"Zamanı yaşamaqmı? Xeyr, qürbətdə zaman yaşanmaz; onu milyonlarca lifdən hörülmüş qalın bir xalat kimi boynunuzda daşıyarsınız: Yaşamaq deyil, daşımaq..."
Bu ilin may ayında Şimali Kipr Lefke universitetinin professoru Saadeddin Yıldız hoca ilə tanışlığımızın 22 ili tamam olur. 22 il demək dilə asan gəlir…
Qəzavü-qədər deyilən gücün məşum rüzgarları məni vətən dediyim doğma torpaqlardan adını eşidib üzünü-özünü görmədiyim (qürbət olsa da), qürbət deməyə dilimin gəlmədiyi bir məkana - Dardanel boğazının sahilində qərar tutan dünya türklüyünün ən ağır sınaqlardan keçdiyi şəhidlər diyarı Çanaqqalaya atacaqdı. Və bu atış bir möcüzə əsəri idi, hələ Türkiyəyə gəlməyin haradasa mümkünsüz olduğu sovet illərində şüuraltı bir fəhmlə yazdığım şeirdə belə misralar vardı:
İki sahil yaxasıyam,
Həsrət-həsrət baxasıyam.
Mən Dardanel boğazıyam,
Hamı məndən keçib gedər...
Niyə Bosfor, Bereng deyil, Dardanel yazmalıydım axı?! Bu Dardanel sözünü məni yazdırmağa məcbur edən hansı qüvvə idi? O qüvvənin həyati planı ilə aradan yeddi il keçdikdən sonra Türkiyənin başqa bir yerinə yox, bir zaman qəlbimə damızdırılan Dardanel boğazının sahilində qərar tutan Çanaqqala 18 Mart Universitetində uzman kimi çalışmağa gedəcəkdim.Üniversitet, uzman kadrosu və əli hər yerdən üzülmüş bir insan oğlu, yəni mən! Əlbəttə, vətənimdə iki il yarım işsiz qaldıqdan sonra bir təsadüf (təsadüfmü?) nəticəsində Türkiyədə işə düzəlməyimə sevinəcəkdim.Amma bu işin alışıq olmadığım universitetdə yox, qəzetdə, jurnalda, nəşriyyatda, radioda, televiziyada olmasını daha çox istərdim. Çünki jurnalda, televiziyada, nəşriyyatda iş təcrübəm vardı, üstəlik bunların hamısından da əvvəl şairliyim vardı. Çox sonralar biləcəkdim ki, uzman ştatı universitetdə ən aşağı vəzifədir, uzmanlara da hardasa vəzifəsinə uyğun gözlə baxırlar… Amma bu da vardı ki, Çanaqqalaya - universitetə özümdən öncə sözüm gəlmişdi. Beləcə tanış olacaqlarım özümdən əvvəl sözümlə tanış olmuşdular və beləcə ilk tanışlıqlara Bakıdan gətirdiyim ədəbi təcrübənin verdiyi arxayınlıqlarla başlayacaqdım. Elə bu tanış olduqları sözümə görə də məni gözlədiklərimdən daha yaxşı qarşılayacaqdılar.Yəni alındığım uzman ştatım bu tanışlıqlara əsla əngəl olmayacaqdı. İndi ayrıca bir üniversitet şəhərinə çevrilən Çanaqqala 18 Mart Universiteti mənim işə başladığım dönəmlərdə bir zamanlar texnikum olmuş köhnə bir binada yerləşirdi… Bəxtimin kəsməyini ondan biləcəkdim ki, hansı xoş təsadüfə görəsə (bəlkə elə mənim taleyimin əlləri) kafedramızda çalışan müəllimlərin hamısı türkçü idi. İlk gün Vahit Türk, Saadeddin Yıldız, Bünyamin Hami Tonqa ilə tanış olacaqdım. Sonralar bizim kafedraya yeni-yeni müəllimlər gələcəkdi, amma mənimçün yuxarıda adlarını çəkdiyim adamlar əsl dost olaraq qalacaq, çətin günlərimdə tale qardaşlarım kimi davranacaqlardı. Bunu vurğulamaq yerinə düşər ki, adlarını çəkdiyim müəllim yoldaşlarım olmasaydı, yəqin ki, qardaş qürbəti olsa da, bu hicrət illəri mənimçün çəkilməz olardı. Brodski demişkən, qürbətə düşən yaradıcı adamın həyatının janrını sorsanız, tragi-komediyadır deyə bilərik. Vətəndə min kişidən biri olan yaradıcı adam qürbətdə milyonlardan birinə çevrilir. Nə olur-olsun, qürbət vətənə çevrilməz, qürbətin bircə adı var, o da qürbətdir!
...Hələ bir kimsənin yoxdu xəbəri
Səni bu yerlərə səsləyən nədir.
Bəlkə də kim bilir qürbət elləri
Qərib məzarların həsrətindədir.
Gəlir damağına ölümün dadı
Güllə açılacaq, tiyə çıxacaq.
O yerlər dirinə sahib durmadı,
Gəlib ölünəmi yiyə çıxacaq.
Qərib gecələrin yuxusu sərvaxt ,
Qürbət gündüzlərə zülüm dolanır.
Anan dolanardı başına bir vaxt,
İndi ətrafına ölüm dolanır...
Bircə Ana - vətənmiş
Yerdə qalanı, qürbət...
İlk öncə Saaddədin Yıldız hoca bizdən ayrılacaqdı, sonra Vahit Türk, ən sonda isə Bünyamin Tonqa… Amma bu ayrılıqlar dostluğumuza əsla əngəl olmayacaqdı. İndi Vahid hoca İstanbulda, Saaddedin hoca Şimali Kiprdə, Bünyamin Hami Tonga isə Çanaqqalada fəaliyyət göstərməkdədirlər. Hər üçü də sözün tam anlamıyla ədəbiyyat bilicisi, söz vurğunlarıdır. Onlarla tanışlığımı mən taleyin cilvəsi və mənə öncədən hazırlamış olduğu sürprizi kimi qəbul edirəm. Bu yazının yazılmasına əsas səbəb, şübhəsiz ki, Saaddədin hocadır. Dədələri Şimali Qafqazdan Türkiyənin Sivas bölgəsinə XIX yüzilin sonlarında köç etmişlər, qafqazlı olmaq düşüncəsi qan yaddaşlarında hələ də davam etməkdədir. Saadeddin hocayla söhbətlərimizdə bunu aydınca hiss edərdim. Onunla dəfələrlə yol yoldaşı olduq, konfranslara bir yerdə getdik. Azərbaycan ədəbiyyatını, folklorumuzu mükəmməl bilən Saadəddin bəy əsl şeir sevdalısı idi. Yüksək lisans və doktora öyrəncilərinə elmi iş kimi bizim şair və yazarlarımızın əsərlərini verdiyinin dəfələrlə şahidi oldum. Eskişəhirdə Osman Qazi Universitetində işlədiyi zamanlarda mənim Türkiyədə çap olunan "Bu qan yerdə qalan deyil" kitabım haqqında mükəmməl bir yüksək lisans tezi hazırlatmışdı...
Yazımı uzatmadan deyim ki, keçən il Artvin şəhərinə şeir festivalına yola düşdüyüm günlərdə Saadəddin hocanın mənə avtoqraf yazıb göndərdiyi kitabını alacaqdım. Çıxdığım səfərdə "Həsrət damlaları" kitabı ilə Saadəddin hoca da mənə yol yoldaşlığı edəcəkdi. Saadəddin bəyin əvvəllər də yazılarını oxumuşdum. Xüsusilə Türkiyədə "bayraq şairi" kimi tanınan Arif Nihat Asyanın həyatına və əsərlərinə aid elmi kitabları mükəmməlliyi ilə məni heyrətləndirmişdi. Amma "Həsrət damlaları" kitabı bir başqaydı. Bəlkə də kitabda talelərimiz arasındakı bənzərliklərə aid yazıların çox olması məni bu qənaətə gətirmişdi, demək çətindi. Saadəddin hoca da mənim kimi qürbət həyatı yaşamağa məcbur olanlardandır. Yox, yanlış dedim, onun qürbəti mənimki kimi qürbət deyildi, iki, üç illiyinə Qazaxıstanın Türkistan Universitetinə müəllim kimi işləməyə getmək və geri dönmək 22 illik qürbət çiləsinə bənzəməzdi. Amma gizləmirəm, Saadəddin bəyin kitabını oxuduqca bir az qısqandım da. Hoca sanki hardasa fikirlərimi beynimdən oxumuş və qabağa düşüb yazmaq istədiklərimi məndən əvvəl yazmışdı. Sonralar telefon görüşməmizdə özünə beləcə də söyləyəcəkdim.
Hansı yazıçı yazacağı əsərin hansı ədəbi cərəyana aid olacağını əvvəlcədən fikirləşir ki?! Uşaq dünyaya özü gəlir, adı isə doğuşdan sonra alır. İzmlər də belədir. Beləcə, mən də Saadəddin hocanın bu qürbət notlarına ad verməkdə çətinlik çəkdim. Belə yazılara bizdə mənsur şeir deyirlər, amma Saadəddin hocanın yazıları fikrimizcə, şeirlə nəsrin arasında bir yerdə janrının bəlirlənməsinə ehtiyac qalmayan könül çırpıntıları və həsrət damlalarıdır. Mən bu janrı qarışıq olan yazıları böyük məmnuniyyətlə "Ədəbiyyat qəzeti"nin hörmətli oxucularına, həm də hardasa öz yazılarım kimi təqdim etmək istədim. Şeir yaza bilməyənlərin adından yazılmış şeirlər olduğu kimi, nəsr də olmalıdır. Bu yazılar qürbətin anatomiyasını elə böyük bir can yanğısı ilə açır ki, təkrara ehtiyac qalmır. Qürbətə düşənlər nə çəkir sualına cavab almaq istəyirsiniz, o zaman Saadəddin bəyin dilimizə uyğunlaşdırdığım bu kiçik hekayələrini oxuyun, o zaman yalnızca müəllifin deyil, mənim də qürbətdə nələr yaşadığımın şahidi olacaqsınız.
İşdi yalan söyləsəm
Çıxart yalanı, qürbət...
Bircə Ana - vətənmiş
Yerdə qalanı, qürbət...
Çanaqqala-Türkiyə
Mart-2018
Saadeddin Yıldız
Həsrət damlaları
Mən, hər zaman dostlarımla yaşadım. Uzaqda olmaları da, uzaqlara məhkum qalmam da önəmli olmadı heç vaxt. Dost, məsafələri aşaraq gəlir; atdığı hər addımda "dooost!" deyərək gedər gedəcəyi yerə. Könlü heç zaman rahat olmadan, gözü heç zaman qurumadan sürən bir yolçuluq...
Könlüm rahatlanmasın, gözümün bulağı qurumasın deyə, irmaqlar kimi axmaq istədim: Çay, torpağa can verən buludu da, ilk suyunun süzüldüyü yeri, altından qaynadığı qayanı, onu yaz-qış bəsləyən bulaqları və keçdiyi dərələri də unutmaz. Bulud dostdur, qaya, çay və dərə dost... Su belə, okeana qədər uzanacağı halda ilk yumağını sarıdığı yeri unutmur; bulud olub təkrar dönür ilk süzüldüyü dağların zirvəsinə... Mən necə unudaram!..
İrmağın önünə dağlar dikilər; amma o, qıvrılıb yol bulub, axar. Bu gün deyilsə sabah, sabah deyilsə o biri gün aşar əngəlləri və varacağı yerə varar. Barajlarda bağlanmış, göllərdə durdurulmuş, okeanlara qarışıb qeybolmuş zənn edilən irmaqlar, biz fərqində olmasaq belə, bir yağmur buludunun qanadlarında öz torpaqlarına dönər və eyni macəranı yenidən yaşar. İrmaq, hər dəfəsində yenidən başlayacaq qədər səbirli və əzimlidir. Aşıq Veysəlin dediyi kimi, "Pavlikəyə tutulsa da", tarla-tarla dolaşıb buğda başaqlarında südə dönsə də, mənzilindən sapmaz. Su, onu yenidən qaynağına qaytaracaq olan dosta qaçar hey; mən necə duraram!..
Su, önünə çıxan əngəllərə məğlub olsaydı, onun suladığı milyonlarca çiçək solar, milyonlarca ağac quruyardı. Çiçəklərin qoxuları unudular, ağacların kölgələri yox olardı. Çiçəklər solmamış, ağaclar qurumamış və dünya rayihəsiz qalmamışdır; çünki su, yavaşısa da durmamış; yüyürüb dostlarının ürəklərini sərinlətmişdir...
Könül də su kimi axar dosta doğru: hər cür əngəlləri aşaraq.. önünə əngəllər çıxarıldıqca yeni bir yol taparaq...
Araya Toroslar girdi. Türkiyəmi bir ucdan bir uca əyilə-bükülə keçən bu dağ zənciri, Ağsuyu, Göysuyu, Pozantıyı sırtından aşağılara doğru daşıra-daşıra yüksələrkən dostları əngəlləməyə qalxmış kimidir. İçimizdə gizlicə titrəşib duran sazın nəğmələri nə zəncir dinlər, nə kəmənd, nə kələpçə!...
Mən - indi igidləri doğranmasın deyə atını "Ölüm çarxı"nın üstünə sürüb paramparça olan bir böyük şəhidin, Canpolat bəyin ruhunun dolaşdığı diyarda, göyüzünü arşınlayıb qardaşlarımı qurtarmağa qoşarkən qanadsız qalan igidimin qurda-quşa yem olduğu diyarda, Kamalın yaza-yaza əridiyi, yaza-yaza böyüdüyü diyardayam. Daha iyirmi yaşında vətəninin torpağına qarışan şeir fidanının - Süleyman Uluçamgilin doyamadığı diyarda... Bir onlara can atır ürəyim; bir yuvalarında eləcə buraxdığım dostlarımın iqliminə...
Sular! Okeandan dönüb Porsuq sahillərinə zərrələnərkən mənə uğrayın: Sizə qarışıb buludlanacaq həsrət damlalarım var. Oraya göndərəcək salamlarım və saçılıb sərpiləcək çiçəklərim var...
Qürbətdə zaman
- Sivasda durnalar, hər biri bir uzaq dağın ardına səpilmiş sevgililərin ürəklərini oynadan qərib, içdən, əsrarlı və məzlum fəryadlarla, qatar-qatar, boyunlarını görünən bir təslimiyətlə üfüqlərə uzadaraq uçub gedərkən, qürbət duyğusunu incə-incə səpərlərdi ürəklərə. Sivasda hər ürək bu üzdən yanıqdır. Bu yazını, o fəryadlarla könlü burxulanlara ithaf edirəm.
Qürbət, zamanın o biri üzünün aydınlandığı yer: Sözlüklər nə deyirsə-desin, zamanın əsl tərifini qürbətin lüğətindən oxumaq lazımdır...
Şair, "Yəkparə bir anda gün, saat, mevsim..." demiş. Qürbətdə "an"ın özü yəkparə; ona saat da nüfuz edə bilməz, gün və mövsüm də. Bir nəfəslik bildiyimiz an belə uzun, əngin və dərin...
Qürbətdə zaman aylara, gün, saat və dəqiqələrə ayrılmaqdadır: Onları bir-birinə yapıştırmaq, qarışdırıb birləşdirmək; "köpük-köpük, duman-duman əritmək" mümkünmü?! Siqaret tüstülərindən qurduğumuz həddəxanədə dəmirdən daha güclü, poladlaşmış zaman necə ərisin? An ərisə, gün əriməz; gün çürüsə, ay dipdiri...
Bəli, qürbətdə zaman, hər biri tək-tək ölçülüb çəkilə bilən bir çox "saat"dan hörülmüş bir qəfəs... Poladdan bir qartalın qanadlarında göyləri yırtaraq, buludları dələrək, ulduzlara toxunaraq Xəzərdən o yana uçmadan öncə varlığı belə hiss edilməyən yarım saatları, hətta dəqiqələri daha uzanmış, daha ağırlaşmış olaraq yaşamaq... qürbətin cilvəsi... Sərt və dolaşıq yalmanından asılı qaldığımız bir dev dişisi... qürbət! Qəm tanımamış bir Qazax ilxısı...
Zamanı yaşamaqmı? Xeyr, qürbətdə zaman yaşanmaz; onu milyonlarca lifdən hörülmüş qalın bir xalat kimi boynunuzda daşıyarsınız: Yaşamaq deyil, daşımaq...
Qürbətdə zaman, Sivasın soyuq qışlarında sisin ağır və bunaldıcı bir ədayla qarşı yamaclarda sürüməsi kimi, donuq, qayğısız sürüb gedir... əllə tutulur bir kütlə halında... Ayları gün, günləri saat axışında yaşayıb dönmək üçün çırpınan ürək, axmağı unutmuş bu sıxıntı kütlənin altında günləri ay uzunluğunda yaşamanın zəhərdən iynələriylə yaralanır... çarəsiz...
Nəğmələr, hələ türkülər, qürbəti əsrarlı bir buxar kimi xəyalxanəmizdə tutuşdururdular: Xəyalla gerçəyi ayırmaq üçün, yüzlərcə min metrəni geridə buraxıb uzaqlara uçmaq gərək. Qürbət, qara daşdan hörülmüş zaman divarına çarpmaq və xəyalları bir çilçıraq misalı darmadağın yerlərə saçıb qatı gerçəyə oyanmaqdır. Orada sızıltı yavaşdan və incədən başlar; içərdən və incədən sürüb gedər: Qalın kərpic divarlara su keçər kimi; izsiz dağ yamaclarında qar əriyir kimi...
Doğulduğun yerlərdə gün çox zaman iyirmi dörd saat olmur: Gündüzü gündüz, gecəsi gecə olduğundan, rahat yuxularda xəbərsiz yaşanan böyükcə bir dilim hesabdan düşər. Hüzurun, doğma üzlərini, şəfqətlərin alıb götürdüyü də olur... Amma qürbətdə hüzur ankası, şəfqət yox kimidir. Dəqiqəbaşı içinizdə çınlayan bir zəngli saat, zamanın hər bir parçasını, heç adlamadan, səkdirmədən sayıb durar... yuxuda belə!..
Yuxuda belə qürbət içinizdədir: "Bən qürbəttə değilim, qürbət bənim içimdə..." deyə bilməzsiniz. Dünyanın ən geniş göylərinin altında, qımıldanmadan bir okean misalı uzanan, genişlənən; heç dağ tanımamış yeknəsəq bir qürbət, yalqız və cılız bir söyüd fidanını əkənlər necə çevrəyə alırsa, elə çevrəyə almış. Qürbətdəsiniz və o içinizdə... Belə bir qürbətdə zaman, vəhşi bir ayğır olub, qarşınızda kişnər: "Mən buradayam; mən, daima mənəm!" deyən vəhşi və dəlixay bir ayğır...
Bəli, yuxuda belə, zaman ağır işlər. Gecə, parça-parça dilimlənib önünüzə qoyulur. Qürbətdə gecənin yarısı da, yarısından azı da yoxdur; qara təsbeh dənələri qopub necə dağılırsa, elə dağılan, bir şüşə kasə yerə düşdüyü zaman neçə parçaya bölünürsə, o qədər bölünüb hər biri ayrı-ayrı röya qırıntıları doğuran onlarca dilim... Hər addımı eyni yerdən başlayan və əsla bir sonrakı mənzilə aparmayan bir yüyürmək... Bu yüyürüşlə nə xəzərlər, arallar keçilər, nə də Qafqazlar aşılar!
Hey öz üzərinə qıvrılan və qıvrıldıqca böyüyən, böyüməkdən başqa da bir şey etməyən qaba, kirli, kövrək, dolaşıq və əyri-üyrü bir yumaq... zaman...
Bu kirli yumaq, qaba yumaq... dolaşıq, kövrək və əyri-üyrü... daima öz üzərinə qıvrılan, qıvrıldıqca böyüyən, yalnızca böyüyən yumaq.../ necə çözülür, necə, nə zaman?!.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!