Həftənin rəngi - Günel EYVAZLI - Günel EYVAZLI

Günel EYVAZLI

 

Həftəni uşaq dərgi və jurnallarının axtarışı ilə başladım. Respublikada uşaq dərgiləri barmaqla sayılacaq qədərdir. Elə keyfiyyət, mahiyyət cəhətdən də aşağı səviyyədədirlər. Kitab satış mağazalarında çeşid baxımından rus, ingilis dilli kitablar daha çox üstünlük təşkil edir. Orta məktəblərin abunə olduğu uşaq jurnal və qəzetləri isə (adlarını çəkmirəm) rəngsiz, müasir şagirdin diqqətini heç nə ilə çəkə bilməyən boyat materiallarla zəngindir. Bir sözlə, müasir nəslin yetişdirilməsində bu tip dərgilərin, nəşri orqanların faydası elə faydasızlığa bərabərdir.

Satışda olan azsaylı anadilli jurnallara gəlincə, onları hardasa qənaətbəxş hesab etmək olar. Həmçinin, satış jurnallarını köşklərdən əldə edə bilməyən, imkanı olmayan valideynlər rahatlıqla onları şəhər uşaq kitabxanalarına üzv olaraq əldə edə bilərlər.

Uşaq yazılarının dərci isə böyük problemlərdən biridir. Axtarış etdiyim zaman məlum oldu ki, ölkəmizdə uşaqların yazdığı şeir və hekayələri dərc edən mətbu orqan yoxdur. Hətta bununla bağlı "Göyərçin" jurnalının baş redaktoru Rafiq Yusifoğluna müraciət etdikdə - professor, "Bizim jurnalda uşaqların yazıları verilmir" cavabını verərək sanki inciyirmiş kimi davrandı. Sonra Gülzar İbrahimovaya telefon açdım. Çoxları bilir ki, Gülzar xanım uşaq nağıllarının müəllifi, həmçinin, "Sehrli dünya" uşaq jurnalının baş redaktorudur. Elə onunla da uşaq yazılarının dərci haqqında  fikir mübadiləsi apardıq. Baş redaktorun söylədiyinə görə, "Sehrli dünya" uşaq jurnalında azyaşlıların yazıları dərc olunur və bu yazılar jurnala göndərilən materiallar arasından müsabiqə, ekspert rəyindən sonra seçilərək nəşr olunma hüququ qazanır.

Əslində, sözlə çox mətləbləri dilə gətiririk, amma əmələ gəlincə - heç nə görmədikdə parıltılı arzularımız sularda qərq olur. Hər halda, sevinməliyik ki, məhdud ədəbi dərgilər şəraitində, yüklənmiş təhsil sistemi, məktəblilərin daşıya bilməyəcəyi ağır çanta şəraitində, summativ yükləmələri, dərs, imtahan stressi şəraitində də yetəri qədər vicdanlı və savadlı balacalar yetişməkdədir. "Vicdanlı" sözünü təsadüfən işlətmədim. Bu həftə hamının alqışını qazanan, efirlərdən düşməyən 8-ci sinif şagirdi İdris Abbasovun yolda tapdığı pul kisəsini aidiyyəti şəxsə təhvil verməsi demək olar ki, ajiotaja səbəb oldu. Və nə yaxşı ki, bu olaya ilk reaksiya, həm də Təhsil Nazirliyindən gəldi. Şagird nazirlik tərəfindən "Təşəkkürnamə" və hədiyyələrlə təltif olundu.

Həqiqətən, cəmiyyətə yaxşı nümunələr və qürur mənbəyi ola biləcək qəhrəmanlar lazımdır. Dahi Platon da belə söyləyirdi.

Ötən həftə Ülviyyə Heydərovanın Almaniyanın Höte adına İnstitutu tərəfindən "Next Stage Europe 2018" festivalında iştirak edəcəyi xəbər mövzusuna çevrildi.  13-17 iyun tarixlərində Almaniyanın Potsdam şəhərində təşkil olunacaq festivalda Azərbaycan, Belarusiya, Gürcüstan, Ukrayna, Rusiya və Ermənistandan olan 12 gənc dramaturq iştirak edəcək. Çox şadıq ki, Azərbaycanı festivalda yazıçı-publisist Ülviyyə Heydərova təmsil edəcək. O, bu festivala "Uşaqlıq" adlı monopyesi ilə qatılacaq.

Qeyd edək ki, festival iştirakçılarının dram əsərləri Höte adına İnstitutun xüsusi təyin etdiyi münsiflər heyəti tərəfindən seçilib. Festival çərçivəsində müəlliflərin əsərləri müzakirə olunaraq alman aktyorları tərəfindən ifa ediləcək, bəzi əsərlər isə səhnələşdiriləcəkdir. Festivalda məşhur alman ssenaristləri Pol Brodovski, Mişel Dekar, Yonas Lyüşer və b. seminarları da keçiriləcək. Festivalın məqsədi gənc dramaturqları Almaniyada tanıtmaq, qonaqları Almaniyadakı beynəlxalq ədəbi mənzərə ilə tanış etməkdir.   

"Hazırda Lütfi Zadənin qəbirüstü abidəsinin layihəsi üzərində işləyirəm. Lakin bu, o qədər asan məsələ deyil" fikrini ötən həftə heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov dilə gətirdi. Xalq rəssamı qeyd edib ki, abidə tamamilə fərqli üslubda olacaq:

"Sözlərlə ifadə edəsi olsam, deyə bilərəm ki, Lütfi Zadənin qəbirüstü abidəsində qapı simvolu olacaq. Qapı açılır və Lütfi Zadə ayaqüstə dayanır. Lütfi Zadənin qəbirüstü abidəsi başqalarına bənzəməməlidir. Bu baxımdan abidə orijinal olacaq. Bilirsiniz, Lütfü Zadə təkcə Azərbaycan yox, həm də dünya üçün böyük şəxsiyyət olub". Ömər Eldarov bildirib ki, büstün hazırlanması Elmlər Akademiyası tərəfindən ona həvalə edilib və qəbirüstü abidə mərhumun ildönümü ərəfəsində hazır olacaq.

Türkyədə Kültür və Turizm Bakanlığının dəstəyilə ənənəvi olaraq keçirilən 9-cu Uluslararası Turizm Karikaturaları Yarışması başa çatıb. Bu il yarışmaya 62 ölkədən 584 rəssam 1101 əsərlə qatılıb. Ölkəmizi bu yarışmada təmsil edən rəssam Soltan Soltanlı üçüncü yerə layiq görülüb.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Salyan rayonunun Qaraçala qəsəbəsində "3 may-Türkçülük günü" ilə bağlı mədəni-kütləvi tədbir keçirib. Tədbir Salyan rayon mərkəzində ümummilli lider Heydər Əliyevin, görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin və Türk dünyasının böyük şairi Xəlil Rza Ulutürkün abidələrini ziyarətlə başlayıb.

Şuşa Dövlət Musiqili Dram Teatrında yeni tamaşa təqdim olunub. Əməkdar artist Nazir Rüstəmovun və aktrisa Bahar Abdullayevanın (Həmzəyeva) oynadığı  tamaşa xorvat yazıçı Mira Qavranın "Aktyor əbədiyyətə qovuşanda" əsərinin motivləri əsasında hazırlanıb.  Teatr rejissorları tərəfindən yüksək dəyərləndirilən tamaşanın beynəlxalq festivallara təqdim olunması da qərara alınıb.

İvane Maçabeli adına Tsxinvali Akademik Dram Teatrı "Əli və Nino" əsərinin motivləri əsasında yeni tamaşa hazırlayıb. Mayın 1-də Tbilisidəki Şota Rustaveli Teatrında tamaşanın premyerası olub. Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin əldə olunmasının 100 illiyinə həsr edilmiş tamaşanın premyerasında ölkəmizin səfirliyinin əməkdaşları, Gürcüstan rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

İvane Maçabeli adına Tsxinvali Akademik Dövlət Dram Teatrının bədii rəhbəri və tamaşanın rejissoru Qoça Kapanadze jurnalistlərə müsahibəsində bildirib ki, səhnə əsəri Gürcüstan Mədəniyyət Nazirliyinin layihəsi əsasında hazırlanıb. Yaxın vaxtlarda tamaşanın Bakıda, mayın 19-da isə Gürcüstan parlamentində də nümayişi nəzərdə tutulub. Tamaşada rolları gürcü aktyorlar ifa ediblər.

Nizami Kino Mərkəzində xalq artisti Rəşid Behbudova həsr edilən "Nəğmə dolu bir ürəyəm" sənədli filminin təqdimatı olub. Ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında istehsal olunub. Tammetrajlı sənədli filmin rejissoru Rauf Məmmədovdur.

Bu həftə həm də Bakı Şəhər Mədəniyyət Baş idarəsinin müvafiq əmrinə əsasən Kino İnkişaf Mərkəzinin yaradılması haqqında məlumatlar saytlarda yayımlandı. Yeni yaranan qurum Bakı şəhər və ətraf qəsəbələrdə mədəniyyət müəssisələrində yeni kinoteatrların yaradılması və onların işinin təkmilləşdirilməsi ilə məşğul olacaq. Qurum rəhbərliyindən söylənilib ki, mərkəz Azərbaycan mədəniyyətini və incəsənətini daha geniş kütləyə çatdırmaq, həm də bu sahədə çalışan insanların yaradıcılıq potensialının üzə çıxarılmasına köməklik göstərmək, kinoteatrlarda insanların xarici və yerli, Azərbaycan reallıqlarını əks etdirən, milli qəhrəmanların həyatından bəhs edən, vətənpərvərlik mövzusunda olan kinofilmlərə marağını artırmaq məqsədilə yaradılıb. Yeni mərkəzdə müasir filmlərin premyeraları, nümayişlər, müzakirələr, diskussiyalar, yaradıcı insanlarla, aktyor və rejissorlarla görüşlərin keçirilməsi nəzərdə tutulub.

Bakı Şəhər Mədəniyyət Baş idarəsinin nəzdində fəaliyyət göstərən G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin 5-ci sinif şagirdi Şirin Əmiraslanova İspaniyanın paytaxtı Madriddə keçirilən II Beynəlxalq piano müsabiqəsində iştirak edib. Beş yaş qrupu üzrə iki turdan ibarət müsabiqəyə ölkəmizlə yanaşı, İspaniya, Estoniya, Almaniya, Çin, Rusiya, Bolqarıstan, İtaliya və digər ölkələrdən 70-dən çox iştirakçı qatılıb. Müsabiqədə Şirin Əmiraslanova görkəmli bəstəkarlar Volfqanq Amadey Motsart, Frederik Şopen, Qara Qarayev və İ.Albenizin Pavana-Capriççiosunun perfomansını ifa edərək beynəlxalq tərkibli münsiflərin yekdil qərarı ilə müsabiqənin laureatı adını qazanaraq birinci yerə layiq görülüb.

Həmçinin, Azərbaycanın Fransadakı səfirliyi və "Ulduz" Assosiasiyasının birgə təşkilatçılığı ilə Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə konsert təşkil edilib.

2 may tarixində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı III Buktreyler Festivalının nəticəsi açıqlanıb. Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə çıxış edən layihənin müəllifi və rəhbəri Ruslan Sabirli Buktreyler Festivalının 2016-cı ildən keçirildiyini söyləyib. Qeyd edək ki, mükafatçılar arasında "Ədəbiyyat qəzeti"nin əməkdaşı, istedadlı gənc yazar Sərdar Aminin də adı var. 

Festivalda xalq yazıçısı Anarın seçilmiş əsərlərinə çəkdiyi treylerə görə Tural Kərimov birinci yerə, Müşfiq Xanın kitabına Cavad Nurun rejissoru, Səbuhi Şahmursoyun ssenari müəllifi olduğu treyler ikinci yerə, Elvin Paşanın kitabına çəkilən, Sərdar Aminin rejissoru, ssenari müəllifi olduğu "Almafobiya" filmi isə 3-cü yerə layiq görülüb.

Bu həftə həm də məlum oldu ki,  "ASAN xidmət"in dəstəyi, Azərbaycan Beynəlxalq Bankının "ASAN Radio" ilə birgə tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş media layihəsinə start verilib.

"ASAN Radio"nun məlumatına görə, bu münasibətlə keçirilən mətbuat konfransında "100 illik tarix" adlı layihə jurnalistlərə təqdim olunub.

Uzunmüddətli layihə çərçivəsində bankın dəstəyi ilə AXC-nin fəaliyyətinə dair silsilə audio-video materiallar hazırlanacaq. Bu materiallar "ASAN Radio"nun efirində, Azərbaycan Beynəlxalq Bankının və "ASAN xidmət"in müxtəlif sosial şəbəkələrdəki kommunikasiya kanallarında izləyicilərə təqdim olunacaq. Materiallarda AXC-nin 23 aylıq fəaliyyətinin ayrı-ayrı məqamları üzə çıxarılacaq.

Sənədli materialların, Cümhuriyyət qurumlarının fəaliyyət göstərdiyi tarixi binaların, muzey eksponatlarının və s. bələdçiliyi ilə bu materiallar izləyiciləri 100 il əvvəlki tarixi günlərə səyahətə aparacaq. Materialların hazırlanması prosesində Rahib Azəri ekspert qismində  iştirak edəcək.

Ümumiyyətlə, qeyd edək ki, Respublikamızda FM radio dalğaları arasında faydalılıq və informativlik cəhətdən "ASAN Radio"nun adını xüsusilə vurğulamaq lazımdır. Radio vasitəsilə təkcə hüquqi bilgilər deyil, hətta düzgün danışıq tərzi haqqında da dolğun informasiya ala bilirik. Bir sözlə, zövqlü musiqi sədaları altında gərəkli bilgilər əldə etmək olduqca faydalıdır. Ümid edirəm ki, gələcəkdə ədəbi verilişləri radio dalğalarından da eşidə biləcəyik. Əlbəttə, ədəbiyyat verilişi dedikdə beş-altı şairin çağırılıb şeirlərini dinləmək nəzərdə tutulmur. Dövrün tələbatına uyğun olaraq operativ, informativ, zövqlü ədəbi verilişlər hazırlamaq mümkündür. Hər halda, ümid edək ki, günlərin birində belə bir xəbərin sədasını eşidib diksinəcəyik. Sözün yaxşı mənasında.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!