1975-ci ildə Elçin Azərbaycan Yazıçılar İttifaqının katibi seçildi. Biz - onun dostları buna çox sevinirdik. İlk dəfə idi ki, bizim nəslin nümayəndəsi belə məsul vəzifəyə seçilirdi. Elçin bizdən - Yusifdən, Fikrətdən, Əkrəmdən, məndən də cavan idi, katib seçiləndə 32 yaşındaydı. Sevinirdik ki, nəsildaşımız, tay-tuşumuz bu mötəbər təşkilatda hamımızı təmsil edəcək. Bu, əlbəttə, Elçinin özüyçün də fərəhli hadisə idi. Yanılmıramsa, bütün SSRİ-də ən gənc İttifaq katiblərindəndi.
Amma Elçinin özüyçün bu işin başqa cəhətləri də vardı. Məsələ ondaydı ki, İttifaqın sədri də, o biri katibləri də yaşlı adamlar idi, onlarla ünsiyyət o qədər də asan deyildi, sözləri-söhbətləri çətin tutaydı.
Hiss edirdim ki, Elçin onların arasında bir az darıxır. Sədr İmran Qasımov da, katiblər - Hüseyn Abbaszadə, İshaq İbrahimov, Balaş Azəroğlu da nüfuzlu, oturuşmuş adamlar idi, dünyaya baxışları da, insanlara münasibətləri də çox fərqli idi. Əgər yumor hissləri vardısa belə, bu, tamam başqa səpkili yumor idi. Elçinin isə, zənnimcə, ən üstün cəhətlərindən biri güclü yumor hissidir. Heç bir situasiyada, ələlxüsus, darıxmamaqçün zarafatından qalmır.
Dediyim kimi, ovaxtkı Yazıçılar İttifaqı kimi həm nüfuzlu, həm də son dərəcə rəsmi təşkilatda Elçin darıxır və qurdunu zarafatlarla öldürürdü.
Hüseyn Abbaszadə tanınmış nasir, həm də mənim qohumumdur. Müharibənin odundan-alovundan keçmiş, yaralanmış, ağır taxtalı, vətənpərvər, büllur kimi saf, əli təmiz insan idi. Amma nə gizlədik, yumor hissindən demək olar ki, tamamilə məhrum idi.
Beləliklə, Elçin bir gün onun iş otağına gəlir, otaq boşdur, amma yazı masasının üstündə Hüseyn müəllimin telefon nömrələri yazılmış cib dəftərçəsi qalıb. Elçin, eləmə tənbəllik, dəftərçəni götürüb səliqəylə Aleksandr Puşkin filan-filan nömrə, Lev Tolstoy filan-filan nömrə yazır. Az sonra katibliyin iclası başlanır. Gündəlik məsələlərə keçməmişdən Hüseyn müəllim qəzəblə danışmağa başlayır: İdarəmizdə xuliqanlar əmələ gəlib, nalayiq işlər görürlər.
Məsələdən agah olmayan katiblər nə baş verdiyini soruşurlar. Hüseyn müəllim: - Mənim telefon dəftərimə Puşkinin, Tolstoyun telefon nömrələrini yazıblar, - deyir.
Bu əhvalatın duzu Hüseyn müəllimin qəzəb dolu sözlərindədir: - Məgər Puşkinin vaxtında telefon vardı?
Katiblər razılaşırlar ki, doğrudan da Puşkinin vaxtında telefon olmayıb. Elçin sakitcə: - Heç, deyəsən Tolstoyun vaxtında da hələ telefon yoxdu, deyir. - Hə da - deyə Hüseyn onun sözünü təsdiq edir.
Katibliyin ümumi fikri bu olur ki, o vaxt telefon hələ icad edilmədiyi üçün Puşkinin, Tolstoyun nömrələri də yanlış yazılıb.
İshaq İbrahimov gözəl ziyalı, mahir tərcüməçi, rus və Azərbaycan dillərində çox savadlı adam idi. Ədəbiyyatdan başqa, musiqini də yaxşı bilirdi. Xüsüsilə, muğamata yaxşı bələd idi. Bunu öz təcrübəmdən də təsdiq edə bilərəm. Radioda işlədiyim zaman müzakirələrdə İshaq müəllim bu ya digər muğam ifaçılarının oxumasını peşəkarcasına qiymətləndirir, ya iradlarını bildirirdi. Dost məclislərində xoş ovqatı olanda özü də mikrofonu əlinə alıb bir ağız muğam oxuyardı. Sözümün canı odur ki, yazıçılar arasında muğamatı İshaq müəllim kimi yaxşı bilən və bu bilgisiylə haqlı olaraq öyünən ikinci adam tapmaq çətin idi. Elçin də İshaqın bu damarını bildiyi üçün ona deyir: - Amma İmran müəllim deyir ki, İshaq heç də bütün muğamlara bələd deyil.
İshaq qaşlarını çatıb: - Hansı muğama bələd deyiləm? - deyə əsəbi soruşur. - Nə bilim, İmran deyir ki, İshaqın heç "Bölbölü Qolustan" muğamından xəbəri yoxdur.
İshaq özündən çıxır, belə muğam yoxdur, - deyir. İmran haçandan muğam bilicisi olub?
İshaq müəllimin bir şakəri də vardı. Hərdən ovqatı olmayanda masasının siyirtməsində saxladığı konyakdan bir-iki qədəh vurardı. Bu söhbətdən sonra özünü sakitləşdirməkçün bir neçə qədəh vurub İmran Qasımovun qapısını açır: - İmran, Bölbölü Qolustan - deyir.
Məsələdən agah olmayan İmran müəllim gözlərini döyməyə başlayır. - İshaq, nə deyirsən?
- Heç, deyirəm Bölbölü Qolustan…
Elçinin bir qrafomanla sərgüzəşti də maraqlıdır. Bir cızmaqaraçı onu təngə gətiribmiş ki, heç olmasa bir yazımın İttifaqın ədəbi orqanlarında çıxmasına kömək et. Elə bu vaxt Yazıçılar İttifaqının ədəbi orqanlarından olan erməni dilində jurnalın redaktoru Samvel Qriqoryan Elçinin yanına hansı xahişləsə gəlir. Elçin, "xahişini bir şərtlə yerinə yetirərəm" - deyib, qrafomanın yazısını erməni jurnalına sırıyır. Samvel Qriqoryan, əlbəttə, bu xahişə əməl edir, hekayəni güman ki, heç özü də oxumadan (axı katibin tövsiyyəsidir) ermənicəyə çevirtdirib jurnalda çap edir. Cızmaqaraçı növbəti dəfə Elçinin yanına gələndə - Bax, yazını çap etdirdim, amma səninlə şərt qoymuşduq ki, daha əl çəkəcəksən, - deyir.
Adam erməni əlifbasıyla çıxan jurnalı alıb o yan-bu yana çevirir, - yaxşı, - deyir, mən camaata necə sübut edim ki, bu məhz mənim yazımdır.
Yeri gəlmişkən, Samvel Qriqoryanla bağlı başqa əhvalatlar da yadıma düşür.
Elçinə dəxli olmasa da, burda onları da xatırlamaq istəyirəm. Yazıçılar İttifaqının qanlı-qadalı intriqa iclaslarından birində hamı düşüb bir-birinin üstünə, bir-birini ifşa edir (indi də belə iclasların həsrətini çəkənlər var). Bu vaxt cavan erməni yazıçılarından biri söz alıb: mən də iki adamı ifşa etmək istəyirəm, - deyir. Samvel Qriqoryanı və Markar Davtyanı.
Hər ikisi o vaxt Bakıda yaşayan məşhur erməni yazıçıları idi. Bəli, başlayır Samveldən döşəməyə. Söz uzanır və iclasın sədri reqlamenti xatırladır. Bu zaman salondan Salam Qədirzadənin səsi ucalır: - Bəsdir Samveldən, keç Markara…
Samvel Qriqoryan mənzil qonşum idi. O vaxt deputat idi, xüsusi mağazadan tapılmayan ərzaqları gətirirdilər qapısına və növbəti seçkiqabağı deputatlığı sarıdan nigaran qalanda Əbülhəsən onu sakitləşdirirdi: - Qorxma, Samvel, nə qədər ermənisən, deputatsan.
Bir dəfə mənə də şikayətləndi. Nə olub, - deyə soruşanda - Ara, bu nasionalistlər məni lap boğaza yığıblar, - dedi.
Dalağım sancdı. - Hansı nasionalistlər? - deyə soruşdum. - Ermənistandakı nasionalistər. Deyirlər ki, mən azərbaycanlılara satılmışam. Siz də məsələ qaldırın, onların acığına mənim beşcildliyim çap olunsun Bakıda.
Əlqərəz…
Elçinin bir replikası da düşür yadıma. Natəvan klubunda hansı müzakirədəsə çıxış edən mərhum akademik Ziya Bünyadov birdən Mirzə Şəfidən danışmağa başladı, dedi ki, o, əsərlərini farsca yazıb, Nəbi Xəzri isə…
Elə bu vaxt rəhmətlik Xəlil Rza ayağa qalxıb: - Elə deyil, - dedi. - Mirzə Şəfinin Azəri türkcəsində də gözəl şeirləri var:
Nə qədər kim fələyin sabiti səyyarəsi var...
Ol qədər sinədə qəmzən oxunun yarəsi var...
Xəlil uzun qəzəli əzbərdən oxuyan zaman Ziya müəllim əlini yelləyib başqa mətləbdən danışmağa başladı. Elçin yerdən: - Ziya müəllim, Nəbi Xəzri haqqında nə isə demək istəyirdiniz, - deyə xatırlatdı.
Yazıçıların növbəti qurultayında Elçin də, başqa katiblər də gizli səsvermə vasitəsilə seçilmişdilər. Qurultaydan sonra köhnə universitet dostlarından biri Elçinin yanına gəlib şikayətlənməyə başlayır: - Heç mənə fikir vermirsən, qayğıma qalmırsan.
"Qara məni basınca" prinsipinə uyğun olaraq Elçin: - gizli səsvermədə adımı pozandan sonra nə üzlə yanıma gəlibsən, - deyir.
Təbii ki, bunu bilə bilməzdi, amma xahişə gələn:
- Bəs neyləyim, - deyir, - sən ki, mənə məhəl qoymursan, pozmağa məcbur oldum da.
Elçinlə aramızda da çox məzəli hadisələr olub, onların bəziləri haqda o, Mollabala imzasıyla yazıb.
Qəribə görünə bilər ki, yubiley ərəfəsində Elçinin nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas kimi həqiqətən böyük xidmətlərindən söz açmaqdansa, zarafatlarından yazıram. Əvvəla, "Nəsrin fəzası" adlı yazımda Elçin yaradıcılığını geniş təhlil etmişəm, ona ayrıca böyük məqalə həsr etmişəm, haqqında dəfələrlə müxtəlif tədbirlərdə, televiziya ekranlarında, radio dalğalarında çıxış etmişəm. Son əsərlərindən olan "Baş" romanını maraqla oxudum və təəssüratımı məktub vasitəsilə müəlliflə bölüşdüm. Yeri gəlmişkən, Yazıçılar Birliyi bu romanı Dövlət mükafatına təqdim edib və yazıçını bu mükafatla təbrik edəcəyimizə inanıram.
Yubiley ərəfəsində də mətbuatda, o cümlədən Yazıçılar Birliyinin ədəbi orqanlarında yubilyar haqqında geniş yazılar çıxacaq. Mən isə bu yazıda Elçinin bəlkə çox az adamın bildiyi məzələnmələrini qələmə alaraq, indiki oxuculara və gələcək nəsillərə çatdırmaq istədim. Qoy bilsinlər ki, bizlər də canlı insanlardıq, sevinclərimiz olduğu kimi, qayğılarımız da vardı, bəzən mühitdə darıxıb-sıxılırdıq. Bir ömür boyu yorulmadan, usanmadan yaradıcılıq işlərimizlə, ictimai fəaliyyətlə məşğul ola-ola hərdənbir zarafatlaşmağa da ehtiyac duyurduq.
Elçin 75 yaşında da gəncliyindəki kimi zarafatcıldır, əvvəldə yazdığım kimi, zarafatından qalmır və heç vaxt da qalmayacaq. Dünyanın gərgin məqamlarında gülüş nicat vasitəsi və xilas yoludur. Dostumun çoxlu məziyyətləri sırasında güclü yumor hissi - ən vaciblərindəndir.
Yubileyin mübarək, Elçin!
May 2018
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!