Ulu Öndər Heydər Əliyevin obrazı Azərbaycan xalqının qəlbində, təsəvvür və xəyallarında əbədi yer tutmuşdur. O cümlədən, şairlər, yazıçılar, publisistlər, dramaturqlar, ədiblər xalqın mütəfəkkir rəhbərinin, ümummilli liderinin, xilaskarının, dahi şəxsiyyət və insanın tarixi və bədii obrazını yaratmağa çalışmışlar. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə təzəcə çapdan çıxmış "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala" adlı monoqrafiyada (Bakı, "Elm və təhsil", 2018) ədəbiyyatşünaslığımızda ilk dəfə olaraq məhz ədəbiyyatın Heydər Əliyev fenomeninə münasibəti, reaksiyası, dahi şəxsiyyətin bədii əsərlərdə obrazının təcəssümlənməsi sistemli tədqiq olunur.
Həmin tədqiqatda bədii ədəbiyyatın Heydər Əliyev mövzusuna müxtəlif janrlarda və hər bir janrın öz təbiətindən çıxış edərək yanaşdığı müşahidə və təsbit olunur. Təbii ki, bugün öndə ümumxalq sevgisindən doğan poetik tərənnüm, təcəssüm, heyrət və məhəbbətin ifadəsi - poeziya; tarixi hadisələrə gerçək və birbaşa münasibətin faktı olan ədəbi publisistika gəlir. Bədii nəsrdə Heydər Əliyev mövzusunun inikası və dərki yenicə başlanılmış, amma kifayət qədər miqyaslı və əhatəlidir. Müasirləri Heydər Əliyev miqyasının əlçatmazlığını adətən uca, nəhəng dağla müqayisə edirlər. Belə ki, bu nəhənglikdən yaranan heyrəti ifadə etmək bir şeydir, həmin nəhəngliyi dərk və bədii təsvir etmək başqa bir məsələ. Zaman keçdikcə, uzaqlaşdıqca, Heydər Əliyev obrazının nəhəngliyi daha aydın görünür, dərk olunur, qələmə gəlir.
Məsuliyyətli və şərəfli olduğu qədər də, mövzunun mürəkkəbliyi, çətinliyi ilə ən çox dramaturqlar üzləşirlər. Heydər Əliyev haqqında səhnə əsərləri çox deyildir, amma vardır. Bu halda Əjdər Olun "Canlı lətifələr, əhvalatlar" kitabından bir məqam yada düşür (həmin əhvalat Anarın "Unudulmaz görüşlər" memuar əsərində də xatırlanır). "Bir dəfə hansı bölgəyə səfərdəsə "Uzaq sahillərdə" filmində Mehdi Hüseynzadə rolunun ifaçısı aktyor Nodar Şaşıqoğlu da Heydər Əliyevlə birgə olur. Yazıçı Anar danışırdı ki, görüşlərin birində elə məqam yaranır ki, Nodar Şaşıqoğlu Heydər Əliyevə ərklə deyir: "-Yoldaş Əliyev! Məndən muğayat olun, bir də gördünüz ki, Sizin rolunuzu oynayıram!" Heydər Əliyev halını dəyişmədən ona belə cavab verir: - "Buna ehtiyac yoxdur, mən öz rolumu özüm oynayıram!" Yumorla deyilmiş bu sözlərdə böyük həqiqət var. Nə qədər şərəfli olsa da, bugün belə, Heydər Əliyevin obrazını səhnədə canlandırmaq dramaturgiyadan və teatrdan böyük qüdrət istəyir.
Bilirik ki, xalq yaradıcılığının, folklorun hədəfində real qəhrəmanlara, tarixi şəxsiyyətlərə ümumxalq sevgisi durur. Sovet rejimində çox az rəhbərlər, tarixi simalar folklor qəhrəmanına çevrilə bilmiş, barəsində xalq "olmuş və olmamış" əhvalatlar söyləmişdir. Heydər Əliyev haqqında ilk əfsanələr hələ gəncliyindən, sovet təhlükəsizlik orqanlarında, Elmira Axundovanın sözləri ilə desək, "ən sirli" təşkilatda çalışdığı zamanlardan dolaşmağa başlayır. "Heydər Əliyev: şəxsiyyət və zaman" çoxcildlik roman-tədqiqatında müəllif bu məqama diqqət çəkir: "Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarındakı işi barədə mənə bir çox sensasiyalı, lakin əslində əfsanə olan əhvalatları eşitmək və oxumaq müyəssər olmuşdur. Yəqin belə də olmalıdır: bütün görkəmli şəxsiyyətlərin həyatı əfsanələrə bürünür, şaiyələrlə dolur, xüsusən də şəxsiyyət Sovet İttifaqının ən qapalı və sirli təşkilatında general rütbəsinə qədər yüksələ bilibsə..." Romanda bir sıra qeyri-adi sərgüzəştləri misal gətirərək, müəllif bütün bunların Heydər Əliyevin DTK sıralarında, həqiqətən də, əfsanəvi fəaliyyətindən qaynaqlandığını təsbit edir. Xalq təfəkkürü "sirli təşkilat"da çalışan qəhrəmanının hünərvər, vətənpərvər və milliyyətçi obrazını yaradır.
Heydər Əliyevin xalq arasında əfsanəvi obrazı daha geniş miqyasda respublikaya rəhbərlik etməyə başladığı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi dövrdən yayılır. Elmira Axundova roman-tədqiqatında Heydər Əliyevin o zamanlar xalq arasında böyük əks-səda doğurmuş "şah abbassayağı" dərviş gəzintilərinə diqqət yetirir. Həmin əhvalat Anarın "Şəxsiyyətin miqyası" essesində də yer tapmışdır: "Mərkəzi Komitənin katibi seçiləndən sonra ilk vaxtlar çox adamın üzdən tanımadığı Heydər Əliyev "Şah Abbassayağı tərki-libas" olaraq bazarları, dükanları gəzir, qanunsuzluqları, əliəyrilikləri, pozuntuları özü öz gözləriylə əyani müşahidə edir və yerindəcə müqəssirin cəzasını verirdi. Və belə faktlar da əhalidə yeni ədalətli rəhbərin iş başına gəlməsi və hər cür ədalətsizliklərin kökünü kəsəcəyi haqqında söz-söhbətlərin geniş yayılmasına səbəb olurdu..."
Heydər Əliyevin şifahi şəkildə obrazının, dildən-dilə düşərək yaranmasına dair Mövlud Süleymanlı "Qırx ilin yeddi görüşü" memuar-əsərində misallar gətirir. Bunlardan biri Azərbaycan dili barəsindədir: "Yadımdadır, 70-ci illərin ortalarıydı, Novruz bayramı ərəfəsində böyükdən kiçiyə hamı Şıx çimərliyi səmtində ağac əkməyə çıxmışdı. Yazıçılar İttifaqının ayrıca sahəsi vardı, orda ağac əkirdik. Heydər Əliyev sahələri dolaşıb, adamlarla görüşüb axırda yazıçıların yanına gəldi. Həmişə olduğu kimi səmimiydi, ərki çatanlarla zarafat edir, gənclərlə maraqlanırdı. Şair Qabil yenə özünəməxsus orijinallığı ilə seçildi: "-Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız!" Heydər Əliyev astadan gülüb dedi: "- Qabil, sən niyə mənim rusca gözəl danışmağıma təəccüb etmirsən, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız". Bu söz, bu fikir elə oradaca alqışlarla qarşılandı... Amma onunla bitmədi, çoxlarımızın xəbəri olmadan bu söz, bu fikir kiçik məcrasından çıxdı. Uzun müddət milli tərbiyəmizdə iş gördü... Bu da faktdır ki, bir az əvvəl yuxarı səviyyələrdə Azərbaycan dilində ümumiyyətlə danışıq getmirdi, rus dilini pis bilənləri işə götürmürdülər, ona pis baxırdılar və s. Adi bir iməcilik günündə deyilmiş bu söz, bu fikir və ümumiyyətlə Heydər Əliyev fəaliyyəti doğma dilimizə olan soyuq münasibəti dəyişdirdi. Yeri gəldi-gəlmədi rus dilində danışan və danışmağa can atan kütləviliyin qarşısı alındı..."
Akademik Ramiz Mehdiyev yazır: "Bütövlükdə Heydər Əliyev epoxası yüksəliş epoxasıdır. Bu illərdə Azərbaycanda milli mənlik şüuru xüsusilə güclənmişdi. Heydər Əliyev bu prosesi çox böyük həssaslıq və uzaqgörənliklə idarə edir və tənzimləyirdi. Sovet sisteminin güclü təzyiqinə baxmayaraq, Azərbaycanın gələcək milli dövlətçiliyi naminə mühüm addımlar atılırdı. Bu fəaliyyətin ən mühüm istiqamətlərindən biri Heydər Əliyev tərəfindən yaradılmış milli dövlətçilik, xalqımızın ümummilli mənəvi birliyi konsepsiyasında mühüm yer tutan Azərbaycan dilinin hərtərəfli dəstəklənməsi olmuşdur".
Belə ki, milli xalq mərasimlərinin qorunub-saxlanması, getdikcə daha geniş əhatə alması faktı da Heydər Əliyevin respublikaya başçılığı dövrünə təsadüf edir. Mövlud Süleymanlı yazır: "Rəhmətlik Rəsul Rza danışırdı ki, (Anarın dediklərindən) Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevin qəbulunda oldum... Novruz bayramı ilə bağlı fikirlərimi bildirdim. Mənə dedi: "-Rəsul müəllim, gəlin gedək bizim evə, görək Novruz bayramını siz yaxşı keçirirsiniz, yoxsa biz. Əgər bizim ziyalılarımız Novruz bayramını mənim tapşırığımla keçirəcəklərsə, bu heç də yaxşı deyil... Qoy ürəkləri istədikləri şəkildə keçirsinlər". O zaman 70-ci illərin əvvəlləri idi, bu söz də dildən-dilə düşdü. Yaz bayramımız öz səmənisiylə evlərdən bayıra çıxdı, yaxınlı-uzaqlı yurdumuzu dolaşdı..."
Heydər Əliyevin obrazını təcəssümləndirən şifahi əhvalatlar, şəksiz ki, sovet rejimində yazıya alına bilməzdi. İlk dəfə müstəqillik dövründə yazıçı Əjdər Ol təşəbbüs edərək, həmin əhvalatların bir qismini "Müdriklik anları" (1996), bir il sonra təkmilləşdirərək bir daha "Müdriklik" (1998) adı ilə çap etdirir, "Canlı lətifələr, əhvalatlar, deyimlər" (2015) kitabına da daxil edir. Yazıçı niyyətini kitaba önsözdə belə açıqlamışdır: "Görkəmli siyasətçi və dövlət xadimi, Azərbaycan dövlətçiliyi tarixində əvəzsiz xidmətlər göstərən, hakimiyyət ustası, ayıq-sayıq, çətin anlarında özünü itirməyib xoş günlərində hissə qapılmayan, şəraiti həmişə doğru-düzgün qiymətləndirən, əzəmətli, şax, çevik, yorulmaz, dözümlü, hafizəli, gərgin vəziyyətdən çıxış yolu tapmaqda bənzərsiz iti fikri, qətiyyəti olan Heydər Əlirza oğlu Əliyev bütün yüksək keyfiyyətlərilə yanaşı, həm də güclü yumor hissinə malik, hazırcavab, sözün çəkisini bilən, dediyini vaxtında və yerində deyən bir şəxsiyyət idi. Heydər Əliyevin yuxarıda sadaladığım dəyərli mənəvi keyfiyyətlərilə bağlı maraqlı əhvalatlarla tanış olun. Eşitdiyim və yaxud şahidi olduğum bu əhvalatlarda dünyagörmüş bir insan ömrünün müdriklik məqamlarını yaşayır. Heydər Əliyev çıxışlarının birində deyib: "Sinəm doludur. Onlar gərək yazıla və xalqa çatdırıla. Mənim bildiklərimi, demək olar ki, Azərbaycanda heç kim bilmir!".
Ulu öndərə ümumxalq sevgisinin faktı olan "Canlı lətifələr, əhvalatlar, deyimlər" həm də yazı ədəbiyyatı, bədii nəsr nümunəsidir. Heydər Əliyev obrazının dürüst, reallığa, tarixi həqiqətə tam uyğun əks olunmasında yazıçı sənətkarlığı mühüm rol oynayır. Heydər Əliyevin həyatı başdan-başa mənalı əhvalatlardan ibarətdir. Əjdər Ol deyir: hər əhvalatı yazıya gətirmək mümkünsüzdür; lətifə janrı yığcam, mənalı olmalı, yumor yükü daşımalıdır. Burda əsas sözün sahibi Heydər Əliyevdir, əhvalata o yekun vurmalı və təbii ki, qəfil yumoru ilə oxucunu düşündürməlidir. Heydər Əliyev ömrünün müxtəlif anlarını bu və ya digər rakursdan qabardan canlı lətifə, əhvalat və deyimlər əsl müdriklik təzahürü olub, xalq gülüşü ədəbiyyatına da bir töhfədir.
Heydər Əliyev mövzusunun nəsrdə inikası ən çox bədii-sənədli janrda reallaşmışdır. Heydər Əliyevin həyat yolunu bütövlükdə ehtiva edən, işıqlandıran ayrıca bədii əsər, tarixi roman yazılmamışdır. Bütün çətinliyi və məsuliyyəti ilə birgə, görünür ki, bu hələ yaxın gələcəyin işidir. Amma çox əlamətdar haldır ki, ulu öndərin ilk bioqrafları dahi şəxsiyyətin həyatını, zəngin və nəhəng fəaliyyətini araşdırmış və məhz bədii-sənədli janrda qələmə almışlar. Heydər Əliyevin tarixi obrazını əks etdirməklə birgə, ilk bədii obrazını da həmin əsərlər bizə təqdim edir. Söhbət Viktor Andriyanov və Hüseynbala Mirələmovun "Görkəmli adamların həyatı" bioqrafik silsiləsindən çap olunmuş "Heydər Əliyev" (2008) və Elmira Axundovanın altı cilddə, irihəcmli "Heydər Əliyev: şəxsiyyət və zaman" (2007-2013) kitablarından gedir. Hər iki əsər rus və Azərbaycan dillərində böyük tirajla nəşr olunaraq geniş maraq və rəğbətlə qarşılanmışdır. Elmira Axundovanın altı cildliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək, Heydər Əliyev mükafatına layiq görülmüşdür.
Hər iki əsərdə Heydər Əliyev obrazı geniş zaman və tarix kontekstində işıqlandırılmış, həyatının müxtəlif mərhələləri: uşaqlıq və gənclik illəri, Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyəti (1944-1969), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi (1969-1982) və mərkəzi hakimiyyətə yüksəldiyi - Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi (Sov.İKP MK) Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi (1982-1987) dövrlər, Sovet İttifaqının süqutu və Vətənə qayıdışı (1987-1990), milli istiqlal hərəkatının Naxçıvan dövrü (1990-1993), Xilaskarlıq missiyası və Müstəqil Azərbaycanın qurucusu kimi (1993-2003) - geniş materiallar, sənədlər, canlı şahidlər və xatirələrin dili ilə, eyni zamanda yüksək ideya-bədii sənətkarlıqla, iti yazıçı müşahidəsi, ümumiləşdirmə bacarığı, təsvir və təcəssüm ustalığı, dərin təhlillər və şərhlərlə, sirayətedici, oxucunu daim maraq təsirində saxlayan bədii üslubda təqdim olunmuşdur.
Heydər Əliyev obrazı bir sıra memuar nəsri nümunələrində - Anarın "Unudulmaz görüşlər", Elçinin "Tarixlə üz-üzə dayanmış adam", Mövlud Süleymanlının "Qırx ilin yeddi görüşü", İsa Hüseynovun "Həyatımdan səhifələr", Vidadi Babanlının "Unutmadığım günlər", Hafiz Paşayevin "Bir səfirin manifesti", Səyyad Aranın "Heydər Əliyevin Amerika fəthi", Hüseynbala Mirələmovun "İşığın izi ilə" əsərlərində bu və ya digər rakursdan, Ulu Öndərlə görüşlərdən doğan canlı təəssürat əsasında əksini tapmışdır.
1990-cı illərin çətin ictimai-siyasi həyatını, müstəqillik yolunun ağırlığı və ziddiyyətlərini əks etdirən bir sıra bədii əsərlərdə - Sabir Rüstəmxanlının "Xətai yurdu" romanında, Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" povestində, Afaq Məsudun "Dahi" hekayəsində hadisələrdən ani keçən Heydər Əliyevin tarixi obrazını görürük. Çox maraqlıdır ki, janrlar içərisində bədii detektiv Heydər Əliyevin və xalqın həyatındakı mürəkkəb və çətin dövrlərə müraciət etmiş, Çingiz Abdullayevin, Elmira Axundovanın, İsa Nəcəfovun siyasi detektivlərində ulu öndərin xilaskarlıq missiyası gərgin hadisələr fonunda qələmə alınmışdır.
Tarixi planda yanaşdıqda Heydər Əliyev obrazı bədii nəsrdə ən çox Xilaskar kimi, xilaskarlıq missiyası ilə təqdim və təfsir olunur. Həm də üç məqam, üç səciyyədə:
1) Hələ dövlət təhlükəsizlik sahəsində çalışdığı zaman Heydər Əliyev milli insanın xilaskarı kimi çıxış edir; neçə-neçə milli düşüncəli gəncləri qoruyur, həbs olunmaqdan, ölümdən xilas edir; dissidentizmdən yayındıraraq milli quruculuq proseslərinə yönləndirir. Elmira Axundovanın "Heydər Əliyev: şəxsiyyət və zaman", Anarın "Unudulmaz görüşlər", Hüseynbala Mirələmovun "Xəcalət", Əjdər Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər" əsərlərində, xüsusən Tofiq Abdinin "Dövlət çevrilişi" povesti və Mövlud Süleymanlının "Qırx ilin yeddi görüşü" memuarında bu obrazın təfərrüatları əksini tapıb.
2) Respublikanın, Sovet Azərbaycanının xilaskarı obrazı. 1969-1982-ci illərdə Heydər Əliyev Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycan Sovet Sosialist Respublikasına başçılıq etmiş, rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı, elm və mədəniyyəti, ədəbiyyat və incənəsəti inkişaf etmiş, bu dövrdə xalqın ictimai və milli şüuru artmış, müasir dünya səviyyəsinə yüksəlmişdir. Amma maraqlıdır ki, həmin dövrdə(n) Heydər Əliyev ədəbiyyatın yaddaşında heç də kommunist lider, partokrat məmur, yaxud "Moskva emissarı" kimi deyil, əksinə, dissident obrazı ilə yer almışdır. Bəlkə də burda bir qanunauyğunluq gizlənir. Əjdər Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər" kitabında belə bir "olmuş əhvalat" var: "Yazıçıların X qurultayında çıxış edən Heydər Əliyev sovet dövründə Azərbaycan yazıçılarının cəsarətindən söz açıb dedi: "- Əslində, o dövrdə elə siz hamınız dissident olmusunuz". Rəyasət Heyətində oturmuş yazıçı Anar ayağa durub, üzr istəyərək Heydər Əliyevin fikrinə qoşuldu: "-Hörmətli Prezident, bir dəfə çıxışınızda dediniz ki, sovet dövründə ən böyük dissident mən olmuşam". Heydər Əliyev məmnun halda Anarın sözünü təsdiqlədi: "-O da doğrudur! O zaman Kommunist Partiyası daxilində ən böyük dissident mən idim!"
Anar, Elmira Axundova, Viktor Andriyanov və Hüseynbala Mirələmov Respublikanın başçısı kimi Heydər Əliyevin tarixi missiyasını, həyatın və cəmiyyətin bütün sahələrində apardığı inqilabi islahatlara görə "xilaskar" obrazı ilə səciyyələndirmişlər. Əgər bura qədər, dövlət təhlükəsizliyi sıralarında onun fəaliyyəti milli insanın xilası naminə yönəlmişdisə, bu dəfə daha böyük miqyasda - ətalətə, durğunluğa, staqnasiyaya mübtəla olmuş respublikanın, ölkənin qurtulmasına yönəlir. Vidadi Babanlının "Unutmadığım günlər", İsa Hüseynovun "Həyatımdan səhifələr", Anarın, Elçinin, Maqsud İbrahimbəyovun, Mark Verxovskinin və b.-nın memuar əsərlərində bu dövrün təsərrüfat və mədəniyyət quruculuğu proseslərində Heydər Əliyevin portret çizgiləri yaxından müşahidələr əsasında qələmə alınmışdır.
3) Ən nəhayət, millətin, xalqın, müstəqil dövlətçiliyimizin Xilaskar obrazı. Bu obraz bəzən ani də olsa, onlarla bədii əsərdən keçir. Maraqlıdır ki, qeyd olunduğu kimi, yazıçılar dövrün hadisələrinə yalnız bədii-sənədli nəsrdə deyil, detektiv janrında da müraciət etmiş, bir-birinin ardınca Elmira Axundova və İsa Nəcəfovun "Naşirin ölümü" (2000), İsa Nəcəfovun "Gecə yarısında qətl" (2000), Elmira Axundovanın "Şüşə saray" (2007) siyasi detektivləri, Çingiz Abdullayevin "Qanın üç rəngi" (2001) detektiv romanı yaranmışdır. Bəlkə də təəccüblü deyil, 1990-cı illərin əvvəlləri - müstəqilliyinə can atan Azərbaycan xalqının şərəfli səhifələr dolu azadlıq mübarizəsi ilə yanaşı, tariximizin ən dramatik, siyasi hakimiyyət uğrunda intriqalarla səciyyəvi bir dövrüdür. Adı çəkilən əsərlər detektiv janrında qələmə alınsa da, sırf tarixi materiallara söykənir; bədii təxəyyül burda özünü əsasən yazıçı ustalığı və sənətkarlıq tərəflərində göstərir.
Adı çəkilən romanlarda bu və ya digər həcmdə Heydər Əliyevin obrazı yer alır. Yazıçılar tarixən bəlli olan həqiqətləri - dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan xalqının daxili ziddiyyətlər və xarici təzyiqlər nəticəsində az qala onu itirməsinə qənşər Ulu Öndərin siyasət meydanına qayıdıb, nəhəng bir atlant kimi xilaskarlıq missiyasını çiyinlərinə götürməsi, Müstəqil Azərbaycanın taleyini həll etməsi hadisələrini bədii nəsrin həqiqətinə çevirə bilmiş, müstəqilliyin heç də asan qazanılmadığı, bu yolda ən çox Heydər Əliyev dühasına, "Heydər - Xalq" sevgisinə borclu olduğumuz ideyasını aşılaya bilmişlər.
Müstəqillik dövründə yaranmış, adını çəkdiyim və çəkmədiyim onlarla əsərdə Ulu Öndərin obrazı xilaskarlıq missiyası ilə yanaşı, ümummilli lider, böyük dövlət xadimi və siyasətçi, müasir Azərbaycanın, müstəqil Azərbaycan dövlətinin memarı, mədəniyyət və cəmiyyət qurucusu, milli mənəviyyatın qoruyucusu, ədəbiyyat və sənət bilicisi, ali və dahi insan, möhtəşəm şəxsiyyət, ən böyük azərbaycanlı və s. məqamlarda da təsvir olunmuş, ədəbiyyat çoxyönlü, çoxcəhətli, universal keyfiyyətlərin vəhdətini qapsayan Heydər Əliyev obrazının bütövlüyünü təqdim etməyə çalışmışdır.
Xalq yazıçısı Anar 2003-cü ilin dekabrında qələmə aldığı "Qalib gəldi, qalib getdi" vida yazısında ulu öndərin həyat yolunu, uzun ömür dastanını görükdürə bilən yığcam bir obraz-ifadə işlədir - Qalib! "Dünyaya qalib kimi gəldi, dünyadan qalib kimi getdi..." Yazıçının düzgün sezdiyi bu Obraz Heydər Əliyevin tərcümeyi-halının bütün pillələri, dönəmləri, nöqtələrində bir insan kimi, şəxsiyyət kimi, fenomen kimi tarixi fəaliyyətinin başlıca uğurlarını, nəticələrini, yekunlarını özündə qapsayır. Və ulu öndər haqqında yazılan bütün əsərlərdə təsbitini tapır. Bioqrafları həyat tarixçəsinin hər mərhələsində Heydər Əliyevi qalib kimi görür və qələmə alırlar.
Heydər Əliyevin obrazını yaratmağa çalışanlar daim sual verir: onu qələbəyə aparan, həyatın və tarixin bütün sınaqlarından hər dəfə qalib çıxaran hansı keyfiyyətlərdir? Fitri istedad, universal bacarıqlar - öz yerində, bir qədər mücərrəd görünən bu xassələr ümumən dahi insanlarda olur. Heydər Əliyev xarakterinin sirri son dərəcə düzgünlüyü, həqiqətpərəstliyi, haqqa, ədalətə inam hissində gizlənir. Fəaliyyətinin zirvəsində: "Qoy ədalət zəfər çalsın!" - deyə bütün dünyaya hayqıran Heydər Əliyevi lap əvvəldən qələbələrə doğru səsləyən və aparan həmin ali ictimai duyğu olmuşdur. Haqqın, həqiqətin, ədalətin qələbəsi uğrunda səylər, çalışmalar, çarpışmalar Heydər Əliyevin xarakterində zəhmətkeşlik, işgüzarlıq, əzm və inadkarlıq, özünəinam, ən nəhayət, müasirlərinin qeyd etdiyi kimi: "dəmir iradə" formalaşdırmışdır. Haqqında yazılan bütün əsərlərdə Heydər Əliyev "İradə mücəssəmi" kimi təqdim olunur. Ulu öndərin özü bu cəhəti siyasi rəhbər üçün vacib hesab edir: "Rəhbər işçinin İRADƏSİ olmalıdır, böyük İRADƏSİ. Hər bir rəhbər işçi bütün varlığı ilə dərk etməlidir ki, o öz xalqının, öz millətinin, öz torpağının keşiyində dayanmalıdır. Yəni sən kənara çəkilib yalnız öz maraqlarını düşünməməlisən. Özünü yalnız bu işə həsr etməlisən..."
Bütün bu xassələrlə yanaşı, sözsüz ki, Heydər Əliyev fenomenini yetirən onun böyük sevgisidir - həyat sevgisi, İnsan sevgisi, Xalq sevgisi, Millət sevgisi!; biliyə, elmə, mədəniyyətə, bəşəriyyətə sevgisi!
Anar yazır: "Heydər Əliyev hər xalqa, bəlkə də, əsrdə bir dəfə qismət olan qənimət, nadir şəxsiyyət idi. Həyata qalib kimi gəlmişdi. Xalqı vəfatıyla sarsıdan, sarsıdaraq birləşdirən, kədərləndirərək bütövləşdirən Heydər Əliyev ölümüylə də zəfər çaldı. Kim nə deyir desin, nə yazır yazsın, qalib gəldi, qalib getdi".
Ulu öndər Heydər Əliyevin adı, arzu və əməlləri onun ideya və ideallarında yaşayır. Gündən-günə yeniləşən, çağdaş dünya meridianlarında yerini axtaran, Şərqdən Qərbə, Qərbdən Şərqə gedən yolların qovşağında hər gün daha da çox mərkəz, görüş, ünsiyyət məkanı rolunu oynayan, bəşəriyyətin taleyini düşünən ictimai-siyasi, tarixi-mədəni, qlobal, milli və multikultural ideyaların, ideologiyaların, müzakirə və tədbirlərin əsl sınaq meydanına çevrilən ən yeni Azərbaycanın obrazı məhz Heydər Əliyev ideya və ideallarının təcəssümüdür. Bu yeni əsərin, yeni Azərbaycanın qəhrəmanı - Heydər Əliyev yolunun layiqli davamçısı, ulu öndərin Azərbaycançılıq təlimini yeni tarixi şəraitdə yaradıcı şəkildə inkişaf etdirən, Azərbaycan adını, Azərbaycan xalqının xoş niyyət və məramlarını hər gün dünyaya daha da çox tanıdan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir.
Yeni əsrin və əsərin qəhrəmanı haqqında ilk nümunələrin bədii-sənədli janrda yaranması da təəccüblü deyil. Viktor Andriyanov və Hüseynbala Mirələmovun "Görkəmli adamların həyatı" seriyasından "İlham Əliyev" (2007), Elmira Axundovanın "İlham Əliyev. Dəyişmələr fonunda Prezidentin portreti" (2016) bədii-sənədli əsərləri əsrin qəhrəmanının simasında ən yeni Azərbaycanın qazandığı qlobal uğurları, XXI əsrdə dünyaya səs salan yeniləşən Azərbaycanı görməyə imkan verir. Bu həm də Heydər Əliyev ideyalarının gerçəkliyi və qələbəsidir.
Əslində, bugün milli ədəbiyyatda yaranan hər bir dəyərli əsərdə bütün uğurları, çətinlikləri, irəliyə doğru addımları ilə birgə ulu öndərin təməlini qoyduğu müasir Azərbaycanın obrazı var. Obrazın hüdudları və hüdudsuzluğu bu parametrlərdə görünür, gerçəkləşir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!