Dilimizi yaşadanlar - ANAR

ANAR

 

Ədəbiyyatımızda, özəlliklə şeir tariximizdə folklorun yeri başqa xalqların söz sənətindəkindən daha böyük, daha önəmlidir. Doğma oğuz dillərində (Türkiyə və Azərbaycan türkcəsi, türkməncə, qaqauzca) yaranmış folklor örnəklərini rus şifahi ədəbiyyatıyla tutuşdurduqda bu daha aydın görünür. Fikir, duyğu, obrazlılıq, ifadə əlvanlığı, həyatın ən  çeşidli və ciddi məsələlərinə  münasibət baxımından bayatılarımız rus çastuşkalarından çox-çox zəngindir. Əlbəttə, unutmaq olmaz ki rus nağıllarından Puşkin, rus folkloru və bizim "Aşıq Qərib" dastanından Lermontov kimi dahilər bəhrələniblər, amma bununla belə rus xalqının şifahi ədəbiyyatı Puşkin və Lermontovla, Tütçev və Nekrasovla bir sırada dayana bilməz. Oğuz şeirinə gəldikdə isə, şifahi ədəbiyyat nümayəndələri kimi qəbul olunan Qurbani, Qaracaoğlan, Abbas Tufarqanlı,  Dadaloğlu irsi  Yunis İmrə, Molla Pənah Vaqif, Məhdumqulu irsiylə  bir cərgədədir.

Bunun əsas səbəbi  adlarını çəkdiyimiz və neçə-neçə başqa   söz sərraflarının yüksək bədii səviyyədə dilimizin saflığını qorumalarıdır. Dədə Qorqud və Yunis İmrə dilini yaşadanlar da məhz bu böyük söz ustaları  olmuşlar.

Türkiyə tədqiqatçılarının "divan ədəbiyyatı", bizdə "klassik ədəbiyyat"  adlanan yazılı söz sənətimiz Orta əsrlərin dəblərinə uyğun olaraq  ərəb, daha çox fars dilində yaranırdı, öz dilimizdə qələmə alınan məsnəvilər, qəzəllər, qəsidələr  də qəliz ərəb-fars tərkibləri, üçmərtəbəli izafetlərlə dolu olurdu.

Füzuli yazırdı:

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.

Məndə tovfiq olsa bu duşvari asan eylərəm,

Növbahar olqaç dikəndən bərqi-gül izhar olur.

Dahi Füzuli "Leyli və Məcnun"u, divanını türk dilində qələmə alıb doğma dildə yüksək poeziya yaratmaq kimi düşvar (çətin) işi  asanlaşdırsa da,   bu gün onun  əsərlərini  ərəb-fars sözləri lüğətiylə oxumalı oluruq. Altı  yüz il, beş yüz il öncə yaranmış qoşmaları, gəraylıları, bayatıları isə lüğətsiz mütaliə edirik.

Yadımdadır orta məktəbdə, gərək ki, səkkizinci sinifdə dərsliyimizdə Qasım bəy Zakirin "Suzi təpişi nari səğər gərçi yamandır" misralarını heç nə anlamadan əzbərləyirdik (indiyəcən yadımda qalıb!). Halbuki elə  Zakirin  "Durnalar" və bu səpkidə  başqa qoşmalarının sadə, saf dili hər kəsə aydındır.

Bu gün də dərsliklərimizdə - hər sinifə, hər yaşa uyğun olaraq, şifahi ədəbiyyat örnəklərimizi çağırılmamış qonaq kimi deyil, öz layiqli yerində tədris etsək şagirdlərdə şeirə, bədii sözə daha çox maraq oyadarıq.

Müqayisə üçün dörd misala müraciət edək. Azərbaycan ədəbiyyatından Həbibi, Qurbani, Anadolu ədəbiyyatından Baqi və Qaracaoğlan.

Səfəvi sarayında "Məlik üş-şüara" - şairlərin şahı  adı qazanmış, Şah İsmayılın  ərkyanə zarafatla və rəğbətlə yanaşdığı Həbibinin hələ nisbətən aydın qəzəlindən bir neçə beyt:

Gər səninçin qılmazam çak, ey büti-nazikbədən,

Görüm olsun şol qəba, əynimdə pirahən-kəfən

 

Çıxmaya sevdayi-zülfün başdan ey məh,

                                             gər yüz il

Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən

 

Düşdü şəbnəm bağı, gəl, ta gül nisar etsin sana,

Səbzənin hər bərqinə bir dür ki, tapşırmış çəmən.

(Bu qəzəli  Füzuli təxmis etmişdir) 

İndi gəlin həmin dövrdə yaşayıb-yaratmış Dirili Qurbaninin Şah İsmayıla  müraciətlə yazdığı qoşmanı oxuyaq:

Mürşidi-kamilim, şeyx oğlu şahım!

Bir ərzim var qulluğuna şah mənim 

Əziz başın üçün oxu yazğımı,

Agah ol halımdan gahbagah mənim!

 

Dərin-dərin dəryaları boyladı,

Xəncər alıb qara bağrım teylədi,

Oğlu ölmüş vəzir qəza eylədi.

Getməz dimağımdan dudi-ah mənim.

 

Şair olan dərsi alar pirindən,

Baş açmadım səğ rəqibin sirrindən

Qolu bağlı keçdim Xudafərindən,

Üzüm gülməz heç açılmaz, ah, mənim.

Qurbani şeirində dilin sadəliyi, təmizliyi ən incə təşbehlər yaratmağa əngəl olmur:

Başına döndüyüm ay gözəl pəri,

Adətdir, dərərlər yaz  bənövşəni

Ağ nazik əlinlə bir dəstə bağla

Tər buxaq altına düz bənövşəni.

 

Tanrı səni xoş camala yetirmiş

Səni görən aşiq əqlin itirmiş

Mələklərmi dərmiş, göydən gətirmiş,

Heyif ki dəriblər az bənövşəni.

 

Qurbani der: könlüm bundan sayrıdı,

Nə etmişəm yarım məndən ayrıdı?

Ayrılıqmı çəkib boynu əyridir.

Heç yerdə görmədim düz bənövşəni.

1993-cü ildə İstanbulda Türkiyə Yazarlar Sindikatının Qurultayında çıxış edərkən Qurbaninin  bu qoşmasının son bəndini oxudum, "Ayrılıqmı çəkib boynu əyridir" misrası böyük  yazıçı Yaşar Kamalı valeh etmişdi. Çıxışımdan sonra xahiş etdi bu misraları bir də təkrar edim (türklər bənövşəyə menekşe deyirlər) və cib dəftərinə orijinalda olduğu kimi yazdı.

XVI əsr türk divan ədəbiyyatının tacıdarı adlandırılan Baqinin qəzəlindən bir neçə beyt:

Xoş gəldi mənə meygədənn abi-havası

Billah ğözəl yerdə yapılmış yıxılası

 

Diqqətlər ilə seyr edəriz yarı sərapa

Görməzmi idik biz də əgər olsa  vəfası

 

Dünya dəyər ol məhliqa dilbəri qərrə

Yusifdə dəxi yoxdu onun hüsnü bəhası  

İndi də  təxminən eyni dövrdə yaşamış el şairi Qaracaoğlanın qoşmasını oxuyaq:

Sabahdan uğradım mən bir gözələ

Ala gözlərinə sürmələr çəkmiş           

Daramış zülfünü, tökmüş bir yana

Salı vermiş incə belin üstünə

 

Alma-alma yanaqları al kimi,

Boynu uzar, gedər, sərvi dal kimi,

Səhərdə açılan qönçə gül kimi

Sandım qan damlamış qarın üstünə.

 

Çıxa-çıxa çıxdım yoluna vardım,

Verdiyi çevrəni qoluma sardım

Uğrunda ölümü gözümə aldım

Divanına durdum yolun üstünə.

Yaxud:

Nədəndir de, kömür gözlüm nədəndir?

Bu mənim gecələr uyumadığım

Çətin derlər ayrılığın dərdini,

Ayrılıq dərdinə doyamadığım.

Ya:

Dostun bağçasına yad əllər dolmuş

Gülünü toplarkən fidanını  qırmış

Burda bir kötünün qonuna girmiş

O mənim sevməyə qıyamadığım

Və ya:

Aladır gözlərin, siyahdır qaşın

Aradım cahanı, bulunmaz eşin.

Yaylanın qarından bəyazdır döşün

Yıxılıb üstünə öləsim gəlir

Bulaq suyu kimi duru, yaylanın qarı  kimi təmiz dil…

Tərtib etdiyim və 1999-cu ildə Bakıda nəşr olunmuş "Min beş yüz ilin oğuz şeiri" antologiyasında Qaracaoğlana da geniş yer verilib. İndi xatırlamadığım hansı mənbəyəsə isnad edərək onun doğum - ölüm illərini belə göstərmişəm:  (1606? - 1679?).

Qaracaoğlanın Türkiyə araşdırıcılarından Əhməd Qüdsi Tecer isə onun XVI əsrin  başlanğıcında yaşadığını, hətta ehtimal ki XV  əsrin ortalarında ömür sürdüyünü iddia edir. Tecerin gətirdiyi dəlillərə haqq qazandıran Əhməd Kabaklı  "Türk ədəbiyyatı" çoxcildliyinin ikinci cildində bu fikrə gəlir ki, Qaracaoğlan duru üslubu, xalq zövqünə bağlı məcazları ilə XVII yüzilin  şairi olmayıb, daha öncəki (XV, XVI) əsrlərdə  yaşamışdır.

Şeirlərinə isnad edilərək Qaracaoğlanın gəzərgi bir həyat keçirdiyini söyləmək olar. O, başdan-başa Anadolunu, Balkan ölkələrini, İranı, Azərbaycanı gəzib-dolaşmış əfsanəvi bir şəxsiyyətdir. Həm şəxsiyyəti haqqında rəvayətlərin, həm yaradıcılığının xalq arasında  geniş yayılması nəticəsində  hətta ondan sonra yaranmış və ona mənsub olmayan şeirləri də bəzən ona aid edirlər. Şairin özünə aid olan, yaxud onun böyük təsiri altında olan şairlərin və aşıqların Qaracaoğlan "möhürlü" əsərləri Türkiyə, Azərbaycan və türkmən ədəbiyyatının ən parlaq səhifələrindəndir. Qaracaoğlanın 1991-ci ildə  Bakıda çıxmış kitabına ön söz yazan Qara Namazov və  İsmayıl Öməroğlu qeyd edirlər ki, "Azərbaycan Qaracaoğlanın ikinci vətənidir. Şairin Gədəbəydən olması, Göyçədə yaşaması haqqında rəvayətlər də mövcuddur".

Amma daha vacib məsələ Qaracaoğlan şeirlərinin  Azərbaycan ədəbiyyatının müxtəlif örnəkləriylə  səsləşməsidir.

"Əsli və Kərəm" dastanında Kərəm:

Qəribin boynuna kəfən biçilməz,

Əcəl camı çox ağırdır içilməz,

Üç dərdim var, bir-birindən seçilməz

Bir ayrılıq, bir yoxsulluq, bir ölüm

- deyirsə,

Qaracaoğlan da:

Qaracaoğlan der qondum köçülməz

Acıdır əcəl şərbəti, içilməz

 Üç dərdim var, bir-birindən seçilməz

Bir ayrılıq, bir yoxsulluq, bir ölüm

Kərəm:

Hey ağalar necə olur

Halı yardan ayrılanın?

Axır düşər qürbət elə

Yolu yardan ayrılanın.

Qaracaoğlan:

Ey ağalar, böyləmi olur

Halı yardan ayrılanın.

Enər, ümmana tökülər

Seli yardan ayrılanın

- misralarını gətirən Q.Namazov və İ.Öməroğlu qeyd edirlər ki, Azərbaycanda da geniş yayılmış

Ala gözlü, nazlı dilbər,

Qoyma məni el yerinə.

Gümüşdən kəmərin ollam

Dola mənə bel yerinə

- mahnının sözləri Qaracaoğlanındır.

Mən Qaracaoğlan şeirinin daha bir özəlliyinə diqqət çəkmək istəyirəm - onun M.P.Vaqif poezayasına ruh yaxınlığına, həyatı, şəhvani, erotik çalarlarına…             

Əhməd Kabaklı yazır: "Qaracaoğlan şeirindəki gözəllər divanlardakı "miniatür gözəllərə" bənzəməz, bunlar canlı-qanlı, hərəkətli, gerçək gözəllərdir. Bu qadınlar özəl geyimləri, çöhrələri, saç düzümləri, huy və xarakterləri ilə yaşayan varlıqlardır".

Bu sözləri tamamilə Molla Pənah Vaqif gözəllərinə də aid etmək olar.Qaracaoğlan deyir:

Qoy dolanıb dursun qolun boynumda,

Heç ölüm qorxusu yoxdur eynimdə.

Bir gecəlik mehman olsam qoynunda

Sabah oldu deyə qaldırma məni.

Yaxud:

Ala gözlərini sevdiym dilbər,

Gözəl camalını görməyə gəldim.

Mən sənə söylədim sözün doğursu

Soyunub qoynuna girməyə gəldim.

Məsələ onda deyil ki, XVIII əsr şairi M.P.Vaqif daha öncə yaşamış Qaracaoğlandan təsirlənib. Ola bilsin ki, Vaqifin Qaracaoğlandan  heç xəbəri də yoxmuş. Məsələ şeirimizin iki qolunun Anadolu və Azərbaycan qolunun - müəyyən etaplarda eyni estetik prinisiplərlə inkişaf etməsində, gəlişməsində və dəyişməsindədir. Və bu qənaətdən çıxan daha mühüm  nəticə budur ki, Azərbacan və Türkiyə şeir tarixini bir-birindən təcrid olunmuş şəkildə araşdırmaq, sistemləşdirmək, mövzu, üslub, forma və məzmun  baxımından özəlliklərini izləmək  mümkün deyil.

Sevdiyim, üstündə uçan quşların

Tutub qanadını qırmağa gəldim.

Yaxud:

Babalın boynuma,iştə mən öldüm,

Məzarım köksünə qaz, kərəm eylə.

Ya:

Ölüm, ardıma düşüb də yorulma

Var get, ölüm, bir zaman da yenə gəl!

Anamı, atamı dün aldın yetər

Var get ölüm, bir zaman da yenə gəl.

Bunlar və onlarca Qaracaoğlan  misralarını - həm də bu gün bizim danışdığımız dildə səslənən misralarını söz tariximizdən necə və niyə çıxarmalıyıq. Nəsimi, Füzuli Türkiyə ədəbiyyatı tarixlərinə daxil edildiyi kimi Yunis İmrə də, Qaracaoğlan da, Pir Sultan Abdal da Azərbaycan ədəbiyyatı tarixinin ayrılmaz simaları olmalıdırlar.     Sovet dönəmində belə bir təşəbbüs  imkansız olduğu halda, bu gün bunun qarşısını kim ala bilər?

Eyni cür Türkiyə tədqiqatçıları da Dirili Qurbanini, Abbas Tufarqanlını, Sarı Aşığı ortaq ədəbi dəyərlərimiz kimi araşdırımalıdırlar.

 Ormanda böyüyən adam azğını

Çarşıda, bazarda insan bəyənməz.

Mədrəsə qaçqını, süfrə pozğunu

Salam verməyə dərvişan bəyənməz.

 

Elin qapısında qaravaş olan,

Burunu fırtıqlı, gözü yaş olan,

Bayramdan-bayrama bir taraş olan

Bərbərə gəlib də dükkan bəyənməz.

  Qazaq Abdalın bu "Bəyənməz" rədifli  daşlaması daha çox məişət xarakterlidir. Neçin Türkiyənin yalnız uzmanları deyil, geniş oxucu kütləsi də Azərbaycan aşığı Abbas Tufarqanlının (XVII əsr)  eyni rədifli, amma ictimai siqləti daha yükək olan və bu gün də aktual səslənən üsyankar  qoşmasıyla tanış olmasın.

  Ay həzərat, bir zamana gəlibdi

Ala qarğa şux tərlanı bəyənməz.

Oğullar atanı, qızlar ananı

Gəlinlər də qaynananı bəyənməz.

 

Adam var çox işlər eylər irada,

Adam var ki yetə bilməz murada,              

Adam var ki çörək tapmaz dünyada

Adam var yağ yeyər, balı bəyənməz

 

Adam var ki adamların naxşıdı,

Adam var ki anlamazdı, naşıdı,

Adam var ki heyvan ondan yaxşıdı,

Dindirərsən heç insanı bəyənməz.

Aşıq Abbasın çox sevdiyim gəraylısı var:

Duman, gəl get bu dağlardan

Dağlar başı bar eyləsin.

Nə gözlərim səni görsün

Nə könlüm qubar eyləsin.

 

Haşa, sevdiciyim haşa,

Deyilənlər gəldi başa

Bu yandan özün tut daşa

Bir yandan el car eyləsin.

Türkiyənin böyük təsəvvüf şairlərindən olan Pir Sultan Abdalı da Azərbaycanla sıx tellər bağlayır. Nəsimi təsəvvüf, hürufilik ideayalarını əsasən əruz vəznində yazdığı şeirlərində ifadə edirdisə, Pir Sultan Abdalın heca vəznində  yaradıcılığı qızılbaş-bektaşi əqidələrinin Anadoluda geniş yayılmasında müstəsna rol oynamışdır.

Çaldıran savaşında Sultan Səlimin odlu silahları, topları qarşısında müqavimət göstərə bilməyən Şah İsmayıl Xətai Anadolu torpaqlarına əqidələri, inanclarıyla daxil olmuşdur. Ələvilik, bektaşilik, nəqşbəndlik və sairə təriqətlərə tapınan yüzlərlə şair  və aşıq, onların yaratdığı  örnəkləri yayan dərvişlər Türkiyə ədəbiyyatında önəmli yer tuturlar.

Türk ədəbiyyatçılarının "təkkə şairləri" adıyla müəyyənləşdirdiyi   bu üslubun ən parlaq nümayəndələrindən biri Pir Sultan Abdaldır. Tədqiqatçı  Lətif Uğurtəkin "Abdal" sözünü belə izah edir: "Abdallar, əksəriyyətlə oturaq və qismən köçəri bir halda yaşayan ələvi-qızılbaş zümrələrindən ibarətdirlər, soy etibariylə türkməndirlər".

"Abdal" sözü  şaşqın, sərsəri, avara, axmaq anlamlarına uyğun gəlsə də şairlərin təxəllüslərində (Qayğısız Abdal, Təslim Abdal, Qazaq Abdal") müəyyən bir əqidə sahibi mənasındadır. (Ağdam rayonunun Abdal Gülablı  kəndindən Abdal Qasımı da xatırlayaq).   "Təkkə ədəbiyyatı" adlandırılan  cərəyan  təsəvvüf, mevləvilik, ələvilik, bektaşilik, nəqşbəndlik və s. təriqətlərə mənsub sənətkarların yaradıcılığı  ilə bağlıdır. Pir Sultan Abdal da, Cahid Öztellinin "Pir Sultanın dostları" kitabında onun davamçıları kimi bəhs etdiyi müridləri Qul Hümmət, Qul Hüseyn, Qul Məzlum, Qul İbrahim  də   bu yolun yolçularıdır.

Əhməd Kabaklı "Türk ədəbiyyatı" çoxcildliyində Pir Sultan Abdalın yüksək şairlik istedadını etiraf edərək yazır ki, bu şair  Səfəvilərin Osmanlı düşmənçiliyinə və qızılbaş təbliğatına alət olmuşdur.

Pir Sultan Abdalın əfsanələşmiş faciəvi ömrü də məhz  əqidələriylə   bağlıdır. Müxtəlif mənbələrdə Pir Sultan Abdalla bağlı  rəvayət belədir:

Osmanlı Sultanına qarşı Səfəvi şahı Təhmasibin tərəfini tutduğu üçün  Pir Sultan Abdalı Xızır paşa Sivasda edam edir.

Gəncliyində Xızır paşa Pir Sultanın müridlərindən olub, Pir Sultanın ayağına düşüb yalvarıb ki, yüksək vəzifəyə sahib olmaqçün   ona xeyir-dua versin. Pir Sultan müridinə: Xızır, vəzir olacaqsan, gəlib məni asacaqsan - cavabını verir.

Xızır İstanbula gedir və doğrudan da paşa olub Sivasa vali kimi dönür.Əski mürşidini qonaq çağıran Xızır ona ləzzətli yeməklər təklif edir. Pir Sultan onları yeməkdən imtina edir və səbəbini soruşanda belə cavab verir: Zina etdin, haram yedin, yetimlər haqqını aldın, haram para ilə yapılan yeməkləri mən yox, heç köpəklərim də yeməz.

Sözlərini təsdiq etməkçün şair iki köpəyini çağırır, təamları onların qarşısına qoyur, köpəklər yeməklərə toxunmayınca Xızır hiddətlənir və Pir Sultanı Sivasın Topraq qalasında həbs edir. Pir Sultan burada yeddi il yatandan sonra Xızır paşa onu hüzuruna çağırıb: Əgər içində şahın (Səfəvi şahının - A.) adı çəkilməyən üç şeir söyləsən səni əfv edərəm - deyir. Xızırın təklifindən sonra Pir Sultan bu məşhur şeirini söyləyir:        

Xızır paşa bizi bərdar etmədən

Açılın qapılar, şaha gedəlim!             

Siyasət günləri gəlib yetmədən

Açılın qapılar, şaha gedəlim!

 

Hər nerəyə getsəm yolum dumandır

Bizi boylə qılan əhdü-peymandır

Zəncir boynum sıxdı,halım yamandır

Açılın qapılar, şaha gedəlim.

 

Yaz selləri kimi axıb çağlaram

Xəncər alıb ciyərləri dağlaram

Qərib qaldım bu arada ağlaram

Açılın qapılar, şaha gedəlim.

(Şair başqa bir şeirində "Pir Sultan Abdalam Xətai şahım" desə də, bu şeirində  tədqiqatçıların fikrincə, Şah İsmayılın oğlu  Təhmasib nəzərdə tutulur).

Bundan sonra Xızır paşa Pir Sultanı asmaq əmri verir. Ancaq Pir Sultan xirqəsini dar ağacından asaraq özü qeyb olur. Rəvayətə görə, edamından sonra onu Malatya, Köçhasar yolunda və başqa yerlərdə  görmüşlər. Bir rəvayətə görə də, Pir Sultan Qızılirmaq çayının üstündən keçib "əyil körpü" - demiş, körpü əyilmiş, suya batmış,  şairi təqib edənlər  çayın bu tayında mat qalmış, niyyətlərindən əl çəkmişlər. Guya nəhayət arzusuna çatan Pir Sultan Səfəvilərin Ərdəbil şəhərinə çatır və bu şəhərdə də vəfat edir. Məzarının yeri məlum deyil.

Şeirlərinin birində Pir Sultanın ölüb-dirilmək (reankarnatsiya) inamına yaxın  olduğuna da işarə var:

Yuri belə Xızır paşa

Sənin də çərxin qırılar            

Güvəndiyin padişahın

O da bir gün devirilər

 

Şahı sevmək süçmü bana?

Kəm bildirdin məni Xana

Can üçün yalvarmam sana

Şahinşah mənə darılar

 

Mən Musayam sən Firoun,

İqrarsız şeytani-ləin

Üçüncü ölməm  bu, xain

Pir Sultan ölər dirilər

(altını mən cızdım- A.)

 Əhməd Kabaklı çoxcildliyində qeyd edir ki, bütün ədəbiyyat tariximizdə məzhəb və siyasi  əqidələrini ən  açıq şəkildə bildirənlər  Pir Sultan və Nazım Hikmətdir.

Azərbaycan ədəbiyyatı tarixində  yer alan Sivas hökmdarı Qazi Burhanəddin kimi sivaslı Pir Sultanı da ortaq şeirimizin  parlaq siması kimi dəyərləndirməliyik.

Azərbaycan Səfəvi dövlətinin qızılbaşlıq ideyalarına sədaqətinə, bu  əqidə yolunda ölümə  getdiyinə görə… Əsas da büllur kimi təmiz, saf şeir dilinə görə bu böyük şairi, təbii ki Türkiyə ədəbiyyatından ayırmadan, "özəlləşdirməliyik".

Bülbül olsam varsam gəlsəm

Haqqın divanına dursam

Mən bir yanıl alma olsam

Dalında bitsəm nə dersən?

misraları el mahnılarımızdan fərqlidirmi?

Yaxud başqa bir gəraylısından:

Ağaclarda yaşıl yarpaq

Basdığımız qara torpaq

Yer altında kəfən yırtmaq

Başımızdan keçər bir gün.

Bu son misralar hansı fantaziyalara qida vermir?

Alçaqda, yüksəkdə yatan ərənlər

Yetişin  imdada, aldı dərd məni

Başım alıb hanki yerə gedəyim

Getdiyim yerlərdə buldu dərd məni

Duyğuların səmimiyyəti, dilin ecazkar sehri baxımından Pir Sultanın misraları  nə qədər müasir səslənir:

Bu il bu dağların qarı əriməz

Əsər badi səba yel pozuq pozuq

Türkmən qalxıb yaylasına yürüməz

Yıxılmış əşirət, el pozuq pozuq

 

Pir Sultanam, yaradıldım qul deyə

Zalım paşa əlindənmi öl deyə

Dostum məni ismarlamış gəl deyə

Gedəcəyəm amma yol pozuq pozuq.

 Pir Sultan Abdalın ictimai etirazı bu misralarda xüsusi siqlətlə səslənir:

Uyur idik uyardılar

Diriyə saydılar bizi

Qoyun olduq səs anladıq

Sürüyə saydılar bizi

        

Sürülüb qəssaba getdik

Qənarədə məkan tutduq

Didar dəftərinə yetdik

Ölüyə saydılar bizi

"Pir Sultan Abdal" adlı tədqiqatın müəllifi Camal Anadol (yeri gəlmişkən müəllif bu kitabını Xəlil Rza Ulutürkün əziz ruhuna ithaf edib)  şairin şeirlərində dağ mövzusuna xüsusi yer ayrılmışdır.

Pir Sultan poeziyasında dağlara sevgi şaha sevgiylə təndir.

Ənquru dağından bir yol aşıtdım

Əcəb Şahə gedən yollar bumola?

Saraldı gül bənzim döndü heyvaya

Əcəb Şahə gedən yollar bumola?

Gəncə civarında Pir Sultan dağı var, gəncəli folklorçu alim Sədnik Paşayev bu dağın şairin adıyla bağlı olduğunu iddia edirdi və hətta öz şəcərəsini Pir Sutan Abdalla bağlayaraq Pirsultanlı  təxəllüsünü qəbul etmişdi.

Türkiyə və Azərbaycanın  el şairləri, aşıqları dil, forma, məzmun və obrazlar, təşbehlər sistemiylə bir-birinə çox yaxındılar. Anadolu şairi İbrahim Dərdli (1772-1845) mövhumatçıların "şeytan əməli" saydıqları telli sazın müdafiəsinə qalxır.

Telli sazdır bunun adı,

Nə ayət bilər, nə qazi

Bunu çalan anlar bizi

Şeytan bunun nərəsində?

 

Abdəst alsan aldın demsəz

Namaz qılsan qıldın deməz

Qazi kimi haram yeməz

Şeytan bunun neresində?

 

İçindəmi, dışındamı?

Burğusunu başındamı?

Köksünün naxışındamı?

Şeytan lunun nərəsində?

Azərbaycanlı Aşıq Musa (1830-1912) sanki İbrahim Dərdlinin səsinə səs verir:

Məclisləri abad eylər,

Nə gunahı telli sazın?

Məlul könüllər şad eylər

Nə günahı telli sazın

 

Fikrini vermir qələmə.

Zülüm eyləmir aləmə

Pulunu vermir sələmə

Nə günahı telli sazın?

El şairlərimiz həm də barələrində yaranmış rəvayətlərlə də bir-birinə bənzəyir. Şair Məmməd Aslan qeyd edir ki, Sarı Aşıqla sevgilisi Yaxşının rəvayəti Qaracaoğlanla deyiklisi Qaracaqız rəvayətilə eynidir.

Bir-birindən gözəl bayatılar müəllifi kimi tanınan Sarı Aşıq (XVII əsr) rəvayətə görə Yaxşı adlı bir qızı sevmiş, itirmiş və sevgilisinin yanında, üzü Qibləyə deyil, üzü Yaxşının məzarına tərəf dəfn olunmasını vəsiyyət etmişdir:

Aşığı tərsinə qoy,

Tən təni tər sinə qoy

Yaxşını qibləsinə

Aşığı tərsinə qoy.

Sarı Aşığın məzarı torpaqlarımıza azğın erməni işğalına qədər Həkəri çayının yanında dururdu.

Yazılı ədəbiyyatla şifahi söz sənətimizin arasındakı dil fərqi baxımından XVII əsrin iki şairindən - Qövsü Təbrizinin qəzəlindən və Sarı Aşığın bayatılarından misal gətirək. Qövsi kimi müqtədir şairin qəzəlinin yüksək bədii dəyərini kiçiltmədən bənzətmələrinin orijinallığı baxımından ən uca meyarlarla ölçülən Sarı Aşıq bayatılarıyla müqayisə edək.

Qövsi Təbrizi:

Cismi canımdan mənim hicran nə istər bilmənəm

Bu sınıq gəştidən ol tufan nə istər bilmənəm

Məndə yox hiç aruzu, könlüm yaman bitabdır

Zəxm yoxdur sinədə, peykan nə istər bilmənəm

Çeşmi xumarın sənin cismimdə çün qan qoymadı

Qanı dolmuş dideyi-giryan nə istər bilmənəm.

Kasə-kasə qan verir, şükr eləyib nuş eylərəm

Dəxi məndən gərdişi dövran nə istər bilmənəm.        

Aşiqin zənciri tari zülfü-kakildən gərək,

Rişteyi-zınnaridən Sənan nə istər bilmənəm.

Bu da Sarı Aşıqın bir neçə bayatısı:

Aşıq vətən yaxşıdı

Köynək kətan yaxşıdı

Qəriblik cənnət olsa

Yenə vətən yaxşıdı

 

Aşıq süzgün gözlərin

Qəmdən üzgün gözlərin

Yaxşıdan doya bilməz

Baxsa yüz gün gözlərin

 

Aşığam aralandım

Ox dəydi yaralandım

Mən səndən ayrılmazdım

Zülm ilən aralandım.

 

Mən aşığam yüz qandı

Əlli qandı, yüz qandı

Ev yıxmaq bir qandısa

Könül yıxmaq yüz qandı.

 

Qarşıda qəm oyanı

El yatar, qəm oyanı

Dəryalar oya bilməz

Ürəkdə qəm oyanı

 

Mən aşıq yüz yerdə üz

Sona tək yüz yerdə üz

Kirpiklər kölgə salıb

Yarılıb yüz yerdə üz.

 

Mən aşığam üzü şur

Sonam göldə üzüşür

Milçək qanad tərpətmə

Tel tərpənər üz üşür

         

Zülfün süda mar kimi

Oynar su damar kimi

Sızıldatdın Aşığı

Yağa su damar kimi.

 

Gözəllik soy iləndi

Şahmar da soy ilandı

Nəsimi tək  yolunda

Bu Aşıq soyulandı

 

Bu gələn kim? Sənəmdi

Kim mənm kimsənəmdi?

Nə kimin kimsəsiyəm

Nə kimsə kimsənəmdi

 

Mənsurumuz yenə sən,

Səfa gəldin yenə sən

Fikrim, zikrim, xəyalım

Sən, sən, sən, sən, yenə sən.

Bu bayatılar nə  zaman yaranıb - XVII əsrdəmi, XX ya XXI əsrlərdəmi?

Bu gün Qövsü qəzəlini XVII əsr şeiri kimi qəbul edirik. Sarı Aşığın bayatılarındakı gözlənilməz bənzətmələr, alliterasiya və təkrirlər isə bizi ən modern poeziya örnəkləri kimi təəccübləndirir.

"Koroğlu və Dadaloğlu" kitabının müəllifi Haşım Nezihi Okay yazır: "Heç kəs tərəfindən bilinməyən, bəyənilməyən şeyin nə qiyməti olar, nəyə yarar? Heç düşünmədən deyə bilərik ki, Anadoluda bir xalq şairinin bir Hamiddən (Əbdülhaq Hamid - A.), bir Cənabdan (Cənab Şəhabəddin - A.) yüzlərlə dəfə daha fazla  oxucusu və hətta davamçısı var. Hamidlər, Cənablər salonlarda aydınlar tərəfindən, xalq şairləri isə  köy (kənd) qəhvəxanalarında, köy  dərnəklərində köy dəliqanlıları (gəncləri) və köy ixtiyarları tərəfindən oxunur və söylənilir. Fərq budur. Əcəba bir Sərvəti-Fünun şairi bu məmləkətdə kaç (neçə) kişiyə (şəxsə) xitab edə bilmişdir. Və onu kaç kişi anlamışdır? Ən geniş bir təxminlə milyonu keçərmi? Xeyr. Fəqət bir xalq şairi belə deyildir. Onu sayı milyonları aşan bir Anadolu tanır, oxuyar və sevər".

Kitaba daxil  edilən Koroğlu və Dadaloğlu şeirləri ruhən bir-birinə yaxındır. Nəsimi kimi, Pir Sultan Abdal kimi Dadaloğlu da asi şairdir. Yəni bugünkü təbirlə dissident adlandırdığımız şəxslər kimi  cəmiyyətdən, quruluşdan narazılıq ruhunun daşıyıcılarıdırlar.

Koroğlunun sazıyla bərəbər  Misri qılıncı, Çənlibel qalası və Qır atı da vardısa Dadaloğlunun yalnız qələmi və sazı vardı, amma bu qələm və bu saz qılıncdan da itidir. (Dadaloğlunun Qır ata həsr etdiyi türküsü də var).

Dadaloğlu Anadoluda, Çuxurovada anadan olmuşdur. Toros dağlarında köçəri həyat sürən Əfşar boyundandır. Əsl adı Vəlidir, Atası da Dadaloğlu adıyla tanınan Aşıq Musa adlı şair imiş. Dadaloğlunun mənsub olduğu Əfşar əşirəti Sivasa sürgün edilərkən üsyan qalxmış və Dadaloğlu məşhur "Bizimdir" rədifli şeirində bu hadisələr haqqında ölümsüz sözlər demişdir:

Qalxdı köç eylədi Əfşar elləri,

Ağır-ağır gedən ellər bizimdir.

Ərəb atlar yaxın edər irağı,

Uca dağdan aşan yollar bizimdir.

 

Belimizdə qılıncımız girmani,

Daşı dələr mizraqımın dəmrəni.

Haqqımızda dövlət yermiş fərmanı,

Fərman padişahın, dağlar bizimdir.

Bu misralarda bütün dövrlərin, bütün siyasi  quruluşların, bütün məmləkətlərin əbədi  həqiqəti əks olunmuşdur: Hər hansı hakimiyyətin hökmü keçəridir, dağların, torpağın əbədi sahibi xalqdır. "Fərman padişahın, dağlar bizimdir".

Orta əsrlərin güclü ərəb-fars təsirindən dilimizi qoruyan ən böyük sərvətimiz xalq şeiridir, odur ki, Azərbaycan və Türkiyənin dil tarixində folklor ağız ədəbiyyatı olmaqdan daha yüksək bir vəzifəni yerinə yetirmişdir. Məhz xalq şeiri dilimizin saflığını, təmizliyini, duruluğunu qorumuş, əslində bu dili yaşatmışdır. Bu baxımdan ta XIX əsrə qədər Azərbaycan və Anadolunun el şairlərini bir axarda qavramaq vacibdir.

Ulu öndərimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsini rəhbər tutaraq bir millətin ədəbiyyatı da bir məcrada, bir axarda təqdim və tədqiq olunmalıdır.

 

Mart 2018


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!