Ölümündən sonra "Karacahamet" məzarlığında dəfn edilən böyük turançı Əli bəy Hüseynzadənin məzarı onun missiyasını ifadə etmirdi. Tarixi izlərimizi qorumaq, onları indi yüksək dəyərləndirərək gələcəyə miras buraxmaq missiyasını yerinə yetirən İstanbuldakı Baş konsulluğumuz bu dəfə də Cümhuriyyətin izlərinin bərpası istiqamətində böyük işlərdən birini görmüşdür. Məhz Baş konsul Məsim Hacıyevin təşəbbüsü nəticəsində Əli bəy Hüseynzadənin məzarı abadlaşdırılmış və başdaşı üzərində "Azerbaycan Büyük Müteffekiri Hüseyinzade Ali bey üçrenkli bayrağımızın renklerini Türkleşme (Mavi), Çağdaşlaşma (Kırmızı), İslamlaşmak (Yeşil) olarak sembolleştirmiştir" yazısı həkk olunmuşdur.
Ziyad Quluzadə
Getmək, öz vətənini, sevdiyin küçəni, əziz səsləri tərk etmək və uzaqların qəribçiliyində bir nisgillə yaşamaq əzabıdır. Bir də qəfil xəbər gətirəcək olanların, gözləmədiyin bir anda bir səs, bir ün eşitdiyin (bəzən dörd gözlə gözlədiyin) o doğma yerlərin barəsində bir müjdə insanı necə xoşbəxt edə bilər. İstanbul küçələrini gəzərkən, burada Bolşevik işğalında olan vətəni üçün bir iş görə bilmək adına Azərbaycan Demokratik Cümhuriyyəti ideyasının və 23 aylıq ömrü olan bir müstəqilliyin mövcudluğunu 23 əsrə uzada bilmək uğrunda mübarizə aparmaq… Sonra isə zamanın amansız ömür adlı küləyinə qoşulub dünyadan köçmək…
Onlar qəribçilik, vətən həsrəti, vətənin bir ovuc torpağının, bir xarı bülbülünün, bir Qasımuşağı xalçasının, bir butalı şəkərburasının həsrətilə yaşamışdılar. Qəlblərində bir görünməz işartı, düşüncələrində irəlisi və gerisi olmayan yol… Ancaq yolun kənarında dayanmaq, uzaqdan baxmaq çarəsizliyi… Di gəl ki, onlar bu çıxılmazlığa, bu qaranlıq girdaba Promotey atəşini tutdular. O çarəsizliyin və bəxtsizliyin yarımçıq yolunda özlərinə yeni bir yol açdılar. Cümhuriyyətin süqutundan sonra Bolşevik Rusiyasının təsiri nəticəsində əllərində xatirələri və qəlblərində bir gün mütləq geri dönəcəklərinə dair dərin inamla səfərə çıxdılar…
İstanbul - bu qədim şəhər, nisgillilərin, ümidlə gələnlərin, pənah gətirənlərin, üzərinə sərt küləyini vurur, dənizin soyuq və duzlu suyunu çilər. Balıqlar isə "xəyalları reallaşdıran balıq" olmaq missiyasını yerinə yetirməz… Ancaq pənah gətirənlərin geridə buraxdıqları vətən onların qəlbində əbədi məskən salar, bəzən xoş xəbəri sevindirər, bəzən isə həsrəti qəlblərdə dərin bir yara açar. Elə bir həsrət yarası ki, sadəcə gələnləri yandırmaz, gələnlərin, oğlunu, qızını, körpə nəvəsini də incidər. Onlar da "aiddiyyət" duyğusu ilə, gah yaşadıqları ölkəyə, gah da gəldikləri ölkəyə məxsus olduqlarının düalizmi içərisində yaşayarlar. Cümhuriyyətçilər kimi… Onlar da vətənlə qəribçilik arasında qaldıqları illərdə də həm yaşadıqları ölkənin mədəni həyatında fəal rol göstərmiş, həm də Azərbaycanımızın düşüncə tarixinin formalaşmasında, milli və müstəqil bir dövlət kimi var olması uğrunda mübarizə aparmışlar.
Bu gün Cümhuriyyətimizi quran dövlət adamlarımızın məzarlarını Feriköy məzarlığında gəzən təsadüfi bir insan qüdrətli Azərbaycan üçün aparılmış mübarizənin əsl şahidi ola bilər. Burada Əhməd bəy Ağaoğlu, Fətəli Xan Xoyskinin qardaşı Hüseynqulu Xoyski, Nağı Şeyxzamanlı, Xəlil bəy Xasməmmədov kimi insanlar uyuyur. Bəlkə on il bundan öncə xatırlanmayan, yanından ötüb keçilən bu məzarlar yaxınını ziyarətə gəlmiş birisi üçün digər məzarlardan fərqlənmirdi. Ancaq bu gün Feriköy məzarlığının artıq tariximizin bir nişanəsini daşıdığını, oradakı məzarların kimliyimiz və dövlətçiliyimiz üçün nə qədər əhəmiyyətli olduğunu daha rahat anlamaq olur. Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsinə dair cənab Prezidentimiz İlham Əliyevin imzaladığı fərman da bu izləri qorumaq və əbədiləşdirmək üçün ən böyük stimul rolunu oynadı. Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyevin bəlkə gələcəkdə daha da yaxşı anlaşılacaq bu təşəbbüsü nəticəsində Feriköy məzarlığının girişində xüsusi xatirə lövhəsinin vurulması, o mutəfəkkir, mübariz insanlarımızın məzarlarının bərpası önəmli bir addımdır.
"Pərdə arxasındakı adam" deyirdilər ona… Salyanda doğulmuşdu ancaq taleyin həlim mehi (bəzən şaxtalı qış küləyi) onun qəlbində "Turançılıq", "Türkçülük" toxumlarını səpdi və bu mübarizədə ona əzmkarlıq, mübarizlik yoldaş oldu. Ancaq onun vətən uğrundakı mübarizəsində yolunu kəsənlərə qarşı duyduğu çarəsizlik hissi də elə bu misralarında daha aydın görünürdü.
Ucundadır dilimin,
Həqiqətin böyüyü.
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi.
Bilirmisən cühəla
Nə etdilər vatana?
Nə qoydular uyuya,
Nə qoydular oyana.
Ancaq öz məqalələri, mübarizəsi və düşüncəsi ilə o, əslində, dilinin ucundakı həqiqəti tarixin üzünə elə möhkəm bağırdı ki, bu hayqırtı uzun illər böyüdü və bugünkü Azərbaycanımız üçün ideoloji arxetip oldu.
"Pərdə arxasındakı adam"ın ömrünün son günlərini Cümhuriyyət dönəmimizin dəyərli tətqiqatçılarından Azər Turan özünün "Əli bəy Hüseynzadə" əsərində belə qeyd edir. "Ömrünün sonlarında Əli bəy Hüseynzadə İstanbulda Üsküdarın Ehsaniyyə məhəlləsində yaşayır. Və 1940-cı il mart ayının 17-də bazar günü buradakı evində dünyasını dəyişir. Ev Əli bəyin deyildi. Türkçülüyün dahi qurucularından biri olan Əli bəyin Türkiyədə öz evi, mülkü olmayıb. Onun övladları Çağaloğlunda dünyaya gəlib, sonra Süleymaniyyə və Üsküdarda kirəkeş yaşayıb. Keçindiyi ev də bacanağı Kamal Muxtara məxsus olub…"
Türkçülüyün ideoloji bazasını yaradan Əli bəy Hüseynzadə barəsində yenə Azər Turan qeyd edir ki, "o, ilk Turani idi. Təriqət səviyyəsində bir ideologiya, ideologiya səviyyəsində bir təriqət qurmuşdu." Səməd bəy Ağaoğlu böyük mütəffəkkirin düşüncəsinin köklərinə dair çox dəqiq bir məqama toxunur və qeyd edirdi. "Osmanlı imperatorluğunun ümmət politikası ilə ayaqda dura bilməyəcəyi anlaşılınca vicdanlarda bir vətən olaraq, Turan yolunu Əli bəy Hüseynzadə göstərdi."
Ölümündən sonra "Karacahamet" məzarlığında dəfn edilən böyük turançı Əli bəy Hüseynzadənin məzarı onun missiyasını ifadə etmirdi. Tarixi izlərimizi qorumaq, onları indi yüksək dəyərləndirərək gələcəyə miras buraxmaq missiyasını yerinə yetirən İstanbuldakı Baş konsulluğumuz bu dəfə də Cümhuriyyətin izlərinin bərpası istiqamətində böyük işlərdən birini görmüşdür. Məhz Baş konsul Məsim Hacıyevin təşəbbüsü nəticəsində Əli bəy Hüseynzadənin məzarı abadlaşdırılmış və başdaşı üzərində "Azerbaycan Büyük Müteffekiri Hüseyinzade Ali bey üçrenkli bayrağımızın renklerini Türkleşme (Mavi), Çağdaşlaşma (Kırmızı), İslamlaşmak (Yeşil) olarak sembolleştirmiştir" yazısı həkk olunmuşdur. Cümhuriyyət tariximizin 100 ilində onun məzarı üzərindəki şam ağaclarının budaqlarında dalğalanan üçrəngli bayrağımız ölkəmizin tarixi izlərini qorumaq yönündə atılmış ciddi adımdır. Çünki bir dövlət öz dəyərlərinə, keçmişinə sahib çıxdığı müddətdə böyükdür, güclüdür.
…tarix yalnız qalın cildli arxiv materialı deyil, tarix, sadəcə, olub ötmüş bir keçmiş də deyil. Tarix dünənlə sabah arasında uzanan bir körpüdür. Qaracəhməd məzarlığının yanından ötən bir yolçu, vətənindən uzaq diyarlara elm üçün gəlmiş bir tələbə, qəlbində türkçülük və vətənpərvərlik həyəcanı daşıyan bir insan bəlkə də elə izləri daha da dərinləşmiş keçmişinin addımlarında yeriyəcək. Onların böyük missiyasını gördüyü an Azərbaycan xalqının dərin və əzmkarlıqla dolu mübarizə yolunun hər dolanbacına şahid olacaq.
…keçmişi unudulmağa, unutdurulmağa icazə verməyək, əks təqdirdə gələcək üzərimizə üzü kədərli, sönük günəş kimi göy qübbəsində asılacaq və ətrafa istilik, işıq əvəzinə qaranlıq bir örtük sərəcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!