Bir etnosun taleyi - Nizami CƏFƏROV - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

Altay nəzəriyyəsinə görə, türk, monqol və tunqus-mancur xalqları bir mənşədən törəmişlər. Və bu nəzəriyyəyə qarşı çıxanlar son dövrlərdə nə qədər çoxalsalar da,  hələ ki, onun tərəfdarlarının mövqeyi daha əsaslı görünür… Lakin bir həqiqət də var ki, monqollar XIII əsrin  ilk illərindən Temuçinin (Çingiz xanın) başçılığı ilə tarix səhnəsinə çıxıb dünyaya hökm eləməyə başlayanda onların təsəvvüründə etnik baxımdan qohum etnoslarla yad etnoslar arasındakı fərq itir. Və əslində, bu cür "yaddaşsızlıq" VI əsrdən VIII əsrin ortalarına qədər "dünyaya hökm etmiş" Göy türklərdə də olmuşdur. Tunqus-mancurların tarixi isə nə belə bir "yaddaşsızlığı" xatırlayır, nə də dünyaya hökm  etmək barədəki hər hansı iddianı…

Monqolların tarixi taleyi barədə  məlumat verən ən mötəbər mənbə, heç şübhəsiz, "Monqolların gizli tarixi"dir. Lakin məsələnin paradoksallığı burasındadır ki, bu "Tarix"dəki "gizlilik" yalnız monqolların özlərinə aid olub digər heç bir maraqlı tərəf üçün elə bir əhəmiyyət kəsb etmir. İlk növbədə ona görə ki, monqolların  XIII əsrdə dünya  tarixində gördükləri "iş"lərin miqyası hər cür "gizliliy"in fövqündədir… Bununla belə, "Monqolların gizli tarixi" bizə  onların bu müvəffəqiyyətə necə nail olduqları barədə müəyyən "sir"ləri açmaqda xəsislik eləmir. Və əsas "sirr" də ondan ibarətdir ki, monqolların o qədər də az sürməyən bir dövrdəki hakimiyyətinin özülündə monqol etnosunun deyil, Temuçinin - Çingiz xanın iradəsi dayanır… Bütün ətrafdakı insanları, ailələri, tayfaları, xalqları  öz iradəsinə tabe edən bu möhtəşəm lider öz idarəçilik texnologiyaları etibarilə yenə də bir ailə başçısı olaraq qalır.

"Monqolların gizli tarixi"ndə deyilir:

"Çingiz xan hakimiyyəti altındakı xalqları öz anası, oğulları və qardaşları arasında bölüşdürəcəyini bildirdi…"

Əlbəttə, dünya (cəmiyyət) nə qədər müxtəlif xalqlara bölünsə də, prinsip etibarilə, ailələrdən ibarətdir. Və Çingiz xanın bu "ailə idarəçiliy"i texnologiyası XIII əsrin "çöl hakimiyyəti" təcrübəsində  kifayət qədər sınanılmış bir metod idi. Çünki ən böyük münaqişələr də, həmin münaqişələri aradan qaldırmaq üçün ən əsaslı səbəblər də ailə münasibətləri zəminində ola bilərdi.

Və Çingiz xan dediyi (əslində, deyilməsi vacib olan!) kimi də edir. Lakin səbirlə,  təmkinlə, tədbirlə…

"…Böyük oğluna dönərək: "Çüçi, sən oğullarımın ən böyüyüsən, nə deyirsən?" - deyə soruşdu. Çüçi daha sözə başlamadan Çağatay ortaya atılaraq "Çüçiya söz verməklə yoxsa onu özünə xələf edəcəyinimi söyləmək istəyirsən?.." dedi… Belə olunca Çüçi yerindən fırlayaraq Çağatayın yaxasına yapışdı…" Çingiz xan  qovğanı sona qədər müşahidə edəndən sonra  deyir:

Hər işi bir yerdə görmək nə gözəl,

Yer üzü çox geniş, çox intəhasız.

Dərəsi, suları, otlaqları var...

Hər cür idarəni verirəm sizə;

Elə iş tutun ki, zəbt olan xalqlar

Qıraqdan baxaraq gülməsin bizə.

…Və məsləhət belə olur ki, Çingiz xanın yerini qardaşlarından ən təmkinlisi  Ögedey tutsun. Ögedey özündən böyük iki qardaşından - Çüçi ilə Çağadaydan fərqli olaraq qələbələrlə dolu bu günü yox, gələcəyi  fikirləşərək deyir:

Xandan gələn əmrə etiraz olmaz,

Mənim nə haqqım var söz söyləməyə.

Əmrə müntəzirəm, yetdikcə gücüm

Əməl edəcəyəm xaqan deyənə.

Ancaq qorxuram ki, sonrakı nəsil

Bir az əfəl ola, bir az da səfil...

Çingiz xan, nəhayət, oğullarından ən kiçiyinin - Tolyun rəyini də öyrəndikdən sonra ümumi razılıqla rəsmi xələflik Ögedeyə verilir. Dahi ailə  (və dövlət) başçısının son sözü bu olur ki:

- Ögedeyin nəsli olarsa əfəl,

Ot içində inəyə,

Yağ içində köpəyə

Olmazsa bir faydası,

Başqa övladlarımdan

Doğulmazmı başqası?..

"Monqolların gizli tarixi" məlumat verir ki, Çingiz xan 1227- ci ildə "Tanrıya (səmaya) yüksəldi". Və elə həmin il böyük oğlu Çüçi də bu dünyanı  tərk elədi.

"Siçan ilində (1228) Çagaday ilə  Batu (Çüçinin oğlu - N.C.) başlarında  olduğu halda sağ cinahın şahzadələri, Otçigin noyan, Yegü və Yesünge  başlarında olduğu halda sol cinahın şahzadələri - şahzadələr, kürəkənlər, tümən komandanları və minbaşılar hamısı bir araya  gələrək Kelürən (çayındakı) Kodegü  adasında qurultay üçün toplandılar və  Çingiz kağanın əmrinə uyğun olaraq Ögedey kağanı "xan" seçdilər. Çağaday kiçik qardaşı Ögedey kağanı özü taxtda oturtdu".

Cənub-Qərbdə Bağdadı, Şimal-Qərbdə Kievi zəbt edən monqol sərkərdələri arasında münaqişələr başladı… Əslində,  bu cür münaqişələr Çingiz xanın  sağlığında da mövcud idi, lakin həm hakimiyyət  coğrafiyasının məhdudluğu, həm də "böyük xan"ın iradəsi imkan verirdi ki, hər cür daxili münaqişə ən yaxın adamın belə "cəzalandırılması" ilə dərhal yatırılsın. İndi isə rabitə sisteminin kifayət qədər operativ işləməsinə baxmayaraq, "imperiya"nın hüdudları hər hansı strateji problemi yerindəcə həll  etmək üçün çox geniş idi… Məsələn, Batu Ögedey kağana belə bir məktub yollayır:

"Tanrıdan aldığımız qüvvət və kağanımızın həşəməti ilə Meget şəhərini dağıtdıq, orus (rus) xalqını əsir və kölə etdik. Biz on bir dövləti və bu qədər də xalqı özümüzə tabe qıldıq və  altın yüyənləri əlimizə keçirdik. Bunə görə evə dönmək münasibətilə bir vida ziyafəti tərtib etmiş və böyük bir çadır qurduraraq bir araya toplanmışdıq. Digər komandanlardan daha yaşlı olmam dolayısıyla hər kəsdən əvvəl bir-iki qədəh içmişdim. Bu vəziyyət  qarşılığında Büri ilə Güyük məclisi tərk edərək atlara minib uzaqlaşdılar. Onlar gedərkən Büri "Batu bizimlə eyni dərəcədən olduğu halda necə olur da bizdən öncə  içir?.. Saqqalı qadınlara bənzəyir, onu ayaqla tərpətməli, dabanla tapdamalı!" - deyirdi. Güyük "silah daşıyan bu qadınların köksünə odun parçası atmalı!" - deyirdi…

Yabançı və düşmən xalqlar arasına göndərilmiş ikən və durumumuz da mübhəm olduğu halda Büri ilə Güyük belə  sözlər söyləyərək bizi tərk etdilər. İndi vəziyyəti xanın tədqiqinə ərz edirəm".

Nəzərə alsaq ki, Batu - Çüçinin, Büri - Çağatayın, Güyük isə Batunun məktub göndərdiyi Ögedey kağanın oğludur (yəni hər üçü əmiuşağıdır), onda təsəvvür etmək çətin deyil ki,  ali hakimiyyət və ya komandanlıqda nələr baş verir. Və onu da təsəvvür etmək lazım gəlir ki, bu cür əsassız münaqişələr monqolların dünyaya hökm etmək  iddiasına tezliklə son qoymalı idi.

VI əsrin ortalarında tarix səhnəsinə çıxan Göy türklərin tədricən böyük siyasi qüvvəyə (hunlardan gələn ənənə ilə!) çevrilməsində monqollarla tunqus-mancurların "köməy"i olduğu kimi, monqolların fütuhatında da türklərin tunqus- mancurların rolu danılmazdır. Və ona görə də "Monqolların gizli tarixi"ni almancaya çevirən Erix Haniş, bu sahə üzrə mütəxəssis Əhməd Temirin fikrincə, monqol tayfalarının siyahısını verərkən fərqinə varmadan türklərlə tunqus-mancurları da buraya daxil edir… Ən əsası isə odur ki, monqollar XIII əsrin sonlarına doğru öz tarixi funksiyalarını (və "tatar" başda olmaqla bir sıra tarixi adlarını) türklərə, xüsusilə qıpçaq türklərinə verməklə missiyalarını bitirmiş oldular… Və həmin missiyanı Əmir Teymurun başçılığı ilə türklər yenidən davam etdirməyə  başladılar…

Fakt isə faktlığında qalır ki, monqollar qısa bir dövr ərzində dünyaya meydan oxudular… Və arxalarına baxmadan çıxıb getdilər…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!