Əzizim Azər!
"Ədəbiyyat qəzeti"nin saytının təqdimatı münasibətilə başda siz olmaqla bütün kollektivinizi təbrik edirəm. Böyük ədəbi hadisədi. Mərasimə toplaşan qələm dostlarımızın rəylərini qəzetinizdən oxudum, sevindim.
Əlbəttə, hər bir qəzet, jurnal redaktoru istərdi ki, onun haqqında bu səviyyədə, bu miqyasda xoş sözlər deyilsin. Mən də orada olsaydım, belə danışasıydım. Çünki hamımızın ürəyimizdən olan mühüm tədbir idi. Üzürlü səbəbə görə iştirak edə bilmədim. Elə buna görə də məktub yazası oldum. Qəzetinizin ətrafında görkəmli ədəbiyyatşünas alimlərdən - İsa Həbibbəylidən, Qəzənfər Paşayevdən, Nizami Cəfərovdan, Nizaməddin Şəmsizadədən, Rüstəm Kamaldan tutmuş, artıq imzalarına yüksək nüfuz qazanan, geniş mütaliəsi olan əməkdaşlarınıza qədər güclü bir ədəbi mühit formalaşmışdır ki, bunlara da siz rəhbərlik edirsiniz. Bütün bu imzalar çağdaş ədəbiyyatımızın, ədəbi prosesin yaradıcı qüvvələridi. İmamverdi Əbilov ocağının yetirməsi kimi seçilməliydiniz.
Sonralar Caviddən dərs aldınız. Qızı Turan Cavidin "övladı" oldunuz. "Turan" təxəllüsünü də yaşadırsınız. Halalınız olsun. Əli bəy Hüseynzadəyə üz tutdunuz. Gənc şair Faiq İsmayılovla da qardaşlıq etdiniz… Nə zəngin tərcümeyi-hal sahibisiniz, əzizim Azər. Şair Faiq İsmayılovun həyat yoldaşı İlhamə xanımın qəzetdəki qısa çıxışı da mənə olduqca təsir etdi: "Azərin öz kitabının çap olunmaq məqamı yetişəndə o, həmişə Faiqin kitabını qabağa verib. Dostunun kitabını çap etdirib". Sizi Əli bəy Hüseynzadə carçısı kimi də tanıyıram, Azər.
Bu qiymətli mükafatla nə qədər görkəmli qələm sahibi təltif edildi. Burada da özünüzü yox, qələm dostlarınızı qabağa verdiniz. Eşq olsun, oğlum! Hörmətli xalq yazıçımız Anarın Faiq İsmayılovla bağlı həssaslığı da məni təsirləndirdi. "Ədəbiyyat qəzeti"ndə işlədiyim illəri xatırlayanda, ümumiyyətlə, bir rəhbər kimi, mən də bu görkəmli qələm dostumuzun insani keyfiyyətlərini sadalamalı oluram. Qəzetdə həqiqətən heç kəs yaddan çıxmır. İmamverdi ocağının bir istisi, doğmalığı da elə bundadır.
Tanrı siz qardaşları qorusun!
Nəriman Həsənzadə 29.05.2017
Salam, Azər bəy!
Saytınızın qurulması münasibətilə səni canı-könüldən təbrik edirəm. Saytın qurulması ilə bağlı Yazıçılar Birliyində keçirilən tədbirdən hazırlanmış yazını da oxudum. Bütün deyilənlərə ürəkdən qatılıram.
Bu, əzmin zəfəridir! Və bu, yetənəkli insanın arzularıyla imkanları örtüşdüyündə hansı möcüzələrə imza ata biləcəyinin də bir kanıtıdır!
Amma hər yetənəkli insanın da arzularıyla imkanlarının örtüşməsi hardasa şans əsəridir, hər kəsə qismət olmur. Nə mutlu o adama ki, bu şansı zamanında dəyərləndirə bilir. Sən bunu bacardın!
Yeniliyə təşnə olan ölkəmizdə yenilik etmək (həm də yeni açılacaq bir yerdə yox, illərlə bilərəkdən, ya da bilməyərəkdən (səriştəsizlikdən) şablonlanlaşdırılmış bir qəzeti az zaman ərzində ölkənin yeniliklərlə nəfəs alan və hardasa heç kəsin gözləmədiyi bir səviyyəyə qaldırmaq!) elə də asan iş deyil.
Başına gələn başmaqçı olar, "Gənclik"də kimsənin gözləmədiyi eksperimentləri aparmaq necə böyük müqavimətlərlə qarşılaşırdım, mən bilirəm. Amma işin zoru ilk yenilik uğurlarını çevrəndəkilərə isbatlamaqdır, sonrası kəndiliyindən gəlir. Yəni deməyim odur ki, bəlkə şəxsi yaradıcılığına əngəl olsa da (gördüyün işlər də əslində yaradıcılığının ayrılmaz parçasıdır!), gerçəkdən də çox böyük işlərə imza atmısan. Bir daha təbriklər. F.İsmayılovun şeirlərinə gəldikdə... nə yazıq ki, mən "Gənclik"də olanda nə özü şeirlərini təqdim etmişdi, nə də bir başqası onun varlığından söhbət açmışdı. O zaman bütün redaksiyalardan qovulan modernist şairlərin (H.Herisçi, R.Qaraca və b.) şeirlərini ilk dəfə biz çap etmişdik. Şübhəsiz, F.İsmayılovun da şeirlərinə biganə qalmazdıq! Nə isə... yaxşı ki, gec də olsa, onun (özü görməsə də) şeirlərini gün işığına çıxara bildin.
Sayğı və hörmətlə, Məmməd İsmayıl 28 may 2017
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!