“Dünyanın mən baxan tərəfdən görünən hissəsi” - Yazıçı Seyran Səxavətlə müsahibə

 

- Müasir ədəbiyyatımızda elmiliyə və çoxqatlı fiqurlar yaratmağa, yeni ədəbi- estetik dəyərləri örnək kimi vermək cəhdlərinə münasibətiniz? Sizcə bu, alınırmı?

- Sənətdə elmiliyi heç vaxt birbaşa qəbul eləməmişəm. Bədii ədəbiyyat, xüsusilə, nəsr - həyatdır. Hər şey mətnin içindədi. Bədii ədəbiyyatda elmilik mənim qəbul etmədiyim anlayışdır. Elmilik sənəti balacalaşdırır, onun ərazisini kiçildir. Nazim Hikmətin məşhur şeirindəki kimi "dəniz olmaq balığı ilə, yosunu ilə..." Elmlə ədəbiyyatı nə birləşdirməyin, nə ayırmağın mənası yoxdur. Ümumiyyətlə, bu barədə xüsusi münasibətim olmayıb. Mənim aləmimdə elmi-fantastik janr, detektiv - bunlar ciddi ədəbiyyata aid deyil. Tutaq ki, mənim çox sevdiyim Nodar Dumbadzenin nəsrində hər şey var. Biz həyatda karıxanda darıxırıq. Həyat bizə yeknəsəq görünür. Janrlar ümumiyyətlə, mənim üçün müəmmalıdır. Dramaturgiya da, kinossenari də, dost məclislərində dediyimiz tost da söz janrıdır. Yollarda sürücülər üçün yol nişanları olduğu kimi, ədəbiyyatşünaslar üçün də söz nişanları var. Orta məktəbdə oxuyanda ədəbiyyat nəzəriyyəsi kitabında ədəbiyyatın belə bir tərifi vardı -  "Ədəbiyyat həyatı bədii surətlərlə əks etdirən söz sənətidir." Sonra onu ədəbi janrlara bölmüşdülər. Nəsr, poeziya, dramaturgiya, tənqid. Publisistika sonradan yaranan janrdı. Əslində, bu janrlar ədəbiyyatı dağıdır, sonra biz onu bir yerə yığa bilmirik. Niyə ayıraq ki, sonra bir yerə yığa bilməyək. Bir janr var: Söz. Onun içində hər şey var, diqqətlə baxmaq lazımdır.

-  Sizi şeirlərinizlə sevirlər, amma yazıçı kimi tanıyırlar. Özünüzü şeirinizlə, yoxsa nəsrinizlə sevirsiniz?

- Məşhur filmdə deyildiyi kimi "Həmin dalğa, həmin koordinat". Yenə janr məsələsinə gəldik. Sənə "Seçilməmiş əsərlər" kitabımı bağışlayacam. Əslində, bu söz seçilmiş əsərlər sözünə kinayədir. Heç kim öz əsərlərini seçmir, hamısını verir. Səmimiliyə qalsa, hamıda seçilməmiş əsərlərdir. Biraz bölgülər edirik, adını qoyuruq seçmək. Seçmək ancaq Allaha məxsusdu. Nə dindar adam deyiləm, nə fanat deyiləm. Şərqşünasam, islamdan da xəbərim var. Millətlərin inandıqları din fərqli olsa da, obyekt eynidir. Sizə bir söz deyim, inanmayan və təəccüblənməyən insan, ümumiyyətlə, adam deyil. Nəinki dünənə baxanda, bu gün saat birə baxanda, saat üçdə dünya başqa cürdür. Baş verən hər şeyi görmək mümkün deyil, amma təsəvvür etmək olar. Hər şey görməklə görünməz, duymaq lazımdı. Xalqda bir söz var, filankəs baxar kordu. Bəzi xanəndələr haqqında deyirlər:  filankəs muğamatı yaxşı bilir, amma mən deyirəm duyur. Musiqi duyğu materialıdır. Şeir də həmçinin. Yaxşı sənətçi bilir ki, hansı muğamın qolu hansıdır və s. Şairlər də bilir yazılan şeir hansı formadadı. Amma onu duymasa, bu sənət deyil. Duyğunun imkanları bilgidən milyon dəfə artıqdı. Bir adamın adını bilməklə, onun hisslərini duymağın fərqi kimi. Təəccüblənmək də duymaqdan yaranan hissdir. Həyata həmişə eyni rakursdan baxan adamlar təəccüblənə bilmir.

- "Gedib yetmiş iki dil öyrənmişəm

Hələ tapmamışam, dilini sənin".

İndi həyatınızın yetmiş ikinci baharını yaşayırsınız, o dili hələ də tapmamısınız?

- Bu sualdan qaçmağın yeri var. Təbii ki, sevginin yetmiş iki dilindən gedir söhbət. Yetmiş iki dona girmək, yetmiş iki yalan danışmaq, yetmiş iki dəfə yalvarmaq və s. Sonralar bildim ki, mən nəinki yetmiş iki, hətta təzə yaranan sevgilərin də dilini bilirmişəm. Sadəcə, həmin zaman kəsiyində mən lal olmuşam. Ovqatımın o təqvimində həmin dilləri bilsəm də, danışa bilməmişəm. Bəzi qadınlar var, kişi hər şey alır gətirir, amma heç nə bişirib ortalığa çıxara bilmir, bax elə... Bir nəfərin dilini bilmək, millətlərin dilini öyrənməkdən çox çətindir.

- Mənə elə gəlir ki, sizin əsərlərdə nəsə qəribə bir "nağıl poetikası" var.

- Bilmirəm, elə şeylər var ki, adam onları bilməməlidir. Hər şeyi bilsən, əlin boşda qalar. Məsələn, bir xanımdan xoşun gəlir. Amma ömür boyu bunu ona demirsən. Heç bilmirsən, onun səndən xoşu gəlir, ya yox.  Bunun özündə də qəribə rahatlıq var. Çünki canında onun bilməyinin və səni istəməməyin xofu olur. Və ya sevginin başqa bir növü də birbaşa sevgini etiraf etməkdir.

- Düşünürəm ki, sizin heç vaxt, heç kimlə ünsiyyət probleminiz olmayıb. Belədirmi?

- Mənim adamlarla qətiyyən ünsiyyət problemim yoxdur. Hər yaşda adamla, xüsusilə xanımlarla rahat ünsiyyətim yaranır. Dünyanın ən geridə qalmış qadınında da xüsusi bir hissiyyat var ki, onlar səmimiyyəti hiss edirlər.

- Bir müsahibənizdə oxumuşdum ki, deyirsiz adi şeylərlə xoşbəxt olan adamam.

- Hə, düzdür. Mən bəlkə də heç kəsi inandıra bilmərəm ki, mən maşınımı yuduzduranda da xoşbəxt oluram. Bir dəfə evin açarını itirmişdim, tapanda elə bildim evi təzədən tikdim.

- Hazırkı dövrümüzdə ədəbiyyatın inkişafına mane ola biləcək hansı bir hədd var ki, qələm adamlarımız o həddi aşa bilmirlər?

- Bu sual bizim kimi professional ədəbiyyatla məşğul olan adamlar üçün deyil. Mən yazmaq istəyirəmsə, mənə kim mane ola bilər? Gənc yazıçılar, əslində, öz içlərindəki baryeri aşa bilmirlər. Yıxırlar Yazıçılar Birliyinin üstünə. Guya ki, bunlar oturub nəsə yazanda Anar, ya Fikrət Qoca bunları qoymayıb yazmağa. İstedada heç Allah özü də mane olmur. O xeyir-dua verdiyinə mane olmaz. İnsan gərək özü öz hesabını bilsin. Allah heç vaxt öz verdiyinə xilaf çıxmaz, insan özü-özünə mane olur. Allah hər şeyi gözəl verir, istedadlı adam onun verdiyini daha da gözəlləşdirir. Bir məhşur deyim yadıma düşdü: İstənilən qaya parçası hazır heykəldi, ordan artıq parçaları qoparıb atmaq lazımdır.

- Bir məhşur deyim də var, Seyran müəllim. Maksim Qorki də belə bir söz deyib: "Əsərdə sözlərə darısqallıq, fikirlərə genişlik vermək lazımdı".

- Bax bir var on adama qonaqlıq verəsən, bir də var 100 adama. Hansı daha keyfiyyətli olacaq? Bu barədə dilimizin vəziyyəti bərbaddır. O gün televiziyada biri verilişdə danışır, deyir mənə zəng edib dedilər ananı maşın vurub, tez özümü çatdırdım hadisə yerinə və anama baxış keçirtdim. Belə danışan adamlar məndə ikrah hissi yaradır. Bu dildə yazan yazıçılar da var. Bu dil məsələsi dəhşətli mövzudur, sərəncamlar-filan buna kömək edən deyil. Dili məhv eləyən televiziyalarımızdı. Nəinki aparıcılar, verilişlər, hətta danışdırdıqları adi adam da dilini dəyişir. Sərhəd zonasından bir qadını danışdırırlar, gilizləri yığıb əlinə deyir: "Görersənmi, dərdin alem, bax biz gejə-gündüz belə güllələrə məruz qalerıx". "Məruz" sözü o adamın öz sözü deyil. Bizim millət mikrofonu görən kimi kompleks yaranır, canına xof düşür, bildiyi-bilmədiyi, nə vaxtsa, hardasa eşitdiyi hər sözü deyir. Məndə bu barədə çox faktlar var, televiziya verilişlərində və s. işlənmiş dəxli olmayan sözlər.

- İlk çapınızın təəssüratını hələ də yaşaya bilirsiniz?

- "İki arzu" adlı ilk yazım 1962-ci ildə rayon qəzetində çıxmışdı, sevgi şeiri idi. Bir dəfə mənimlə görüşdə həyat yoldaşım da iştirak edirdi. Bir tələbə qız sual verdi ki, bayaqdan sevgi şeirləri oxuyursunuz, şeirləri yazdığınız xanımla evlənmisiniz? Dedim ki, biz şairlər beləyik; birinə şeirlər həsr edirik, birinə həyatımızı. Ümumi cavab verdim ki, nə şiş yansın, nə kabab.

- Dünya və son dövr Azərbaycan ədəbiyyatına nüfuz edən, sərhədsiz sərbəstliyilə tənqidçilərin əlində tənqidi vasitə olan postmodernizmi daha çox ədəbi cərəyan, yoxsa ədəbi priyom kimi dəyərləndirirsiz?

- Mən gənclərin demək olar hamısını oxuyuram, amma onların çoxu məni oxumur. Bu yaxınlarda bir nüfuzlu şəxslə görüşdük. Söhbət vaxtı dedim ki, mən sizdən güclü adamam, ona görə ki, mən sizi yaxşı tanıyıram, amma siz məni  heç tanımırsız. Bax, mən 1966-cı ildə postmodernist şeirlər yazmışam.

Altı anam var,

Əslində yeddi idi.

Hamısı bir oyanır,

Bir yatır yuxunu.

Hamısının birdir

Boyu-buxunu.

Hamısı övlad məhəbbətini,

oxşayır, dadır.

Hamısının adı - Zərif,

Familiyası- Əliyevadır.

Deməyin ki, bu

Zarafatdır, nədir.

Hələ, hamısı da

Müəllimədir.

Hamısından doğulmuşam,

Hamısının döşlərindən

Süd əmmişəm.

Hamısının qucağında

sevinmişəm,

kədərlənmişəm.

Belə görürəm,

Ömrüm özünün

Ən gözəl anındadır.

Anam bacı-qardaşlarımın

Yanındadır.

Bir anam isə,

Hamımızla çox danışıb,

Çox gülüb.

Ancaq o, yoxdur.

Keçən il bacım öləndə, onunla ölüb...

 

Və yaxud...

 

Neçə il qabaq

Həyat ölümə satıldı.

Evimizdən çox-çox uzaqda

Bir güllə atıldı...

Axtardıq:

Mən atamı,

Əmim qardaşını,

Bir nənəm oğlunu,

Bir nənəm kürəkənini.

Kimsə dostunu,

Anam da ərini.

Atama dəyən gülləni tapsaq,

Ondan soruşardıq atamın yerini.

Bax, biz bunları çoxdan eləmişik.

-  Ən kədərli əsərlərinizdə belə, qəribə yumor var. Oxucunun yorulmağından qorxursunuz, yoxsa?

- Bir dəfə kitabıma ön söz əvəzi belə yazmışdım: "Əziz oxucu, mənim yazdıqlarım dünyanın mən tərəfdən görünən hissəsidir. Gəl mənimlə yanaşı dayan, birlikdə baxaq dünyaya. Nə vaxt darıxsan, çıxıb gedərsən". Mən əsər yazanda özümü tamamilə unuduramsa, oxucu yadıma düşər ki, onun haqqında fikirləşim də... Xeyr, bu, məndə sadəcə olaraq belə alınır.

Söhbətləşdi: Nuranə Nur


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!