaraq səyahətçinin özü kimi ya kənardan gəlir, ya da unudulmuş, daha doğrusu, nəvaxtsa üz döndərilmiş qaydaların yenidən bərpasına cəhd göstərir.   

Bu halda dövrün ədəbi-bədii mənzərəsini yaradan əsərləri hazırda mövcud qaydalar və adətlərlə müqayisə etmək, onlardan kəskin şəkildə fərqlənən seçmə əsərləri isə bidət adlandırmaq olar. Bidət öncədən köhnənin əvəzinə yeni, tamamilə fərqli adətlərin mesajını verir. Belə olanda şedevr sözünə yeni məna qazandırmaq, ona ədəbi prosesdən, eləcə də ədəbiyyat tarixindən kənar şəklildə nəzər yetirmək imkanı əldə edirik. Şedevr özü tarixdir və ədəbi prosesdən ayrıca şəkildə tarixə qoşulur. Güman edirəm ki, məsələnin bu şəkildə qoyuluşu həm də mənə, ədəbiyyatşünas olmamaqla bərabər ədəbi seçmələr haqqında danışmaq hüququ verə bilər.

Beləliklə, birinci bidət - "Hacı Murad" hekayəsi. Müəllifi  Lev Tolstoydur. Əsər ilk dəfə 1912-ci ildə, Tolstoyun vəsiyyət etdiyi kimi, ölümündən sonra çap olunub.

                                                                                                                    * * *

2012-ci ildə Şəkidə əməkdaşlıq etdiyim "Kanal-S" televiziyasında (hazırda bu televiziya ARB - Şəki adlanır) maraqlı bir hadisəni müşahidə etdim. Daha çox Azərbaycanla bağlı tarixi mövzularda bədii-sənədli kitabların müəllifi olan rusiyalı yazıçı Rudolf  İvanov ölkəmizə növbəti səfərində Şəki şəhərindən 40 kilometr aralıda, Qax rayonunun Tanqıt kəndində yerləşən bir övliya qəbrini ziyarət etdi. Elə həmin gün bilavasitə adını çəkdiyim televiziya kanalı və digər media vasitəçilərinin iştirakı ilə bu ziyarət Respublika səviyyəsində ictimailəşdi. Məni heyrətə gətirən hələ o zaman yaşı artıq səksəni adlamış bu kişinin ətrafdakıları sırf özünə aid olan işə cəlb etmək, onları bu işlə bağlı məlumat yaymaq və məlumat toplamaq üçün səfərbər etmək istedadı idi. Ziyarətdən təxminən bir, ya iki gün sonra onun imzası ilə bir neçə böyük məqalə çap olundu. Məqalələrdən birində İvanov hazırda bütün varlığı ilə bağlandığı mövzunun yenidən aktuallaşma tarixçəsini yazır. İstərdim bu tarixçəni sitat kimi deyil, öz sözlərimlə çatdırım. 

1958-ci ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov Qax rayonunun Əyriçay yaxınlığında, şosse yolundan xeyli uzaqda tənha bir məzarın ətrafında adamların yığışdığını görüb ora yaxınlaşır və bunun kimin qəbri olduğunu xəbər alır. Məlum olur ki, bu yerin adı Hacı Murad baba piridir. İnanca görə, övliyanı ziyarətə gələn adam həyəcan, qorxu, nigarançılıq kimi mərəzlərdən sağalır. Arxeoloqun beynindən iti sürətlə bir fikir keçir: bu, Lev Tolstoyun məşhur qəhrəmanıdır. Hekayə ilə tanış olanlara məlumdur ki, əsərin final epizodunda  Hacı Murad məhz bu yerdə, Nuxa şəhəri yaxınlığında çar ordusunun çox sayda əsgərləri və milis dəstələri ilə qeyri-bərabər döyüşdə misli görünməmiş qəhrəmanlıq göstərərək həlak olur. Onu öldürəndən sonra əsgərlər başını kəsib aparırlar. Odur ki, arxeoloq qəbri açmaq, oradakı cəsədin doğrudan da başsız olub-olmadığını müəyyənləşdirmək fikrinə düşür. Lakin bunun üçün yuxarı instansiyalardan icazə almaq lazım idi. Amma nəinki Tarix və Arxeologiya İnstitutunun direktoru, heç Respublika Elmlər Akademiyasının rəhbərliyi belə bu ekshumasiyaya icazə vermək məsuliyyətini öz üzərinə götürə bilməzdi. Yalnız 1959-cu ildə, o zaman Azərbaycana rəhbərlik edən İmam Mustafayev tərəfindən bu işə rəvac veriləndən sonra Məmmədəli Hüseynov məzarı açıb orada doğrudan da başsız bədən olduğunu öz gözləri ilə görür. Yəqin ki, bir anın içində əfsanənin necə dönüb  gerçək olduğunu görməkdən sehrli heç nə ola bilməz və yəqin ki, mərhum arxeoloqun həmin anlarda yaşadığı yaradıcı sevinci təsəvvürə gətirmək də çətin olmaz.  Bir anın içində əfsanə gerçəkliyə, pir isə konkret tarixi abidəyə çevrildi.  

Lakin İvanova gələcək kitabın belletristik mahiyyətini təmin etməkdən ötrü daha böyük intriqa  lazım idi. Müəllif elə həmin il İmam Mustafayevin birinci katib vəzifəsindən kənarlaşdırılması ilə nəticələnən 1959-cu ildə Azərbaycan dili ilə bağlı dramatik hadisələri xatırladır. Onun fikrincə, Məmmədəli Hüseynovun qəbri açmaq cəhdi çətinliklərdən keçdiyi kimi, İmam Mustafayev üçün də bu aksiyaya icazə vermək qərarı əngəlsiz olmayıb. Hər iki halda ciddi maneələri adlamaq lazım gəlirdi və hər iki şəxs bunun üçün özündə lazımi qədər güc və cəsarət tapa bildi. Deməli, hər iki şəxs qadağaları adlamaq əzmi ilə hələ sağlığında ikən qorxusuzluğuna görə adı əfsanəyə çevrilən Hacı Muradın məqamına yetişə bildilər.  Amma bizim üçün burada əsas məsələ həmin o maneənin nədən ibarət olduğunu müəyyənləşdirməkdir.

Sovet dövründə XIX əsr Rusiya Qafqaz müharibəsinə rəsmi münasibət müxtəlif mərhələlərdə müxtəlif xarakter daşıyıb. Bunları iki əsas tezislə belə ifadə etmək olar: birincisi, İmam Şamilin rəhbərlik etdiyi müridizm hərəkatı Osmanlı Türkiyəsi və İngiltərənin maraqlarına xidmət edən antixalq və irticaçı müharibədir, ikincisi, Şamilin rəhbərliyi ilə aparılan müharibə müstəmləkəçi çar Rusiyası və yerli feodalizmə qarşı xalq-azadlıq hərəkatıdır. Qafqaz müharibəsinin sona çatmasının 100 illiyi ərəfəsində ikinci mövqe, xüsusilə ziyalılar tərəfindən edilən səylər nəticəsində daha böyük üstünlük qazandı. Elə həmin vaxtlarda, yəni təxminən Stalinin ölümündən sonrakı illərdə Lev Tolstoy və Qafqaz mövzusu aktuallaşdı, buna qədər yazıçının yalnız külliyyatında nəşr olunan "Hacı Murad" hekayəsi, yaxud rusca deyildiyi kimi povesti ayrıca kitab şəklində təkrar-təkrar çap olunmağa başladı. Hərçənd Tolstoyun əsərində qeyd etdiyim iki mövqedən heç birinin tam təsdiqini tapmaq olmaz. Bu barədə daha ətraflı aşağıda danışacağıq. Lakin onu da qeyd etmək lazımdır ki, bu iki rəsmi mövqelərin toqquşması, qəribə də olsa, daha çox Azərbaycanda böyük gərginliyə səbəb oldu. Nəticədə bugünə qədər müzakirə və mübahisələrə əsas verən son dərəcə dramatik bir hadisə baş verdi.                       

1950-ci ildə akademik Heydər Hüseynov "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixinə dair" monoqrafiyasına görə  Stalin mükafatına layiq görülmüşdü. Kitabın Mirzə Kazım bəyə həsr olunan fəslində Hüseynov XIX əsr şərqşünaslıq elmində aparıcı simalardan olan bu alimin "Müridizm və Şamil" əsərinin geniş izahını verir. Bu əsərdə Şamilin başçılıq etdiyi hərəkat xalq-azadlıq mübarizəsi kimi təqdim olunur və akademikin özünün qeyd etdiyi kimi, Mirzə Kazım bəy Şamili ideallaşdırır. Bununla belə, o dövrdə Sovet İttifaqında ən yüksək mükafata təqdim olunan kitabın müəllifi birinci mövqeyə, yəni bu müharibədə xarici ölkələrin üçüncü qüvvə kimi iştirakına bir kəlmə ilə də olsa toxunmayır. Onu bu mükafata Moskvada çıxan "Voprosı filosofii" jurnalı təqdim etmişdi.  Lakin o dövrdə respublika rəhbəri Mir Cəfər Bağırov bu təqdimata qarşı çıxış edərək "Bolşevik" jurnalında müridiz ideologiyası və Şamil hərəkatı haqqında yazdığı məqalədə tamamilə əks mövqe nümayişidir. Ardınca Heydər Hüseynovun Stalin mükafatına layiq görülməsi qərarı ləğv olunur. Eyni zamanda onu bütün tutduğu vəzifələrdən azad edirlər.Təqiblərə və əsassız tənqidlərə dözməyən Hüseynov 1950-ci ildə intihar edir. Bir daha təkrar edim ki, rəsmi olaraq həm sovet tarixşünaslığında, həm də ondan əvvəl müəyyən mərhələlərdə çar Rusiyasında İmam Şamil İngiltərə və Osmanlı Türkiyəsi tərəfindən dəstəklənən, bu imperiyalara işləyən cəsus kimi qəbul olunur. Bu gün də Rusiya tarixşünaslığında bu mövqe meynstrim təşkil edir. Bununla paralel Şamilin Şimali Qafqaz xalqlarını birləşdirən, xalq hərəkatına rəhbərlik edən bir qəhrəman kimi də təqdimatını görmək olar.  

                                                                                                                          * * *

Hacı Murad demək olar ki, yarım əsr davam edən Rusiya-Qafqaz müharibəsinin yalnız bir epizodunun epizodik qəhrəmanıdır. Hacı Murad Şamil deyil. Şamil Qafqaz müharibəsinin baş qəhramanıdır. Baxmayaraq ki, Qafqaz müharibəsi Şamilə qədər başlayıb və Şamildən sonra, qısa müddət də olsa davam edib. Şamil Qafqaz müharibəsinin, Dağıstan və çeçenlərin çar Rusiyasına qarşı mübarizəsinin, eləcə də Qafqazda müridizm hərəkatının rəmzidir. Tarix, tarixi sənədlər İmam Şamildən bəhs edir. Hacı Murad isə bir çox mənada məhz  Lev Tolstoyun onun haqqında yazdığı əsərə görə bu günə qədər tanınır və məşhurdur.

Bəs görəsən niyə Qafqaz müharibəsində şəxsən iştirak etmiş, orda nələr baş verdiyini öz gözü ilə görmüş böyük yazıçı məhz bu qəhrəmanın, Hacı Muradın üzərində dayanıb?  Bu suala cavab vermək üçün həm Qafqaz müharibəsinə və bu müharibədə Hacı Murad epizoduna, həm də Lev Tolstoyun əsəri yazdığı dövrdə  əxlaqi, dini, siyasi və fəlsəfi görüşlərinə müxtəsər nəzər yetirməliyik.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!