Poeziyamızın Rəsulu - Vahid Əziz

Bu gün Xalq Şairi Rəsul Rzanın doğum günüdür

Biri-birilərinə danışdığı yalanlar azmış kimi, insanlar bir "Yalanlar günü" də uydurdular. Həmin günü, yəni aprelin 1-də bütün yalan danışanlara bəraət verilir. Bu uydurulmuş günün bir qəhərli xəbəri də oldu: 1981-ci il aprelin 1-də poeziyamızın Rəsulu dünyasını dəyişdi.

Mən hər zaman dediyim sözün məsuliyyətini dərk etmişəm, bu və ya digər kəlməni dilimə gətirməzdən əvvəl onu dəfələrlə götür-qoy etmişəm. Azərbaycan poeziyasının nəhənglərindən olan xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzaya "Poeziyamızın Rəsulu" ifadəmə görə kimlərsə məni ittiham da edə bilər. Amma, bir Allahım bilir nə bu böyük şəxsiyyətin dəyərli övladı Anar müəllimdən keçəcək bir işim var, nə də Rəsul Rzaya doğma olan başqa birisindən. Üstəlik də, kimlərə cavab qaytardığımdan çox adamın xəbəri var.

Rəsul Rza sözün həqiqi mənasında həm şair, həm də şəxsiyyət kimi son dərəcə unikal insandı. Bu gün artıq yaşları "altmış"ı keçmiş, 60-cı illərin şairləri deyilən istedadlı qələm sahiblərinin əksəriyyəti ədəbiyyata məhz Rəsul Rzanın xeyir-duasıyla gəlmişdi. Adətən deyirlər ki, müəyyən mənada "əlinin duzu" yoxmuş. İfadəmə görə çox-çox üzr istəyirəm; gədə-güdə bir yana qalsın, Rəsul Rzanın çörək verdiyi adamlardan bəziləri onun ünvanına mırıldayanda içim çevrilir! Rəsul Rza çörəkli, öz xalqına gərəkli bir şəxsiyyət idi. Və bu gün bazar münasibətlərinə qurban verilən mədəniyyətimizin bütün sahələrinin Rəsul Rza şəxsiyyətinə, onun zəhmli görkəminə, qeyri-adi səmimiyyətə malik kövrək təbəssümünə, cəsarətli sözünə, sanballı davranışına son dərəcə böyük ehtiyac var.

Mənim tanıdığım, duyduğum, şəxsiyyətinə vurulduğum və ən nəhayət, həyatda qazandığım bütün uğurların qaynar çeşməsi olan Rəsul Rzanı xatırlayaraq deyirəm;

 

Tanışlıq

 

Rəsul Rzanın 1968-ci il mart ayının 16-da "Ədəbiyyat və incəsənət" qəzetində mənim barəmdə yazdığı məqalənin adı eyniylə beləydi: "Tanışlıq". Bu məqalə indinin özündə belə məni öz səmimiyyəti, istiqanlılığı, əzəməti ilə kövrəldir və heyrətə gətirir. İlahi, insanın nə qədər böyük ürəyi olarmış! İnsan nə qədər böyük bir psixoloq olarmış! Tanımadan, üzünü belə görmədən, cəmisi bir neçə şeirindən nəticə çıxardıb mühəndislik institutunda oxuyan 23 yaşlı bir gəncin iç dünyasını necə görmək olarmış?! Özü də elə görmək ki, sonralar illərin dostluğu, bu yüksək uzaqgörənliyə zərrə qədər də olsun peşmançılıq gətirməyə!

Yatsaydım yuxuma belə girməzdi ki, mən məktəb illərimdən, dərsliklərdə çap olunmuş bir neçə şeirindən tanıdığım Rəsul Rzaynan haçansa görüşə bilərəm. Bu görüşə görə xalq şairimiz, böyük ürəkli Fikrət Qocaya minnətdaram.

Keçmiş Azərbaycan Politexnik İnstitutunda oxuyanda şeirlər yazmağa başladım. O vaxtlar artıq tanınan indiki məşhur şairlərlə tanış oldum. Və bir gün yazdıqlarımı yığıb getdim "Azərbaycan gəncləri" qəzetinin redaktoru, rəhmətlik Cəmil Əlibəyovun yanına. Cəmil müəllimlə Kəlbəcərdə İstisu sanatoriyasından tanış olmuşdum. O vaxtlar 10-cu sinifdə oxuyurdum. Çox səmimi qarşıladı. Qəzetin şöbə müdiri Fikrət Qocanı çağırdı. Fikrət müəllim dedi ki, sabah gəlim. Ertəsi günü məni çox isti qarşılayan Fikrət Qoca soruşdu ki, bu şeirləri bir yerə təqdim eləmisənmi? Dedim ki, "Politexnik" qəzetində çap etdirmişəm, bir də ki, filankəsə göstərmişəm. Sualına cavab verdim ki, filankəs bildirdi ki, "sərbəst" şeirlərdən xoşu gəlmir. Fikrət Qoca çiynini çəkdi ki: "Bunların nəyi sərbəstdi?!". Dedi: Bilirsən niyə o adam "Uğurlu yol" yazmaq istəməyib? Ona görə ki, sən onu artıq keçmisən! Yox, bu sözlərdə Fikrət Qocanın nə ironiyası, nə də kiməsə qarşı qərəzi duyulurdu. O, çox səmimi idi. Və Fikrət Qocanın nə qədər böyük bir ziyalı olduğunu onda gördüm ki,  "Siz özünüz yazın" - deyəndə Fikrət müəllim cavab verdi: "Yox, mən də yazmayacam. Mən yazsam düz çıxmaz. Mən bu şeirləri Rəsul Rzaya göstərəcəm" - dedi.

Əslində, mən Rəsul Rza ilə ilk dəfə "Tanışlıq" məqaləsi "Ədəbiyyat və incəsənət" qəzetində çap olunduqdan sonra görüşdüm. Səhv etmirəmsə, İraqdan yenicə qayıtmışdı. Və ona çox yaraşan qapqara bir saqqal da buraxmışdı. Bir neçə gündən sonra saqqalı qırxdırdı. Beləliklə, Rəsul müəllim məni olduğum kimi görüb, göründüyüm kimi olduğuma inanıb ən böyük arxam və dayağım oldu.

Doqquzuncu sinifdə oxuyanda atamı itirmişdim. Rəsul Rza mənə ata əvəzi oldu! Sonralar taleyin hökmüylə ağlıma belə gətirə bilməyəcəyim yüksək pillələrlə qalxdım. Bütün bunların səbəbkarı Rəsul Rza oldu. Əslində, onun üçün mən heç kəs idim. Nə qohumu, nə tanışı, nə həmyerlisi. Mən Rəsul Rzanın parlaq, ləkəsiz vicdanının qəbul etdiyi yaxşı ailə tərbiyəsi görmüş kimsəsiz bir tələbəydim, bir də ki, Rəsul Rzanın "Tanışlıq" məqaləsində yazdığı kimi: "Qibtə oyada biləcək qədər poetik şeirlərin" müəllifi.

 

İlk "ensiklopedik"qonorarım

 

Bəzən Rəsul Rzanın mənə qarşı olan səmimiyyətindən, diqqətindən və qayğısından danışanda onu tanıyanların çoxusu buna inana bilmirdi. Rəsul Rza sərt, ciddi, yerini bilməyənlərlə kobud davranmağı bacaran, tərifi sevməyən, yaltaqlığı və riyakarlığı qəbul etməyən, əliəyri insanlara nifrət edən bir şəxsiyyət idi. Tutduğu vəzifəsindən asılı olmayaraq, Rəsul Rza ona sayğısızlıq göstərən hər bir kəsi yerində oturtmağı bacaran bir kişiydi! Bir hadisənin şahidi olan keçmiş bir vəzifəli şəxs danışır ki, Sabir poeziya günlərinin keçirildiyi Şamaxı rayonunun partiya rəhbəri bir qədər sayğısızlıq göstərərək Rəsul müəllimi qəbul otağında xeyli vaxt saxlatdırıb. O vaxt Nazirlər Sovetinin sədrinin müavini, rəhmətlik Kamran Hüseynov Rəsul müəllimi qəbul otağında gözləyən görüb rayon rəhbərini danlayır. Məsələni həll etdikdən sonra raykomun birinci katibi yaranmış narazılığı aradan qaldırmaq üçün Rəsul müəllimi də dəvət edir ki, birlikdə nahar etsinlər. Rəsul müəllim deyir ki: "Mən sənin kimi adamın nəinki çörəyini yemək, heç suyunu da içmərəm!".

Açığın deyim ki, həm mənə qarşı olan səmimiyyətindən, həm də ki, qarşıma çıxan problemlərin səbəbindən Rəsul müəllimin yanına tez-tez gəlirdim. İndi hərdən bunları xatırlayanda daxili bir əzab çəkirəm. Hələ tələbəydim, 3-cü kursda oxuyurdum. Rəsul müəllim biləndə ki, institutun rus dilli bölməsində oxuyuram və orta təhsilimi də bu dildə almışam, mənə baş redaktoru olduğu "Azərbaycan Sovet Ensiklopediyasının" redaksiyasnıda "çörəkpulu" pəncərəsi açdı. ASE-nin bir sıra cildlərində çap olunmuş elektrotexnikaya aid məqalələrin rus dilindən tərcümə olunmasını mənə tapşırırdılar. İki-üç aydan bir ASE-nin Baş redaksiyasından o vaxtın pulu ilə 150-200 manat qonorar alırdım. Sonralar mən Bakı şəhər partiya komitəsinin təlimatçısı işləyəndə aylıq əmək haqqım cəmisi 140 manat idi!

İnstitutun sonuncu kursunda oxuyanda Rəsul müəllimə dedim ki, istəyirəm qiyabi təhsilə keçib bir yerdə işləyəm. Rəsul müəllim fikrimi müsbət qarşıladı və başladı mənə iş axtarmağa. Fikir verin, o boyda işin qabağında Rəsul Rza mənim məsələmi də özünə bir problemə çevirdi. Rəsul Rzanın ən böyük insani keyfiyyəti ondaydı ki, Rəsul Rza üçün özgə taleyi yox idi! O, əxlaqına inandığı hər bir kəsi öz doğma övladı kimi qəbul edirdi. Sən dərdini ona danışıb gedə bilərdin. Sən dərdini Rəsul Rzaya danışıb yüngülləşərdin. Onun daşıyıcısı artıq Rəsul Rza olurdu! Rəsul Rza mənim böyük insanlıq və insanpərvərlik dərsləri aldığım mənəviyyat akademiyası oldu!

Rəsul müəllim Azərbaycan Komsomolu Mərkəzi Komitəsindən tutmuş o vaxtkı AzTV-yə qədər məni işə düzəltmək üçün təşəbbüs göstərdi. Heç harda işə götürmək istəmədilər. Bir gün Rəsul müəllim məndən soruşdu: "Əziz, sən bu adamlarnan nə cür danışırsan ki, hər yerdən üstümə üzüqara qız kimi qayıdırsan? Mən boyda Rəsul Rza sənə bir iş düzəldə bilmirəm!". Dedim, "Rəsul müəllim, bildirirəm ki, rus dilini, erməni dilini mükəmməl bilirəm, çalışıram vətənpərvərliyimi, az-çox savadımı görsünlər. Belə də". Rəsul Rza cavabında nə desə yaxşıdı?! Belə cavabı yalnız həyatın məşəqqətlərindən keçən və öz yüksək insani keyfiyyətlərinə görə hər zaman müqavimətlərə tuş gələn şəxs deyə bilərdi. Rəsul Rza dedi: "Əziz, sən bu adamlarla danışanda özünü küt göstər, gic göstər. Çalış ki, sənin əsl mahiyyətini görə bilməsinlər. Yoxsa səni döyə-döyə, sıxa-sıxa öz səviyyələrinə salmağa çalışacaqlar. Elə ki, gördülər artıq buna nail olublar üzünə bütün qapıları açacaqlar…"

Bir daha deyirəm, qəribədir, Rəsul Rza hələ məni görmədən, tanımadan iç dünyamı oxumuşdu və buna görə də "Tanışlıq" məqaləsində yazmışdı: "…lakin mən istəmirəm, heç istəmirəm ki, bu cavan da bizim keçdiyimiz məşəqqətli yollardan keçib şeirə, sənətə sərf edəcəyi ürək döyüntülərini, axtarışlarını, icad, tapıntı zəhmətinin nadir saatlarını, günlərini ədalətsiz, nadan, küt vurumlu qırmaclardan qorunmağa, onlarla mübarizəyə sərf etsin". Qəbriniz nurla dolsun, Rəsul müəllim, mən də onlardan qoruna bilmədim. Bəlkə də ona görə məni çox istəyirdiniz ki, xarakterimizdə xeyli oxşarlıqlar vardı. Və sonralar mənə xeyli problemlər yaradan bəzi cəhətləri mən sizdən mənimsədim. Ola bilsin ki, Anar müəllim məndən bu deyəcəyim sözlərə görə inciyər, amma, deməliyəm. Bir dəfə Anar müəllimlə aramızda yaranmış bir ciddi narazlılıqla bağlı ona dedim ki: "Anar müəllim, Rəsul Rza mənim xətrimi sizdən az istəmirdi! Anar müəllim cavabında çox gözəl və mənim qürur duyacağım bir cavabı verdi: "Düz deyirsən, çünki ikinizin də xarakteriniz eyniydi, ikinizdə də eyni dönməzlik vardı!" Mən bununla qürur duydum. Kimlərdənsə yaltaqlıq, yalaqlıq öyrənmədim. Rəsul Rzadan kişi dönməzliyi öyrəndim!

Beləliklə, Rəsul Rza mənə iş düzəldə bilmədi. ASE-nin qonorarı əlimdən tuturdu. Ali məktəbi bitirər-bitirməz, artıq 5-ci kursda Rəsul müəllim məni "Xəbərlər Mətbuat Agentliyi"nin Azərbaycan SSR üzrə xüsusi müxbiri vəzifəsinə təyin etdirdi. (O, həmin Agentliyin Azərbaycan şöbəsinin fəxri sədri idi). Siz bu insandakı gücə, çəkiyə, istər Azərbaycan partiya rəhbərliyinin, istərsə də "XMA"nın Moskvadakı rəhbərliyinin yanındakı nüfuzuna fikir verin. Hələ ali təhsil diplomu almayan, mətbuatda bircə dənə olsun belə, informasiyası çap olunmayan adamı belə bir məsul vəzifəyə təyin etdirə biləsən! Mən də kişi kimi Rəsul müəllimin etimadını doğrulda bildim. Doğrultmasaydım "XMA"-da altı il işlədikdən sonra məni Bakı Şəhər Partiya Komitəsinə, sonra isə Azərbaycan KP MK-ya yüksək vəzifələrə irəli çəkməzdilər (Bu məqamda bir fakt da yadıma düşdü. Mənim də işə götürülmək barədə əmrim Moskvada 1971-ci il aprelin 1-də verilib).

 

Son dərəcə ciddi və zarafatcıl

 

Rəsul Rzayla bağlı xatirələrimi bütün çalarları ilə yazmaq üçün bir-iki qəzet səhifəsi deyil, ən azı iki yüz səhifəlik bir kitab olmalıdır. Ömür vəfa etsə yazacam, söz verirəm.

Rəsul Rzanın təşəbbüsü ilə hər il mayın 30-da Şamaxıda keçirilən Sabir poeziya bayramından qabaq, 1960-cı ilin mayında ilk dəfə AzTV-nin efirində şeirlər oxudum. Rəsul müəllim dedi ki, Şamaxıya mənimlə gedəcəksən. Sürücüsü Fikrətə tapşırdı ki, çamadanımı da maşına qoysun. ASE-nin binasının qabağından yola düşdük. Rəsul müəllim həmişə maşının qabaq oturacağında oturardı. Poeziya bayramından sonra bizi yeməyə apardılar. Yay tətili başlamışdı. Ordan da evə, Tərtərə getməliydim. Bir qohumuma rast gəldim. Dedim ki, Rəsul müəllim, icazə versəydiniz elə qohumla da gedərdim Tərtərə. Rəsul müəllim təbəssümlə məni süzərək dedi: "Əziz, qohumdu, yoxsa qohumədi?!"

Əmim İbrahim Qurbanov Cəlilabad rayonunda birinci katib işləyirdi, Azərbaycan yazıçılarının böyük bir nümayəndə heyətini Cəlilabada görüşə dəvət etdi. Təbii ki, mən də getdim. Yenə də Rəsul müəllimin maşınında. Bənzərsiz nurlu şairəmiz Nigar xanım da getdi bu tədbirə. Rəsul müəllim dedi ki, Əziz, sən arxada Nigar bacınla otur, mən də qabaqda oturacam. Bu, ata-oğul münasibəti deyil, nəydi?!

Bu cür addımı yalnız əsl şəxsiyyət ata bilərdi?

Mən artıq XMA-nın Azərbaycan SSR üzrə xüsusi müxbiriydim.

1971-ci ilin iyununda Qorki şəhərində keçirilən Ümumittifaq poeziya festivalına göndərildim. Rəhmətlik İsa İsmayılzadə ilə birlikdə. Mənim getməyimi Rəsul müəllim təkidlə istəmişdi.

İmkan tapan kimi Rəsul müəllim məni yanına çağırıb yeni şeirlərimi eşitmək istəyirdi. Heç yadımdan çıxmaz, səhv etmirəmsə, 1974-cü il "Azərbaycan" jurnalının aprel sayında mənim bir neçə şeirim çap olundu. Rəsul müəllim dəvət etdi, gəldim ASE-yə. Rəsul müəllim dedi ki, "Əziz, səni təbrik edirəm. Oxudum şeirlərini. Amma, bilirsənmi ki, sənin "Uşaq rəsmləri" adlı şeirinə görə mən "Azərbaycan" jurnalının may sayından eyniadlı şeirimi çıxartdırdım". Sözüm boğazımda kal armud kimi ilişib qaldı, udqundum. Rəsul Rza özümü itirdiyimi duyub dedi: "Əziz, sənin şeirin əsl uşaq rəsmləri idi, ona görə çıxartdım".

Çox şairlər gördüm həyatımda; yaşlı, titullu, ordenli-medallı… Hələ ilk addımlarıma paxıllıqla yanaşanlar da oldu, hansısa bir tədbirdə adını çəkmədiyimdən incidiyini üzümə çırpan da. Amma, Rəsul Rza yeganə nəhəngdi, yuxarıda dediyimi etirafı etdi. Bunu kim edə bilərdi? Yalnız əsl şəxsiyyət, öz qüdrətinə arxalanan şair!

Rəsul müəllim sözün gerçək mənasında mənə Azərbaycan dilinin incəliklərini başa salırdı. Etiraf edim ki, həm orta, həm də ali məktəbdə rus dili bölməsində oxuduğum üçün indi də bəzən çətinliklərlə qarşılaşıram. Bir dəfə bir şeir oxuyurdum. Belə misraları vardı: "Nə sən qayıtmadın səhər mehiylə, nə şəbnəm yerini xəbər vermədi". Rəsul müəllim hər iki qulağımdan ən böyük karatlı qaşı olan bu "sırğanı" asdı: "Əziz, əgər "nə" deyirsənsə, ikinci dəfə inkar olmaz.

Yaz ki, "Nə sən qayıtmısan səhər mehiylə, nə şəbnəm yerini bildirə bildi". Təəssüflə deməliyəm ki, bəzən efirdə titullu alimlərimizdə belə mənim "ruskoyazıçnı" nöqsanlarıma rast gəlirəm.

Rəsul Rzanın ASE-nin baş redaktoru vəzifəsindən çıxarıldığı xəbəri məni sarsıtdı. Gəldim yanına. Xeyli dərdləşdik. O vaxtlar müttəfiq respublikalarının ensiklopediyaları Moskvanın "Bolşaya Sovetskaya Ensiklopediyası"nın baş redaksiyasına tabe idilər. Ordakı baş redaksiyanın baş redaktorunun müavini daşnakbaşı Stepan Şaumyanın oğlu Levon Şaumyan idi. Rəsul Rza ASE-ni onun diktəsilə deyil, ürəyinin, xalqına olan sevgisinin diktəsi ilə yaradırdı. Şükür ki, Rəsul müəllimin öz imzasıyla ASE-nin birinci cildi işıq üzü gördü. Rəsul müəllim ilk nüsxələrdən birini mənə hədiyyə etdi. Yaşıl cildli nəhəng bir kitab idi. Təəssüflər olsun ki, sonralar ASE-nin Rəsul Rzasız çıxan cildlərində daşnak törəməsinin istədikləri öz əksini tapdı!

Mənim tanıdığım Rəsul Rza, mənim Rəsul Rzam, Azərbaycan poeziyasının Rəsulu, Allah sizə qəni-qəni rəhmət eləsin. Rəsul Rza varlığı ilə dünya poeziyasına öz rənglərini gətirdi, öz boyalarını çilədi, heç bir kəsin görə bilmədiyi rəng çalarları ilə bəşəriyyətin söz xəzinəsini zənginləşdirdi.

Bəzən Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı və digər Sovet dövrü şairlərimizi Leninin, Stalinin, Sovet rejiminin təbliğində ittiham edirlər. Əvvəla, bu insanlar o dövrün tərbiyəsini alıb, onun tədris ocaqlarında oxuyub, çörəyini yediyi şəxslər idilər. Əqidələri və məsləkləri bütün bunlara xəyanət etməyə imkan vermirdi. İkincisi, baxır necə yazıblar. Rəsul Rzanın "Lenin" poeması böyük rus-sovet şairi Vladimir Mayakovskinin eyniadlı poemasından qat-qat güclü əsərdir! Mən bunu hər iki dili mükəmməl bilən bir adam kimi deyirəm. İkincisi və ən cavib məqam və bu yerdə mən dünyasını dəyişmiş nəhənglərimizə qara yaxmaqla məşğul olan qəlbi qara adamlara bir gerçəkliyi başa salmaq istəyirəm:

Həm Səməd Vurğun, həm Süleyman Rüstəm, həm də Rəsul Rza sovetlər rejiminə və onların yaradıcılığına həsr etdikləri gözəl əsərlərlə Azərbaycan xalqını Mikoyan kimi milli düşmənimizin caynaqlarından xilas etmişlər. Stalinin gözündə millətimizin ucalmağına nail olmuşdular…

Rəsul Rza öz "Soruş" adlı şeirində deyir:

 

Baş nə çəkdi - dildən soruş,

od nə çəkdi - küldən soruş.

Məndən sonra hansı sözüm,

                             hansı şeirim yaşayacaq?

mən bilmərəm, eldən soruş...

 

Rəsul müəllim, mən də bu elin övladıyam, siz qədər olmasa da, az-çox onun informasiyasının daşıyıcısıyam. Siz eldə əbədi yaşayacaqsınız. Onu görə ki, siz hər bir insanın müasirisiniz. Dünyaya gələn hər yeni insan sizi özüylə yaşadıb, özüylə gələcəyə aparacaq. Ona görə ki, mən sizin qədər bu millətin təəssübünü çəkən şair görmədim. Siz, özünüz də bilmədən "Lenin" adlı poemanızda özünüzdən yazmısınız.

Mən Vahid Əziz, hansı bir şairə bənzədim poeziyamızın Rəsulunu ki, öz xalqına bu qədər yanan, onun uğurlarına uşaq kimi sevinən, tarix boyu ürəyinin genişliyindən, əxlaqının təmizliyindən, vicdanının aliliyindən yol vermiş olduğu bağışlanmaz tarixi səhvlərinə müdrikcəsinə ağlayan olsun?..

 

P.S. Bu yazımı görən ev adamlarından biri dedi: 

"Axır ki, Rəsul Rzaya borcunu qaytardın". Yox, bu borc deyil, sadəcə olaraq o böyük insanla bağlı xatirələrimin qələmə alına bilən bir parçasıdır. Elə yaxşılıqlar var ki, onların borcundan çıxmaq qeyri-mümkündür. Mənim Rəsul Rzaya olan borcum bu cür borclardandı...

 

15.05.2018

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!