“XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz” kitabı müzakirə edildi

İyun ayının 3-də ədəbiyyatşünas alim İradə Musayevanın “XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz” kitabı müzakirə edilib.
Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlının maderatorluğu ilə aparılan müzakirə “Azərkitab” Kitab Təbliğatı Mərkəzində baş tutub. 
Ədəbiyyatşünasların və ədəbi orqanlar, sayt rəhbərlərinin, jurnalistlərin iştirakı ilə reallaşan müzakirədə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Elmi inkişaf və tədris layihələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamil Allahyarov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, filologiya üzrə fəlsəfə doktorları Səadət Şıxıyeva, Kamran Nəzirli, “Azərbaycan” jurnalının baş redaktoru, tərcüməçi, yazar İntiqam Qasımzadə, yazıçı-publisist Səyyad Aran fikirlərini bildiriblər.
Çıxışlar ətrafında müzakirələr canlı və polemik keçib. Professor Kamil Allahyarov çıxışında qeyd edib ki, ədəbi-nəzəri elm sahəsindəki boşluqlara, ağrılı problemlərə cəsarətlə müdaxilə edən prinsipial, ədalətli mövqeyi ilə ədəbiyyatşünaslıq problemlərini ədəbi ictimaiyyətin diqqətinə çatdıran, ədəbi tənqidlə bağlı yazılar müəllifi İradə Musayeva bu gün bu sahədə sanki bizi sıxan bütün yaralara əl basa bilib.

İradə Musayevanın həmkarları-tənqidçi, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Bakı Dövlət Universitetinin dosenti, tənqidçi Məti Osmanoğlu kitabın ümumi məziyyətlərindən, roman janrının nəzəri-estetik problemlərinə həsr edilmiş məqalələrdən, dünya ədəbiyyatının tanınmış simaları haqqında yazılmış yazılardan ətraflı söz açıblar. Daha sonra Bakı Dövlət Universitetinin professoru, Qulu Məhərrəmli,  şair-publisist Fərid Hüseyn, pedaqoji elmlər doktoru Sevda Tağıyeva təqdim olunan kitabın ədəbi cameədə müsbət əks-səda doğurduğunu vurğulayıblar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!