Vaqif Səmədoğlunun fransız dilinə tərcümə edilmiş şeirlər kitabı Parisdə təqdim edildi

Parisdə Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan xalq şairi Vaqif Səmədoğlunun fransız dilində nəşr olunmuş “Bir gün təbəssüm olmuşdum” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində səfir Elçin Əmirbəyov qeyd edib ki, V.Səmədoğlunun yaradıcılığı sovet dövrünə - yaradıcı insanların düşündüklərini azad ifadə edə bilmədikləri dövrə təsadüf edib. Şeirlərinin birində “Doğuldum 1939-da, 1937-də tutuldum” deyən şair hələ doğumundan əvvəl repressiya yaşadığını söyləyir. Bununla o, 1937-ci il repressiyalarını xatırladır. Vaqif Səmədoğlu daim ölkəsinin yenidən müstəqilliyə qovuşması arzusu ilə yaşayır və şeirlərində şifrələnmiş mənalarla bunu ifadə edir. 

Səməd Vurğun ev-muzeyinin direktoru Nüşabə Vəkilova Vaqif Səmədoğlunun yaradıcılığından söz açaraq, onun keçən əsrin 60-cı illərindən yazmağa başladığını, amma şeirlərinin ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra işıq üzü gördüyünü bildirib. Qeyd edib ki, Vaqif Səmədoğlu haqqında nə yazılıbsa, onun şəxsiyyəti həmişə ön planda olub. Şair zarafatları, sərbəstliyi və daxili azadlığı ilə özünü hamıya sevdirib.

Tədbirin sonunda şairin nəticəsi, gənclər üçün Prezident mükafatı laureatı, Paris Musiqi Akademiyasının tələbəsi Vurğun Vəkilov fortepianoda Azərbaycan və xarici bəstəkarların musiqilərini ifa edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!