Nərminə Həsənova - Fərid Hüseynin "Bir də heç vaxt"ı

 

Nərminə Həsənova

Bakı Mühəndislik Universiteti

pedaqoji fakültəsinin II kurs tələbəsi

 

Fərid Hüseynin "Bir də heç vaxt"ı

 

Fərid Hüseynin "Bir də heç vaxt" şeirlər toplusunu oxudum və kitab məndə gözəl hisslər, xoş təəssüratlar yaratdı. Bu şeirləri oxuduqca insan düşünür, misraların alt mənalarını anlamağa çalışır. Müəllifin bəzi şeirləri insanı keçmişə aparır, bəziləri bugünümüzə bağlayır, bəziləri isə gələcəkdən soraq verir...

Kitabın adı çox xoşuma gəldi - "Bir də heç vaxt"! Böyük ehtimal, bu adı eşidən bir çox insanın ağlına ilk öncə neqativ fikirlər gələcək. Ümumiyyətlə, şair kitabına ziddiyyətli bir ad seçib. Oxucuda həm müsbət, həm də mənfi fikirlər yarana bilər. Məsələn: Bir də heç vaxt sevməyə bilərik və ya bir də heç vaxt hər hansısa səhvimizi təkrarlamarıq və s. Bu fikirlərin hansının daha üstün mövqedə duracağı isə hər bir oxucunun öz düşüncəsinə, daxili aləminə, yaşantılarına bağlıdır.

İnsan yaşadıqlarını, hiss etdiklərini yazmalıdır. Çünki belə əsərlərin, şeirlərin oxucuda oyatdığı təəssüratlar da səmimi olur. Əgər bir şey bizi düşünməyə vadar edirsə, deməli, oxuduqlarımızın bizim üçün bir faydası var. Bəlkə də, Fərid Hüseyn yaşadıqlarını, hiss etdiklərini yaza bildiyi üçün onun şeirləri mənə maraqlı gəldi.

"Bir də heç vaxt" şeirlər kitabı bir neçə başlıq altında toplanan şeirlərdən ibarətdir. Hər hissədən bir neçə şeir nümunə göstərərək fikirlərimi bölüşəcəm.

Şəhərlər, şeirlər...

Kitabdakı bu hissədə şair ölkə xaricində, başqa-başqa şəhərlərdə öz dərdinə, suallarına cavab tapmaq istəyir. Bu şeirlərdə ən çox yaralı qəlbi, sevgidən yarımçıq qalan birinin hisslərini və müharibələrin insanda buraxdığı izləri görə bilərik.

 

Bu dünyada bir ömrü boyu

gözəl yaşamaq çətindir deyə

çəkdirdiyimiz şəkillərdə

bircə an gözəl olmağa çalışırıq.

hər şəkildə gülümsəyə-gülümsəyə

ölümlə barışırıq.

 

Çəkdirdiyimiz şəkillərin sayı o qədərdir ki, həqiqətən də getdiyimiz hər yerdə həyatın dadını çıxarmaq, onu yaşamaq yerinə, həmin anları foto çəkməklə dondurmuşuq. Şəkillər gözəldir, baxdıqca bizə sevdiklərimizi, xatirələrimizi, acılarımızı, sevinclərimizi xatırlada bilər, ancaq bunları sırf həmin şəkillərə baxdığımız an xatırlamaqdansa, hər zaman yaddaşımızda, qəlbimizdə daşımaq daha gözəldir. Və doğrudan da, bəzən həyat bizi yorsa da, çəkdirdiyimiz şəkillərdə sırf gözəl düşmək üçün yalandan da olsa gülümsəyirik. Əslində, bu saxta gülümsəmələrlə özümüz özümüzü aldatmış oluruq...

"Moskva gülləri" şeirindən bir hissəyə baxaq:

Dünya - bu qədim qəbiristanlıq gülür bizə.

Bizim bu dünyagirliyimizə,

                        "ölümsüzlüyümüzə".

İnsanları gerçəklər yox, xəyallar yaşadır.

Odur ki, ilk insan qətlini ustufca unutmuşuq.

 

"Qahirə qədəri" şeirində isə müharibənin insanda yaratdığı dəhşətlərdən danışılır, bəşər övladının savaşlardan çəkdiyi acılar göstərilir:

 

Deyirlər gözlərin olsa da, qürbətdə korsan:

Doğrudan da, belədir...

Korun qaranlığı danışmasıdır bu şeir...

 

İnsan nə qədər başqasının acılarına yansa da, onu hiss etməyə çalışsa da özgəsinin hisslərini tam anlaya bilmir. Nə qədər başqalarının ağrılarını, acılarını duya bilsək də, bir o qədər bəzi şeyləri gözardı edəcək qədər koruq...

Şairin "İstanbul sənsizliyi" şeirində isə nakam sevgidən, eşq axtarışından bəhs olunur. Poetik qəhrəman İstanbulda hara getsə orada sevdiyini xatırlamaq, onu görmək istəyir. Amma heç yerdə axtardığı adamı tapmır. İstanbula səyahət adıyla ayaq bassa da, əslində, o, sadəcə yaralı qəlbi ilə bura pənah gətirib.

Zindan şeirləri

Şair bu hissədə həm sevginin açdığı yaraları, həm də həqiqi zindana məhkum olanların yaşadıqlarını göstərməyə çalışıb.

Həqiqətən də, sevgisiz həyat bir zindandır. Sevginin olmadığı yer "dörd divar"dır. Əslində, həyatımızı "dörd divar"a döndərən də özümüzük. Biz sevgini çox vaxt bir insanda axtarırıq.

Bu hissədə "Sükut" şeirində "Qaranlığa oyanıb kor olmuşam bəzən" misrası diqqətimi çəkdi. Bəzən sevgimizə qarşılıq ala bilmədiyimiz üçün qaranlığın içindəki aydınlığı görə bilmirik. Əgər gecələri aydınlandıran Ay və ulduzlar, qaranlıq otaqları nurlandıran bir işıq varsa, deməli, hər insanın içində də bir ümid yaşayır. Ancaq çox zaman insanlar öz içlərindəki bu ümid işığını görmək istəmirlər. Azadlıqda olan insanlar öz həyatlarını zindana döndərərkən, zindanda olan insanlar azadlıq eşqiylə yaşayırlar. Eyni düşüncəni şairin "Zindan haykuları" silsiləsindəki bu misralarında da görmək olar:

Azadlıqda sevdiyi musiqiləri

Dinləyir hələ də

15 il cəza çəkən məhbus.

Bu misralardan da görürük ki, dörd divar arasında olan biri, ümidlə yaşaya bilirsə, azadlıqda olan insan da belə ola bilər.

 

 

Liriklər və antiliriklər

Bu hissədə şair duyduğu sevgi hissindən, bu hissin sevdiyi insanın taleyində, ömründə buraxdığı izlərdən bəhs edir. Hər misrada, hər bənddə yaralı qəlbin acılarını duya bilərik. "Ömür" şeirində poetik qəhrəmanın həyatdan küsdüyü nəzərə çarpır. O, özünü tək hesab edir, hətta təkliyin elə həddinə çatıb ki, hər şey gözünə iki görünür. Belə hallarda, insanın özü belə 2 hissəyə ayrılır: özünü kəşf etmiş olan və özünə belə sirr qalan adam. Özünü kəşf etmiş olanlar çətin də olsa, bu ağrılardan, acılardan qurtula bilirlər. Bunu bacarmayanlar isə aynaya baxdıqda yalnız özlərini və acılarını görürlər, aynanın əsas funksiyası onlar üçün əhəmiyyətini itirir...

"Ölüm deyil" şeirində qadınlarsız kişilərin həyatının çətin olacağı qabardılır. Poetik qəhrəman bu şeirdə, əslində, öz suallarını özü cavablandırır. Bir yandan qadınsız yaşamağın rahat olduğunu desə də, sonda bunun yalan olduğunu gizlətmir:

Ölüm deyil bir qadının yoxluğu.

Ən uzağı soyuq yemək deməkdi.

Ən ötəsi, həvəssizcə əyninə,

Təzə, amma qırış köynək geyməkdi.

 

"Sənsizlik" şeiri də nakam məhəbbət duyğuları haqqındadır. Poetik qəhrəman burada da, qadına yüksək qiymət verir:

Səndən qaçmaq,

Fərarilik olmaq olmur.

Sən göstərdin ki,

Qadın kişiyə bir cüt qabırğa əvəzində

Bütün canını verə bilər.

"Sevgililər günü" şeirində sevdiyi insan yanında olmasa da, qarşı tərəfin onu unutmadığını görürük. Əsl sevgi sevdiyin yanında olmasa belə, onu ətrafındakı hər şeydə duya, bütün gözəlliklərlə vəhdətdə görə bilməkdir:

 

Dünən sevgililər günü idi,

Sənə gül almadım,

Amma bir gül alıb əkdim.

Əlillərin ayaq səsi duyulurdu -

O səslərdən bildim ki, sevgi itmir.

 

Şairin "Bir anda" şeirini isə digərlərindən fərqləndirən cəhət, mənim fikrimcə, burada onun nikbin düşüncələrinin üstün olmasıdır.

İnsanın "içində" ürək,

Ürəyin içində sevgi,

Sevginin içində sevdiyin.

İnsan hərdən "sevirəm" deməyə

                        vaxt tapmır - ölür.

Əslində, sevmək də, ölmək də

Zamansızlığın içində gizlənir.

Saat, dəqiqə, saniyə, şərti zaman ölçüləridir,

Sevmək də, ölmək də bir anda olur,

Bir anda...

 

Qəlbin tərbiyə dərsləri

Bu hissədə şair həyatın insana yaşatdıqlarından, onu kamilləşdirməsindən danışır. Gördükləri, yaşadıqları onun qəlbini tərbiyə edib - həyatı başa salıb. Artıq o, ağrı-acını hiss etmir, əksinə onlar olmadan həyatının mənasız keçəcəyini bilir. Bütün xoşbəxtliklərinin uşaqlıq illərində qaldığını deyir. O, dünyadakı bütün fəlakətlərin səbəbini insanda görür. İnsan bu ağrı-acıların içində  yetişir, vicdanı ilə hesablaşmalı olur. Nəfsinin müəllimi, vicdanının şagirdi olur. Bunu "Yusif Peyğəmbərə danışdığım yuxu" şeirində də görə bilərik:

Ürəyi cana bərkidən sapı qırır nəfs,

Və içindəki incilər səpilir yerə.

Bir ömür hamı vicdanın tələbəsidir,

"Qəlbin tərbiyə dərsləri" bitmir.

Yəqin bundandır ki, insan əcələcən özüylə

"Qurd dostluğu" edir.

 

İnsan ömür boyu özünün axtarışında olur. Özünü tanımağa, kəşf etməyə çalışır.

Yusif, sənin xilasın səhradan eşidilən səs oldu,

Mənsə hələ də içimdəki quyuda karam.

Nə cənnət ülfəti görürəm,

                        nə cəhənnəm nişanəsi -

... Allahı çağırıram...

 

İnsan axtarışlarında doğru nəticə əldə etmək istəyirsə, o, Allaha yönəlməlidir. Bütün qapıların açarı yalnız Xudadadır.

"Bağışlamaq" şeirində isə şair bildirir ki, insan ömrü boyu, necə ki, Allahdan bağışlanmağı istəyir, eləcə də bağışlamağı bacarmalıdır:

Tanrıya sevgi tövbəni pozmamaqdı,

Bəndəyə sevgi hər dəfə bağışlamaqdı.

Səni aldadanın da,

Səni ağladanın da taleyidir günahı.

Ürəyini açmalı, əlini uzatmalı,

Özgənin günahına öz suçuntək ağlamaq -

Bağışlamaq hamını,

Hər dəfə bağışlamaq.

Bağışlamaq lazımdır, amma haqsızlıqlar qarşısında susmaq yox...

"Qocayla söhbət" şeiri - burada qoca və cavan arasında dialoq təsvir edilib. Burda gənc həyatı anlamaq üçün qocaya suallar verir. Qoca ona həyatda düzgün yaşamağın yollarını nişan verir: "Elə yaşa, kəsilmiş ağaclar girməsin yuxuna, sular ağlamasın ağacların ardıyca".

İnsan elə yaşamalıdır ki, kimsənin haqqına girməsin, hətta bircə qarışqanın belə. Vicdanı ilə yaşamağı bacarmalıdır ki, elədikləri onun qorxulu yuxusuna çevrilməsin. Cavanın "illər unudurmu heç?" sualına Qoca: "Sənə baxanda özümü xatırlayıramsa, bunun harası oldu unutmaq?" cavabını verir. Keçmiş hər zaman bizimlədir. Keçmişini unutmaq istəyən insan gələcəyə sağlam körpülərlə gedə bilməz. Keçmişini xatırlayıb ondan nəticə çıxaran insanlar bu körpüdən ayaqları büdrəmədən keçə bilərlər.

Müharibə

Bu hissəyə 3 şeir daxil edilib: "Müharibənin sözü", "Müharibənin göz yaşları", "Müharibə sükutu". Həmin şeirlərdə şair müharibənin fəlakətlərindən, ağlasığmaz dəhşətlərdən ürək ağrısı ilə danışır. Beşgünlük oğlu ölmüş ata, sevdiyi oğlanın məzarı üstündə ağlayan qız, bətnində ölmüş körpəsini ağlayan ana və s. Böyük ehtimal şair müharibəni gördüyü üçün bu hissləri dolğun təsvirlərlə verə bilib. Oxuduqca həmin acınacaqlı səhnələr göz önünə gəlir.

Minimalist poeziya

Bu hissə  isə həcmcə kiçik, aforizmi xatırladan poetik silsilə toplanıb:

 

Bir saat əvvəl əzizlənən uşaq

Bir saat sonra döyüləndə

Anladı ki, sevgi müvəqqətidir.

***

Kağızdan gəmi düzəldəndə bilirdim,

Uzaqlara getməyəcəyəm

Kağızdan gül düzəldəndəsə bilmirdim.

Sevgimiz oyuncaq olacaq...

***

Böyüklüyünə şükür, Tanrı,

Şeytanı da mələk yaratmısanmış.

***

Saçlarına rəng qoy deyirik, ana,

Bəlkə bu, səni çox sevdiyimizdən deyil,

Biz öz günahlarımızı ört-basdır etmək istəyirik.

Gördüyümüz kimi, bu hissədə şair həyatın bir çox məqamlarına - sevgiyə, anaya, Tanrıya, dinə və s. dair fikirlərini qısa poetik lövhələr şəklində oxucuya çatdırılıb.

Sonda...

Şair bu kitabda həyatın demək olar ki, hər dönəminə toxunub. Oxuduqca bəlli olur ki, o, bu şeirləri dərin hissiyyatla yazıb. Yəni qələmə aldığı duyğuların çoxu onun şəxsi hissləridir. Fəqət o, bunu elə bir şəkildə qələmə alıb, elə məharətlə ifadə edib ki, bu şeirləri hər kim oxusa mütləq öz daxili dünyasına enəcək və oradakı şəxsi qənaətləri, fikirləri haqqında düşünməyə başlayacaq. Onun qələmə aldığı şeirlər, hər üç zaman forması ilə  - həm keçmiş, həm bu gün, həm də gələcəklə səsləşir. Şair bu kitaba daha çox kədər dolu şeirlərini cəm edib, amma bunları həyat həqiqətlərinə uyğun olaraq, heç bir rəngə boyamadan yazıb. Əgər bu şeirləri oxuyarkən düşünməyi bacarırıqsa, deməli, onları oxunmağa dəyər. Və ən əsası da budur ki, biz bu şeirləri oxuduqca dünya, həyat haqqında fikirlərimiz yeni, maraqlı məcraya yönəlir.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!