“ÖZ ƏSƏRİNİ DANIŞDIR” - Həmid Piriyev - "Şanapipik haqqında mahnı"

      

                                            Hədiyyə Şəfaqət                                             Həmid Piriyev

- Həmid bəy, niyə "Şanapipik haqqında mahnı"? Onlar heç sizin eyvanda yuva da qurmayıblar, sadəcə, dən yeməyə gəlirlər. Amma bu da diqqətimi çəkdi, fikrinizcə, sizə baharı qaranquşlar yox, şanapipiklər gətirir?

- Şanapipiklərdən xoşum gəlir. Qərara gəldim onlarçün mahnı yazım. Buna birinci dəfə beşinci, ya da altıncı sinifdə oxuyanda fikir vermişdim. Şanapipiklər qaranquşlardan əvvəl gəlmişdilər. O vaxtdan şanapipik görəndə bilirəm ki, yaz gəlib.

- Bəs roman necə yarandı?

- Əvvəlcə bunu deyim ki, bu yazıya roman demək tam da düzgün olmaz. Həcmi azdır, normal novella həcmindədir. Qəhrəmanlar və təsvirlər çox olduğu üçün janr kimi miniatür roman yazdım. "Şanapipik haqqında mahnı" mənimçün çox əzizdir. Yaşadığım mühiti, hər gün gördüyüm, danışdığım adamları yazmışam. Mən o mühitdə yetişmişəm və o mühitin bir parçasıyam. Məndən də nələrsə var, amma tam mən deyiləm. Qəhrəmanlarım da mənə əzizdir. Hamısının xətrini çox istəyirəm və hamının da onları tanımağını istəyirəm.

- Deyəsən, əvvəl heç roman yazacağınızı düşünmürdünüz, amma belə alınıb?

- Bir az elə oldu. İlk olaraq birinci hekayəni yazdım - "Üzü küləyə dayanmaq". İki il qabaq "Yazı" jurnalında çap olunub. Sonra eyni mövzuda, eyni stildə ikinci hekayəni - "Şanapipik haqqında mahnı"nı yazdım. O da "Yazı"da çap olundu. Eyni mövzuda üçüncü hekayəni yazmaq istəyəndə dedim elə birləşdirsəm, daha yaxşı olar. Nəticədə indiki versiya yazıldı.

- Yəni, əslində bu mətn - miniatür roman üç hekayədən ibarətdir.

- Əslində, dörd. Çünki ağlımda daha iki hekayə vardı, birdəfəlik bu mətnə saldım. İlkin variantda həcmi bundan dörd dəfə çox idi. Yazandan sonra bir neçə ay qaldı, sonra oxuyub gördüm çox uzunçudur. Xeyli yerini ixtisar etdim. Bu qədəri qaldı. Təxminən iki il ərzində yazıb bitirdim. 2013-cü ilin yayında birinci hekayəni yazmışdım. 2015-ci ilin axırlarında romanı qurtardım.

- Yazmağa başlamamışdan hər şey artıq hazırıydımı? Hadisələr, süjet, dialoqlar, üslub... Yoxsa hər şey yazı prosesində belə alınırdı?    

- Həmişə plansız yazmışam. Plan tutmaq alınmır. Bir neçə dəfə yoxlamışam və planını tutduğum hekayəni yaza bilməmişəm. İdeya gəlir və yazıram. Necə alınsa. Amma çox vaxt elə nəzərdə tutduğum kimi alınır. Bu da elə oldu.

- Lakin hər halda müəyyən ideya olur, qeydlər olur, həqiqətənmi əyləşirsiniz masa arxasında və nə yazacağınızı bilmədən bu mətnləri yazırsınız? Necə yazılması, yazının hara aparıb-çıxarmağı başqa məsələ. Hətta, ilkin olaraq roman deyil, hekayə yazdığınızı düşünərkən də...

- Ana xəttin necə olacağını bilirəm. Başlanğıcı və finalı. Qalan şeylərisə yazı prosesi özü müəyyənləşdirir. Mən həqiqətən hekayələrin necə alınacağını bilmirdim. Süjet hara aparsa, ora da gedirdim. Yəni gedəcəyim yer - final bəllidir. Amma ora aparan yolu yazı prosesi müəyyənləşdirir. Açığını deyim, belə xırda detalları fikirləşmirəm də. Onsuz da nəzərdə tutduğum kimi alınmayacaq. O qədər olub, hansısa hekayə ideyası gələndə nəzərdə tutmuşam ki, filan dialoqu yazım. Hekayəni yazmışam, üstündən nə qədər vaxt keçib, təzədən oxuyanda görmüşəm həmin dialoq yoxdur. Yazmamışam.

- Deməli, ümumiyyətlə, mətni rahat buraxırsınız...

- Hə. Mən bu hekayələrin ağası deyil, sadəcə, təhkiyəçiyəm. Yazılarım heç vaxt mənə tabe olmayıb. Öz istədiyi kimi alınıb və görmüşəm ki, mənim istədiyimdən daha yaxşı alınıb. Ona görə də mətni rahat buraxıram.

- Həmid bəy, kitab çıxdı. İlk kitab. Təqdimat etmədiniz, səssiz bir gəliş oldu. Deyəsən, bir az xəyal qırıqlığı da yaşanmışdı, peşman olmuşdunuz. Bəs sonra, səssizlik davam etdimi?

- Hə, bu birinci kitabımdır. 2016-cı ildə çapdan çıxdı. Təqdimatlara münasibətim bəllidir. Bunu hər yerdə deyirəm. Düzdür, 2017-ci ilin sonunda çıxan ikinci kitab - "Sərçələr üçün poema" üçün balaca bir tədbir etdik. Amma hələ də təqdimat haqdakı fikrimdə qalıram. Bu zornan kiməsə kitab satmaqdan başqa bir şey deyil. İkinci kitab üçün elədiyim tədbir də bir xatirədir. Amma gələcəkdə yenə kitab olacaqsa, onlarçün tədbir etməyəcəyəm. Bunu artıq dəqiq bilirəm. Qayıdaq birinci kitaba. Nəticə çox da ürəkaçan olmadı. Satış çox pis getdi. Oxucum sandığımdan da az imiş. Amma buna da qaneyəm. Yox, deməzdim lap səssiz oldu. Ustad Rəhim Əliyev bəyənmişdi, qısa şərh də yazdı. Dostumuz Kənan Hacı "Şanapipik haqqında mahnı"dan sonra" adında məqalə yazdı. Kitab çap olunanda güneyli yazıçı-alim Nasır Mənzuriyə elektron formatda göndərdim. O da məktub yazaraq, yüksək fikir bildirdi. Əli Novruzov bu kitabı 2016cı ildə çap olunan ən yaxşı kitablar siyahısına salıb, haqqında yazı da yazıb.

- Mənzurinin "Qaraçuxa"sı... Mən də "Şanapipik haqqında mahnı"nı oxuyanda ilk bu müəllifi xatırladım. Dili, təhkiyəsindəki rahatlıq... Əslində, heç nə oxşar deyil, heç nə bənzəmir. Lakin həm də nəsə var, kökdə bir bağlılıq oyadır. Hər iki roman məhz ananın dilində yazılır, Rəhim müəllim demiş, anadan ötürülən dillə...

- Nasır Mənzuridən oxuduğum ilk əsər "Qaraçuxa"dır. Sonralar "AVAVA" romanı ilə "Oyunum oyunum" romanının bir hissəsini də oxudum. Mənimçün "Qaraçuxa"nın yeri başqadır. O romanda hər şey var - mifologiyamız, etnoqrafiyamız, ruhumuz və ən əsası, dilimiz! Amma layiqli qiymətini almadı o roman. Bizdə oxunmadı. Və mən buna çox təəssüflənirəm. Məncə də oxşar xüsusiyyətimiz (özümü Nasır bəy kimi usta qələm adamına oxşatdığım üçün üzr istəyirəm) məhz dilimizdədir. Mən də saf dilimizdə yazmağa çalışıram. Və sonrakı redaktə dediyimiz mərhələdəki düzəlişlərim, əsasən, dilnən bağlı olur. O da düzdür, "Qaraçuxa" hamının oxuyacağı stildə roman deyil. Amma hamının oxumalı olduğu romandır. Xüsusən yazıçıların.

- "Qaraçuxa"yla birlikdə romanda, elə əvvəlki oxuduğum hekayələrdə də köhnə Bakının həyatını göstərən filmləri düşündüm... "Bizim Cəbiş müəllim"... "Şərikli çörək"... Siz başqa hansıları deyərdiniz? Bir daha qeyd edirəm, söhbət heç də hansısa təsirlənmədən, alıntıdan getmir, mən romanın orijinallığına toxunmuram...

- "Yuxu", "Bir cənub şəhərində"... Onsuz da təsirlənmək sözü mənə yaddır. Əlbəttə, təzə yazmağa başlayanda təsirlənmişəm. Bu yaxınlarda altı-yeddi il qabaq yazdığım hekayələrdən biri çıxdı rastıma. Rafiq Tağı və qismən də Orxan Fikrətoğlu havası duyulurdu hekayədən. Sonralar bu təsirdən çıxa bildim. Məncə artıq Həmid kimi yazmağa başlamışam. Davamlı mütaliə edirəm və bu mənim yazılarıma təsir etmir. Kopyalamaqdansa söhbət gedə bilməz.

Sizin romanda hadisələr harda baş verir? Yəni haranın təsvirlərini göz önündə canlandırıb yazmısınız? O ev, o həyət. Dalan, mağaza, küçə... Hardadır? Hələ insanları demirəm - doğma, əziz, öz həyatını yaşayan, öz kiçik həyatlarıyla birlikdə qonşuluğu, dostluğu canlı saxlayan insanlar...

- Pirşağını. Özüm pirşağılıyam, burda doğulmuşam və zənnimcə, elə burda da öləcəyəm. Hamısını olduğu kimi yazmışam. Nə artıq, nə əskik. Kitab çıxandan sonra anam oxuyub demişdi ki, bunu kənddə heç kimə göstərmə, hamını bizə düşmən edərsən. Ümumiyyətlə, mənim əksər hekayələrim elə öz kəndimizdə cərəyan edir. Və güman ki, hələ çox hekayəm də bu kənddən olacaq. Maraqlı obrazlar var və mən hamısını yazmaq istəyirəm. İstəyirəm hamı bu adamları tanısın. Qəhrəmanlarımın heç biri ideal deyil. Heç mən də ideal qəhrəman axtarmıram. Adamları olduqları kimi yazıram. Pisiylə, yaxşısıyla bir yerdə. Mənimçün adamlar hadisədən də önəmlidir. Əli Novruzovun əsas iradı romanda vahid süjetin olmamağınadır. Amma mən süjetə, hadisələrə çox da fikir vermirəm. Birini qoyub, keçim o birisinə. Ən çox sevdiyim dörd yazıçıdan biri Jorj Simenondur. O, mühazirələrindən birində demişdi ki, mən yazıçı yox, romançıyam. Amma açıqlama verməmişdi ki, yazıçıynan romançının fərqi nədir. Bunun cavabını Dovlatovda tapdım. O deyir ki, mən yazıçı yox, hekayəçiyəm. Yazıçıları adamların nə üçün yaşadıqları maraqlandırır, mənisə necə yaşadıqları. Məni də məhz adamların necə yaşadıqları, nəynən məşğul olduqları maraqlandırır. Sizə bəsitlik kimi görünə bilər, amma həqiqət belədir.

- Həmid, romanda monoton, yeknəsəq, kənardan darıxdırıcı görünən, sanki bürkülü gündə hamının qaçıb evinə sığınması kimi bir həyat görünür. Lakin bu, ilk baxışda belədir. İçəridə həyat qaynayır... Bir yandan da bu iki qatın arasında bir də hər gün təkrar edilən, dəyişdirilməsinə həvəs göstərilməyən bir yaşam davam edib gedir, az qala sürünürmüş kimi... Arzular görünmür... Elə bil hamı öz həyatıyla barışıb... Bəlkə də bu heç "barışma" da deyil, heç kim başqa cür yaşamaq barədə düşünmür...

- Düzdür. Bizim tərəflərdə həyat monotondur. Günlər bir-birinin eynidir. Səhər durursan, qaranlıq düşənəcən dünənki işlər, dünənki adamlar, dünənki söhbətlər... Heç nə dəyişmir. Və hamı bunuynan razıdır, olana qanedir. Heç kim heç nəyi dəyişmək istəmir. Heç lazım da deyil. Buralar belə gözəldir. Və bu adamlar başqa yerdə yaşaya bilməzlər. Olur ki, bəzi cavanlar bu monotonluqdan qaçıb başqa yerə gedirlər. Amma hamı axırda bura qayıdır. Çünki hamı, hər şey aid olduğu yerdə gözəldir. Burda heç kimin həyat amalı, məqsədi yoxdur. Yaşamaq səbəbləri var. İşləyib pul qazanım, evlənim, uşaqlarımı böyüdüm, onları evləndirim... Və həyat beləcə davam edir.

- Beləcə də bitir...

- Təəssüf...

- Qısa bir roman, lakin hadisələrlə zəngindir. Əslində, bunlara hadisə demək olmaz, kadrlar gəlib keçir. Bütün həqiqətiylə. Sanki bütün bunlar bir yazıçının qələmindən çıxmayıb, bir filmə baxırıq və müəllif görünməyən yerdə dayanıb bizə bələdçilik edir, əlimizdən tutub aparır. Heç büdrəmir, tərəddüd etmir, iki yol ayrıcında dayanıb haraya dönəcəyi barədə düşünmür. O çox səbrlidir, bizi hər iki yolun axırınacan aparır, sonra başqası, sonra başqası... Hər yolun da öz yaşam hekayəsi... Bir-birinə bənzər həyatların bir-birinə bənzəməyən daxili dünyası...

Sanki onlar öz daxili dünyalarından xəbərsiz yaşayıb, xəbərsiz də gedəcəklər...

- Hə, xırda etüdlər. Buna etüdlər romanı da demək olar. Bu hadisələri heç mən yazmamışam. Mən sadəcə danışıram. Bu hadisələri həyat özü yazıb. Nasır Mənzuri məktubunda romanda bəyəndiyi üç məqamı qeyd eləmişdi. Məqamlardan biri məhz sizin dediyinizdir. Qəhrəman hekayəyə soxulmur, hadisələrin baş verdiyi məkan (kənd) bütünlükdə qəhrəmandır. Amma oxuyanlardan biri bunu qüsur kimi göstərmişdi, demişdi ki, bir hadisəni xəyalımda canlandırmağa imkan tapmamış o biri başlayır. Çox sürətlisən. Rəhim Əliyevsə dedi ki, sən bu qəhrəmanlara yenə qayıdacaqsan, bəlkə də bir dəfə yox... Açığı, arada ayrı-ayrı hekayələr ağlıma gəlir. Amma yazmıram. Bəlkə haçansa...

- Əslində mən istəmərəm bunun çox təsirində qalasınız. O zaman da demişdim, çünki bundan sonra da nə yazmısınızsa, eyni bir əsərin yazılmasını davam etmişsiniz kimi yazmısınız. Bunu düşündünüzmü?

- Ədəbiyyat tarixində belə yazıçılar olub ki, illərlə, bəzən də bütün ömürləri boyu bir əsərə ilişib qalıb. Ya həmin əsəri inkişaf etdirib, ya da onun kopyalarını yazmaqla məşğul olub. Belə deyim, bunda oxucuların da rolu var. Yazıçının hansısa əsəri oxucular tərəfindən çox bəyənilib, yazıçı da başlayıb ancaq o ruhda yazmağa, elə bilib uğur belə yazmaqdadı. Nəticədə, monoton yazıçı olub. Şəxsən mən elə olmaq istəmərəm. Açığı, indi "Şanapipik" o qədər də ürəyimcə deyil, qüsurlarını anlayıram. Onu yazmağımdan üç il keçir, indi oxuyanda daha aydın görürəm səhvləri. Bəlkə haçansa təzədən işlədim onu. Amma dəqiq deyil. Çünki hələlik istəmirəm. Korlanmasından da qorxuram. Növbəti hekayələrdəsə o havadan, o ruhdan qaçmağa çalışmışam. Hazırda başqa bir yazı işləyirəm, zənnimcə, o tamam başqa ruhda olacaq, indiyəcən yazdıqlarımdan çox fərqli.

- Bəzi yerlərdə publisistika təhkiyəni üstələyir. Bağlar barədə danışılırkən məsələn... Sizin gücünüz bundan artığına yetir.

- Hə, onlara mən də fikir vermişəm. Təcrübəsizliyin ayağına yazaq bunları. "Şanapipik"i yazanda çox şeyi bilmirdim.

- Oralarda bir Həci var...

- Düzdür, çoxları elə bilir, baş qəhrəman Həci mənim prototipimdir. Elə deyil. Həci ümumiləşdirilmiş obrazdır. Həm ünsiyyətcildir, həm adamayovuşmaz, həm ciddidir, həm lağlağıçı, həm ağıllıdır, həm sarsaq. Vəziyyətə və əhvalına uyğun olaraq dəyişir. Bunu ayrı-ayrı hadisələrə, adamlara münasibətində aydın görürük. Həci buqələmundur.

- Əsərin sonunda çox güclü detallardan biriylə qarşılaşırıq - Həci pul tapıb. Düşünür, onu qaytarsın, qaytarmasın? Öz-özünə deyir - atası onsuz da artıq qızı buna görə döyüb...

- Orda Həcini sual qabağında qoymuşam. Qaytarsın, yoxsa yox. Pulu kimin itirdiyini də bilir. Axırda qaytarmır, gedib pivə alır. Birincisi, məbləğ o qədər də böyük deyil, ikincisi, qeyd etdiyiniz kimi, atası artıq qızı döymüşdü, pulu itirdiyinə görə. Qaytarsaydı, daha yaxşı olardı. Amma inandırıcı olmazdı. Tamahın güc gəldiyi anlar olur. Hətta ən tərbiyəli, ən nümunəvi adamların da başına gəlib bu. Və Həci seçimini edir. Əslində, ağılnan yox, tamahnan... Şəxsən mən bilmirəm o vəziyyətdə nə edərdim. Qaytarardım, yoxsa yox?

- Amma sizin, deyəsən, bilməyərəkdən damarına basdığınız acı məqam var - atası onsuz da qızı döyüb... Bunun eləcə havadan yaranmış qənaət olduğuna inanmıram. Hardasa bir hadisə var, olub, sonra silinib getməyən...

- Orası düzdür. Həci Əbdülü tanıyır. Bilir ki, uşaq döyəndir. Və onu da müəyyən mənada cəsarətləndirən budur. Onsuz da uşaq döyülüb. Ağrıyıb, ağlayıb. Aparıb pulu qaytarsa da, uşağın ağrılarını aradan qaldıra bilməyəcək. Ona görə də qaytarmır.

- İnandığım bir şey var, mətni həm də həmmüəllif deyilən bir ruh yazdırır, onun yazdıqları daha gizli üzdür, oxuyarkən bunu duymaq əla hissdir...

- Məncə bu gözəl xüsusiyyətdir. Xırdaçılıq da deyə bilərik. Siz deyəsən, çox vaxt müəllifin belə görmədiyi, bilmədiyi bir şeyi görürsünüz. Müəllif mətni həm altşüurnan yazır, həm də üstşüurnan. Və çox vaxt altşüurnan yazılanlar ondan xəbərsiz mətnə düşür, amma təsadüfən yox. Mətni dəyərli edir. Dəyər də məhz o nüanslardan doğur. Mən də xırdaçıyam. Çoxlarının fikir vermədiyi detallara fikir verirəm. Amma sizin qədər də deyiləm.

- "Şanapipik haqqında mahnı"nı oxuyarkən "Çovdarlıqda uçurumdan qoruyan" əsərini düşündüm...

- Hə, bildim harasını deyirsiniz. Həci öz-özünə sual verir ki, görəsən şanapipiklər gecə hara gedirlər? Holden də taksi sürücüsündən göldəki ördəklərin qışda hara getdiklərini soruşur. Romanı yazanda o əsəri artıq oxumuşdum, çox xoşladığım əsərlərdəndir. Amma tam səmimiyyətlə deyə bilərəm ki, o səhnə heç yadımda deyildi. Bunu mənə demişdilər. Barmağımı dişlədim ki, plagiatlıqda ittiham olunacağam. Bu detala ruhi bənzərlik də demək olar. Çünki həqiqətən o sualı öz-özümə vermişəm. Şanapipiklər gecə hara gedirlər? Ümumilikdəsə, fikrimcə, Həciynən Holden bir-birinə qətiyyən oxşamırlar.

- Qəribədir, mən Həci barədə daha fərqli fikirdəyəm. Başda da qeyd etdim və buna əminəm - heç bir təsirlənmə və yararlanma görmürəm... romanda hər şey tam başqadır. Mən hətta bu qədər dəqiq detallarla yanaşmağın da əlehinəyəm... Həciylə Holden bir-birinə oxşaya da bilməzlər, sadəcə, mümkün deyil... Lakin insan yaşantısı, insan duyğusu, insan ruhu necə də olsa hər yerdə bir dostluq qurur... Bu başqa şeydir. Məsələn, "Qaraçuxa" ağır ləngərli təhkiyəylə yazılıb.. "Çovdarlıqda uçurumdan qoruyan"da ironiya nazik iti xətt kimi keçir, "Siçanlar və adamlar"da faciə birbaşadır, lakin o deyilərək anlatılmır, mənzərə budur. "Şanapipik haqqında mahnı" isə öz orijinallığına, məhz öz aurasına məxsusluğuyla seçilir.

- Aydınlıq üçün deyim ki, Holdeni "Yeniyetmə"nin qəhrəmanına oxşadıram (qəhrəmanın adı yadımda deyil təəssüf ki). Hər ikisi bezikmiş təsiri buraxırlar, başlamadan qurtarmaq istəyən, candərdi yaşayan. Amma Həcidə az da olsa həyat eşqi var. Yaşamağa səbəbi də var. Hardansa pul tapıb pivə içmək, pəncərədən qıza baxmaq və s... Xırda səbəbləri çoxdur. Sevincləri də, xoşbəxtlikləri də... Amma adlarını çəkdiyiniz əsərləri birləşdirən ümumi bir şey var - səmimiyyət. Və məncə, mənim də romanım səmimidir.

- Çox səmimidir. Lakin bu yaxşı mətn üçün iki vur iki qədər adi tələbdir... Səmimiyyət olmadıqda narahat edir, olanda isə heyran etmir.

- Mənim heç kimisə heyran etmək, kimisə üstələmək fikrim yoxdur. Xüsusi istedada malik biri deyiləm və xüsusi şeylər də yazmıram. Sizi inandırım, rəflərdə yan-yana düzdüyüm kitablara hər dəfə baxanda dizlərim əsir. Bu qədər dahi yaşayıb, bu qədər dahiyanə əsər yazıblar. Mən nə üçün yazıram? Yazdıqlarım dəryadakı damcı da deyil. Ola bilər, yazdıqlarım məndən də qabaq öləcəklər. Ona görə də hər dəfə yazanda öz-özümə sual verirəm: Həmid necə yaza bilər? Və hiss etdiyim kimi, istədiyim kimi yazıram. Sadə, səmimi...

- Nostalji... Kövrək, təmiz, ölüb-gedən adamlar. Oxucuya qəribə gələ bilər, lakin kiçicik bir detal, toy yeməyi barədə yazılması da yerinə oturub...

-Hə, biri Zərə xalaydı. Erkək Zərə. Mən əsgərlikdən qayıdanda o artıq yataq xəstəsiydi. Bir-iki dəfə istəmişdim gedib dəyim ona. Getmədim. Bilmirəm neyçün. Biri Nuru kişidi. Onu mən görməmişəm, ancaq onun haqqında eşitdiklərimdi. Toy xörəklərinin xüsusi dadı olur. Xüsusən, küftənin. Evdə bişirəndə qazana beş-altı dənə küftə atırlar. Toydasa altmış-yetmiş dənə küftə bir qazanda bişir, dadı qarışır dinaba. Evdə bişən xörək o dadı vermir...

- Bakı kəndlərinin adət-ənənəsi özü bir xəzinədir.

- Belə götürəndə, biz adət-ənənə cəhətdən bir çox bölgədən dala qalırıq. Fərqli cəhətlər də var, oxşarlıqlar da. Amma əyalət adətləri çox yazılıb, çox çəkilib, çox müraciət olunub. Bizim adətlərsə bir az gözdən uzaq qalıb. Və imkan düşdükcə, onları da işıqlandırmağa çalışıram.

- Öz həyatınızı, içində olduğunuz həyatı yazırsınız, lakin bu, istənilən oxucu üçün maraqlıdır... Bunu sanki qəsdən etmirsiniz, lakin sevgi və doğmalıq, bir də tərəfsizlik mövzunu üst baxışa, bəşəri baxışa çıxarıb. Kiçik bir mətndir, artıq bir detal, artıq bir kəlmə yoxdur. Təsvirlər canlıdır, dəqiqdir. Üstəlik, gözəl bir səssizlik var, pafosdan, çığırıqdan xəbərsiz...

- Bayaq da dediyim kimi, kiminsə xoşuna gəlmək üçün yazmıram. İstədiyim üçün yazıram. Yazılarımı lap bir nəfər də oxusa, yenə yazaram. Mənə məşhurluq, yüksək tiraj, oxucu ordusu lazım deyil. Düzdü, olsa daha yaxşı olar, amma olmasa da eybi yoxdur. Düzü, kitab təzə çıxan vaxt satılmamağı məni bir az həvəsdən saldı, bir ara ümumiyyətlə yazmamaq haqqında düşündüm. Amma tezliknən səhv elədiyimi başa düşdüm. Hətta sevinirəm də ki, çox tanınmıram, çox tələb olunmuram. Bu mənə istədiyim kimi, ürəyimdən gəldiyi kimi yazmağa imkan verir, sərbəstlik verir.

- Həmid, "Şanapipik haqqında mahnı"yla nə çatdırmaq istəmisiniz?

- Heç nə. Tamamilə heç nə. Sizə açığını deyim, mən ümumiyyətlə, ədəbiyyatın nəsə vacib rol oynadığına inanmıram. İndi çox eşidirik ki, cəmiyyət kitab oxumur, məhvə gedir... Kitab oxumaqla hər şey düzəlmir. Ədəbiyyat fərdləri xilas edə bilər, amma cəmiyyəti yox. Açığı, heç bu mesaj məsələsi də mənə çatmır. Ümumiyyətlə, ədəbiyyatın (ümumilikdə incəsənətin) kiməsə mesaj vermək, kimisə ağıllandırmaq, kiməsə nəsə öyrətmək kimi funksiyası yoxdur. Ədəbiyyat ancaq sual verir. Fikir verin, mütaliə dairəsi artdıqca adam şübhəçi olur. Görəsən, mən doğrudan nəsə bilirəm, ya özümü aldadıram? Və o suallara cavab axtara-axtara formalaşırsan, insan olursan. Nəticə sənin özündən asılıdır.

- Lakin oxucu istənilən halda mesajı alır. Hətta olur ki, əslində yazıçının mesajı bir yanda qalır, lakin oxucu onu deyil, hətta əks mesajı hiss edir.

- Dolayısıyla eyni məsələnin üstünə gəldik. Onsuz da hər oxucu oxuduğu kitabdan özünə aid olanları tapır, əgər hansısa yazıçının əsərini oxuyub özünə uyğun bir şey tapmırsa, onda daha o yazıçının əsərlərini oxumur. Həmçinin, mən özüm də. Bunu belə sözlə izah edə bilmirəm. Bunu hiss edirəm və zənnimcə, bunu ancaq hiss etmək olar.

- Bir az da Zəkidən danışaq...

- Zəki ayrı aləmdi. Qonşumdu, məndən bir yaş balacadı. Əsl adı başqadı, burda dəyişdirmişəm. Avaranın biridi. Heç özünün xəbəri yoxdu ki, hekayəyə salmışam onu. Birinci hekayədə - "Üzü küləyə dayanmaq"da Zəki yox idi. "Şanapipik haqqında mahnı"nı ki, birinci dəfə hekayə kimi yazmışdım, hekayənin ana xətti Zəkiydi. Sonra romanın da əsas xarakterlərindən biri oldu. Romanı yazandan sonra ağlıma başqa fikir gəldi, Zəkinin dilindən başqa bir miniatür roman yazmaq. Yazdım. Adı "Qarğalar oturub üzü qibləyə"ydi. Sonra başqa ideyalar da gəldi və daha iki miniatür roman yazdım. Hərəsi də başqa adamların dilindən. Əsəri tetralogiya kimi işlədim. Bir az vaxt keçdi, oxuyanda gördüm ki, o biri üç roman alınmayıb. Qəhrəmanlar hamısı eyni cür danışırlar, təsvirlər də oxşardır. O biri üç romanı sildim. Zəkinin hekayəsini isə sonra başqa cür, üçüncü şəxsin dilindən yazdım, adı da eynidi - "Qarğalar oturub üzü qibləyə". İkinci kitaba salmışam onu. Amma deyim ki, çox sönük hekayədir.

- Sizin obrazlarınıza sadiq olduğunuzu söyləmək olarmı?

- Doğrudur, mən obrazlarımı çox istəyirəm və onlara həqiqətən sadiqəm.

- Tanıdığınız adamlarla yazmaq rahatdır, ya bu sizin üçün bir yoldur, necə deyərlər, bundan zövq alırsınız? Həm də, belə deyək, həyatdakı Zəkidə heç nəyi dəyişə bilməzsiniz, amma mətninizdə onu istədiyiniz kimi hərəkətə aparırsınız.

- Əlbəttə, tanıdığım adamları yazmaq rahatdır. Amma tanımadıqlarımı da yazmışam. Olub ki, bircə dəfə avtobusda, ya hardasa gördüyüm adamı yazmışam. Amma əsasən tanıdığım adamlardı. Və onlarda da çox şeyi dəyişmirəm. Nə hadisələrdə, nə də adamlarda. Həyat məndən daha yaradıcıdır...

- Romanı sonradan çox ixtisar etdiyinizi yazmısınız, indi heyfsilənmirsiniz ki?

- Təəssüflənmirəm. İlkin variantda saxlasaydım, bəlkə də peşman olardım. Düzdü, bu vəziyyətdə də məni qane etməyən yerləri var, amma çox da ciddi şeylər deyil.

- Həmid, ədəbiyyat nədir sizin üçün? Ondan heç bir təmənnanız yoxmuş kimi görünürsünüz, lakin ona könül vermisiniz, hay-küydən uzaq, necə deyərlər, sakitcə öz işinizi görürsünüz və az iş də görməmisiniz. Tərcümələrinizi edirsiniz. hətta onların sifarişçisi olmayanda belə... Hekayələrinizi yazırsınız.. Arabir şeirlər də olur...

- Mənim ümumiyyətlə, təmənnam yoxdur, nə ədəbiyyatdan, nə həyatdan, nə də adamlardan. Mən yazıram, çünki yazmaq istəyirəm. Tərcümə edirəm, çünki bəyəndiyim əsərləri xarici dil bilməyən adamların da oxumağını istəyirəm. Bu qədər. Ədəbiyyatsa özümü tam rahat, tam azad hiss etdiyim yeganə yerdir. Həyatda özümə sərhədlər qoyuram. Bilə-bilə, şüurlu şəkildə bir çox arzumdan əl çəkmişəm. Ədəbiyyatdasa belə şey eləmirəm...

 

Söhbətləşdi:

Hədiyyə ŞƏFAQƏT

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!