Uzaqlarda: günbatanda və ya gündoğanda, şimal və ya cənub qütbündə yaşamaq insana yeni imkanlar, dünyagörüşü qazandırsa da, özü ilə dərin emosional, sosial və mədəni sınaqlar da gətirir. Doğmalardan, uşaqlıq xatirələrindən, böyüdüyün mühitdən uzaq olmaq zaman-zaman kəskin darıxma hissi yaradır.
"İki od arasında" qalmaq isə qürbətdə yaşayanların ən ağrılı yeridir: uzun müddət xaricdə yaşadıqdan sonra tam olaraq nə getdiyin yerə aid olursan, nə də qayıdanda doğma yurduna əvvəlki kimi uyğunlaşa bilirsən... Bu çətinliklərə sinə gərəndə minnətdar olduğum bir məbəd var: "Ulduz" aylıq ədəbiyyat dərgisi. 2017-ci ildən əməkdaşlığa başladığım bu ədəbi ocaq ruhumu təklikdən, kimsəsizlik hissindən, ən əsası isə qidasız qalmaqdan qoruyub. Dərginin hər sayının yaranma-yığılma prosesinin içində olduğumdan, hər yazının, hər mətnin nə qədər diqqətlə seçildiyinin şahidi olmuşam. Baş redaktor Qulu Ağsəsin jurnalın tarixində bir ilk kimi başlatdığı konkret bir mövzuya, tarixi hadisəyə, ədəbi nəslə, görkəmli şəxsiyyətə həsr olunan xüsusi nömrələrin isə istər ədəbiyyat tariximizə, istərsə dən mətbuat tarixinə düşəcəyinə əminəm.
"Türk xalqları ədəbiyyatından seçmələr", "Nəsimi", " Məhəmməd Hadi", Qarabağ buraxılışları: poeziya, nəsr, esseistika, "Nizami-880", "Uşaq ədəbiyyatı", "Dünya Azərbaycanlılarının bədii yaradıcılığı", "Heydər Əliyev - 100", "Yeni nəsil proza", "Füzuli-530", "Sönməyən "Ulduz"-55", "Yeni nəsil poeziya", "Cənubi Azərbaycan", "1-ci Türkoloji Qurultay", "Yeni nəsil - tənqid", "Qərbi Azərbaycan" və s. xüsusi buraxılışlar AMEA-nın müxtəlif ədəbiyyat institutlarının alimləri, C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının, Dünya Gənc Türk Yazarlar Birliyinin, "Ədəbiyyat qəzeti"nin, "Təhsil Nəşriyyat - Poliqrafiya" MMC-nin, "525-ci qəzet"in, ADPİ-nin "Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi"nin birgə layihələri kimi həyata keçirilib. Belə zəhmətin nəticəsində işıq üzü görən, ədəbi materiallarla zəngin (hələlik sonuncu) xüsusi buraxılışlardan biri də "Xaqani Şirvani - 900" layihəsidir.
Noyabrın 20-si Şirvanda günəşin doğumunu seyr edən varmı? Həmin səhər üfüq bir az buludluydu, sanki Günəş Yerə hər zamankından daha yaxın, rəngisə daha al qırmızı idi. "Ulduz" jurnalının Rusiya təmsilçisi kimi dəvət aldığım "Xaqani Şirvani - 900" təqdimatına yollanarkən qarşıladım Günəşi. Mənə elə gəldi ki, 1126-1199-cu illərdə yaşadığı söylənilən Əfzələddin Xaqani Şirvani də Yaxın və Orta Şərq ədəbi-fəlsəfi fikrinə bugünkü (20 noyabr) Günəşi kimi - israrla, al şəfəqləri ilə doğmuşdu.
Təsadüfi deyil ki, Xaqani yaradıcılığında Günəş simvolizmi xüsusi yer tutur. O, məşhur "Töhfətül-İraqeyn" poemasında birbaşa Günəşə müraciət edərək, onu işıq, həyat, ədalət və ilahi nur mənbəyi kimi göstərmişdir. Sanki ən alovlu göy cismi də həqiqət və söz günəşi Xaqaninin gününü salamlayırdı.
"Ulduz" jurnalının AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu və "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC ilə birlikdə həyata keçirdiyi, Prezident Sərəncamından irəli gələn layihə Sumqayıtda, Əli Kərim adına Poeziya Evində keçirilirdi. Burda da sanki bir simvolika vardı: Xaqani klassik ədəbiyyatda "çətin anlaşılan, lakin dərin mənalı" üslubu ilə seçildiyi kimi, Əli Kərim də XX əsr poeziyasında qeyri-adi assosiasiyalar və obrazlar sistemi qurmuşdur.
"Ulduz"çular" topalaşıb, söhbətləşirik: Qulu Ağsəs, Təranə Vahid, Taleh Mansur, Dayandur Sevgin... Nigaran baxışlarla ətrafı süzürük: qonaqlar ikibir, üçbir gəlməkdədir, zal, stullar dolur və bu bizi sevindirməyə bilmir. Redaksiya heyəti və alimlərimizin gərgin əməyi nəticəsində ərsəyə gələn buraxılışımıza verilən dəyər hamımızı ruhlandırır.
Tədbiri İbrahim İlyaslı səmimi giriş sözü ilə açdı. Nə uzun-uzadı dastan söylədi, nə vaxt aldı. Yadımda qalan ən maraqlı söyləntisi də, Əfzələddin Xaqaninin bir adının da İbrahim ibn Əli olması oldu...
Tədbirin digər ev sahibi Qulu Ağsəs Xaqani yaradıcılığının mərkəzində dayanan ideyaların, insan ləyaqətinə hörmət, Xeyrin Şər üzərində qələbəsi, elm və kamilliyə çağırışın müasir dövrümüzdə də bizə örnək olmasına toxunaraq, Xaqaninin yubileyinin Prezidentin Sərəncamı ilə dövlət səviyyəsində qeyd edilməsini elm və incəsənət adamlarına verilən yüksək dəyər kimi qiymətləndirdi.
Millət vəkili, filologiya üzrə elmlər doktoru Elnarə Akimova çıxış edərək dedi: "Doqquz əsr keçməsinə baxmayaraq, Xaqani Şirvani sözünün, düşüncəsinin və sənət qüdrətinin bu gün də aktuallığını qoruması onun necə böyük şair olduğunun göstəricisidir. Belə şəxsiyyətlərin irsinə yenidən qayıtmaq, yaradıcılığını müasir düşüncə müstəvisində dəyərləndirmək, milli yaddaşımıza və mənəvi sərvətimizə ehtiramdır".
Adı yaddaşımda Cavidlərlə, Əli bəy Hüseynzadəylə qoşa səslənən, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turansa, rezonans doğuran maraqlı fakta toxundu: Vikipediya. Sən demə, rus, ingilis seqmentlərində Xaqani fars şairi kimi qeyd olunur. Tanınmış tənqidçi-publisist Azərbaycan ədəbiyyatına 17 min beytlik şeirlər divanı, epistolyar janrın əsasını qoyan 60 məktub, ictimai fəlsəfi məzmunlu əsərlər verən bir sənətkara sahib çıxmanın vacibliyini vurğuladı.
Axır sözünü əvvəl demək olmasın, təqdimata yığışanlar da təsdiq edə bilər, əslində, bu tədbirin ən üstün cəhəti usandırıcı olmaması, polemikaya yol açması idi. Baş redaktor müavinimiz, yazıçı Təranə Vahid də bugünkü günün bu qədər xoş ab-havada keçməsinə görə iştirakçılara hamımız adından təşəkkür etdi.
Ədəbiyyatşünaslardan Aygün Bağırlı (yeri gəlmişkən, qeyd olundu ki, onun və Təranə Vahidin əməksevərliyi nəticəsində belə zəngin buraxılış ərsəyə gəlmişdi), İmamverdi Həmidov, Elnarə Zeynalova, Fəridə Əzizova, Könül Hacıyeva həm özlərindən əvvəlki Xaqanişünaslardan söz açdılar, həm də öz tədqiqatlarından danışdılar. Azərbaycan Xaqanişünaslığının banisi Qafar Kəndli, Xaqani irsinin həm tədqiqi, həm də Azərbaycan dilinə tərcüməsi və nəşri sahəsində əvəzsiz işlər görmüş Məmmədağa Sultanov, "Xaqani Şirvani" kitabı ilə şairin poetik xüsusiyyətlərini, dünyagörüşü və Azərbaycan İntibah ədəbiyyatının inkişafında rolunu təhlil edən Həmid Araslı, eyni zamanda digər alimlər - Solmaz Rzaquluzadə, Mirzəağa Quluzadə, Mübariz Əlizadə hörmətlə yad edildilər.
Alimlər Azər Turanın qaldırdığı problemə münasibətdə Xaqaninin fars şairi kimi tanınmasının əsasında 21 min beytlik yaradıcılığından, cəmi 6 min beytin dilimizə tərcümə olunduğunun durduğunu bildirdilər. Xaqanişünaslıqda qalmaqda olan problemlərdən danışdılar, həll yollarının arandığını bildirdilər.
SDU-nin müəllim və tələbələrinin iştirak etdiyi tədbir, həm də Sumqayıtın ad günü ilə bir günə düşürdü. Prezidentin fərdi təqaüdçüsü, şair Ofeliya Babayeva bu əlamətdar günə təsadüf edən təqdimatda böyük şairin yaradıcılığı ilə ilk tanış olduğu uşaqlıq illərindən xatirələr danışdı.
Ədəbi tənqidçi Vaqif Yusifli də şairin həyatı və sarayla ziddiyyətlərinə toxunmadan keçmədi. "Həbsiyyə" şeirlərində zülmə qarşı yüksələn haqq səsini, "Mədain xərabələri"ndə şahların zülmü nəticəsində dağılan saraylardan ibrət götürmək ideyasını, "Töhfətül-İraqeyn" poemasında şairin humanist görüşlərinin 900 yüz il sonra da həmişəyaşar olduğunu diqqətə çatdırdı.
"Ulduz"un xüsusi buraxılışı "Xaqani Şirvani - 900" gənc və orta nəsli, tədqiqatçı alimləri, şairləri, dərginin xaricdəki ədəbi təmsilçilərini (belə ki, görüşdə mənimlə yanaşı, dərginin Estoniya təmsilçisi şair Xaqani Qayıblı da iştirak edirdi) bir araya gətirməklə sözün işığının yaşı olmadığını, məsafələrin zaman qarşısında gücsüzlüyünü göstərdi.
Heç sözsüz, Abşeron -Xızı Regional Mədəniyyət idarəsinin məsləhətçisi Bayram Cəfərlinin də iştirak etdiyi tədbirə rəng qatan, onu yaddaqalan edən xanəndə Firudin Ağayevin, bədii qiraətçi Elay Xasıyevin, şair Vüqar Rahinin söylədiyi poetik nümunələri qeyd etməmək olmaz.
"Məhəmməd Hadi", "Nizami - 880", "Nəsimi"," Füzuli - 530" və s. nəşrlər kimi "Xaqani - 900" xüsusi buraxılışının ən böyük dəyəri bir də ondadır ki, əlli və ya yüz il sonra araşdırmaçılar bu mövzuya qayıtdıqda, özlərindən öncəki dövrlərin elmi tədqiqatlarını bir arada tapacaqlar. Bütün bunlara görə "Ulduz"un redaksiya heyətinə, buraxılışların hazırlanmasında əməyi olan alimlərimizə, yaradıcı insanlara təşəkkür edirik.
Qaranlıq cəhaləti, Günəşin doğması isə elmi, biliyi, həqiqətin üzə çıxmasını, həyat eşqini simvolizə edir. Əfzələddin Xaqani Şirvani Şərqdən doğan İntibah Günəşidir. Qoy doqquz yüz illik yol gələn bu Günəş, yaşanmış təcrübələrin gətirdiyi sakitlik və kamilliyi özündə ehtiva edərək daim parlasın.
.jpg)

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
