Azərbaycanda şairlər günü qeyd edildi

Beynəlxalq Muğam Mərkəzində yeddinci dəfə şairlər gününə həsr olunmuş ədəbi-bədii, musiqili gecə keçirilib.

Tədbir Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) və Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə reallaşıb.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Həmçinin görkəmli şair və yazıçılarımızın məzarları da ziyarət olunub. Tədbirdə Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran, Rusiya, ABŞ və İsraildən gəlmiş qonaqlar, həmçinin ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AYB-in sədri, Xalq Yazıçısı Anar çıxışında, həm Mikayıl Müşfiqin, həm də Məmməd Arazın dövrün zərbələrinə mətanətlə duruş gətirdiklərini, əzmlə yazıb-yaratdıqlarını bildirib. Bu əlçatmaz sənətkarların xatirəsinə göstərilən ümumxalq məhəbbətindən, gənclərin, məktəblilərin onlara ehtiramından danışıb.
AYB-in sədrinə İLESAM-ın fəxri diplomu təqdim olunub.


Azərbaycan və Türk dünyasının ortaq mədəniyyətləri paylaşdığını deyən İLESAM-ın baş direktoru Mehmet Nuri Parmaksız hər kəsi ilhama gətirən bu gündə öz şeirini tamaşaçılara ərməğan edib.

Sonra “Mikayıl Müşfiq” mükafatının növbəti təqdimatı keçirilib. 
Mükafata “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, “Azərbaycan” jurnalının şöbə müdiri Qəşəm Nəcəfzadə və AYB-in Gəncə bölməsinin rəhbəri Xəzangül layiq görülüblər.
Sonda tədbir ədəbi-bədi proqramla davam edib. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!