Türkçülük və epos mədəniyyəti - II yazı - Nizaməddin ŞƏMSİZADƏ - Nizaməddin ŞƏMSİZADƏ

Nizaməddin ŞƏMSİZADƏ

 Qədim türklərin Köçü bəşər tarixində ən böyük saqa idi. Dünyada mövcud olmuş saqaların əsasında türk köçəbəlliyi dayanır. Bunu Skandinav saqalarının tarixi sübut edir. Türk köçünün mahiyyətində böyük çöl mədəniyyəti dayanır. Türklər torpaqlarını artırmaq üçün yürüş - köç etmirdilər, daha çox mədəniyyətlərinin idrak üfüqlərini, düşüncələrini artırmaq üçün köç edirdilər. Türk yürüşlərinin tarixi və təcrübəsi göstərir ki, türklər avropanı fəth etməyə getmirdi, Avropaya mədəniyyət aparırdılar. Atillanın sarayında əcnəbi qonaqları qarşılayan xüsusi ansanbl var idi. Onlar gələn qonaqları məqsəd və məramını bilməmiş əcnəbiləri duz-çörək və balla qarşılayırdılar. Türklər Avropaya Xaçı və İkonaları gətirdilər. Xaç qədim türklərin dünya haqqında təsəvvürlərindən yaranmış model, günəşin müqəddəs simvol idi. Türk mədəniyyətlərinin, türk təfəkkürünün və türk ruhunun ən böyük abidəsi türk eposudur.   Mütəxəsislər bu fikirə gəlirlər ki, "Azərbaycan folklorşünaslığında "epos" anlayışı, demək olar ki, bütün hallarda sintaqmatik mətn mənasında götürülmüş, onun düşüncə modeli (paradiqmatik sistem) mənasına, ümumiyyətlə, əhəmiyyət verilməmişdir. Halbuki, epos ilk növbədə epik yaddaş - gerçəkliyin etnosun fiziki-mənəvi təcrübəsində "aprobasiya olunuraq", düşüncəsində yaratdığı obrazlar sistemidir". (Seyfəddin Rzasoy)

Epos-insan mənəvi qüdrətinin ilkin inikas formalarından biridir. On minillik bəşər mədəniyyətinin təxminən təsəvvür edilən başlanğıc mərhələlərində belə bu unikal janrın və mədəni fəaliyyət növünün izləri, müxtəlif üslublu görünüşləri və ifadə formaları nəzərə çarpmaqdadır. Dini dünyagörüşündən və ümumən, dindən öncə yaranmış, bir neçə yüksəliş dövrlərini arxada qoymuş epos bugün də özünün təkrarsızlığını və əzəmətini yaşatmaqdadır. Neçə minillik inkişaf mərhələlərini, onlarla epoxa və sivilizasiyaları yola salmış eposun poetik bioqrafiyasında dünyanın bir çox etnos və xalqlarının imzası həkk olunmuşdur. Eposun uzun və zəngin tarixində bəzi mərhələlər ayrıca əhəmiyyətə malikdir. Onlardan biri və birincisi daş dövrüdür. Şimali Afrikanın piramidaları, Cənubi Amerikanın dağüstü və qayaüstü yazılı abidələri, Cənubi və Cənubi Şərqi Asiyanın əzəmətli daş kitabələri eposun ilk nümunələrindən sayılmalıdır. Beş min kilometrlik Böyük Çin səddini də bu silsiləyə aid etmək olar. Nəsilləri hələ də heyrətləndirən möhtəşəm maddi-mənəvi sənət abidəsi qüdrətli Çin və Türk xaqanlıqlarının-xalqlarının sanki birlikdə icad etdiyi yaradıcılıq möcüzəsidir. Böyük və bənzərsiz daş epopeya çin xalqının mübarizlik timsalı olan müdafiə qüdrətinin və türk xalqının qarşısıalınmaz, məğlubedilməz hərb sənətinin qovşağında yaranmışdır. Bir neçə yüz illik çin türk müharibələri "Böyük Çin səddi" şəklində əbədiləşmişdir.

Məhz ilk təşəkkül və doğuluş mərhələləri də janrın özgür və özəl bir keyfiyyətini müəyyən etmişdir: Epos müharibə və vuruşmaların ab-havası ilə yoğrulan, silahların şaqqıltısından özünə vəzn və ahəng seçən, qılınc və qalxanlardan rəng və cazibə alan bir janrdır. Hətta Hegelin belə hərb mənşəli olduğuna işarə etdiyi eposun baş və əsas xüsusiyyəti heç də hərbi münaqişə və konfliktlərlə üzvi bağlılıqdan doğulmamışdır. Xüsusən, yüzlərlə, minlərlə türk xalq dastanlarının təsdiq və tərənnüm etdiyi kimi, epos bütün zamanlarda sadəcə qılınc qəhrəmanlığının və hərbi sərgüzəştlərin deyil, xalq mənəvi qüdrətinin və mənəviyyatının inikası kimi meydana çıxmış və şöhrətlənmişdir.

Beləliklə, aydın olur ki, epos insanlığın hələ dindən əvvəlki dövrlərdə yaratmağa başladığı maddi və mənəvi mədəniyyətin zirvəsidir. Bir çox görkəmli folklorşünas və eposşünas alimlərin arxaik epos adlandırdğı ən qədim epos nümunələrinin isə inkişaf və dəyişmə dinamikasını müəyyənləşdirmək çox çətindir. Ümumən, daş kitabələrin, bir sıra qayaüstü epik mətnlərin peyda olmasına qədər də epik təfəkkür uzun təşəkkül etaplarından keçib gəldiyini nəzərə alsaq, epos haqqında tam və həlledici söz söyləməyin mümkünsüzlüyünə əminlik hasil etmək olar. Həqiqətən də çağdaş elmin qədim eposun ən qədim nümunələri kimi yüksək dəyərləndirdiyi "İliada", "Odisseya", "Mahabxarata", "Ramayana", "Dədə Qorqud kitabı" və başqa bu qəbildən olan nümunələr janrın müəyyən dövrləri barəsində düşünməyə əsas verir. Yəni indiyə kimi bizə gəlib çatmış cahanşümül epik abidələr belə janrı bütöv halda ehtiva etməyə və onun inkişaf yolunu ümumiləşdirməyə imkan vermir. Amma epik mətnlərin yetərincə əlimizə gəlib çatmamasına və şifahi söz sənətinin bu misilsiz nümunələrinin öz əzəli və təbii əzəmətində təqdim-təsəvvür olunmaq imkanlarının sıfra bərabər olduğuna baxmayarq, eposun bir neçə spesifik xüsusiyyətini-etnopoetik və beynəlxalq əlamətlərini qeyd etmək vacibdir; Birincisi; epos yaradıcılığı ucdantutma bütün dünya xalqlarına xas olan bir keyfiyyət deyil. Epik növün, demək olar ki, əksər janrları (əsatir, əfsanə, rəvayət, nağıl, lətifə və s.) əksər xalqların folklorunda rast gəlindiyi halda, dastan janrı və yaradıcılığı yalnız müəyyən etnosların ağız ədəbiyyatında mühüm yer tutur. İkincisi; eposun inkişafında və tarixində parlaq imzası olan xalqlar insanlığın tərəqqisinə və sivilizasiyaların irəliyə hərəkətinə güclü təsir göstərmiş, tarixdə nəzərə çarpacaq iz qoymuş, uzun mübarizə yollarından keçib gəlmiş etnoslardan törəmişlər. Üçüncüsü; epos janrı bir çox etnosların uzun əsrlik tarixini yalnız müəyyən mərhələsində, taleyüklü və qlobal məsələlərin həlli prosesində meydana çıxmışdır. Eramızdan əvvəlki minilliklərdə yunan, yeni eranın əvvəllərində hind və çin eposunun, ilk orta əsrlərdə Avropa eposunun yaranmağa başladığını qeyd edə bilərik. Akademik Konrad XIV-XVI əsrləri yapon eposunun məhsuldar dövrü kimi səciyyələndirmişdir. Bir sıra məşhur folklorşünas alimlər şimali və cənubi slavyan xalqlarının tarixində də eposun aparıcı və ön mövqeyə çıxdığı tarixi mərhələləri vurğulamışlar. Dördüncüsü; etnosların həyatının təşəkkül dövrləri və yenidən qurulması, onların tarixindəki köklü dəyişikliklər və keçid prosesləri, daxili və xarici müharibələr əksərən eposun intensivləşməsinə səbəb olmuşdur. Beşincisi; epos mədəniyyətinə sahib xalqları, əsasən, iki yerə ayırmaq olar: cəmi bir-iki epos nümunəsinə malik olan xalqlar və öz tarixlərinin məlum bir dövründə fəal dastan yaradıcılığı ilə məşğul olmuş xalqlar. Elmi araşdırmalar bunu deməyə əsas verir ki, eposun əsl yaradıcısı və müəllifi olan etnosların bədii məhsul və kəşflərindən qonşu xalqlar da bəhrələnmiş və bu mədəniyyəti fəal surətdə, ardıcıl şəkildə mənimsəmişlər. Məhz bu tarixi və etnopoetik həqiqətdən çıxış edərək etnosları epos yaradıcılığına münasibət nöqteyi-nəzərəindən iki qrupa bölmək məqsədə müvafiqdir: yaradıcı və mənimsəyici etnoslar. Yuxarıda qeyd etdiyimiz kimi, cəmi bir-iki dastana malik etnos və entik birlikləri ikincilərə aid etmək olar. Altıncısı; ümumtürk eposu fenomenini xüsusi vurğulamaq zəruridir. Ən maraqlı və qəribə tərəfi ondadır ki, türk eposu fenomeni təkcə dünya folklorşünaslığında, Avropa türkologiyasında deyil, heç ümumtürk folklorşünaslığında da lazımi elmi səviyyədə və obyektiv dəyərləndirilməmişdir. Təkcə əcnəbi türkoloqlar yox, eyni zamanda, türksoylu alimlərin bu sahədəki tədqiqat və əsərləri də ziddiyyətli və təzadlı mülahizələr, qeyri-elmi izah və ehtimallarla dolub-daşır. Bununla bağlı onlarla misal, yüzlərlə dəlil-sübut gətirmək istəmirik. Bircə nümunə ilə kifayətlənmək niyyətindəyik.

Məşhur türkoloq alim Məhərrəm Ergin eynən qeyd etdiyimiz məsələ ilə bağlı aşağıdakıları vurğulayaraq, maraqlı bir fikir irəli sürmüşdür: "Dastan şərtlərinə sahib olmuş hər millətin bir milli dastanı varkən, türklərin həyatı birdən çox milli dastan içində dilə gətirilmişdir. Bunun səbəbi, türklərin milli həyatının və tarixi macəralarının bir dastana sığmamasıdır" (Məhərrəm Ergin. Birinci nəşrin ön sözü. Oğuz Kağan dastanı. 1988, səh. 5-10). Burada görkəmli alimin iki əsas məsələdə yanlışlığa yol verdiyi göz önündədir; birincisi türklər bir deyil, minlərlə dastanın yaradıcısı və daşıyıcısıdır. İkincisi türklərin həyati və tarixi sərgüzəştləri ən uyğun və ən qolay epos "material"llarıdır, ideal dastan mənbələridir. Yeddincisi; böyük alimin epos mədəniyyətinə və türk şifahi söz sənətinə nabələdliyi, yanlış yanaşması əsl həqiqəti açıqlamağa təkan verir: epos sənəti və ümumən, dastan dünyası eynən türk həyat tərzindən doğulmuşdur. Başqa sözlə, eposun Vətəni-türkün qəhrəmanlıqlarla dolu həyatı və dünya boyunca səyahətləridir. Eposun mənşəyi türk həyat tərzi ilə üzvi surətdə bağlı olduğu kimi, onun tarixi inkişaf qanunauyğunluqlarını da saysız-hesabsız türk dastanları səciyyələndirir. Az qala on min yaşı olan türk epos mədəniyyətinin zəngin tarixini, təşəkkül və tərəqqi etaplarını təyin etmək, ümumiləşdirmək ağıla və təsəvvürə sığmazdır. İlkin və ən qədim epos epoxalarının, təbii ki, izləri də qalmamışdır. Biz arxaik türk eposu deyərkən "Bilqamıs", "Oğuz Kağan" dastanlarını və "Alp Ər Tonqa", "Törəyiş", "Şu", "Ərgənəkon", "Köç"dən bizim zamanəmizə gəlib çatmış epos fraqmentlərini nəzərdə tutmaq zorundayıq. "Dədə Qorqud kitabı", "Alpamış", "Manas", "Ural Batır", "Koblandı Batır", "Goroğlu" və "Koroğlu" kimi dastan silsilələri türk xalqlarının epos yaradıcılığının sonrakı yüksəliş mərhələsinin parlaq təzahürləridir. Son iki minillik ictimai-mədəni tərəqqini təhlil edərkən aydın olur ki, dünya gedişatının və sivilizasiyalarının irəliyə doğru hərəkətində onlarla etnosların gərgin zəhməti və mübarizəsi mühüm əhəmiyyət kəsb etmişdir. Türk xalqlarının bəşəriyyət qarşısındakı ən böyük xidmətlərindən biri isə insanlığın ilkin möhtəşəm mədəni uğuru sayılan dastan sənətinin əsasını qoyması və bu təkrarsız mədəniyyətin dünya xalqları arasında yayılmasında əvəzsiz rol oynamasıdır. Yazılı eposun meydana gəlməsi ilə bu sənətin tarixində və taleyində yeni bir dövr başlanır. Əslində yazılı epos şifahi eposun və epik təfəkkürün başqa bir şəkildəki davamı idi. Ümumən, yazılı ədəbiyyat ən qədim dövrlərdən indiyə kimi, həmişə ağız ədəbiyyatının məhz bu növünə və janrına daha çox müraciət etmiş, ondan bəhrələnmişdir. Bu mənada Şərq ədəbiyyatının ilk mümtaz dastanları sayılan Yusif Balasaqunlunun "Qutadqu bilik", Əbülqasım Firdovsinin "Şahnamə" əsərləri, Nizaminin "Xəmsə"si və başqa məşhur epik abidələr türk epos mədəniyyətinin təsiri ilə meydana gəlmişdir. Yalnız Şərq ədəbiyyatında deyil, Avropa mədəniyyətində də epos təsiredici və törədici bədii funksiyasını qabarıq tərzdə nümayiş etdirir. Orta əsrlər Avropasının şöhrət qazanmış, hərbi sərgüzəştlərlə zəngin cəngavərlik romanlarının mənşəyini də, alimlər təbii olaraq, epos mədəniyyəti ilə bağlayırlar. "Dekameron" və "Don Kixot" kimi cahanşümul epik abidələr də qədim və orta əsrlər Avropa epos mədəniyyətindən qidalanmışdır. XIX-XX əsrlərdə roman janrının qazandığı böyük nailiyyətlər eposun mahiyyətindəki tükənməz bədii enerjidən xəbər verir. İngilis və fransız roman məktəbləri ilə yanaşı rus romanının da misilsiz inkişafı fikrimizi təsdiq edə bilər. Xüsusən, "Bəşəri komediya", "Hərb və sülh", "Anna Karenina", "Cinayət və cəza", "Paris Notterdam kilsəsi", "Səfillər", "Sakit Don" və başqa nəhəng epik nümunələr, minilliklərdən keçib gəlmiş  epos janrının insanlığın əbədi yol-yoldaşı olmasına və yaşarılığına bizi inandırır. Azərbaycan ədəbiyyatının son iki yüz ildəki özünəməxsus estetik təcrübəsi də epik təfəkkürün mənəvi-mədəni tərəqqidə nə qədər mühüm əhəmiyyətə malik olduğunu göstərir. Azərbaycan yazılı eposunun "Aldanmış kəvakib" dən başlanan yolu uğurla davam etdirilmiş, "Danabaş kəndinin əhvalatları", "Qan içində", "Dumanlı Təbriz", "Qılınc və qələm",  "Gələcək gün", "Bir gəncin manifesti", "Şamo", "Geriyə baxma, qoca",  "Dəli Kür", "İdeal", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Mahmud və Məryəm" və başqa ölməz əsərlər yaradılmışdır. Mifik düşüncə və epos təfəkkürü müasir dünya nəsrinə yeni nümunələr vermişdir. Y.Səmədoğlunun "Qətl günü", Ç.Aytmatovun "Ağ gəmi", "Cəllad kötüyü", C.Abtaykın "Kentavr", U.Folknerin "Küy və qəzəb" və s. romanları birbaşa mifdən və daha möhtəşəm forması olan eposdan qidalanır. Epos xalq və millət haqqında bədii-fəlsəfi ensiklopediyadır.

Nizaməddin Şəmsizadə
filologiya elmləri doktoru


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!