Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Hörmətli cənab Prezident!

Seçkilərdə parlaq qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Xalqımızın böyük əksəriyyəti ölkəmizdə hökm sürən siyasi sabitliyə, iqtisadi və mədəni inkişafa, ordumuzun güclənməsinə, sosial rifaha səs verdi.

Gün-gündən müxtəlif təhlükələrlə üzləşən dünyada, yeni şəraitdə ulu öndərimiz Heydər Əliyevin amalına uyğun olaraq Azərbaycanın müstəqil, tarazlaşmış, yaxşı düşünülmüş mövqeyini saxlamağın nə qədər çətin iş olduğunu dərk edirik. Siz bu işi bacarıqla və təmkinlə görürsünüz.

Qədim Bakının yeniləşərək dünyanın ən gözəl şəhərlərindən biri olması, regionların abadlaşdırılması, önəmli beynəlxalq layihələrin həyata keçirilməsi, dövlətimizin yüksək beynəlxalq nüfuzu danılmaz gerçəklikdir.

Qarşımızdakı yeddi ildə də vətənimizin hər sahədə, o cümlədən, mədəniyyət, elm, təhsil, ədəbiyyat və incəsənət sahəsində yeni nailiyyətlər qazanması üçün hər şəraitin yaranacağına əminik. İnanırıq ki, xalqımızın ən ağrılı problemlərindən olan Qarabağ qarşıdurması ədalət və qanun çərçivəsində həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.

Sizə möhkəm can sağlığı, ailə səadəti, ata və baba sevincləri, çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayırıq.

Azərbaycan Yazıçılar  Birliyinin katibliyi

Birliyin Ağsaqqallar şurası

12 aprel 2018


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!