Nadir Qocabəyli ilə ART müsahibə - Layihə

Müsahibimiz yazıçı-tərcüməçi Nadir Qocabəylidir

 

- Azərbaycanda "bədii tərcümə problemi"nə yetərincə diqqət edilirmi?

 

- Azərbaycanda bədii tərcümə məsələsindən danışılarkən daha çox mahiyyətdənkənar söhbətlər olunur. Xırda-para məsələləri qabardırlar, əsl mahiyyət qalır kənarda. Adətən, insan həqiqəti deyə bilməyəndə çalışır bər-bərəzəkli yalanlar desin. Belə vaxtı adam ayrı yöndəki biliyini nümayiş etdirməyə çalışır, daha çox terminlərdən istifadə edir.

 

- Bəs bu mövzunun müzakirəsi hansı müstəvidə aparılmalıdır?

 

- Tərcümə məsələsini əlahiddə bir sahə kimi müzakirə etmək bəri başdan yanlışdır. Tərcümə ümumi ədəbiyyatımızın kontekstində araşdırılmalıdır. Ədəbiyyatımızı mədəniyyətimizin, mədəniyyətmizi ümumi ictimai-siyasi, sosial-iqtisadi vəziyyətin, ictimai-siyasi, sosial-iqtisadi vəziyyəti isə qlobal durumun kontekstində araşdırmaq lazımdır. Əks halda nəticə düzgün olmayacaq. Biz problemə hansısa tərcüməçinin fərdi göstəriciləri üzərində baxsaq; məsələn, kimsə tərcümə zamanı heyvanın cəngi yox, ağzı yazıb, bununla problemin sərhədlərini görə bilməyəcəyik.

Yeri gələndə "heyvanın ağzı" da yazmaq olar. Niyə bizdə bu məsələlərə məhdudiyyət qoyulur? Axı dildə ifadələrin bolluğu bu sahəni zənginləşdirir. Bir roman tərcümə olunan zaman tərcüməçiyə alternativ ifadələr lazım olur. Eyni sözü, ifadəni təkrarlamaq yeknəsəqlik yaradır axı. Nəzərə alaq ki, dilimizin söz ehtiyatı tərcümə etdiyimiz dillərlə müqayisədə çox məhduddur. Səhv eləmirəmsə, orfoqrafiya lüğətimizdə cəmi 20 min söz var. İngilis lüğətində isə 1 milyon söz var. Amma bizdən bir avtobus adamı minik avtomobilinə yerləşdirmək tələb olunur.

Mən düşünürəm ki, dildə hansı sözlərə, ifadələrə işləklik qazandıra bilirsənsə, onlar işləkləşir. Təbii ki, söhbət düzgün ifadələrdən gedir. Ruslar öz dillərinə son dərəcə tolerant yanaşırlar. Gələn bütün sözlərə qucaq açırlar, çox rahatdırlar, mən də bu yöndə rus dilini örnək götürürəm. Dildə sinonimlərin sayının çox olması zənginlik etibarilə çox önəmlidir. Rus dilinin incəliklərinə bələd olduqca, heyrətlənirəm. Onlar türk dilindən xeyli söz götürüblər. Biz isə hələ də deyirik ki, "tuhaf, "rahatsız", "duyğusal" yazmayaq.

 

- Düzdür, tərcümə problemi deyil, tərcüməçi problemindən danışıldıqda bu yəqin ki, ən yaxşı halda bir, yaxud bir neçə tərcüməçinin işinə müsbət təsir edə bilər. Sizin "tərcümə problemi" anlayışınıza hansı məqamlar daxildir?

 

- Təftişçilikdən yaxa qurtarmaq lazımdır, insanlara meydan vermək lazımdı. Onsuz bu ağır sahədi. Gəliri də çox aşağıdı. Bədii tərcümənin səhifəsinə təxminən 5 manat qonorar verirlər. İqtisadi araşdırma aparsaq, görəcəyik ki, bu qonorarla tərcümədə keyfiyyət məsələsi axsayır. Şəxsən mən işlərimə vicdanla yanaşıram, heç vaxt heç bir cümləni, ifadəni tərcümə çətinliyinə görə ixtisara salmıram. Amma mən bu qonorarla heç olmasa günə 5 səhifə tərcümə eləməliyəm ki, aylıq məvacibim 500-600 manat olsun. Axı ayın bütün günləri işləmək də olmur, bunun istirahət günü var, vacib işlər olur və s. Bu məsələlər qabardılmalıdır.

 

- Bəs necə etmək olar ki, nəşriyyatlar kitabın qiymətini qaldırmadan tərcüməçilərə, redaktorlara verdiyi qonorarı artıra bilsin?

- Kitab bazarı kasaddı, oxucu azdı, bunlar reallıqdı. Bu məsələ stimullaşdırılmalıdır. Televiziyalar da daxil olmaqla kütləvi informasiya vasitələri bu işə cəlb edilməlidir.

Mütaliə mühitinin genişlənməsi üçün iqtisadiyyat, sənaye, kənd təsərrüfatı da inkişaf etməlidir. Kənd təsərrüfatı məshullarının qiyməti ucuz olsa, adamlar büdcəsindən kitaba da normal pul ayıra biləcək. Vaxtilə Azərbaycanda Elçinin "Ölüm hökmü" romanı 80 min tirajla nəşr edilmişdi. Bütün kitabxanalara paylanmışdı kitab. Kitab nəşri, kitabın tirajı məsələsi həssas bir sahədi. 1000 tirajla kitab olmaz.

Nəşriyyatlar da bir məsələni diqqətdə saxlamalıdır, çox kitab tərcümə etdirməkdənsə, bunların sayını azaldıb, keyfiyyətinə diqqət edilməlidir.

Mən "Lolita" romanının səhifəsini 3 manata tərcümə etmişəm, 3 ay müddətində. Bu romanın tərcümə prosesində infarkt keçirdim. Nabokovda o qədər qəliz ifadələr var ki, nəinki Nadir Qocabəyli, Azərbaycandan 10 nəfər mütəxəssis birgə işləsə də, bu əsəri dilimizə tərcümə etməkdə çətinlik çəkər. Təsəvvür edin ki, Nabokov "Lolita" romanını 50-ci illərdə ingilis dilində yazıb, roman XX əsrin ən yaxşı bədii əsərləri arasında ilk üçlüyə düşüb. Roman bir çox dillərə tərcümə edilib, fransız, ispan və s. Amma rus dilinə tərcümə üçün müəllif heç kəsə icazə verməyib. Rusiyada böyük bir tərcümə məktəbi olduğu halda, Nabokov onlara etibar etməyib. Rusiyada təcümə sahəsində 10-dan yuxarı akademik var, bizdə heç elmlər doktoru da yoxdu bu sahədə. Və Nabokov 10 il sonra "Lolita"nı rus dilinə özü tərcümə edib. Hesab edirəm ki, "Lolita" üzərində tərcüməçi 2 il çalışmalı idi. Həm də bir tərcüməçi yox, bir neçə nəfər. Yenə də, biz "Lolita"nı arzulanan səviyyədə tərcümə edə bilməyəcəyik. Çünki Azərbaycan dili "Lolita"ya hazır deyil.

 

Mənə sifariş gələndə bu romanı maddi ehtiyacım olduğu üçün tərcümə etdim. Çünki Azərbaycanda tərcüməçilərin seçim etmək imkanı yoxdu. Mənə sabah "Ulis"i tərcümə etmək sifarişi gəlsə, onu da qəbul etmək zorundayam. "Ulis"i tərcümə etmək ölümdür. Mən ölümümə qol çəkib dar ağacına gedəcəyəm. Məcburam.

 

- Bu sahə diqqətdən kənarda qaldıqca, sanki peşə kimi də dəyərini itirir.

 

- Azərbaycanda tərcümə işsizlərin sahəsidi. Hamı özünü potensial tərcüməçi hesab edir. Ona görə də bu sahədən söz düşən kimi hər kəs bir fikir bildirməyə çalışır.

 

- Tərcümə sahəsini problemlərindən danışdıqda bu sahənin tənqidini də önəmsəmək lazımdır. Bu sahədə tənqidçilərin işini necə qiymətləndirirsiz?

 

- Tərcümə tənqidçiləri mütləq tərcümədən gələn insanlar olmalıdır. Tərcümə praktikası olmayanlar tərcümənin problemlərini tam görə bilməzlər. İkincisi, ədəbi tənqid nəyisə baltalamaq deyil, tənqid zamanı mətnin təqdirəlayiq yerlərini də göstərmək lazımdır, tənqid olunası şeyləri tənqid etmək lazımdır. Tənqid müəyyən mənada oxucu cəlbinə hesablanmalıdır. Oxucunun bəzən görməkdə çətinlik çəkdiyi məqamlar izah olunmalıdır. Bizdə əksinədir; ya bəy-gəlin tərifi edilir, ya da yalnız konteksdən çıxarış edilib, zəif nöqtələr qabardılır.

Rus dilini ana dili kimi bilən məsləhətçilərə ehtiyac var, ola bilsin ki, onlar Azərbaycan dilini yüksək səviyyədə bilməsin, amma məsləhətçi kimi belə insanlara ehtiyac duyulur. 

 

- Qərbin müəyyən qüvvələri sırf tərcümə olunan kitab menyusuna, nəşriyyatlara diktə edirmi? Bəzi insanların fikrincə ölkədə bu sahədə görünməyən bir monopoliya mövcuddur. Bu barədə qənaətiniz nədir?

 

- Razıyam. Amma bəzən belə bir fikir söyləyəndə adama deyirlər ki, fakt göstər. Qərbdən nəşriyyatlara qrant ayrılır, bu və ya digər şəkildə kitablar tövsiyə olunur. Xüsusilə də son zamanlar ölkəni "motivasiya", "karyera" ədəbiyyatı adı altında bürüyən kitablar. Deyl Karnegi və digərlərinin kitablarında çürük ideyalar təbliğ olunur, Azərbaycan reallığına uyğun gəlməyən fikirlər, Şərq insanının ruhuna qətiyyən uyğun olmayan  şeylərlə gənclərimizin beynini doldururlar. O kitablara görə nəşriyyatlar çox güman ki, qrantlar alır. Məsələn, mənə dolayısı ilə Salman Rüştünün kitabını tərcümə etmək təklif olunub. Bu müəllifə görə norveçli tərcüməçini otağında öldürüblər, yaponiyalı tərcüməçinin boğazını kəsiblər, Əziz Nesinin evini yandırıblar. İndi Allah bilir bu müəllifin kitabının tərcüməsinə görə nəşriyyat nə qədər pul alıb, mənə də səhifəsinə görə 5 manat qonorar verəcəklər və həyatımı təhlükəyə atacaqlar.

 

- Nadir məllim, ikinci dildən olunan çevirmələr tərcümə sahəsinin problemi sayıla bilərmi? Yəni birinci dildən tərcümənin önəmini hansı səviyyədə qəbul edirsiz?

 

- Təbii ki, orijinaldan tərcümə daha yaxşı olardı. Təəssüf, bu sahədə potensialımız çox aşağıdı. Bizdə tərcüməçiliyin maddi-texniki bazası hansı səviyyədədir? Səhifəsini 3 manata Kortasarı ispancadan dilimizə kim tərcümə eləyəcək? Ümumiyyətlə, belə mütəxəssislər varmı?

Nobel komitəsi əsərləri 4 dildə qəbul edir: ingilis, fransız, rus, alman. Məsələn, Markesin əsəri ora tərcümədə gedib. Yəni ikinci dil məsələsi bütün dünyada aktualdı. Mən Kortasarın "Xana-xana oyunu"nu tərcümə edəndə türk dilinə çevrilmiş nüsxəsinə də baxdım. Əsərin tərcüməsi bərbad vəziyyətdə idi. Həm də fransızcadan tərcümə etmişdilər. Türkiyə bizdən demək olar ki, istənilən sahədə bir neçə dəfə irəlidədir. Amma gördüyünüz kimi, onlarda da ikinci dildən tərcümə qalmaqdadır.

 

 

Söhbətləşdi:

Sərdar Amin

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!