Üç gün əvvəl may ayının 23-də 60 yaşı tamam olan, 1993-cü ilin fevralında Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman Yusif Mirzəyevin əziz xatirəsinə...
Samirə ƏŞRƏF
1993-cü ilin yayı təzəcə girmişdi. Havalar isinmiş, mer-meyvə ağacları çiçəkdən çıxıb bar vermişdilər. Həyatın canlılığı, təbiətin qabıq dəyişməsi insanı yaşamağa, gələcəyə doğru ümidlər bəsləməyə məcbur edirdi. Lakin mənim üzərində yaşadığım torpağın adamları narahat-narahat gəzib dolaşır, öz evlərində qonaq kimi yaşayır, əlləri bağda-bağatda heç bir işə yatmırdı. Elə gün olmurdu ki, rayona erməni topu, qradı, mərmisi düşməsin. Hamının bir ayağı qaçaq idi.
Həyətimizdəki qızılgül, yasəmən çiçəkləri kolların, budaqların üstündə çiçək açıb, elə ordaca da soluxub, quruyub tökülürdülər. Atam tez-tez deyirdi ki, "a bala, o güllərdən qır, yığ güldana. Heyifdir, tələf olub gedirlər." Amma uşaq ağlımla atamın dediklərini eləmir, ona və şüuraltımda özünə amansızca yer etmiş düşmənə etiraz edirdim. İstəmirdim ki, qaçhaqaç düşsə, evimiz yiyəsiz qalsa, düşmən gəlib mənim yığdığım gülləri ayaq altına salıb tapdalasın. Əlbəttə, bu barədə o vaxtlar belə səlis və dəqiqliklə düşünə bilməzdim. Düşüncələrimi indi aradan keçən iyirmi beş ildən sonra belə səhmana salıb, bər-bəzəyə tuturam.
Biz elə həmin yayı evimizdən quruca canımızı götürüb qaçdıq. Hər gün erməni gəldi, qaçın, sözlərini eşitməkdən, rayona atılan top, qrad mərmilərinin gurultulu, ölüm, qan-qada gətirən səsindən qorxaq və gözüqırpıq olmuşduq. Ona görə də qaçmaq bizim ən təbii haqqımız idi.
Rayondan xeyli aralı olan Şükürbəyli kəndində tanışlarımızın birinin evinə yığışdıq. Həyətə qoyulan televizor hər gün yalan-doğru xəbərləri ilə biz qaçanların ümid yerinə çevrilirdi. Bir axşamüstü televizorda şəhid olmuş əsgərlər haqqında veriliş verilirdi. Ekrandan qaraqaş, qaragöz, bığlı bir kişinin gülərüz çöhrəsi görsəndi. Həmin kişini niyəsə Koroğluya bənzətdim. Anam kişini görən kimi əlini yüngülcə dizinə çırpıb vaysındı: "Heyif Yusif Mirzəyevdən, yaxşı insan idi. İki-üç il əvvəl bizim idarəyə "revizor" gəlmişdi. Bir həftənin içərisində on ilin hörmətini qazanıb getdi."
Vəssalam! O gündən bu yana Yusif Mirzəyevin adı və siması, bir də qazanmış olduğu onillik hörməti mənim - on üç yaşlı qızın yaddaşının bir tərəfində sancılıb qaldı. Mən Yusifi bir də 2018-ci ildə rejissor Nizami Abbasın ekranlaşdırdığı "Batalyon" sənədli filmində gördüm. Görən kimi də dərhal tanıdım. Hətta öz yaddaşımın möhkəmliyinə heyrət etdim. Filmdə danışan Yusif Mirzəyev həmin müfəttiş idi.
Nizami Abbasın Yusif Mirzəyevə həsr olunmuş "İgid əsgər" filminin premyerasına gedəndə isə artıq bilirdim ki, film Koroğluya bənzəyən, 34 yaşında qəhrəmancasına şəhid olmuş Yusif Mirzəyevdən bəhs edir…
Film Yusif Mirzəyevin doğmaları və əsgər yoldaşları tərəfindən nəql olunan xatirələr fonunda Yusifin cəbhədəki dövrlərini əks etdirən kadrlarla başlayır və davam edir. Həmin kadrlarda Yusif Mirzəyev gülür, kədərlənir, qəzəblənir. Bəzən yorğun və bitkin, hətta yatılı vəziyyətdə operatorun kamerasına düşür. Komandir olsa da döyüşçülər arasındakı sadəliyi, gülərüzlülüyü ilə Yusif həm də gəldi-gedər dünyaya qarşı gözütoxluğu ilə diqqəti cəlb edir. Hiss olunur ki, ölüm onun üçün o qədər də dəhşətli hadisə deyil. Dəhşətli olan torpaq, əsgər itkisi idi. O, öz həyatına qarşı nə qədər laqeyd, amansız idisə, başqalarının, tabeliyində olan insanların ömrünə qarşı bir o qədər cavabdeh və diqqətli idi. Bunu keçmiş döyüşçülərin onun haqqında sevgi və hörmətlə, kövrələrək danışmaqlarından duymaq, hiss etmək olurdu.
Filmdə Yusifin gülüşlərini, vətənə qarşı pafossuz, sadə sevgisini hiss etdikcə qəribə, gizlin xəcalət hissi adamı bürüyür. Monitordan gözümü yayındırsam da, olmur. Özlüyümdə düşünürəm. Axı Yusif Mirzəyev və onun kimi yüzlərlə insan bizim bugünkü dincliyimiz üçün canlarından keçdilər. Sözün həqiqi mənasında ev-eşiklərindən didərgin olub, ailələrini ata-ana ümidinə qoyub, vəzifələrini, iş yerlərini tərk edərək cəbhəyə yollandılar. Həqiqi vətən sevgisi naminə öz sağlamlıqlarından, canlarından keçdilər. Biz isə onları Nizami Abbasın filmlərinə qədər neçə dəfə xatırlamışdıq?!
Filmdəki kadrlardan birində Yusif deyir: - "Ən böyük arzum Kəlbəcərə gedib ordakı dostumla görüşməkdir". Digər, ölümündən 26 saat əvvəl çəkilmiş kadrda isə deyir: "Bu qoşunla əks-hücuma keçəcəyik. Qırılan qırılacaq, qalan da, girov düşən də özünü güllələyəcək. Vəssalam!"
Özünə aid olan hər şeyi Bakıda qoyub cəbhəyə yollanan, sonralar səhhətində yaranan təhlükəyə əhəmiyyət verməyən Yusif Mirzəyev nə olur-olsun vuruşmağı və düşmənə məğlub olmamaq yolunu seçir. Məğlubiyyət və əsirlik varsa o, ölümü və yenə də ölümü üstün tutur. Yusif Mirzəyev ürəyinə daman kimi son döyüşdə qırılanların içərisində olur. Həyatını itirir. Şəkillərdə qırx, əlli yaşlı kişi təsiri bağışlasa da, gözlərini həyata son dəfə yumanda onun cəmi 34 yaşı olur. Özündən sonra nisgilli xatirələr, gözəl sözlər və sözün əsl mənasında qəhrəmanlıq məktəbi qoyub gedən Milli Qəhrəman Yusif Mirzəyevin son arzusu olan "İgid əsgər" mahnısı isə Şəmistan Əlizamanlı tərəfindən ifa olunaraq onun əziz xatirəsinə ithaf olunur. Və nəhayət, Qarabağ müharibəsində iştirak edən, müharibədəki əfsanə insanların çoxunun cəbhədaşı, dostu olan rejissor Nizami Abbas tərəfindən "İgid əsgər" filmi əbədiləşir.
Film sona çatanda düşünürəm ki, artıq mən və mənim kimi bir çoxları "İgid əsgər" filmindən sonra Nizami Abbas kimi fədakar və təmənnasız sənət adamlarının sayəsində Yusif Mirzəyevi Koroğlu kimi yox, elə Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev kimi xatırlayıb, yad edəcəyik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!