Avdı Qoşqarın 60 yaşına
Avdı Qoşqar barmaqla sayılacaq beş-altı dostumdan biridir. Bu yerdə barmaqlarımı daha çox sevməyə başladım...
"Şər çiçəkləri"nin (Şarl Bodler) bol-bol intişar etdiyi, mərhəmətin azaldığı, bəni-insanın tədricən azğınlaşıb qəddarlaşdığı dünyada Avdı kimi hər şeyə tezcənə inanan, uşaq kimi pak, təmiz birisinin hələ də "ayaq üstə" - qələminin və balalarının başı üstündə durduğunu görərkən heyrətlənir və üzümü uca göylərə tutub pıçıldayıram: Şükür sənə, İlahi!
Avdı, necə deyərlər, "canlı-canlı" gördüyüm ilk şair və ya şair obrazıdır. Tələbəliyimiz bir yerdə keçib. O, yaxşı şeir yazmamışdan öncə şairliyi "imitasiya" eləyirdi. Səməd Vurğunun təbirincə desək, "şairlər oylağı" gözəl Qazaxdan olmasından dolayı özünə nəsə təlqin edir, öz-özü ilə hey danışır, cəzm edib "havalandırırdı" özünü. Elə bil dünyanın ən qədim mistik rituallarını yerinə yetirirdi. Həm də bu "ayinlər"də qəribə bir taktiki gediş, "biclik" vardı - sanki gözümüzün odunu almağa hesablanmışdı. Və o, "istəyinə" çatdı - hələ şəhər mühitinə tam alışmamış "zəif" çiyinlərimiz bu ədəbi "basqı"ya tab gətirə bilmədi. ("Biz" deyəndə Adil, Hüseyn, Şakir, Hacı, Fərzuq, Murad, Əsgər və Şahidi nəzərdə tuturam) "Qələbəsi"ndən ruhlanıb bir az da "irəli" getdi, başladı səsinə xüsusi bir pafos qatmağa! Şeirləri o pafosun boyuna çatmazdı, amma ciddi-cəhdlə "çatdırardı". Elə o pafos da bizim "axırımıza" çıxdı - birinci mərhələdə onun yanında öz şeirlərimizi oxumaqdan vaz keçdik, sonra iş o yerə çatdı ki, daha üzə çıxarmadıq onları...
O, lapdan - ilin, ayın, günün istənilən anında, saatında, dəqiqəsində Yesenin kimi ilk baxışdan vurulduğu hər hansı bir qadına qoşulub Amerikaya da gedə bilərdi. Çatmır mənə, öldürsəniz də çatmayacaq: Onun sevimli qadını ipə-sapa yatmayan bu dəli-dolu, ərköyün adamı necə ram edə bilib? Ram olubmu? İnanmıram! Dəqiq cavabım belədir: Əlli əlliyədir! Xanımına sonsuz təşəkkürlər... Gəlin, Avdının da etirafını eşidək:
Bezikmiş gözündə qalaqlı nifrət,
"Bu necə məhəbbət, necə ailə?..."
Bəri bax, yolunda çıxıb bu qismət,
Gərək barışasan öz taleyinlə -
Bilirəm, mən səni yarıdammıram.
Onun şeirləri ideoloji rakursa "arxa" çevirib. Yaxşı olar ki, heç "baxmayasınız". O yalnız özünü yazır. Özü isə bitib-tükənən deyildir:
Dayan, qəhr olası amansız tale,
Mənə aşinadır ayrılıq, kədər,
Elə gümanım yox, vüsala yetim -
Başqası əyəni yenə birtəhər...
Özün əydiyini düzəltmək çətin...
Avdı Qoşqar mənim nəsildaşımdır. Onlar "itirilmiş" və ya "bəxti gətirməmiş" nəsil kimi də səciyyələndirilir. Guya parlaq istedadları 80-90-cı illərə - "bulanıq" dövrə təsadüf etdiyindən belədir. Heç cür qəbul edə bilmirəm! Elə bil kimsə özünə və əsrdaşlarına bəraət qazandırmaq üçün əcaib zaman kəsimləri, saxta ədəbi-bədii bölgülər uydurub. Buna inandınmı, işin bitdi. Səni vurub ədəbi savaşlar kanatından çölə atacaqlar. Dilindən yalan da deyəcəklər: "Könüllü" getdi! Ədəbiyyatın əraziləri çox böyük olduğundan orada "itmək" ehtimalı sıfra bərabərdir. Və ya bəxtləri gətirsəydi, nə olasıydı ki?! "İncəsənət, həyat gözəl olmadığı üçün mövcuddur". (Tarkovski)
Azərbaycan poeziyasında Avdı Qoşqarın "yeri"ni bilirəm. Həm də o yerin bineyi-qədimdən heç mövcud olmadığını da "bilirəm". Sadəcə, özümüzü aldadırıq. Biryolluq bilməliyik: Yoxdu o yer! Amma sosrealizmdən qalma şakərimizdən də əl çəkmirik. Çünki o şakər qanımızdakı şəkərə qarışıb: Kimisə nəyinsə banisi etmək! Ədəbiyyat tariximiz "banilər"lə doludur. Ədəbiyyat qədim Roma teatrının lojası deyildir ki, hər kəsin yeri cəmiyyətdəki statusuna görə əvvəlcədən məlum ola! Hər kəs özünü ifadə edib gedir. Özünəməxsus halətdə! Buna "üslub" deyirlər. Məhz ifadə forması sənə məxsus olmalıdır. Yoxsa, bu köhnə dünyada heç nə yeni deyildir. Nə yazdıqların, nə də ədəbi "oyunbazlıq"ların. Hər şey deyilib! (Elə indi yazdıqlarım da!) Bircə dəfə bütün ruhunla Nizamiyə boylansan, (Burada fiziksəl oxu-boylanış rol oynamır, boylan bütün kökün, rişənlə - gövdəni bu dünyadan qoparıb boylan!) özünün zavallı, miskin halını görüb deyəcəksən: Ay dadi-bidad, gör öz ömrümü necə fənaya vermişəm?!
Şairlik düşündüyümüz dar anlamda (Olsun geniş anlamda!) nə zamandan "sənət" olub? Aristotelin "Poetika"sı səni aldatmasın! Poetika o dahi üçün bir düzən, nizam, harmoniya sənətidir! Yəni, dünyanı dərk etməyin bir yolu! Məgər dünyanı yalnız şeirlə dərk etmək olar? Absurddur! Nizamimiz də Aristotelin yolu ilə getdi. O gəldi ki, bizə Tanrı nizamını göstərsin, həm də Yerdə nəyisə nizama salıb getsin! O, bütün varlığı ilə inanırdı ki, nəyəsə nail olacaq? Hətta bu ehtiraslı canatımını təxəllüsündə də maddiləşdirdi. Nizama sala bildimi?! Yer üzünün bütün şairləri o nizama can atır. Elə dostumuz da:
İlahi, bu nədir içimə çökən,
İlahi, bu nədir duyğumda bitib?!
Şeir isitmirsə, deməli, mənlə -
Dünya arasında nə isə itib.
Əziz dost, "itən", söhbət açdığımız həmin nizamdır...
Sözün insanı, insanlığı xilas edəcəyinə inanmır Avdı! Düz də eləyir! Söz heç kəsi xilas etməyəcək. Heç Markes kimi bir dahi də belə uşaq söhbətlərinə inanmırdı. Yadımda belə bir fikri qalıb: "Bir polis dəyənəyinin cəmiyyətdə gördüyü iş ədəbiyyatın gördüyü işdən çox-çox üstündür". Avdının baxışı bir az fərqlidir: "Ədəbiyyatla cəmiyyətin tərbiyə olunmasına ümidim çox azdır. Ancaq onunla yanaşı sözün, bədii mətnin islah edən tərəfini daha çox sevirəm. Ömrüm boyu bir şeyə özümü inandırmağa çalışmışam ki, nə vaxtsa insan cəmiyyətinin çox vaxt özündən qaçdığı ruhi məqama, özündə gizlənən idrak işığına dönüşü başlanacaq. Belə olmasaydı minillik söz ağacının kökü də, budaqları da çoxdan quruyub, çürüyüb gedərdi". ("Canımın içi. Borçalıya Rafiq Hümmətə açıq məktub"undan)
"Dağ boyda" Avdını bircə sözlə də mum etmək olar. Amma o söz ürəkdən gəlməlidir! Ürək, Avdının sığındığı yeganə və sonuncu məkandır. Onun son illər bir-birinin ardınca şairlərə ünvanladığı "Açıq məktub"ları və ədəbi-bədii təhlilləri dediyimizi sübutlayır. Bu, hansı daxili-mənəvi ehtiyacdan doğur? Cavabını hörmətli akademikimiz Nizami Cəfərovdan eşidək: "Avdının şair-mütəfəkkir istedadının mühüm əlamətidir ki, özgənin ağıllı, müdrik sözünə öz sözü qədər həssas yanaşır, dəyər (və şərh) verir, özgənin sözünü öz sözünə çevirir... Və bütün varlığı ilə dərk edir (və dərk etdirir) ki, bu dünyada "mənim-sənin" yoxdur, dünyanın sözü dünyada qalacaq".
Avdı dost yolunda "taran"a da gedə bilər. Özü də heç nəyi təftiş eləmədən. Götür-qoy eləmək onluq deyil. Dostdur, vəssalam! Zəng eləyib desən ki, dur, gəl Astaraya, sual verib "niyə"sini soruşmadan iş-gücünü buraxıb gələr! Mətnlərində də belədir - laməkandır. Onu monoton bir hiss, duyğu məkanında "haqlamaq" olmur. Daima öz yerini dəyişir. O yerlər "şair xalq" tərəfindən tamam tutulanda arxetipləri dağıdıb özünə yol açır. Onun belə bir şeiri vardır: "Məni qorxudurdu onun sağlığı". Anası haqqındadır. Şüuraltımızda oturuşan çox mübhəm bir "sirrin" üstündən pərdəni qəddarcasına çəkir - haradasa analarımızın (Şair anasının!) sağlığı azadlıq və sərbəstliyimizə "mane olur". Dünyaya sığmayan şair sanki anasının ölümü ilə "rahatlıq" tapır. Lənətə gəlmiş bu "raharlıq növü" ruhumuzu alt-üst edir:
"İndi daha elə bir yananım yox,
Nə də insanlara elə inanım...
...nə vaxtsa qorxduğum bir qarı vardı,
torpaq əllərimdən alıb apardı...
məni qorxudurdu onun sağlığı...
Amansız həqiqətdir!
Avdı öz ömürlüyünün fəlsəfəsini yaradır. Onun bütün həyatı "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol"un (Mövlanə) üzərində dayanıb. "Avdı Qoşqar mənim sevdiyim şairdir. Yazıları, həyatı, dünyanı dərk üstündə köklənib. Fəlsəfi fikirlərlə zəngindir. Bəziləri kimi fəlsəfəçilik eləmir. Həyata, dünyaya fəlsəfi baxış Avdı şeirlərinin ruhundadır". (Asif Ata)
Avdı nəinki özünü, heç ləhcəsini də dəyişmədi. Başkəndin buna gücü çatmadı! İntonasiyanın bütün komponentləri onun dilində qalıb. Bax, möcüzə budur! O yerlərin, konkret olaraq, Qazax camaatı dilinin bütün şəhdi-şirəsi, əsrarəngizliyi ürəyindən boğazına, boğazından dilinə, dilindən isə dünyamıza axır və dünyamızı daha rəngli, şirin və şux edir. Avdı olan məclislərimiz niyə bu qədər təbii, şən və bir sözlə, gözəl keçir?! Bu sualın cavabını indi-indi anlayıram...
Şeiri "ənənəvi"yə (klassik) və "modern"ə bölmək, oturuşmuş ədəbi gələnəkləri inkar etmək dəb halını alıb. Hətta bəziləri bir az da "irəli" gedib ənənəvi şeirə qarşı üsyan edirlər. Absurd bir nəsnədir! Onları başa düşmək olar: Görünür, ədəbiyyat tarixində o yalançı, anlamsız, illüzyor "üsyanlar"la qalmaq istəyirlər. Ədəbiyyatda (yaddaşda!) qalmağın bir yolu vardır: Özünü, öz ürəyini özünəməxsus formada və "format"da ifadə etməklə! Hətta bütün "izm"lər də o "öz"ün, özəyin - ürəyin ətrafında fırlanırlar. İstəyirsən, əruzda, hecada, ya da sərbəstdə yaz, fərqi yoxdur, özün öz şeirində yoxsansa, heç zad! Avdı taleyini yazır, nədən yazırsa, özüdür! O, gərəkən məqamda kənara çəkilməyi, lap ölməyi də göz altına ala bilən nadir bir şəxsiyyətdir:
Kənara çəkilmək - ölüm deməkdir?!
Lap ölüm sayılsın, - düşün, ölmüşəm...
"Ölü"yə "diri"nin yazığı gəlir...
Bu misralar "Yarış" şeirindəndir. Mənə yazılıb. Görünür, ədəbi polemikalarımızın birində özüm də bilmədən onun ürəyinə dəymişəm. Qınamışam ki, bu istedadınla kənara çəkilmə! Şeir mənə ibrətamiz bir dərs verdi. İlk dəfə "Azərbaycan" jurnalından oxuyanda öz "payımı" götürdüm. Həqiqətən, ədəbiyyat yarış meydanı ola bilməz! "Kənara çəkilən" meydanda olandan daha fəal ola bilər. İnsanın intibahı - mənəvi boyartımı yalnız daxilindəki çəkilmə və qabarmaların hesabına başagələndir. Avdı bu adi həqiqətə fəlsəfi bir yön verir, misraların ucluqlarını sonda gətirib olum və ölümlə düyünləyir:
Düşün ki, nə Avdı Qoşqar var idi, -
Nə də beş-on misra cızma-qarası...
"Var", zənnimcə, yerüstü keçiddir, "yox" - yeraltı... Avdının narahatlıqla dilə gətirdiyi həmin "beş-on..." misra öz yaşarılığını və ya "təhlükəsizliyini" çoxdan təmin edib! Bizə sevinmək qalır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!