Ədəbi və ədəbli zadəgan həyatı - Kamran Nəzirli - ANAR - 80

Xalq yazıçısı Anar haqqında düşüncələr

Ötən əsrin 70-80-ci illərində mənim bir gözü bağlı, bir gözü açıq yeniyetməlik və gənclik çağlarımın kitablardan doğan romantik xəyalları sərhədsiz göylərdə avamcasına gah Qərbə, gah da Şərqə uçur, Lui Bussenar, Mayn Rid və Həmzə Fəthi Xoşginabi ilə başlanan mütaliə sevgimi Anarın əsərləriylə ("Macal", "Dantenin yubileyi", "Əlaqə",  "Ağ liman" və s.) daha da alovlandırırdı. O zamanlar mənim kimi düşünən gənclərin əksəriyyəti Anar kimi yazıçıların əsərləri ilə yatıb-durur, kükrəyən, aşıb-daşan və xaotik ehtiras və arzularımız məhz onların yaratdıqları azad obrazların sevgisiylə qanadlanırdı. İndiki ayıq-sayıq, dumansız düşüncəmdən süzülən suallar və onların cavabları özümə də maraqlı gəlir: görəsən Anara olan sevgi əslində nədən yaranmışdı? Bəlkə fəzilət və qəbahətləriylə, tikanları və ətriylə birlikdə qələmə aldığı azad fikirli insan obrazlarına görəydi? Ya bəlkə o dövrün sovet həyat tərzinə Anarın bir qədər fərqli baxışlarıydı? Bəlkə elə Anarın yazıçı kimi də, insan kimi də xarici görünüşüydü, onun sırf özünəməxsus (geyim tərzi, altında dalğın və iti gözləri olan eynəyi, trubkası, çiynindən daim asılan çantası, təmkinli nitqi, hərdən köhnə və yeni Bakının izdihamlı küçələrində payi-piyada ağır-ağır yerişi...) atributlarıydı? Bəlkə elə yazıçının ədəbi taleyini mənim kimi yeniyetmə gənclərin sözün yaxşı mənasında həsəd obyektinə çevirən onun ədəb-ərkanlı zadəgan həyatıydı - atasından, anasından, babasından, nənəsindən, ulu əcdadlarından gələn enerji, intellektual mədəniyyət özülündən gələn enerjiydi? Ya bəlkə sovet hökumətinin o dövrün yazıçı və şairlərinə göstərdiyi "xüsusi diqqət və qayğı"nın nəticəsiydi? Bəlkə də hamısından vardı... amma bu gün nə mən yeniyetməyəm, nə də Anar qocadır - o, mənim əbədi müasirimdir! O, milləti, xalqı hər hansı yaxın və uzaq ölkədə təmsil etməyə qabil (özü də ləyaqətlə!) böyük ziyalıdır; o, ədəbi taleyini  alın təriylə və istedadıyla yazan, Azərbaycan  ədəbiyyatı tarixində mənim çox sevdiyim azsaylı (Mirzə Fətəli, Mirzə Cəlil, Nəriman Nərimanov, İsmayıl Şıxlı... kimi) zadəgan nasirlərdən biridir.

Anarın çoxşaxəli və məhsuldar yaradıcılığına, onun ictimai fəaliyyətinə dəqiq və dürüst dəyər vermək, düşünürəm ki, hər halda, tədqiqatçıların və mütəxəssislərin boynuna düşür. Qısaca, xarakteristika verməli olsam, deyə bilərəm ki, Anar şəxsiyyətində daha çox diqqətimi çəkən bir neçə önəmli cəhət də var: onun həm ədəbi fəaliyyəti, həm də ictimai-siyasi fəaliyyəti (xüsusilə ötən əsrin 80-90-cı illərində) sanki bir döyüşü, mübarizəni xatırladır. Zamanın bütün ağır və ağrılı təsir və təzyiqlərinə rəğmən, o, təmkinli və şahanə müvazinətini itirmədi, torpağının, xalqının, millətinin, evinin, ailəsinin, sarsılmaz mənəvi-əxalqi dəyərlərinin tərəfində durdu, yüksək mənsəb və karyera dalınca qaçmadı, ziyasını, enerjisini, sağlam düşüncəsini, qələmini və istedadını böyük mədəniyyətimiz yolunda əsirgəmədi. Belə bənzərsiz şəxsiyyətlər doğrudanmı çoxdur? Əlbəttə, yox!

Məncə, hər bir xalq ilk növbədə məhz ona ucalıq gətirən belə şəxsiyyətləri qorumalıdır. Axı Anar mifləşmiş milli ideala birölçülü meyarlarla yanaşan yazıçılardan deyil, onun əsərlərində qaldırılan ideyalar müəyyən məqamlarda ümummilli səslənsə də, məhdud etnik çərçivəyə sığışmır, ümumbəşəridir, dünyəvidir. Onun obrazları hər şeydən əvvəl azad düşüncəli insandır - bütün millətlərin, bütün xalqların adamına oxşayır, onlarla yaxınlığı, bağlılığı var, sevgidə də, biri-birinə insani münasibətdə də, ümumi həyat qanunauyğunluqlarında da...

Əlbəttə, onun əsərlərində adət və ənənələrin, klassik ideyaların yenidən canlandırılması və onlara yeni baxışla yanaşmaq məsələləri barədə də ayrıca danışmaq olar. Anarın əsərlərində mənəvi-əxlaqi təkamül ideyası klassik olsa da, insanı "öz əxalaqını təmizləməyə" çağırmaq prinsipi tamam yeni forma və məzmunda ortaya qoyulur. ("Şəhərin yay günləri", "Beşmərtəbəli evin altıncı mərtəbəsi" və s.). Onun əhatəli biliyi, zəngin həyat təcrübəsi və hər hansı bir iddilliyadan uzaq iti zəkasından doğan hekayə və povestlərində, eləcə də pyeslərində ərköyün sentimentallıq yoxdur, əksinə, sağlam düşüncə, insani ləyaqətlər və ülviyyət var. Məncə, Anarı həm də bu cəhətlər maraqlı və sevimli edib.

Anar bu gün də ehtirasla yazıb-yaradır, mədəni insan obrazları yaratmaqla bəşəriyyətə çağırışlar edir: insanın təbii instinktlərindən başqa, onun şüurlu həyatı da var - onun həyatına ağıl, hiss, mürəkkəb həyat münasibətləri... təsir edir və beləcə, o, əxlaq normalarıyla qarşılaşır, ona tabe olur və olmalıdır. Onun son illər yazdığı bədii əsərlərini ("Ağ qoç, qara qoç") və publisistikasını oxuyarkən bir daha əminliklə düşünürəm ki, yazıçı bütün yaradıcılığı boyu sadiq qaldığı belə bir məntiqi hökmə bu gün də inanır və arxalanır: insan bioloji səbəblərdən daha çox, sosioloji səbəblər üzündən mədəni varlıq olur, yalnız bu zaman o, azad, harmoniyalı bir cəmiyyətdə rahat və təhlükəsiz yaşaya bilər. Məncə, ədəbiyyat da, həyat da yazıçıdan bunu tələb edir.

Əlbəttə, Anar müəllimin ədəbi və ictimai fəaliyyətini  tam əhatə etmək işinin tədqiqatçı alimlərimiz tərəfindən yerinə yetirəcəyinə əmin olmaq istərdim. Mən isə ürək sözlərimi yazmaqla sevimli yazıçımızın yubileyini təbrik edir, ona cansağlığı arzulayır,  yorulmaz ədəbi-ədəbli zadəgan həyatında bol sevinc günləri, bundan sonrakı ömrünün də mənalı və məzmunlu olmasını diləyirəm.

Kamran Nəzirli
Azərbaycan və Belarus Yazıçılar birliklərinin üzvü


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!