O, bir də şeirin başına dönməyəcək... - Qulu AĞSƏS

Pərvanə Bayramqızının "İki aşiq" şeirlər kitabına

 

Sosial şəbəkədə bir kadra rast gəldim. Kəndin tozunu havaya qaldırıb özü də ondan yuxarıda uça-uça birinci sinfə yüyürməyin kadrına. Yaxınlaşdırıb baxdım: adam birdə oxumur, adam bir də oxuyur:

 

bağçanı,

orta məktəbi,

institutu,

başqalarının yazdıqlarını,

özünün klaviaturasına tuş gələnləri...

 

Hər kəndə dönəndə "kəndinə" dönür - yeddi yaşlı şagirdə. Üz tutur dədə-baba məktəblərinə.

 

Çantası həmən.

Qanadları o vaxtın.

 

Yolboyu nəsə mızıldanır. Nəğmədi - nəğmə deyil, arzudu - arzu deyil... Hələ şeirin nə olduğundan xəbərsizdi. Amma dediyi nədisə, əzbərinə yazılır:

 

Sənə gələn yolların

İzləri alnımdadı...

 

Hələ şeirə gedən yollar onun alnına iz salmayıb. Eləcə, yürüdükcə yürümək istəyir. Məktəb yolu, kitab-dəftər-qələm yüklü çanta, ayaqlarının altından qopan toz onu susmağa qoymur. Sonralar fəhm edəcək ki, bu onun özüylə ilk söhbətiymiş. Şeirlərini cavanlıq səhvi adlandıracaq, onlardan yaxa qurtarmaq üçün çox uzağa qaçacaq - nəsrə, şeirin mehriban düşməninə pənah aparacaq, orda da iynəsi tikiş tutmayıb özündən "Yaza bilməyən yazıçı" adlı kitab bağlayacaq, daha bir nəsr, daha bir nəşr, məqalələr, feysbuk - instaqram statusları...

 

Leyk - o ilkin status dəyişməyəcək: şairlik statusu!

Əlyazmalarını mənə verəndə dedi ki, şeirlərini toplu kimi çap etdirib onlarla birdəfəlik sağollaşmaq fikrindədi. Mən bu şeirlərin vida mərasimindəyəm, sanki. Amma kədərli deyiləm. Bu qovluqda nə qədər "çocuq" var. Onların yanında necə bikef olmaq olar?!

 

Otağı qarışdırıb

Dəcəllər yenə bu gün.

Elə bil "əmr" alıblar:

Uşaqlar, sökün, tökün!

 

Mən də onlara qoşulmaq istəyirəm. Xuraman Hüseyn məni qabaqlayıb ki: "O şeiri şairin övladı kimi gördüyündən danışır, onu da övlad kimi atmaq olmadığını deyir. Oxunmayan şeirlərə də poetik ovqatla münasibət bildirir:

 

Oxunmayan şeirlər də

yetimdi.

Qayğısına qalanı yox,

kifir bir insan kimi

üzünə baxanı yox.

Amma...

Nə qədər köhnə olsa,

nə qədər kifir olsa,

şeir elə şeirdi!"

 

Stop!

Müəllif haqlıdı:

 

"Nə qədər köhnə olsa,

nə qədər kifir olsa,

şeir elə şeirdi!"

 

Oxunmayan şeirlər "yetim" olsa da, onları heç bir sosial xidmət müəssisəsinə etibar eləmək olmaz: nə uşaqlar üçün olana, nə də yaşlılar üçün! Bir yerə yığıb çap eləmək olar - kitab kimi. Onsuz da indi kitablar da yetimdi. Bir-birlərinə həyan olarlar.

Kitab demişkən, indi ağlıma gəldi ki, hələ onun adını çəkməmişəm. Əslində, şeirdən-nəsrdən-məqalədən... çox kitab adı gələndə o yada düşür. Kitab onun qələmində, əlində, taleyində ismin bütün hallarına uğrayır.

Kitab Pərvanəsi.

Bayram kişinin qızı.

Dediyinə görə, bir də şeirin başına dönməyəcək (bəlkə şeir onun ürəyinə dönə - kim bilir)...

O, şeirləriylə halallaşır.

Oxucular isə salamlaşırlar.

Hamınıza uğurlar.

Ta mənlik iş qalmadı...

P.S. Adətən gələnə "Uğurlu yol" yazarlar.

Mən gedənə yazdım.

Bu da bir ilk olsun.

 

17 sentyabr 2026-cı il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!