Doğum günü təbriklərinin məlum intonasiyası var - tost. Yəni bu "məşum" gündə nə danışsan, necə danışsan "tost" effekti verir. Olsun. Nə etməli? Zaman-zaman tənqid etmişik, şimdi Anar müəllim haqqında bir tost da mən deyim. Qəribə də olsa, mənim Anar imzasıyla ilkin tanışlığım krossvord müstəvisində olub. Xatırlayarsınız, 90-larda bir krossvord bumu vardı, uşaqkən mən də əmimlə krossvord doldurmağı çox sevərdim. Həmin krossvordlarda "yazıçı" xanasından çıxan oxun bütün istiqamətlərinə "Anar" ismi uyğun gəlirdi. Daha sonralar yazıçı Anarın mətnləriylə tanış olanda bildim ki, bu, həmin o Anar imiş. Bu səbəbdən mənim şüurüstümdə deyil, şüuraltımda yazıçı anlayışı Anar ismiylə assosiasiya olunur. Yeri gəlmişkən, bu münasibətlə də Anar müəllimi təbrik etmək olar. )) Xülasə, bu olsun təbrik mətnimizin yumor tərəfi. Keçək qalstuklu tərəfə. O, sözün bütün mənalarında Azərbaycan ədəbiyyatına, teatrına, kinosuna ümumiyyətlə, türkdilli mədəniyyətə ciddi töhfələr vermiş imzadır. Füzulinin təbiriylə ifadə etsək, "Anar bəy öz qədərini söz qədərinə qaldırmış yazıçıdır". Bir neçə ay öncə Anar müəllimin bir essesini oxudum. Ürək əməliyyatı öncəsi, yaxud sonrası vidalaşmaydı sanki. Mətn kimi çox xoşuma gəldi, olay kimi deyil. Amma digər tərəfdən sevindim də. Ki, nə xoş Anar bəy dünyayla fiziki olaraq dünyadan köçmədən vidalaşmağı bacardı. Mənə görə qələm adamı əsl mətnini dünyayla vidalaşandan sonra yazır. Ol səbəbdən Anar müəllimdən yepyeni, Vaqif Bayatlı demiş, yupyumru bir mətn gözləyirik. Ömrə davam. Mövludunuz qutlu olsun, "Anar" təfəkküründən çıxan bütün mətnləri "Yazıçı" xanasına tuşlayan adam!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!