Böyük ədəbiyyat dostu, əbədiyyət sakini - Heydər Əliyev və "Ədəbiyyat qəzeti" - Ayaz VƏFALI

 

"Ədəbiyyat qəzeti"nin enişli-yoxuşlu, mürəkkəb ədəbi-ictimai hadisələrlə zəngin fəaliyyətinin təqribən yarısı Heydər Əlirza oğlu Əliyevin şəxsi qayğısı ilə bağlı olmuşdur.

Heydər Əlirza oğlunun adını və onun haqqında ilk ziyalı mülahizəsini də mən 60-cı illərin əvəllərində məhz elə bu "Ədəbiyyat qəzeti"ndə işlədiyim ilk vaxtlarda eşitmişəm. Bəxtiyar Vahabzadənin Universitet auditoriyalarında eşitdiyimiz, lakin dərsliklərdə, o dövrün mətbuatında oxumadığımız zamanına görə üsyankar sətirləri, nəhayət "Gülüstan" poeması ədəbi həyatın qızğın mövzusu olmaqla kifayətlənməyib, siyasi həyata da bir narahatlıq gətirmişdi. Redaksiyanın 37-ci il repressiyasının əzabını çəkmiş işçisi də daxil olmaqla ayrı-ayrı tanınmış əməkdaşları bu mövzunu bəzən astadan - məhrəmanə şəraitdə müzakirə edir və arabir Dövlət Təhlükəsizliyi Komitəsinin münasibətilə əlaqədar mülahizələrdə Heydər Əliyevin adını xüsusi rəğbətlə çəkirdilər. Nəhayət, bir gün - 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın növbəti plenumunda Heydər Əlirza oğlu Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilməsi məlum olanda təcrübəli yoldaşlar aşkar rahat nəfəs alıb dedilər: "İndi dərdini, şikayətini eşidəcək bir kimsə olacaq. Yoxsa indiyə kimi sözünü deməyə və etibarlı cavab almağa ümid yeri yox idi". 

Həmin fikrin redaksiyada necə razılıq və ümidlə deyildiyini elə bil indi bu saat da eşidirəm...

İkinci bir məqamı da qeyd etmək istəyirəm. Heydər Əlirza oğlunun plenumdakı məruzəsində respublika həyatının  müxtəlif sahələrindəki çox ciddi nöqsanların o vaxta kimi heç bütün İttifaq miqyasında görünməmiş bir kəskinliklə deyilməsi sanki durğun bir dəryanı çalxalamış oldu. Yeni rəhbərin xalqı ciddi düşündürən problemləri qətiyyətlə həll edəcəyinə daxili inam getdikcə artdı. Sonrakı illərdə - hamının şahid olduğu kimi, - Heydər Əliyev qeyri-real vədlər verməyib, yalnız konkret, vacib planların ardıcıl həyata keçirilməsini təmin edən coşqun əməli fəaliyyətə başladı. Coşqun - deyirəm, çünki Heydər Əliyevin iş üsulu üçün xarakterik olan bu yüksək keyfiyyət nəinki 60-cı illər dövrünə, mahiyyət etibarilə hətta səhhətində ağır problemlər yaranan zamanlardakı qeyri-adi dözüm nümayiş etdirdiyi vaxtlara da yad deyildi.

İlk vaxtlarda bir cəhət də diqqət çəkirdi: ədəbi mühit respublikanın yeni rəhbərinin xalq təsərrüfatında qarşıda duran mühüm vəzifələrlə bağlı görüşlərini - çıxışlarını nisbətən tez-tez eşitdikləri halda yaradıcı ziyalılarla , xüsusən də yazıçılarla çoxdan gözlənilən bir söhbətin elə bil niyəsə gecikdiyinin səbəbini özlüklərində sanki müəyyənləşdirmək istəyirdilər. Yaxşı yadımdadır, bu məsələdə yekdil rəy belə idi ki, respublikanın başçısı yazıçılarla söhbətə ciddi hazırlaşır. Bu cəhət Heydər Əlirza oğluna xas olan böyük məsuliyyət hissi ilə izah olunurdu.

Heydər Əliyevin sonrakı bütün fəaliyyətini diqqətlə izlədikcə, bir vətəndaş, bir qələm adamı kimi mən həmin qənaətin necə də haqlı olduğunu dəfələrlə yəqin etdim.

İlk görüşdəsə Heydər Əliyevin ədəbi həyatımızın ən mühüm məsələlərini yazıçıların özləri qədər yaxından bildiyini, doğma dilimizə necə böyük istedadla vaqif olduğunu heyranlıqla deyirdilər.

Düz on il sonra - 1979-cu ildə "Ədəbiyyat qəzeti"nin ("Ədəbiyyat və incəsənət"in) vəziyyəti ilə əlaqədar Mərkəzi Komitənin bürosunda məsələ müzakirə olunanda tədbirin iştirakçılarından biri kimi  (o zaman məsul katib idim) bu qeyri-adi istedada özüm şahid oldum.

Qəzetin fəaliyyəti və vəziyyətini yaxşılaşdırmaqla əlaqədar fikir və təkliflərini bildirmək üçün baş redaktora ( Nəriman Həsənzadəyə) əvvəlcə 3-5 dəqiqəlik vaxt verilmişdi. Söhbətin başlanğıcında bu reqlamentin kifayət edib-etməyəcəyini eşidən kimi Heydər Əlirza oğlu təqribən belə dedi ki, qəzetin vəziyyəti bütün tarixi boyu ilk dəfədir ki, belə yüksək səviyyədə müzakirə olunur; bilmək olmaz ki, belə bir imkan bir də düşə biləcək, yoxsa yox?! Odur ki, deyilməsini vacib bildiyiniz nə sözünüz varsa - deyin, heç bir vaxt məhdudiyyəti yoxdur...

Ətraflı məlumatdan və ayrı-ayrı çıxışlardan sonra müzakirəni Heydər Əliyev özü yekunlaşdırdı. Qəzetin mötəbər ədəbi-bədii orqan olaraq qarşısında duran mühüm vəzifələrdən, mədəni-ictimai həyatımızdakı xüsusi rolundan o dərəcədə işə bələdliklə danışdı ki, doğrusu, əsl mənada heyrət içində qaldım. Müzakirənin nəticəsi olaraq "Ədəbiyyat qəzeti"nin maddi-texniki bazasının əsaslı şəkildə yaxşılaşdırılması, qonorarın qonşu Zaqafqaziya respublikalarının Yazıçılar İttifaqının müvafiq ədəbi orqanlarının bizimkindən çox artıq olan səviyyəsinə çatdırılması barədə göstəriş verildi və sonra həyata da keçirildi. Həmin günün səhəri redaksiyada kollektivin yığıncağı oldu, MK-nın bürosundakı müzakirə ilə əlaqədar əməkdaşlar ədəbiyyatımıza, incəsənətimizə göstərilən bu böyük qayğıya layiqincə cavab vermək üçün var qüvvələrini səfərbər etmək barədə fikirlərini bölüşdülər. Yadımdadır, keçirdiyim dərin heyrət hissini iş yoldaşlarımdan gizləmədim. Yeri gəlmişkən deyim ki, bu xarakterdə etirafı mən sənətinə və şəxsiyyətinə çox hörmət etdiyim, yaxın yaradıcılıq əlaqələrimiz olan - öz xahişi ilə kitablarının redaktoru olduğum ölməz bəstəkarımız Fikrət Əmirovdan da eşitmişdim. Tərifə ümumiyyətlə son dərəcə xəsis olan Fikrət müəllim Heydər Əlirza oğlunun yüksək musiqi zövqündən böyük ehtiramla danışırdı. Gülarə xanımın Fikrət Əmirovun yaradıcılığına dair dissertasiya müdafiəsi münasibətilə keçirilən məclisdə Heydər Əliyevin dediyi sərrast mülahizələri onun necə şövqlə söylədiyini unutmaq mümkün deyil.

Bir çox digər bu kimi faktlar, müşahidələr Heydər Əliyev istedadının qeyri-adiliyinə yalnız heyrətlənməklə kifayətlənməyib, onun əsl sirrini diqqətlə araşdırıb dərk etməyin vacibliyini zəruriləşdirir. Heydər Əlirza oğlunun müxtəlif sahələr barədə o sahələrin hətta mütəxəssislərini də heyrətləndirəcək fikir deyə bilməsi onun böyük fitri istedadı, eləcə də çox geniş həyat təcrübəsi, dünyagörüşü və titanik zəhmətkeşliyi sayəsində mümkün idi. Bir qənaətimi mən burada gizlətmək istəmirəm: Heydər Əliyevin, necə deyərlər, bədahətən o dərəcədə dəqiq, canlı, məntiqli danışmaq kimi nadir xüsusiyyəti, onun gənclik vaxtından elə olduqca ciddi sahədə o dərəcədə də məsuliyyətlə işləməsi səbəbindən belə yüksək səviyyədə püxtələşmişdi. Bəlkə də müstəsna dövlət əhəmiyyətli fəaliyyət sahəsi onun öz fikirlərini yazmaqdan daha çox yaddaşda saxlamağa üstünlük verməsini təmin edib... Ümumiyyətlə, neçə illərin müşahidəsi və müqayisəsi nəticəsi olaraq xalqımızın ədəbi və siyasi fikir tarixində iki böyük şəxsiyyəti, istər-istəməz, yanaşı təsəvvür etmişəm: Füzuli və Heydər Əlirza oğlunu. Birinci ən parlaq poetik fikrin, ikinci ən dolğun siyasi fikrin doğma dildə ifadəsində sözün son imkanını kəşf etmək mənasında eyni dərəcədə misilsizdir.

"Ədəbiyyat qəzeti"nin MK-nın bürosunda müzakirəsindən bir müddət sonra - 1982-ci ilin noyabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Sov.İKP MK Siyasi Bürosunun üzvü seçildi. Ancaq məlum olduğu kimi, o, Moskvada işlədiyi-yaşadığı bütün illərdə doğma Azərbaycanı bir an belə yaddan çıxarmır, respublikamızın hərtərəfli inkişafı üçün əlindən gələni edirdi. Ölkəmizin ədəbi-mədəni həyatını Bakıdan uzaqlarda da diqqətlə izləyən Heydər Əlirza oğlu "Ədəbiyyat qəzeti"nin 50 yaşının respublikamızda qeyd edildiyi günlərdə ədəbi həyatımızın aynası olan yeganə professional qəzetimizə səmim-qəlbdən təbrikini yetirmiş, onun yaradıcı kollektivinə, bütün müəllif və oxucularına ədəbiyyatımızın daha da inkişafı naminə uğurlar arzulamışdır.

Azərbaycan Dövlət Filarmoniyasındakı təntənəli yubiley iclasında ədəbiyyatımızın bu böyük hamisinin elanolunan təbrikinin ayaq üstə necə sürəkli alqışlarla qarşılandığını ədəbi ictimaiyyətimiz, eləcə də redaksiyamızın əməkdaşları unutmayıblar və heç vaxt da unutmayacaqlar.

Daha bir neçə il keçdi. Bütün ölkədə elan olunan yenidənqurma əslində yenidənqırma mahiyyətini aldı...

Həmin vaxtlar idi ki, Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən kənarlaşdırılmışdı; artıq Moskva mətbuatı, eləcə də, əlbəttə, dərhal yerli mətbuat onun əleyhinə müxtəlif yazılar verməyə başlamışdı.

O günlərdə bütün ölkəni bürüyən mürəkkəb, çaxnaşmalı ab-hava ayrı-ayrı səbatsız ziyalıları da çaşdırır, bəzilərini "sapı özümüzdən olan balta" timsalına döndərirdi. İctimai-siyasi iqlimin birdən-birə belə kəskin dəyişdiyi məqamda vaxtilə Heydər Əlirza oğlunu Azərbaycanda MK-nın birinci katibi olarkən "Ədəbiyyat qəzeti"ndə tərifləyən bir müəllif redaksiyaya indi onun əleyhinə yazdığı məqaləsini gətirmişdi. O gedəndən sonra materialla tanış olan baş redaktor məndən xahiş etdi ki, həmin yazını oxuyum və fikrimi deyim. Verdiyim cavab belə oldu: Heydər Əliyevin Azərbaycana rəhbərlik edərkən hər sahəyə, o cümlədən ədəbiyyatımıza  göstərdiyi böyük qayğı hamımıza məlumdur. Cəmi bir neçə il əvvəl  "Ədəbiyyat qəzeti" barədə Mərkəzi Komitənin bürosunda dedikləri və elədikləri yaxşı yadımızdadır. İndi Moskvada ona münasibət dəyişdiyinə görə bizim də münasibətimiz niyə dəyişməlidir?! Bu yolla Nəriman Nərimanovu da aparmışdılar. Elə onların "günahı" xalqı üçün çalışdıqlarına görəydi. Kömək edə bilmirik, pislik niyə etməliyik ki?!...

Mənim cavabım baş redaktorun ürəyindən idi. Ancaq vəziyyət ağır olduğuna görə onun özünün də obyektiv köməyə ehtiyacı var idi.

Bir neçə gündən sonra müəllif cavabı bilmək üçün gələndə baş redaktorla söhbət zamanı dediyim cümlələrin yalnız axırıncısı ilə kifayətlənməyi lazım bildim...

Ədalət naminə onu da deməliyəm ki, məqalə müəllifi bu sözlərdən tutuldu və yazısını etiraz etmədən geri götürdü. Sonralar o məqalə başqa mətbuat səhifələrində şəxsən mənə rast gəlmədi.

Redaksiyada işlədiyim müddətdə həmin vaxtlarda Heydər Əlirza oğlu ilə bağlı heç zaman unuda bilmədiyim bir hadisəni də qəzetimizin həyatın - tarixin "rəngarəng"  sınaqlarından necə çıxmaq yolları axtarışındakı üzüntülü səylərini oxucunun müəyyən mənada təsəvvür etməsi ümidiylə demək istəyirəm.

88-ci ilin həmin o tufanlı günlərində (21 sentyabr) "Literaturnaya qazeta" Siyasi Bürodan kənarlaşdırılmış Heydər Əliyev haqqında "Gurultulu alqışlar" adlı qərəzli bir oçerk çap etdi.

O vaxta qədər respublika mətbuatında qəbul olunmuş münasibətə görə "Literaturnaya qazeta"nın Azərbaycana dair dərc etdiyi ciddi mövzuya toxunmuş sayılan yazılar adətən dərhal tərcümə olunub "Ədəbiyyat qəzeti"ndə verilirdi. (Çox vaxt belə materialların tərcüməsini də o zaman Azərinform özü professionallıq mülahizələrinə görə "Ədəbiyyat qəzeti"nə həvalə edirdi. Məsələn, görkəmli tənqidçi Əkbər Ağayevin belə materialları hazırladığının dəfələrlə şahidi olmuşam). Bu bir növ "yazılmamış qanun"un o zaman nə qədər ciddi sayıldığını aydın təsəvvür etmək üçün deməliyəm ki, hətta "Ədəbiyyat qəzeti"nin MK bürosundakı müzakirəsində də həmin münasibət unudulmadı.

Belə olduğu halda, təbiidir ki, yuxarıda adı çəkilən oçerk də, müvafiq şəkildə ilk dəfə dərhal "Ədəbiyyat qəzeti"ndə tərcümə və dərc edilməliydi.

Ancaq yerli müəllifin irəlidə dediyim materialına münasibətimizdən sonra oxucu yəqin redaksiyanın bu dəfə müqayisəolunmaz dərəcədə ağır bir faktla üz-üzə qaldığını təsəvvür etməkdə çətinlik çəkməz. Baş redaktorla ikilikdə bu məsələni müzakirə zamanı mən, prinsip etibarilə məlum olan mövqeyimi belə bildirdim: Ağır vəziyyətdir. Qəzet üçün də, məsul əməkdaşlar olaraq bizim üçün də çox ciddi məqamdır. Şəxsən mən materialın çapını doğru hesab etmirəm. Bəlkə biz bu həftəni gözləyək, görək necə olacaq və neyləyə bilərik...

Baş redaktor razılaşdı. Beləliklə, mənim bildiyimə görə, "Ədəbiyyat qəzeti"nin tarixində ilk dəfə olaraq "Literaturnaya qazeta"da respublikamıza dair dərc olunmuş bu xarakterli material dərhal tərcümə edilib verilmədi.

Beləliklə, "Literaturnaya qazeta"nın 21 sentyabr nömrəsində çıxan oçerki "Ədəbiyyat qəzeti"nin 23 sentyabr tarixli sayında görməyən xüsusən məsələdə maraqlı qüvvələr hədəli sorğularla baş redaktoru və həm də məni "zəng atəşi"nə tutdular. Hər ikimizə eyni suallarla müraciət edirdilər: "Ədəbiyyat qəzeti"nin oxucuları ölkənin böyük mətbuat orqanında respublikamıza dair dərc olunmuş materialı oxumaq istəyirlər, həmişə verirdiniz, bəs indi niyə vermirsiniz?!"

Əlbəttə, danışıqlarından görünürdü ki, bunlar adi oxucular deyil, "xüsusi oxucular" idi. Səhv etmirəmsə, daha bir sayımız həmin materialsız çıxdıqdan sonra respublikanın rəsmi orqanları sözügedən oçerkin tərcüməsini dərc etdilər. Məsələ bundadır ki, həmin nəşrlərdən sonra da o "fəal oxucular" "Literaturnaya qazeta"nın yazdıqlarını elə məhz "Ədəbiyyat qəzeti"ndə oxumaq istədiklərini təkrar bildirdilər. Müxtəlif yollarla, müxtəlif təzyiqlərlə - bunu mənim dəqiq müəyyənləşdirməyim, əlbəttə, mümkün deyildi - deyilən materialın digər qəzetlərdə çap edilməsinə baxmayaraq, düz iyirmi üç gündən sonra bizim qəzetdə də dərc olunması qətiləşdi.

37-ci ili görmüş "Ədəbiyyat qəzeti" 88-ci ili də gördü...

Bizim gümanlarımızın mötəbər oxucular tərəfindən düşündüyümüz məzmunda daqəbul olunmasının etibarlı təsdiqi kimi bir faktı demək istəyirəm. Qəzetimizin həmin sayı çıxan gün - oktyabrın14-də çox hörmət etdiyimiz mərhum akademik Həsən Əliyev baş redaktor yerində olmadığı üçün mənə zəng edib vəziyyəti aydın başa düşdüyünü dedi...

İllər keçdi... Zamanın uzun və ağır sınaqlarından hər dəfə daha güclü və daha monolit çıxıb məmləkətimizdə yenidən hakimiyyətə qayıdan Heydər Əlirza oğlu başqa sahələrimiz kimi ədəbi həyatımızı da ağır vəziyyətdə gördü və adına layiq köməyi əsirgəmədi - Yazıçılar Birliyinin orqanlarına, o cümlədən "Ədəbiyyat qəzeti"nə büdcədən kömək barədə yaradıcı ziyalılarımızın həmişə minnətdarlıqıa xatırladığı məlum qərarını verdi. "Ədəbiyyat qəzeti" haqqında isə bu heç vaxt unutmayacağımız, unuda bilməyəcəyimiz sözləri dedi: " Ədəbiyyat qəzeti"nin nəşr olunması çox yaxşı bir haldır və mən bunu həmişə dəstəkləmişəm, kömək etmişəm, bundan sonra da kömək edəcəyəm... Onu da deyim ki, mən Moskvada yaşayarkən işlədiyim  zaman, həm də işləmədiyim zaman  "Ədəbiyyat qəzeti"ni daim alırdım. Ümumiyyətlə, Azərbaycanın bütün qəzetlərini alırdım. Çünki Azərbaycandan mən ayrıla bilməzdim. Amma "Ədəbiyyat qəzeti"ni xüsusi oxuyurdum... Yəni, ümumiyyətlə, bu məni maraqlandırıb həmişə. Ona görə də mənim bu qəzetə çox böyük hörmətim olubdur. Və qəzet də həqiqətən bizim xalqımız üçün çox xidmətlər göstəribdir, çox yaxşı ki, bu qəzet də indi çıxır".

Şübhə yoxdur ki, bu qiymət "Ədəbiyyat qəzeti"nin bütün fəaliyyəti dövründə aldığı ən yüksək mükafat idi.

***

Bu yazımın əvvəlində mən Azərbaycan ədəbi və siyasi fikir tarixində iki şəxsiyyəti - Füzuli və Heydər Əlirza oğlunu - müqayisə etmiş, biri ən parlaq poetik fikrin, digəri ən dolğun siyasi fikrin dogma dildə ifadəsində sözün son imkanından istifadə etmək mənasında misilsizdir - demişdim. Bilmirəm, bu fikri bəlkə kimsə, nəyə görəsə mənim düşündüyüm kimi qəbul etmək istəməz - bu onun öz işidir. Ancaq mən Füzulinin sənət taleyi ilə Heydər Əlirza oğlunun siyasət taleyi arasında qəribə yaxınlıq duydum və bu yaxınlıq müşahidəsi ümumən xalqımızın taleyindəki bir ağrılı, eyni zamanda mən deyərdim, şərəfli səhifəni gözüm önünə gətirdi. Bütün varlığı ilə türk oğlu türk olan Füzuli Azərbaycan ədəbi dilinə ömürlük abidə olaraq qoyub getdiyi "Leyli və Məcnun"da əsl şeirin-sənətin gözdən salındığı bir mühitdə "namus yolu" tutub ("Naçar tutub təriqi-namus, - Rahətdən olub müdam məyus…"), dogma dildə ölməz əsərlər yaratdığını ağır zəhmətdən yoğrulmuş böyük fəxrlə deyir.

Beləliklə, Füzuli digər xalqlar arasında dogma xalqına - türk xalqına sənətdə necə yüksək bir mövqe qazandırdığını dünyanın və tarixin gözləri qarşısında sübuta yetirdi.

Demək olar oxşar mənzərəni Heydər Əlirza oğlu siyasət aləmində eyni səviyyədə təkrar və təsdiq etdi. Əlbəttə ki, bu məsələyə təsadüfi oxşarlıq kimi baxmaq düzgün olmazdı.Bu qeyri-adi xüsusiyyət milli gendən və oxşar tarixi şəraitdən gələn bir keyfiyyətdir. Ədəbiyyatımızın böyük hamisinin ümumən qədim və zəngin şifahi və yazılı ədəbi sərvətlərimizə, o cümlədən Dədə Qorqud, Nizami və Füzuli kimi dühala içdən gələn məhəbbətin sirrini şəxsən mən bu keyfiyyətdə - bu hikmətdə görürəm.

İlk baxışda xalis təsadüf kimi görünən elə məqamlar var ki, mahiyyət etibarilə tamamilə haqlı olaraq əzəmətli nəticənin yüzlərlə səbəbindən biri kimi qiymətləndirilə  bilir.

Burada mən Heydər Əliyevin orta məktəb illərinə dair xatirələrindən bir neçə sətri yada salmaq istəyirəm:"Gənclikdə rəssamlığa böyük həvəsim var idi. Mənim çəkdiyim ilk rəsmlərdən biriFüzulinin portreti olmuşdur.Təxminən 1936-37-ci illərdə məktəbimizdə şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil etmişdilər… Mənim çəkdiyim portret müsabiqədə birinci yeri tutmuşdu. Əlbəttə, mən onu rəssamlıq əsəri adlandırmaq fikrində deyiləm, o, sadəcə olaraq rəssamlığa həvəs göstərən gəncin çəkdiyi şəkil idi… Füzuli dahi şair kimi Azərbaycanda həmişə hamının qəlbindədir. Bu da ona görədir ki, Füzuli, doğrudan da, azərbaycanlıdır və Azərbaycana mənsubdur".

...Heydər Əlirza oğlunun Azərbaycan xalqının, ümumən bütün türk dünyasının mənəvi timsalı olan Füzulinin UNESCO xəttilə keçirilən 500 illik yubileyinin mütəfəkkir şairin adına layiq əzəmətlə qeyd olunmasındakı xidmətlərinin özü bir tarixdir; millətin dahi övladını necə böyük qədirşünaslıqla, onun sənət qüdrətinə, şəxsiyyətinə dərin ehtiramla yad etməyin sözün həqiqi mənasında klassik nümunəsidir.

Füzuli yubileyinə ciddi hazırlıq günlərində qarşıya çıxan çox zəruri və çox da dedikcə incə bir məsələnin Heydər Əlirza oğlu tərəfindən özünə xas müdrikliklə, yüksək dövlət təfəkkürü səviyyəsində necə dahiyanə həll olunmasının şahidlərindən biri kimi, həm də "Ədəbiyyat qəzeti"nin mövqeyi, çıxışı ilə bağlı olduğundan o tarixi məqamı xatırlamağı vacib bilirəm.

1994-cü il avqustun 1-də Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə yubiley üzrə Dövlət Komissiyasının iclası keçirildi. İclası giriş sözü ilə Azərbaycan Prezidenti Heydər Əliyev açdı. Sonra çıxışlar oldu, danışanlar dahi şairin 500 illiyinin böyük təntənə ilə qeyd edilməsiylə bağlı arzu və təkliflərini bildirdilər.

Məsələ bundadır ki, o iclasdan təqribən beş ay əvvəl "Azərbaycan" qəzetində (24 mart 1994-cü il) "Unutmayaq ki, Bayat dahi Füzulinin vətənidir" adlı bir məqalə dərc edilmişdi. Həmin materialda dahi şairimizin Ağcabədi rayonunun Bayat kəndində dünyaya göz açdığı güman edilir və "Bəlkə sabah Füzulinin qəbrini bizə verdilər. Onu harada dəfn edəcəyik?" - deyə soruşulur.

Doğrusu, mənim fikrimcə istər elmi cəhətdən, istərsə də müstəqil Azərbaycanın dövlətçilik mənafeyi mənasında siyasi baxımdan məqbul sayıla bilməyəcək adı çəkilən məqaləyə dərhal cavab verməli oldum ("Füzuliyə qibtə" - "Ədəbiyyat qəzeti", 1 aprel 1994-cü il).

İş elə gətirdi ki, Prezidentin sədrliyi ilə keçirilən iclasda çıxış edən qələm dostlarımdan biri şəxsən mənim heç gözləmədiyim halda, mahiyyətcə yuxarıda deyilən təklifi irəli sürdü. Məclisdən qayıtdıqdan sonar baş redaktora təklif etdim ki, icazə versin qəzetimizin növbəti sayı üçün iclasdan qeydlərimi yazım və mənə rahatlıq verməyən fikirlərimi oxucularla bölüşüm.Təklifimə etiraz olunmadı. Beləliklə, "Ədəbiyyat qəzeti"nin 12 avqust 1994-cü il tarixli nömrəsində "Qüdrətli qələm - qüdrətli ruh" adlı məqaləm dərc edildi...

"Ədəbiyyat qəzeti"nin həmin çıxışı ilə bağlı sıravi oxucularla yanaşı, ədəbi ictimaiyyətin bir çox görkəmli nümayəndələri zəng edib razılıqlarını bildirdilər...

Böyük şairin məzarı ilə əlaqədar nigarançılıq ara vermədiyi üçün bundan təqribən ay yarım sonra "Ədəbiyyat qəzeti"nin başqa bir sayında (6 may), adı çəkilən mübahisəyə bir növ son qoymaq üçün, uzun müddət İraqda olmuş, "Altı il Dəclə-Fərat sahillərində" kitabını və İraq-türkman folkloru barədə geniş tədqiqat məhsulu olan doktorluq dissertasiyasını yazıb müdafiə etmiş Qəzənfər Paşayev "Şairin məzarı ilə bağlı həqiqətlər və şayiələr" adlı məqalə ilə çıxış etdi.

Nəhayət, bütün bunlardan sonra bayaqdan bəri təsirli müzakirə mövzusu olmuş həmin məsələni ölkənin başqa qəzetlərinin də bu şəkildə həll etməyi ədalətli saydığını görürük. (Məsələn, "Respublika"nın 19 iyul tarixli nömrəsi, Qulamhüseyn Əliyev, "Poeziya işığı - Füzuli dünyası" məqaləsi).

Beləliklə, respublika mətbuatımızda təbii bir narahatlıqla gərgin söhbət mövzusuna çevrilən Füzuli məzarı ilə bağlı təkliflər, mülahizələr, yazılanlardan göründüyü kimi, "Ədəbiyyat qəzeti"nin adı çəkilən çıxışına uyğun olaraq həllini tapa bilir. Deyəsən, daha burada qəti etiraza səbəb olacaq əsaslı bir şey qalmır.

Bu qədər əytraflı-əhatəli mətbuat müzakirəsindən və təbii bir axınla gəlinən, demək olar ki, fikir ümumiliyindən sonra şair dostumun məlum emosiyalı mövqeyi məni, əlbəttə, təccübləndirdi-təəssüfləndirdi.

Ancaq təbiidir ki, məsələyə bu cür hissi münasibət sükutla qarşılana bilməzdi. Professor Yaşar Qarayev gözlənilən fikri dedi: Böyük Hüseyn Cavidin sürgündəki məzarının vətənə gətirilməsi unudulmaz tarixi xidmətdir, lakin bütün müsəlman dünyasının qibləgahı olan, sadə, ancaq mötəbər Kərbəla torpağında yaşayıb-yaratması ilə daim fəxr edən, öz vəsiyyəti ilə İmam Hüseyn məscidinin iki-üç addımlığında dəfn olunan, indi isə məlum səbəbə görə nəşi həmin məsciddə saxlanan dahi Füzulinin məzarını uyuduğu müqəddəs yerdən ayırmağa heç bir əsas yoxdur…

Sonra Şeyxülislam Hacı Allahşükür Paşazadə Bağdadın mötəbər alimləriylə görüşündən və gəldikləri eyni qənaətdən danışdı.

Yubiley iclasından təəssüratım bu sözlərlə yekunlaşırdı: "Mən burada onu qeyd etmək istəyirəm ki, Dövlət Komissiyasının iclasını aparan Respublika Prezidenti müzakirə zamanı meydana çıxan fikir müxtəlifliyinə özü təmkinli yanaşmaqla bərabər, başqalarının da belə hərəkət etməsini məsləhət bildi: "Bu barədə fikirləşmək lazımdır. Belə məsələdə qəti qərara gəlmək çətindir… Bu barədə fikirləşmək lazımdır.Mən qəti bir şey demək istəmirəm".

Məsələnin həqiqətən belə ciddi olduğunu aylardan bəri mətbuat səhifələrimizdə ədəbi-elmi ictimaiyyətimizin nəzərə çatdırdığımız narahatlığı və bizim fikrimizcə, hərtərəfli tədqiqdən-təhlildən irəli gələn qeyd etdiyimiz qənaəti də təsdiqləyir. Şübhə etmirik ki, ziyalıların fikrinə həmişə həssaslıqla yanaşan ("Şəxsən mən də onlara qarşı hörmət həmişə olmuşdur və ömrümün axirinadək də qalacaqdır") Heydər Əliyev, indiki çətin şəraitdə - işlərinin bu qədər çox olduğu bir vaxtda belə həmin söhbətlə bağlı mətbuat çıxışları ilə ətraflı tanış olmaq imkanı tapacaq və əlbəttə, həm xalqı razı sala bilən, həm də Füzulinin ruhunu şad edə bilən axırıncı sözü deyəcək".

O vacib və çətin cavabı çox gözləmək lazım gəlmədi. Cəmisi bir neçə gün sonra həqiqətən "həm xalqı razı sala bilən, həm də Füzulinin ruhunu şad edə bilən axırıncı sözü" möhtərəm Prezidentimiz dedi. Ümumən ədəbi-elmi ictimaiyyətimizin fikrini ifadə edən "Ədəbiyyat qəzeti"nin mövqeyi mötəbər məqamda təsdiqini tapdı. İraqa Füzulinin 500 illiyi yubileyinə Azərbaycan dövləti görkəmli ədəbiyyat və incəsənət xadimlərindən ibarət böyük nümayəndə heyəti göndərdi.

Heç vaxt yaddan çıxmayacaq o möhtəşəm görüşlərdə Füzulinin bu məşhur sətirlərini soydaşlarımızdan dəfələrlə eşitmək mümkün idi:

Bu vüsalə yuxu əhvalı demək mümkün idi, -

Əgər olsaydı yuxu dideyi-giryanimizə!..

Bu görüşə yuxu demək olardı, əgər ağlar gözümüzə yuxu gəlmiş olsaydı...

Həmin yuxunu həqiqət edən möhtərəm Heydər Əlirza oğlunun ciddi səyi, gərgin zəhməti, müdrik qərarı idi.

Bu sətirlərin dərc olunduğu bir vaxtda ədəbiyyatımıza göstərilən ciddi dövlət köməyinə dair oxuduğumuz yeni qərarlar da təsdiq edir ki, ümummilli liderimiz, böyük ədəbiyyat dostu, əbədiyyət sakini Heydər Əlirza oğlu Əliyevin siyasi kursu həqiqətən davam etdirilir və şübhə yoxdur ki, bundan sonra da davam və inkişaf etdiriləcəkdir. Xalqa verilən bu yüksək vəd müqəddəs ruh qarşısında içilən and kimidir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!