Azər QİSMƏT
1985-ci ildə ekranlarda yeni film nümayiş etdirildi. Filmin məktəb tətili günlərindəki nümayişi ona milyonlarla tamaşaçının baxması ilə nəticələndi. Adı belə idi: "Gələcəkdən gəlmiş qonaq". Ölkənin birinci kanalının yayımladığı nümayişdən sonra istər SSRİ-nin müttəfiq respublikaları, istərsə də sosialist ölkələrinin məktəbli oğlanlarının əksəriyyəti ilk sevgilərini yaşadılar. Bu, filmin qəhrəmanı Alisa Seleznyovaya görə idi. Məsum camallı, gülümsər Alisa. Çoxlarına ilk məhəbbəti yaşadan Moskva məktəblisi Nataşa Quseva.
Film belə başlanır: 1984-ci il aprelin 13-də Moskvadakı 20 saylı məktəbin şagirdi Kolya Qerasimov dərsdən sonra kefir almağa gedərkən dostu Fima Korolyov ilə rastlaşır.
O günlərdə tamaşaçılar filmin hansı əsər əsasında çəkildiyini aydın gördülər. Bu, Kirill Bulıçevin "Yüz il bundan sonra" əsəri idi. Beləliklə, dostu Fima ona ucaboy, özünün şahanə yerişi ilə diqqəti cəlb edən qadını göstərib ardınca getmələrini istəyir. Onu izləyəndə görürlər ki, qadın köhnə evə daxil oldu. Ardınca gedən şagirdlər orda rəngbərəng işıqlı avadanlıq görürlər. Bu, "Zaman maşını" idi. Kolya düymələri basaraq 2084-ci ilə səyahət edir. Kirill Bulıçevin yazdığı kimi, 100 il bundan sonraya. Kosmik qanunlara əsasən, robot Verter onu muzeyə vermək istəyir. Lakin fikrini dəyişir, geriyə - 1984-ci ilə qaytarır. Belə fantastik film nəinki uşaqların, elə böyüklərin də marağını çəkdi. Kim istəməzdi ki, 100 il bundan sonraya getsin?! Doğulduğu şəhərinin necə dəyişdiyini, adamların geyindiyi paltarları görsünlər, elmi tərəqqi ilə tanış olsunlar. Belə maraq tamaşaçıları ekran qarşısından kənarlaşmağa imkan vermirdi. Üstəlik, filmdəki hadisələrin maraqlı əhvalatlarla cərəyan etməsi, Kolyanın melafonu Alisaya çatdırıb-çatdırmayacağı, kosmik quldurların onların qarşısında daha hansı maneələr göstərəcəyi çox maraqlı idi.
Beləliklə, yazıçı Kirill Bulıçev qısa müddət ərzində uğur qazandı. Buna qədər onun əsərləri dərc edilmişdi. Maksim Qorki adına Kinostudiyanın istehsal etdiyi, xüsusilə rejissor Pavel Arsenyovun quruluş verdiyi film bu yazıçını daha da tanıtdı. Həmin filmdən sonra oxucular kitab mağazalarına, kitabxanalara axışaraq Kirill Bulıçevin "Yüz il bundan sonra" əsərini alıb oxudular. Oxucuların sayı o qədər artdı ki, həmin əsər yenidən neçə min tirajla dərc edildi.
1981-82-ci illərdə əvvəlcə filmin ədəbi variantı təsdiq edildi. Yazıçıya tapşırıldı ki, əsər heç bir almanaxda dərc olunmasın. Çünki əsəri oxuyan hansısa tamaşaçı üçün film maraqsız olardı. Filmin çəkilişləri isə 1983-cü ildə başlandı. İki il ərzindəki çəkilişlər zamanı aktyorlar nağıl dili ilə böyüyürdülər. Xatırlayırsınızsa, 3-cü seriyada Nataşa Qusevanın geyindiyi pijama əyninə böyük gəlir. Çünki məktəbli böyüyür, xalq dili ilə desək sümükləşirdi.
Alisa roluna isə yüzlərlə məktəbli çağırıldı. Nəhayət, bu rol Moskva məktəblisi Nataşa Qusevaya həvalə edildi. Rejissor Pavel Arsenyov düzgün qərar qəbul etmişdi. Kosmonavt Yuri Qaqarin kimi sovet məktəblisinin də sifətində nuranilik, özünəməxsus gülüş olmalı idi. Bununla da sovet və sosialist oğlanlarının qəlbində ilk məhəbbətin cücərtiləri bitdi.
Sovet illərində yazıçılar uşaqlar üçün müxtəlif əsərlər yazardılar. Rejissorlar tez-tez uşaq ədəbiyyatı müəlliflərinə müraciət edərdilər. Onların içində 20 ən yaxşı film məktəblilər arasında populyarlıq qazanmışdı. Bu sırada "Kortik", "Bürünc quş", Uşaqlığın son yayı", eləcə də "Gələcəkdən gəlmiş qonaq" filmlərini göstərmək olar. Həmin məktəbli aktyorlar indi böyüyüblər, bəziləri isə faciəli şəkildə həlak olub. Elə filmdə Kolya rolunu oynayan və melafonu Alisaya çatdırmağa çalışan Aleksey Fomkin də faciəli şəkildə həlak olanlar sırasındadır.
"Gələcəkdən gəlmiş qonaq" ekran əsəri üçün ən yaxşı ssenariyə görə 1982-ci ildə Dövlət Mükafatına layiq görüldü. Tammetrajlı multfilm üçün "Üçüncü planetin sirri" ssenarisi də mükafat qazandı. Bu, Kirill Bulıçevin bir-birinin ardınca neçənci uğuru idi.
Kirill Bulıçev (bəzən Kir Bulıçev kimi də qeyd olunur) fantastik əsərlərin mahir yazıçısı kimi tanındı. Rejissorlar ondan yeni əsərlər gözləyirdilər. Çünki "Gələcəkdən gəlmiş qonaq" filminin sevilməsindən sonra Pavel Arsenyovla yanaşı, digər rejissorlar da onun yaradıcılığına müraciət edirdilər. O, "Aelita" (1997), eləcə də " Fantastikanın cəngavər ordeni" (2002) mükafatlarına da layiq görüldü.
Yazıçının həyat yoldaşı Kira Alekseyevna Soşinskaya da fantast yazıçıdır. O, həm də rəssamlıq edər və ərinin kitablarının illüstrasiyası ilə şəxsən özü məşğul olardı. Qızı Alisa Lyutomskaya (Mojeyko) isə ixtisası üzrə memardır. Yeri gəlmişkən, ekranlarda sevə-sevə izlədiyimiz Alisanın adını öz qızının şərəfinə qoyub.
Kirill Bulıçev bəzən bir əsərinə dəfələrlə qayıdar, kiçik hekayəni getdikcə romana çevirərdi. Silsilə xarakterli belə əsərləri çoxdur. O, daim işləyərdi. Yazmadığı günləri boş günlər adlandırar, bunu həyatın mənasızlığı hesab edərdi. Məhz bunun nəticəsidir ki, Rusiyanın "Eksmo" nəşriyyatı yazıçının əsərlərinin 18 cild olduğunu gördükdə, heyrətə gəlmişdi. Bəzi əsərləri isə ölümündən sonra ilk dəfə idi ki, dərc edilirdi. "Qartal", "Xoruz gecikmə ilə banlayır", "Şairin həlak olması" kimi əsərləri isə arxivindən tapılmışdı. Bütün bu əsərlər "Çox hörmətli mikrob" adlı kitabda yer almışdı. Özü də "XX əsrin ən yaxşı kitabları" seriyası altında. Ümumiyyətlə, nəşriyyatlar uşaqların sevimlisi Kirill Bulıçevin əsərlərini məmnuniyyətlə dərc edirlər. Çünki hər yeni nəsil onun əsərlərini oxumağa maraq göstərir. "Fantastika janrı həmişə yenidir" bəzi hallarda düzgün ifadə deyil. Bəzən fantastik əsərdə gələcək, yaxud başqa planetlə bağlı hadisələr müasir elmi-texniki tərəqqi dövründə çox bəsit görünə bilər. Müasir uşaqlar fantast yazıçıların əsərlərini qəhrəmanların başına gələn macəralara, üzləşdikləri çətinliklərdən necə çıxacağı həvəsi ilə oxuyurlar. Məhz Kirill Bulıçevin əsərləri də köhnəliyin qalığı sayılmır. Elə götürək "Yüz il bundan sonra" əsərini. Oradakı melafon avadanlığını xatırlayırsınızmı? Parıltılı əşyanı nəzərdə tuturam. O əşya bütün arzuları yerinə yetirir. Məhz buna görə də kosmik quldurlar həmin əşyanı ələ keçirib planetə sahiblik etmək niyyətinə düşürlər. İndi isə diqqətlə düşünsək görərik ki, hələ bütün arzuları yerinə yetirən əşya ixtira edilməyib. Məhz bu baxımdan Kirill Bulıçevin əsərləri köhnəliyin qalığı sayılmır, hələ də uşaqlar kitablarını alıb oxuyurlar. Dünya fantastları belə fəndlərdən çox yararlanıblar.
O ki qaldı onun əsəri əsasında çəkilmiş "Gələcəkdən gəlmiş qonaq" filminə, yazıçı qızı Alisanın adını qəhrəmanın adına verməklə, böyük məsuliyyət hiss edib. Əsər üzərində çox çalışıb, ən maraqlı söhbətlərə, macəralara yer ayırıb. Buna qədər də Alisa silsiləsindən ilk hekayələrini yazıb. Birinci hekayələrdə qəhrəmanı Alisa hələ məktəbə getmirdisə, sonrakı irihəcmli romanında Alisa artıq məktəblidir. Sanki doğma qızının böyüməsi ilə qəhrəmanın yaşı da dəyişirdi. Alisanın macəraları dünyanın müxtəlif nöqtələrində baş verir. Yer planetində, kosmosda, okean dibində, hətta əfsanəvi epoxada. Hansı ki orada nağıl qəhrəmanları yaşayır. Alisa və dostlarının tarixin labirintindəki macəralarına dair də yazıçı xeyli əsər yazıb. Povestlərinin birində isə yalnız Alisa və atası kosmobioloq Seleznyov canlandırılıb. Professor Seleznyov onun atası olub. Sonrakı əsərlərdə isə əlavə surətlər - Alisanın həmyaşıdları, sinif yoldaşları da yer alıb. Bir sözlə, Alisa Seleznyova adlı qəhrəman indiki yaşları təxminən 45-dən yuxarı olanların qəlbində həmişə yaşayacaq. Heç kim 1985-ci ilin martını unutmur. O ili ki, "Gələcəkdən gəlmiş qonaq" filmi ilk dəfə Mərkəzi televiziya ilə nümayiş etdirildi. Və o ildə Alisanın həmyaşıdı olan oğlanlar bu rolu canlandıran Nataşa Qusevanı unutmur. Postsovet ölkələrindən yüz minlərlə yazılan məktublarda Nataşa ilə tanış olmaq, onunla ünsiyyət qurmaq istəyən oğlanlar bu qızı həmişə xatırlayacaq. İstər yazıçı Kirill Bulıçev, istərsə də Pavel Arsenyov inanmazdılar ki, film yüz minlərlə oğlana ilk məhəbbətini yaşadacaq. Başqa planetdən gəlmiş qonaq çoxlarının yuxusuna girdi. Moskvaya onu görməyə gedənlər, evdən qaçanlar çoxaldı. Rejissorun Nataşa Quseva qərarının düzgünlüyü sübut olundu. Filmdəki mahnıların sözlərini həmin illərin oğlanları əzbər bilir. Oradakı hər epizodu, hər dialoqu sadiq tamaşaçıları yuxudan oyatsan da, əzbər söyləyərlər. Onunla ailə həyatı qura, yaxud ünsiyyət qura bilməyənlər öz övladlarının adını Alisa qoydular. SSRİ-nin Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı idarəsinin o vaxtkı statistikasına əsasən, övladlarına "Alisa" adını qoyanların sayında rekord göstəricilər əldə edilib. Həmin göstərici milyonlarla ölçülür. Ad məsələsində belə sensasiyalı göstəricilər heç vaxt qeydə alınmayıb.
Yazıçı Kirill Bulıçev isə çox qocalmışdı. O, 2003-cü ilin sentyabrın 5-də 68 yaşında vəfat etdi. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən yazıçı son illərini ağır keçirmişdi. 2004-ci ildə ölümündən sonra fantastik əsərlər üzrə Arkadiy və Boris Struqatskix adına beynəlxalq "ABS-mükafat"ına layiq görüldü. Yazıçı bu mükafatı sağlığında çox arzulamışdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!