Ağacavad Əlizadənin oğulları Vüqar və Mətin ataları ilə bağlı xatirələrini bölüşürlər - “Ömrümün keçdiyi sahildən uzaqlaşdıqca” - LAYİHƏ

"Ədəbiyyat qəzeti"nin "Ömrümün keçdiyi sahildən uzaqlaşdıqca" layihəsinin budəfəki qonaqları şair Ağacavad Əlizadənin oğulları Vüqar və Mətin ataları ilə bağlı xatirələrini bölüşürlər.

 

- Unudulmaz Ağacavad Əlizadəli - atalı günlərinizə qayıtmaq, onunla bağlı xatirələrinizi bölüşmək istəyirik.

Vüqar: - Atamız haqqında söhbət etmək həm sevindirici, həm kədərli, həm də məsuliyyətlidir. Yaşasaydı, bu il martın 21-də 90 yaşı olacaqdı. Aprelin iyirmi beşində Yazıçılar Birliyinin Natəvan klubunda yubileyi qeyd olunacaq.

- Ata itkisi, sözsüz ki, ağırdır. Necə yaşanır bu ayrılıq?

- Səni dünyaya gətirib, boya-başa çatdıran adamı itirmək hər kəs üçün çətindir. Xalqını çox istədiyi kimi ailəsini də çox istəyirdi. Belə qayğıkeş atanı itirmək, əlbəttə, çox ağırdır.

- Əslən Salyandansınız. Yəqin uşaqlıq, yeniyetməlik illərinizdə doğma yurda çox getmisiniz. O yerlərdə atanızla bağlı hansı xatirələr yaddaşınızda qalıb?

Mətin: - Əlbəttə,  Bakıda yaşasaq da, tez-tez atamızla bərabər doğma rayonumuz Salyana gedirdik. Orada bizimlə rastlaşan hər bir insan onunla çox hörmətlə görüşüb hal-əhval tuturdu. Bu, bizə böyük fərəh gətirirdi.

- Doğma rayondan söz düşmüşkən, mümkünsə atanızla bağlı xatirələrinizin ilk günlərinə qayıdasınız. O vaxtlardan danışasınız ki, siz hələ balaca uşaq idiz. Körpələrin yaddaşı iti olur axı…

Vüqar: - Həmişə Azneftdən taksilərlə Salyana gedəndə Salyanın girəcəyində "ayran"ın yanından keçəndə taksini saxladıb bizə mütləq ayran alırdı. O ayranın dadını hələ də unutmamışıq. Salyanda həmişə əmilərimizgilə gedirdik. Onların uşaqları ilə oynamağa can atırdıq. Uşaqlarla Kürün sahilinə çıxıb gözəl seyrangahı görürdük.

Atamızın beyninə qan sızdığından gözləri zəif görürdü. Bakıda tənha gəzə bilmirdi. Amma Salyanda demək olar ki, köməksiz gəzirdi. Çünki doğma torpağıdır deyə hər eniş-yoxuşun yerini bilirdi. Axşamlar isə hamımız həyətdə oturub çay içəndə onun maraqlı söhbətlərinə qulaq asırdıq.

- Ağacavad müəllimin gənclik, yeniyetməlik illəri müharibə illərinə təsadüf edib. Sizlərə, gələcək nəsillərə o illərdən bəhs etdiklərindən yaddaşlarınızdan daha çox nə qalıb?

Mətin: - Onun 13 yaşı tamam olanda Böyük Vətən müharibəsi başlayıb. Böyük qardaşı Tofiq müharibədə qəhrəmancasına həlak olub. O illərdə ata-anasını itirən atamız özündən kiçik bacı-qardaşlarıyla qalır. Çox çətinliklər çəkir. O illərdə insanların saflığından, bir-birinə kömək etməsindən çox danışırdı. Deyirdi ki, Salyan camaatı, demək olar ki, ac qalmayıb. Kürün qırağında yaşamaqları onlara çox kömək edib. Xoşbəxtlikdən həmin illərdə balıq da bol olub.

- Bəs zaman keçdikcə, yaşınızın üstünə yaş gəldikcə Ağacavad müəllim sizin üçün daha kim oldu, onu əlavə olaraq necə tanıdız?

Vüqar: - İllər keçdikcə həyatı daha dərindən dərk edirsən, yaxşını pisdən ayıra bilirsən. Biz də anladıq ki, bizim fəxr etdiyimiz atamız həm də qayğıkeş insandır. Əvvəllər Beş mərtəbə tərəfdə ümumi dəhlizli, darısqal evdə yaşayırdıq. Evimiz 2 otaqlı olsa da otağın birində ailəmiz, digərində isə tanıdığımız,tanımadığımız adamlar qalırdı. Əlbəttə ki, təmənnasız. Atamız əsasən demək olar ki, bir çox cavan şairlərin əlindən tutub ədəbiyyata gətirib... Atamız bir sıra ədəbi dərnəklərə başçılıq edib. 1960-80-ci illərdə ədəbiyyata gəlmiş İsa İsmayılzadə, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Mövlud Süleymanlı, Mənzər Eynullayeva, Zəlimxan Yaqub, Dilsuz, Vaqif Bəhmənli, Adil Cəmil, Musa Ələkbərli, Qasid Nağıoğlu, Əlisəmid Kür, Fərqanə Mehdiyeva, Sədaqət Kərimova, Rüstəm Behrudi və başqaları həmin dərnəklərin yetirmələridir.

Rayondan şəhərə oxumağa gələnlərə, iş axtaranlara, ehtiyacı olanlara atam həmişə kömək edərdi.

- Ətrafında çox dəyərli, böyük yazarlar olub, onlarla dostluq edib, bəs bədxahları necə, olubmu?

Mətin: - Uzun illər ayrı-ayrı qəzet və jurnallarda baş redaktor, məsul katib vəzifəsində işləyib. Sözsüz ki, bir çox şair və yazıçılarla ünsiyyətdə olub. O vaxt biz uşaq olanda evimizə həmişə şairlər, yazıçılar qonaq gələrdi. Xəlil Rza Ulutürk, Qabil, Əliağa Kürçaylı, Oqtay Rza, Əlibala Hacızadə, Aşıq Pənah, Cabir Novruz, Novruz Gəncəli, Çingiz Əlioğlu, Soltan Abbas, Əhəd Muxtar, Xeyrulla Camal və bir çoxları bizim evin daimi qonaqları idilər. Biz də gözümüzü açandan bu sazlı-sözlü şəraitdə böyümüşük. Hamısına da əmi deyə müraciət etmişik.

Atamızın çox fərqli xasiyyəti var idi. O, şeirləri oxuyarkən onun üçün fərqi yox idi ki, bu şeiri kim yazıb. Düzəliş edir, qıpqırmızı edib qoyurdu. Əlbəttə ki, bu çoxlarının narazılığına səbəb olurdu.

...Bir dəfə tanınmış şairlərimizdən biri, atamızın çox yaxın dostu redaksiyaya şeirlərini gətirib ki, Ağacavad, bir buna bax. O da həmin vaxt armud yeyirmiş. Şair öz şeirlərini oxuyan zaman atamız armuddan yeyərək "yaxşı", "yaxşıdır" deyirmiş. Şair də həvəsə gəlib oxuyurmuş. Şeirlər bitdikdən sonra atamız bildirib ki, çox zəif şeirlərdir. Çapa verə bilmərik. Şair bunu gözləmədiyi üçün deyib ki, necə yəni zəifdir? Bəs səhərdən "yaxşı", "yaxşıdır", "əladır" deyirsən. Atamız da qayıdıb ki, mən şeirlərə yox, armuda "yaxşıdır" deyirdim.

- Bir oğul kimi atanızla bağlı hansı xatirələr var ki, onu hələ də içinizdə saxlamısınız?

Vüqar: - 1990-cı il yanvarın 19-u - biz onda yeniyetmə cavanlar idik- işdən evə qayıtmışdıq. Binanın qabağında səs-küy eşidib aşağı düşdük. Bütün məhlənin kişiləri orada idi. Xüsusi avtobus da var idi. Bizə dedilər ki, tankların qarşısını almağa gedirik. Siz də gəlin. Biz onlara dedik ki, əynimizi dəyişib gəlirik. İkimiz də əynimizi geyinib qapıdan çıxmaq istəyirdik ki, çox gözlənilməz bir mənzərənin şahidi olduq. Atamız bilirdi ki, biz də vətənpərvərik və gedəcəyik. O bilirdi ki, xoşagəlməzliklər ola bilər və bizi heç cür yolumuzdan saxlaya bilməyəcək. Atamız qapının ağzına uzanmışdı. Biz bu vəziyyəti görüb dərhal otağımıza gedib əynimizi dəyişməyə başladıq. Əlbəttə ki, atamızın bu hərəkətindən çox incidik. Axı qonşularımıza söz vermişdik. Bəlkə də atamız bu hərəkəti ilə bizi həyatda saxladı. Əvvəllər hardasa bu hadisəyə görə atamızdan narazı qaldıq. Ta ki özümüz valideyn olana kimi.

- Atanızın sağlığında ona dönük çıxanlar, o, dünyasını dəyişdiyi zaman özlərini necə apardı?

Mətin: - Dönük çıxanları deyə bilmərik.  Çünki demək olar ki, yox idilər. Yaxın dostları isə unutdular. O vaxt beyninə qan sızması nəticəsində onun gözlərində problem yaşandı. Sumqayıtdakı göz xəstəxanasında yerləşdirdik. Dostu, göz həkimi Məhərrəm Novruzovun sayəsində onun sol gözünü bərpa etmək mümkün oldu. Xəstəxanada yazdığı "Yaxşı ki…" adlı şeiri bu suala yaxşı cavabdır.

Seyrəldi yanıma gəlib-gedənlər -

Sağ gözüm ulduztək sönüb batandan.

Sınaq körpüsüymüş demə, çarpayım-

Yaman ayılmışam burda yatandan.

 

Hardadır canıma and içən dostlar,

Hardadır yolumda baş qoyanlarım?

Soyuq sinəsinə ürək yerinə

Bir parça qapqara daş qoyanlarım?!

 

Vəfada, ilqarda öyüb özünü

Yumruqla döşünə döyənlər hanı?

Mənə kəlməbaşı "Ustad!" söyləyib,

"Sənə minnətdarıq!" deyənlər hanı?

- Atanızın adının ətrafında hər hansı bir iş qurmaq, özünü tay-tuş içərisində böyük kimi göstərmək, nüfuz sahibi olmaq kimi sərgiləməyiniz, qürrələnməyiniz olubdurmu heç?

- Hələ uşaqlıqdan biz sadəlik öyrənmişik. Kiminsə yanında lovğalanmaq bizə yaraşmaz. Biz atamızla fəxr edirdik. Amma onun adından heç istifadə etməmişik. Əksinə, yad insanlar ondan çox istifadə ediblər, bizdən fərqli olaraq. Atamızın çox fərqli, qəribə xasiyyəti var idi. Dəfələrlə ona "ata, bizim üçün iş tap, hansına dostunun yanına qoy" desək də, o, "özüm üçün heç kimə ağız açmaram" deyirdi. Amma hansısa dostu ondan övladı üçün nəsə bir xahiş edəndə qabağa düşər və əlbəttə ki, o iş alınardı.

Amma bir dəfə…

1978-ci il idi. Biz 190 nömrəli məktəbdə 6-cı və 8-ci sinifdə oxuyurduq. Atamız bir neçə şair və yazıçılarla məktəbimizin qonağı idi. Buna görə də ikiqat sevinc hissi duyurduq. Öz sinif yoldaşlarımızla oturub atamızın çıxışına qulaq asacaqdıq. Qürur hissi var idi. Yerimizdə qurdalanırdıq və boylanırdıq ki, atamız bizi görsün. Arxada yuxarı sinif şagirdləri oturmuşdu. Onlardan biri bizi çox kobudcasına yerimizə basıb "oturun da" dedi. Çıxış etmək üçün növbə atamıza çatdı. O, hamını salamlayandan sonra dedi ki, uşaqlar, sizin aranızda mənim 2 oğlum-Vüqar və Mətin əyləşib, xahiş edirəm ki, onlar ayağa qalxsınlar. Vüqar qalxdı, mən isə yox. Bir neçə müddət keçdi, Hamı mənim ayağa qalxmağımı gözləyirdi. Mən isə yerimdə oturmuşdum. Hətta məktəbimizin direktoru da "Mətin, oğlum, niyə qalxmırsan?" deyə soruşdu. Yalnız bu zaman dönüb bir neçə dəqiqə bundan əvvəl məni yerimdə oturdan o yekəpərin üzünə baxdım ki, "qalxım, qalxmayım?".

- Atanız sözsüz ki, mövqeyi və ətrafı ilə sizə bir nümunə də ola bilib. Nələri əxz edib, nələri öyrəndiniz, balalarınıza atanızdan öyrəndiklərinizdən nəyi aşıladız?

- Atamız bizə təmiz, alnıaçıq yaşamağı, yaxşı yoldaşlar ilə oturub-durmağı, haramdan uzaq olmağı öyrədib. Biz də öz övladlarımıza həmin tərbiyəni verməyə çalışmışıq.

- Müşahidələriniz sizə nə deyirdi, qonşulara münasibətdə, dostlara münasibətdə sizin illərin o tayında qalan müşahidələriniz bizə nəyi deyə bilər?

- Bizim Şüvəlanda bağımız var idi. Şəhərə elektrik qatarı ilə gedib-gəlirdik. Həmişə o dayanacaqda bağ qonşularımız atamın başına yığışırdı. Atamız onlara maraqlı söhbətlər, əhvalatlar danışırdı. Axşamlar bir-birinə qonaq gedər, bəzən yığışıb futbol, voleybol oynayardıq. Qonşularla həmişə mehriban idik.

- Olubmu ki, hansısa istəyinizin qarşısına sədd çəksin, "olmaz" desin və sizi özündən incik salsın?

- Çox olub. İkimiz də cavan idik. Gələcəyimizi təmin etmək üçün nəsə etmək, kiminləsə birləşib iş qurmaq istəyirdik. Həmişə ilk mane olan atamız olurdu. Bir sözü var idi ,"təmiz yaşayın və ehtiyatlı olun, unutmayın ki, kimin övladısınız. Çalışın mənə söz gəlməsin"…

- Necə düşünürsünüz, atanızın ümidlərini doğrultmusunuzmu?

Vüqar: - Şükür Allaha ki, ikimizin də təmiz, saf ailəmiz var. Saf, halal dolanışığımız var. Atamızın nəsihətlərinə əməl etmişik. Güman edirik ki, atamızın ümidlərini doğrultmuşuq.

- Atanız ailə başçısı kimi necə idi? Kiminsə qəlbinə dəyəsi hərəkətləri olmuşdumu?

- Atamızın üç cür xasiyyəti yadımızda qalıb. Birincisi, vəzifəli, yaxşı vaxtlarında özünü gümrah, zəhmli aparırdı. Kefi kök olanda zarafatcıl, hamıyla şirin-şirin danışırdı. Amma son vaxtlar keçirdiyi xəstəliklərdən sonra özündən asılı olmayaraq, bir çoxlarının qəlbə toxunduğunun şahidi olurduq.

- Atanızın ən çox sevdiyiniz əsəri hansı idi?

Mətin: - Biz onun bütün şeirlərini çox sevirdik. Amma ən çox "Sən yanımda olanda".

Yüz sınaqdan çıxaram -

Sən yanımda olanda!

Dağı belə yıxaram -

Sən yanımda olanda!

 

Şeir nurlu fanaram,

Titrək-titrək yanaram.

Gur məşəltək yanaram -

Sən yanımda olanda!

 

Mənimdir söz meydanı!

Səsim tutar hər yanı,

Səsim tutar cahanı -

Sən yanımda olanda!

 

Şöhrətimdir iş mənim,

Yolum - yüksəliş mənim.

Bata bilməz düşmənim -

Sən yanımda olanda!

 

Yağıdan bac alaram,

Başından tac alaram.

Eşqintək ucalaram -

Sən yanımda olanda!

 

Günəşimdir - ilhamım,

Hər şeirim bir bayramım.

Sönməz şairlik şamım -

Sən yanımda olanda!

 

Sözlü çıraq olaram,

Qaynar bulaq olaram.

Oynar uşaq olaram -

Sən yanımda olanda!

 

Dəniz kimi daşaram,

Sahilləri aşaram.

İki ömür yaşaram -

Sən yanımda olanda!

Söhbətləşdi: Faiq Balabəyli


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!