Bəlkə də imzası uydurma idi, amma yazarlar arasında "gerçək" Samuel Lenqhorn Klemens qədər səmimi ikinci bir imzaya rast gəlmək çətindir. "Mark Tven" sadəcə, Klemensin çoxsaylı təxəllüslərindən biridir. O, eyni zamanda Tomas Cefferson Snodqrass, Avara, Coş, Çavuş Fatom və U.Epami-nondas Adrastus Blab imzaları ilə də çap olunurdu. Lakin onun ən məşhur təxəllüsü naviqasiya sahəsindən gəlmiş və "iki dəniz ölçüsündən" götürülmüşdü - çay gəmilərinin hərəkət etməsi üçün lazım olan minimal dərinlik. O, bu təxəllüsü hələ gəncliyində, Missisipi ilə üzərkən, gəmidə işləyəndə götürmüşdü.
Amerikalıların əksəriyyəti Tveni onun doğma ştatı olmağına baxmayaraq, nifrət etdiyi Missuri ilə bağlayırlar. "Əgər, siz bizim ştatda dünyaya gəlmisinzsə, onun adına "Missura-a" deyin, - Tven bir dəfə belə demişdi. - Yox, əgər bizim ştatda doğulmamısınızsa, o zaman "Missuru-i" deyə bilərsiniz. Amma əgər bizim ştatda doğulmusunuzsa, ömrünüz boyu burada yaşamağa məhkum olduğunuz üçün ona "balaca" deyin". O, bu "balaca"dan, daha doğrusu, kasıblıqdan bezdi və on səkkiz yaşı olanda ata evini tərk edərək, bir daha ora qayıtmadı.
Bir gün kapitan olmaq ümidi ilə çay gəmisində işə düzəldi, çünki o vaxtlar bu iş ölkədə sayca üçüncü gəlirli vəzifə hesab olunurdu. Daha sonra kiçik qardaşı Henrini də özünə qoşdu. 1858-ci ilin mayında Tven yuxuda qardaşını dəmir tabutda gördü. Bir ay sonra onun yuxusu çin çıxdı: Henri paraxodda baş verən partlayış nəticəsində həlak oldu. Bu hadisə və öncəgörən yuxular Tveni ömrünün sonuna qədər təqib etdi.
Vətəndaş müharibəsi illəri dövründə Tven bir müddət cənubluların qeyri-nizami xalq ordusunda xidmət etdi, amma o, özünü əsgər kimi təsəvvür edə bilmirdi. Bir neçə gün piyada hərəkət edərək, Amerikanın cənubuna, San-Fransiskoya gedib çıxdı və orada jurnalistliyə başladı. Ədəbi şöhrətin ləzzətini ilk dəfə 1865-ci ildə "Kalaversalı məşhur hoppanan qurbağa" hekayəsi çap olunanda duydu. Bir qədər sonra yol qeydlərindən ibarət çap olunan iki - "Xaricdəki sadəlövhlər" və "Çətindir" kitabları onun şöhrətini daha da artırdı.
Bir qədər əvvəl qazandığı şöhrəti daha da möhkəmlətmək üçün Tven silsilə mühazirələr demək məqsədilə səyahətə çıxdı. Bir çoxları onu tarixdə danışıq janrında fəaliyyət göstərən ilk artist hesab edirlər. Elə bu keyfiyyəti bəs edirdi ki, missurili sarkazm ustası Amerika mədəniyyət tarixində özünə layiqli yer tuta bilsin. Lakin o, nail olduğu uğurlarla kifayətlənmədi və roman yazdı. Bir çox tənqidçilərin fikrinə görə onun yazdığı romanlar müasir ABŞ ədəbiyyatının yaranmasına böyük təkan verib.
1885-ci ildə çap olunan "Qeklberri Finnin macəraları" birmənalı qarşılanmadı. Luiza Mey Olkott kitabı ikrahla kənara qoyaraq müəllifə: "Əgər siz yeniyetmələr üçün "Qeklberri Finndən" maraqlı bir şey yaza bilmirsinizsə, məndən sizə məsləhət, yaxşı olar ki, heç nə yazmayasınız", - dedi. Qadın bununla kifayətlənmədi, Massaçusets ştatında Tvenin kitablarının satışına qadağa qoydurdu. Qeyd etmək lazımdır ki, bu, hələlik Qek Finin tarixində ilk təqiblər idi, əsər sonralar da öz kobudluğu və zənciləri təsvir etdiyi üçün irqçiliyinə görə hiddət doğurmuşdu. Lakin Olkottun yaratdığı şirkət ağıla gəlməyən uğura imza atdı: kitabların satışı qısa zaman ərzində üç yüz faiz çoxaldı, Tven isə böyük və əbədi uğur qazandı.
Ömrünün sonrakı iki onilliyi ərzində Tven şöhrətini bütün dünyaya yaydı. O, oxucular qarşısında çıxış etməklə xeyli sərvət topladı, lakin varidatının bir hissəsini uğursuz kapital qoyuluşları üzündən (Məsələn, "Tven yataq sancaqları" kimi bir şey icad etmişdi, son dərəcə qeyri-praktik bir şey idi, guya körpələrin adyalda qurdalanmağının qarşısını alırdı. Çox güman ki, bu, geniş alıcı kütləsi üçün istehsal olunan ən axmaq tapıntılardan biri olub) itirdi. 1895-ci ildə Tven müflis olduğunu elan etdi, lakin bir qədər sonra işləri yoluna düşdü. 1904-cü ildə yazıçı həyatının ən ağır zərbəsini aldı - sevimli həyat yoldaşı Livi dünyasını dəyişdi.
Markın remarkası
Tven incəsənəti "yaramaz mövzularda çərənləmək" həddinə gətirib çıxartmışdı və bu, o vaxtlar idi ki, indi apardığı verilişlərdə ağızlarına gələni danışan tele-aparıcıların hələ izi-tozu da yox idi. Adətən, nahardan sonra kiçik cəmiyyətlərdə çıxış edir, mühazirələr deyir, yataq məsələləri, məhrəm şeylər barədə ağlına gələni çərənləyirdi. Bəzən onun intim məsələlərlə bağlı danışdıqları iyrənc həddə çatırdı.
Patentləşdirilmiş vasitələr
Tven müxtəlif qurğu və mexanizmlərin aşiqi idi, bəzən belə şeyləri ya özü düzəldər, ya da alardı. Yazıçı serb əsilli amerikalı mühəndis Nikolay Tesla ilə dostluq edirdi. Müasirləri Teslanı ciddi qəbul etmir, onu "başdanxarab alim" adlandırırdılar.
Bu iki dost tez-tez laboratoriyada görüşür, söhbət edir, bir çox elmi ideyaları praktik şəkildə sınaqdan keçirirdilər.
Tven üç ixtirasını patentləşdirmişdi: özü tənzimlənən çiyinbağı, yapışqanlı albom və yaddaş inkişafına təsir edən tarixi oyun. Bir sözlə, tənqidçilərdən birinin təbirincə desək, "bu oyun vergi deklarasiyası və loqarifm cədvəli kimi bir şey olub". Bu üç ixtiradan yalnız biri - yapışqanlı albom yazıçıya az-çox xeyir gətirib.
Tven makinada yazan müəlliflərin pioneri olub. Hələ 1874-cü ildə o, qeyri-adi bir qurğudan istifadə edərək ən primitiv yazı makinası düzəldib və əsərlərini nəşriyyata yazı makinasından çıxmış şəkildə təqdim edən ilk yazıçılardan biri olub.
Ulduzlar toqquşanda
1874-cü ildə Konnektikut ştatının Hartford şəhərinə köçən Tven başqa bir ədəbiyyat ulduzunun - "Tom dayının daxması" əsərinin müəllifi Harriet Biçer-Stonun qonşuluqda yaşadığından xəbər tutur. Hansı ki, Abraam Linkoln həmin yazıçı qadını Vətəndaş müharibəsini qızışdıran adlandırmışdı. O vaxtlar Tven hələ şöhrət mərtəbəsinə yüksəlməmişdi, amma Biçer-Stou Amerikanın ən tanınmış və cazibədar xanımlarından biri hesab olunurdu. Lakin Tven daha dəbdəbəli malikanə sahibi idi. On doqquz otaqdan ibarət, qotik memarlıq üslubunda olan imarəti hər kəsin həsəd apardığı ev sayılırdı. Tven maliyyə çətinlikləri ilə üzləşib Avropaya köçmək məcburiyyətində qalanda 1891-ci ildə həmin malikanəni satdı.
Ah, bu yaramaz uşaqlar...
Pişikləri çox sevın Tvenin uşaqları görməyə gözü yox idi. Hər halda bunu özü etiraf edirdi. Qohumlarından biri təzə doğulan körpəsini oynadarkən: "Cənab Klemens, məgər siz uşaqları xoşlamırsınız?" - deyib, xəbər almışdı. "Yox, mənim onlardan zəhləm gedir", - yazıçı cavab vermişdi.
Tvenin dietası
Tven ac qalmağın xeyirli olduğuna çox inanırdı. Elə ki, bir qədər soyuqlayır, ya da hərarəti artırdı, o zaman özünü 2-3 gün ac qalmağa məcbur edir və deyirdi ki, bununla xəstəliyə güc gələ bilir. "Bəzən aclıq xəstəyə dərmandan yaxşı kömək edir".
Axan ulduzlar
Çox vaxt verdiyi maliyyə proqnozları özünü doğrultmasa da, Tvenin öz ölümü ilə bağlı verdiyi proqnoz əsl Nostradamussayağı olmuşdu. Yazıçı 1835-ci ilin noyabrında dünyaya gəlmişdi və o vaxt Qaliley kometası Yerə yaxınlaşmışdı. Tven demişdi ki, o, öləndə də kometa geri qayıdacaq. "Mən Qaliley kometası ilə eyni vaxtda dünyaya gəlmişəm, - yazıçı 1909-cu ildə demişdi. - Gələn il o yenə peyda olacaq və mən onunla bir yerdə dünyadan gedəcəyəm". Bəli, kometa 1910-cu ildə səmada növbəti dəfə göründü və ertəsi gün Tven dünyasını dəyişdi.
Tərcümə etdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!