"Mən sənin yuxunam" adlı xatirələrdən ibarət yazını "Ədəbiyyat və İncəsənət" portalında oxumaq mənə qismət oldu. Bu yazının müəllifi şərqşünas, fəlsəfə üzrə doktor Nüşabə xanım Babayeva-Vəkilovadır. O, həyat yoldaşı, məsləkdaşı olan mərhum Vaqif Səmədoğlu ilə bağlı unudulmaz xatirələrə, onun yaradıcılığına geniş yer vermişdir. Yazı bu sətirlərlə başlayır: "Yəqin dünyada ən çətin iş bir insan haqqında kitab yazmaqdır. Sevdiyin, tanıdığın insan haqqında. Şişirtmədən, mübaliğəsiz. Səmimi, doğru kitab... Sənsizlik suallarımı günbəgün, aybaay daha da artırır...Yoxluğunun cazibəsi çox güclü imiş. Onun diktəsidir bunları mənə yazdıran..."
Deyilənə görə, Allah vəhy qapısını bağlasa da, yuxunun qapısını açıq qoyub. Ruhların qovuşduğu dünyadır. Xatirələrin də yuxu kimi şirini, acısı var. Məhəbbətin gücünü, gözəlliyini qəlbində yaşatmaq, ən zərif çiçək kimi onu qorumaq böyük fədakarlıqdır. Nəhayət, xatirələrin yuxusundan oyanmaq vaxtı gəlmişdir...
Vaqif Səmədoğlu öz şeirində böyük məhəbbətini belə ifadə edir:
Mən sənin yuxunam,
Oyansan, ölləm.
Mən sənin yolunam,
Dayansan, ölləm.
Özdəmir Asafın diliylə desək: "Təknəfərlik idimi bu şəhər, sən gedəndə tək qaldı". Sevən qəlblərin sən demə, öz xoşbəxtlik şəhəri varmış... Xoşbəxt yollar orda kəsişir, yuxular şirinləşir...Yolun sonu çatanda Nüşabə xanımın yazdığı kimi, yoxluğun cazibəsi çox güclü olur... Deyirlər ki, həyatda nəyi çox sevirsənsə, o sənin imtahanındır.

Vaqif Səmədoğlunun şeirləri özünəməxsusdur, oxucuya dünyaya yeni gözlə baxmağı, dərindən düşünməyi aşılayır.
Nə uydururuqsa, hamısı olub dünyada,
Nə saatın, nə zamanın rəqəmlərinə uyma.
Aldanma, qardaşım,
Yeni eradan əvvəl yaşayırıq hamımız.
Belə bir aforizm var: "Geyimlər dəyişsə də, geyinənlər dəyişmir". Ancaq dahi şəxsiyyətlər doğulanda zamanın nəbzi dəyişır. Qələm insanın əlində kiçik görünsə də dünyaya meydan oxuyan, onu və başqalarının düşüncələrini dəyişməyə qadir qüvvədir. Xüsusilə, şair üçün dünya fikirlərin savaşı və barışığıdır.
Nüşabə xanım xatirələrin baş qəhrəmanı Vaqif Səmədoğlunu qələmə aldığı yazıda həm şair, həm də həyat yoldaşı kimi oxuculara layiqincə təqdim edə bilmişdir. O, yazırdı: "Mən poeziyamı meşədəki cığıra bənzədərdim. Özüm saldığım cığıra". Şairin sədaqətli fikir sirdaşı olan qələmin də amansız zamanın çətinliklərlə üzləşdiyini ürək ağrısıyla yazır:
Ağlama, qələm, ağlama...
Söz yolunun min daşından
Neçə qələm beli sınıb,
Neçə qələm izi yanıb...
Şair nə qədər iradəli, mübariz ruha malik olsa da, içində heç kimin görə bilmədiyi kövrək duyğular şam kimi yanır, əriyirdi... Onun cavan ikən ağsaqqal məsləhətinə mənəvi ehtiyacı olarkən Rəsul Rza gənc Vaqifə dəstək olur, "Geniş yola çıx" adlı məqalə yazır. Çünki ədəbiyyata sərbəst şeir gətirən, ona yeni ruh verən Rəsul Rza gənc Vaqifin istedadına inanırdı. 1963-cü ildə "Azərbaycan" jurnalında şeirləri çap olunur. Şeir dünyasında ilk dəfə öz cığırını salır. Sovet dövründə on bir il şeirlərini çap etmədi. Ötən illəri belə təsvir edir:
Bir az çəkil,
Ölümə yer saxla yanında.
Ölümsüz göstərmə özünü.
Qız qalası,
Xəzərdən gen düşmüş
bu şəhərdə.
Ayıbdır, yavaş,
bir az yavaş danış
Şairlər susan bu şəhərdə.
Nüşabə xanımın qələmi də özü kmi səmimidir. Onun Vaqif Səmədoğlu ilə dialoquna nəzər yetirək: "Şair atanın şair oğlu olmaq olar. Ancaq bir məktəb yaratmış atanın şeirlərinə oxşamayan, onu təkrarlamayan, tamam fərqli üslubda yazana xəyanətkar kimi baxılır"...
- Vaqif, nə əcəb atanın şair, yazıçı dostları buna imkan verirdilər?
- Atamın adlarını çəkmək istəmədiyim dostları üç il məni Yazıçılar Birliyinə qəbul etmədilər ki, Səməd Vurğunun oğluyam. Aralarında bir yazıçı var idi, hər dəfə Vəkilov Vaqif Səməd oğlu sənədlərinə baxanda deyirdi ki, mən belə şair tanımıram. Şairi zaman, ədəbiyyat tanıdı. Vaxt gəlib yetişdi, Vəkilovlar ailəsində xalq şairi Səməd Vurğun kimi Yusif və Vaqif Səməd oğlu qardaşları da bu fəxri ada layiq görüldülər.
Nüşabə xanım həyat yoldaşının poeziyada açdığı yeni cığırda həmfikri, sirdaşı kimi onunla qoşa addımlayırdı: "...Heç kəsə bənzəməyən özünəməxsus ifadə tərzi ilə seçilmək öz üzərində çaldığın qələbə idi...Yeni Azərbaycan şeirinin novatoru oldun". Ailədə yaranmış belə bir tandem, xoşbəxtlik hər bir şairə nəsib deyil. Nüşabə xanım qəlbində ömür-gün yoldaşı Vaqifin məğrur heykəlini ucaltmışdır. Onun şair Vaqif Səmədoğlu haqqında fikirlərindən: "Həyat yolunda yaradıcılıq yolunun bir-birinə calanıb hörülmüş olduğu bir ömür sürdün. Keşməkeşli bir yol. Anar necə də (minlərcə) haqlıdır: "Vaqif dövrün ən ağır dərdlərini, məlalını, qəm-qüssəsini içində yaşadan və içində ağlayan şairdir. Vaqif zamanın yaraladığı şairdir".
Nüşabə xanımın qeydlərindən: "Əsl şair olduğun üçün üsyanı da ədəbiyyatda etdin. Sənin Poetik "mən"in üsyan edirdi...Yaratdığın yeni poeziyanla istiqlalını, müstəqilliyini qazanan birincilərdən oldun". Vaqif Səmədoğlunun etirafı: "Özümü siyasətçi saymıram. Ancaq digər tərəfdən illərlə çap olunmamışam. Bu, özü də bir siyasət idi. Mən siyasətdə də şairəm. Millət vəkili kimi də şairəm."
"Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinə üzv seçildin. Avropa deputatların etiraf etdikləri kimi, Sənin kimi müstəqil düşünən, dünya siyasətini yaxşı başa düşən fərqli azərbaycanlı deputatını tanıdılar"...
Norveç səfirliyinin Vaqif Səmədoğlunun yaradıcılığına həsr olunan tədbirində Avstriya,Yaponiya, Rumıniya, Mərakeş, Gürcüstan səfirləri iştirak edirdi. Səlim Babullaoğlu çıxışında qeyd etmişdi: "Vaqif müəllim giriş çıxışı elədi. Bu çıxış təkcə Vaqif Səmədoğlunun şair kimliyinin təqdimatı deyildi, həm də çağdaş Azərbaycan poeziyasının təqdimatı idi... Bu qısa çıxış ədəbiyyat tarixindəki onlarla şairin Nobel nitqindən daha maraqlı idi. Azərbaycan insanının nitqini poetik həddə qaldırmışdı"...
Vaqif Səmədoğlunun şeirlərini, dramaturgiyasını təhlil etmək əlbəttə, kiçik yazıda mümkün deyil. Ən vacibi odur ki, o, oxucuların, tamaşaçıların qəlbində, yaddaşında yaşayır. "Bəxt üzüyü", "Yaşıl eynəkli adam", "Mamoy kişinin yuxuları", "İntihar", "Generalın son əmri" və bir çox pyeslərindəki mövzular heç vaxt öz aktuallığını itirməyəcək. Unutmayaq ki, bu əsərlərin müəllifi şair qəlbli Vaqif Səmədoğludur. "Həyata vurğun pessimistəm" fikrinin müəllifi Vaqif Səmədoğlu deyirdi: " Hərdən mənə elə gəlir ki, mən yox, şeirlər özü məni tapır". Şeirdə qafiyələr üçün söz axtarmaq şairi şair etmir. Şairin həyat yoldaşı Nüşabə xanım xatirələrində yazır: "Şair Vaqiflə dramaturq Vaqifi müqayisə edib o, şeirlərindəki kədərlə pyeslərindəki gülüşü üz-üzə qoymaq istəyənlərə deyirdi: "Mənim bütün əsərlərim - dramaturgiyam da, poeziyam da bir şeirdir. Özüm haqda deyə bilərəm ki, həyata vurğun pessimistəm". İstər-istəməz A.S.Puşkinin sözləri yada düşür: "Yaşamaq istəyirəm, düşünmək və əzab çəkmək üçün". Həyata vurğun pessimist obrazı Puşkinə də məxsus idi. Hətta dünya şöhrətli, milyonlarla tamaşaçını güldürən Çarli Çaplin özünü faciə aktyoru adlandırırdı. İstedadlı insanların çoxunda təzadlı hisslər, dünyalar yaşayır. Onlar çox vaxt olduğu kimi görünmürlər.

Mark Tvenin fikridir: "Sənin həyatında iki vacib gün var: biri dünyaya gəlişin və o biri də niyə gəldiyini dərk etdiyin gün". Şair özünü dərk edəndə həyatı yenidən kəşf edir. Yeni üfüqlər açılır yaradıcılıq səmasında. Niyə məhz səmasında? Ona görə ki, ilham pərisi göylərin uca mərtəbəsindən enib şair qəlbində onun sevdiyi pianonun ağlı, qaralı dillərini, sazın kövrək simlərini dilləndirir və yeni şeirin öz sözləri, ahəngi yaranır. "Mənim səsim kamertondur", deyənlər yanılmırlar. Səslər insanın ruhundan qidalanır, onun təbiətindən doğur. Vaqif Səmədoğlunun müsahibələrinə çox qulaq asmışam. Olduqca nüfuzedici, təmkinli idi, dinləyicisinin qəlbinə, şüuruna yeni cığır sala bilirdi. Ən maraqlısı odur ki, Nüşabə xanımla Vaqif Səmədoğlu, necə deyərlər, eyni aktavada danışıb düşünüblər. Bunu tandem adlandırmaq olar.
Mən bu insan deyiləm,
Sətirlərdə özüməm.
Anam olsa da mənim,
Məni doğan özüməm.
Vaqif Səmədoğlu özünəməxsus şairdir. Vəsf etdiyi şeirlərin əsl məzmununu dərk etmək, Vaqifsayağı düşünmək gərəkdir. Nüşabə xanımın qələmə aldığı xatirələr dünyasına qovuşmaq nə qədər həyəcanlıdır. O, öz həssas qəlbi, yüksək mədəniyyəti ilə qayınanası Xavər xanımın rəğbətini, məhəbbətini qazana bilmişdi: "Evliliyimizdən xeyli vaxt keçdikdən sonra Xavər xanımın: "İndi mən rahat ola bilərəm," deməsi qayınananın gəlininə verdiyi ən yüksək qiymət sayıla bilər.
Dünyada özgələri doğmalaşdıran, uzaq yolları birləşdirən "qismət" adlı bir ünvan var, orda görüşənlər bir daha heç vaxt ayrılmırlar. Bu qisməti Vaqif Səmədoğlu və Nüşabə xanım yaşadılar. Nüşabə xanım Əfqanıstanda tərcüməçi kimi çalışdıqdan sonra Moskvada ona iş təklif olundu. Orda qalmaq istəsə də Bakıya can atırdı: "Sanki hansısa qüvvə məni Bakıya çəkirdi. Sonra biləcəkdim ki, bu qüvvə Sən imişsən... Səndən eşidəcəyəm: "Mən ömrüm boyu səni gözləmişəm".
Nüşabə xanım xatirə yazısında həyat yoldaşına "Sən", deyib müraciət edəndə, həmçinin "Ömür", "Tale" sözləri də böyük hərflərlə yazılıb. Birgə yaşadıqları 20 illik ailə həyatının böyük məhəbbəti ayrıca bir kitabın mövzusudur... Vaqif Səmədoğlunun yaradıcılığına yeni təkan verən, ilham pərisi olan Nüşabə xanım, demək olar ki, onun şah əsəri idi. Nüşabə xanımın növbəti xatirəsindən: "Bir gün dedin: "Nuşa, səninlə evlənməyim şeirlərimdə də özünü göstərir. Əvvəlki ahu-zar yoxdur. Daha çox təbiətdən, quşlardan yazmaq istəyirəm".
Şairin gündəlikləri özündən sonra Nüşabə xanımla sanki həmsöhbətdir. Vaqif Səmədoğlunun gündəliyindən: "Yazıçı üçün ən böyük ümidgah ağ kağız, qara qələmdir.Tənhalıq (təklik yox) yaradıcı adam üçün vacibdir. Tənhalıq yazıçının iş yeridir". İstedadlı insanlar ucaldığı zirvədə həmişə öz tənhalığını daha çox hiss ediblər. Jorj Batay bu haqda deyib: "Şair kütlə deyil. O, sağalmaz tənhalığa məhkumdur".
Yazıdakı şirinli, acılı xatirələr məndə o qədər kövrək duyğular oyatmışdı ki, yazıçı təxəyyülümdə sanki o ailənin içində özümü hiss edirdim. Yazıdakı səmimiyyət oxucunun qəlbini fəth edir.
İstedadlı şəxsiyyətlərin xəyallarında yeni dünyalar yaşayır. Bu "dünyaların" bir-biri ilə savaşı, mübarizəsi zəngin, dərin biliklərin savaşıdır. Xüsusilə, bu hissləri şeirdə ifadə etmək daha çətindir. Lakin mənə elə gəlir ki, Vaqif Səmədoğlunun şeirə daha çox üstünlük verməsi onun musiqi təhsili ilə də bağlıdır. Pianoda klassik əsərlərin virtuoz ifaçısı idi. Əslində o, yaşadığı dövrdən bir neçə addım irəlidə olduğuna görə mənəvi tənhalığa daha çox sarılırdı. Qəlbində doğan sualları məhz özüylə baş-başa qalanda çözə bilirdi. Sevdiyim filosof M.Baxtinin fikridir: "Biz janrlarla düşünürük". Bu xüsusiyyət yaradıcı insanlara aiddir. Şair Vaqif Səmədoğlunun poeziyası dramaturq Vaqif Səmədoğludan yazdığı janrla seçildiyi kimi.
Fikirlərin yığcamlığı, sözlərin ahəngi, özünəməxsus melodikası şeirdə harmoniya yaradır. Vaqif Səmədoğlunun bir çox şeirləri inanıram ki, gah muğamat, gah simfonik əsər, yaxud da caz üzərində köklənib. Onun qəlbində doğan, azadlığa can atan hisslər şeirlərin qafiyəsində, şeir dilində dərin məna kəsb edir. Onun "Şair kimi yox, şeir kimi ölmək istəyirəm" deməsi, poeziya dünyasında ölməzliyi deməkdir və əbədiyyətə aparan yoldur.
Xalq şairi Səməd Vurğun Nüşabə xanımın yazısında maraqlı faktlarla öz əksini tapıb. Nüşabə xanımın yazdığı xatirələr oxucunu özünə cəlb edir. Yazıda o, belə bir epizodu qeyd edir. Vaqif doğularkən Səməd Vurğun həyat yoldaşı Xavərə şeir dilində məktub yazır:
Demək, oğlumuzun Vaqifdir adı,
O da olacaqdır şeirin ustadı.
Qoy olsun! Sevinsin yenə ölkəmiz,
Şeir dünyasının adamıyıq biz.
Körpə Vaqifin atası arzusunda yanılmadı. Hələ dili söz tutmayan körpəsinin şair olacağına inanmışdı. Oğlunun Xalq Şairi adına layiq görülməsinə şahid olmağa ömrü çatmadı. Lakin onun yazdığı sətirlər qanadlanıb yaddaşlarda, ürəklərdə həkk olundu.
Nüşabə xanım Vaqifin hələ balaca ikən "Tıq-tıq xanım", "Tülkü həccə gedir" nağıllarının müəllifi Abdulla Şaiqin ağzından eşitdiyini qeyd edir. Qayğısız uşaqlıqdan ayrılmaq çətindir. Mənzil də, doğmaları da sanki xoşbəxt ailə haqqında nağılın qəhrəmanlarına bənzəyirdilər. Şair sanki uşaqlığını qucağına almaq istəyir. "Hərdən evə oyuncaqlar alıb gətirirdi. Uşaqlığın ömrü o vaxt uzanır ki, özün də uşaqlaşırsan". Yaxınlarının ölümləri hələ qapı arxasında öz vaxtını gözləyirdi...
Atalı günlərin sevgisindən, dadından doymayan oğul yazır:
Deyirəm, ay ata, sənsiz dünyada
Kaş ki, övladın yox, şeirin olaydım.
İnsan həyatı boyu "Kaş ki..." kəlməsiylə həmişə olub keçənlərə, əlçatmaz günlərə qovuşmaq həsrətiylə yaşayır. Zamanı tarixə çevirən təkcə rəqəmlər deyil, həm də xatirələrdir. Günəşin nə qədər doğulub batmasının sayını bilən varmı? Gəlişi işıq, gedişi qaranlıq...Yəni həyatın iki üzündə yaşayırıq...
Vaqif Səmədoğlunun atası ilə bağlı xatirəsindən: "Səməd Vurğun qədər demokratik adam görməmişəm. Musiqini sevərdi. Mənə Baxın "Fuqo"sunu, "Xoral"ını çaldırırdı. Qazax Seminariyasında skripka, saz, tütək çalmağı öyrənmişdi. Muğamatlarımızı, aşıq havalarını çox yaxşı bilirdi. Caz musiqisinin həvəskarı olmasa da, mənim caz çalmağıma mane olmurdu".
Bu il xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyidir. Bu tarix ölkəmizdə təntənə ilə qeyd olunmuşdur. Onun "Azərbaycan" şeiri xalqın tarixinə çevirilib, ruhumuza qarışıb. Yeni dil açan körpələrin də bu şeir dillərinin əzbəri, qan yaddaşıdır.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan
Azərbaycan, Azərbaycan!
Qeyd etmək yerinə düşərdi, politoloq-publisist Reyhan Mirzəzadənın Səməd Vurğunun yubileyinə həsr olunan "Böyük amallar və arzular şairi" adlı sanballı kitabının təqdimatı şairə doğma olan Azərbaycan Yazıçılar Birliyində keçirilmişdir. Reyhan Mirzəzadə rus ədəbiyyatı klassikləri, dünya şöhrətli yazıçı, şair və pedaqoqların yaradıcılığına dair 40-dan artıq tədqiqat yazılarının Bakıda və Naxçıvanda nəşr edilən kitabların müəllifidir. Reyhan xanım vurğunu olduğu Səməd Vurğunun həyat və yaradıcılığına həsr etdiyi kitabında onu şair-ictimai xadim, dost və ailəcanlı, səmimi və xeyirxah bir ziyalı kimi oxuculara təqdim etmişdir.
Xalq şairi Rəsul Həmzətovun çıxışından: "Bizim zəmanəmizdə Səməd Vurğun mədəniyyətimizin, ədəbiyyatımızın başı səmalara dəyən Kazbek, Elbrus, Şahdağ kimi zirvəsidir... Bəziləri torpaqları qəsb etməyi sevirlər. Amma torpaqları yox, ürəkləri fəth etmək lazımdır. Səməd Vurğun ürəklərimizi fəth etdi".
Xalqın məhəbbətini qazanmaq, şeirlərini əzbər bilmək şairə verilən ən böyük mükafatdır. Lakin şöhrətə doğru gedən yollar həmişə hamar olmur. Bu yolda yaxşı da, pis də bir yerdə addımlayır. Çox ağırdır həyatda son nəfəsinə qədər özün kimi qalmaq. Səməd Vurğunun "Paxıllar" şeirindən:
Ürəyimdə külək əsir, yarpaq düşür,
çiçək solur,
Gecəm keçir xəyal ilə, sual verir
mənə səhər:
Hansı şair, hansı qələm öz vaxtında
xoşbəxt olur?
Bir haşiyə çıxım: Hamletin dostları ondan hansı kitabı oxuduğunu soruşanda o, deyir: "Sözlər, sözlər, sözlər". Yəni kitab heç bir dərin mənası olmayan cümlələrdən ibarətdir. Ağıllı söz fikirlərin obrazıdır, səsidir, rəngidir. Şeirə həyat verən təkcə gözəl sözlər deyil, həqiqət nə qədər acı da olsa onu poetik dildə özünəməxsus ifadə etmək Vaqif Səmədoğluna xas keyfiyyətdir. "Salam, ata" şeirində həyat və ölümü qısa və aydın şəkildə bir-biri ilə qarşı-qarşıya qoyur:
Salam, ata, salam,
Bilirəm, arxamdasan.
Məzarından cəmi əlli-altmış
addım bu yanda dayanıb
trolleybus gözləyirəm.
Trolleybusa minib,
sənin yanına qədər
yaşamağa gedəcəyəm.
Ömür bu imiş, ata?
Gəldi...
Salam, trolleybus,
əlvida, ata...
Gündəlikdən: "1999-cu ildə "Uzaq yaşıl ada" kitabını nəşrə hazırlayanda evə əlində qovluqla gəldin. Dedin: "Nuşa, mən bu şeirlərimi ölmüş hesab edirdim... Anar öz arxivində saxlayırmış, mənə qaytardı... Gənclik illərində Anar Sənin bəzi şeirlərini, poemalarını makinada çap edib özündə saxlamasaydı, onlar da itib-batacaqdı. Girişdə yazdın: "Xoşbəxtlikdən yer üzündə Dostluq, Qayğıkeşlik, Məhəbbət, Etibar varmış. Anar varmış yer üzündə".
Nüşabə xanımın qəlbindən su içən, qələmindən çıxan xatirələri həmişə yaşayacaq. Oxucular Vaqif Səmədoğlunu daha yaxından tanımaq imkanı qazanacaq: "Sən heyfsilənirdin: "Bizim ədəbiyyatda Bakının öz romanı yoxdur. Şəhərin tarixi ilə bağlı yazı demirəm. Balzakın Parisi, Dikkensin Londonu kimi. Görünür, belə kitab bizdən sonra gələn nəsillərin qələmindən çıxacaq". Belə bir kitab Sən yaza bilərdin".
Bir dəfə səndən soruşdum:
- Bilirəm, Bakını çox sevirsən.Yenə də Avropa ölkələrindən hansında yaşaya bilərdin?
- Heç birində. Amerikada yurd salmaq olardı, Bakı orada tikilmiş olsaydı. Dilləri də bizim dil olsaydı, ingilis dili yox.
"Vaqif Səmədoğlunun Bakısı" adlı kitab Sənin öz qələmindən çıxa bilərdi... Sənin uşaqlığın Bakının Fioletov küçəsindəki (indiki Əlizadə küçəsi) evdə keçib. Bir dəfə şair Səlim Babullaoğlu bu evi görəndə dedi: "Belə evlərdə (o, indiki Səməd Vurğun muzeyini də nəzərdə tuturdu) doğulub yaşayan Vaqif Səmədoğlu başqa cür şeir yaza bilməzdi".
Bir haşiyə çıxım, Vaqif Səmədoğlunun şeirlərini sevimli aktyorumuz Fuad Poladovun ifasında eşitməyi çox sevirəm. Xüsusilə, şairin fikirləri məhz yarıpıçıltıyla, doğma nəfəslə deyilərkən şeir daha canlı, yeni məna kəsb edir. Şair Andrey Belıy şeirin yazılma texnikası haqda: "Mənim şeirlərim, həmçinin intonasiyanın ritmindən, nəfəsin pauzasından asılıdır". Bu texnikanı aktyor Fuad Poladovun səsləndirdiyi şeirlərdə hiss etmək olur. Aktyor şairə çevrilir...
On il əvvəl Fuad Poladov ondan müsahibə götürən xanıma: "Mən xarakterli adamam" demişdi. Vaqif Səmədoğlunda da bu keyfiyyət vardı. Xarakterli olmaq, yəni bütövlük, şəxsiyyət olmaq deməkdir. Daxilində doğulan bir çox monoloqlar şeirə çevrilməsə də, onun özü qarşısında hesabatıdır, etiraflarıdır. Monoloqlar iki cürdür: biri səhnədən deyilən, o birisi heç kimin eşitmədiyi qəlbin səsinə qarışan monoloqdur. Həyat fəlsəfəsində həmişə iki dəfə iki dördə bərabər olmur. Monoloq özünü axtarışdır, özünütəsdiqdir.
Növbəti xatirə: "Bilirsən, "Asan radio" dinləyicilər arasında sorğu keçirmişdi: "Ötən illərin ən yaddaqalan aparıcısı kim olub?" Xatırlanan adlar içində Sənin adını eşidəndə gözlərim doldu". Vaqif Səmədoğlunun apardığı "Caz həvəskarları klubu" verilişini yaxşı xatırlayıram. Azərbaycan və dünya mədəniyyətiylə bağlı yazdığım "Talelərə yazılan musiqi" kitabımda cazla bağlı fikirlər az deyil: "Azərbaycan İncəsənət İdarəsinin təşəbbüsü ilə Azərbaycan Dövlət Caz Orkestri təşkil olunur. Orkestrin bədii rəhbəri Tofiq Quliyev təyin edilir... Delta cazdan fərqli olaraq muğamatımızdan bəhrələnən, milli hisslərimizlə yoğrulub sintez təşkil edən caz mahir ifaçılarımız tərəfindən yeni mərhələyə çatdırıldı...Corc Qerşvinin əsasını qoyduğu caz-simfoniya janrından bəhrələnən Qara Qarayev məşhur "İldırımlı yollarla" baletini yazır...Tofiq Quliyev musiqi tarixində ilk dəfə olaraq muğam və caz improvizasiyalarının sintezini yaratmışdır. Həmin ənənəni sonralar istedadlı pianoçu-cazmen Vaqif Mustafazadə öz yaradıcılığında inkişaf etdirmişdir"...Vaqif Səmədoğlu ilə Vaqif Mustafazadə arasında fikir birliyi, dostluq həm də caz sənəti ilə bağlı idi.
Vaqif Səmədoğlunun növbəti xatirəsindən: "50-ci illərin ortalarında Bakının klublarında, mədəniyyət saraylarında caz musiqisi sel kimi axmağa başlamışdı. Dəmiryolçular klubunda ən yaxşı caz orkestrimiz özünə yuva qurdu... Məktəbin son sinfində oxuyarkən Rauf Hacıyevin rəhbərlik etdiyi "Vətən" kinoteatrının caz orkestrində işləyəcəkdim. Bir yandan atam, bir yandan musiqi müəllimim qoymadılar".
Nüşabə xanımın xatirələrində Vaqif Səmədoğlu sanki yenə öz evində, yazı masası arxasında əyləşib növbəti şeirini yazır. "Sənin yanında həmişə bloknot və karandaş olub. Yanında da pozan. Pozanı vaxtaşırı təmizləyirdin". O, deyirdi ki, pozanı spirt daha yaxşı təmizləyir. Amma qorxuram öz əlimlə öz pozanımı alkoqolik eləyim. Güclü yumora, sarkazma malik insanlar bədbinliyə də yeni ovqat qatmağı bacarırlar.
Nüşabə xanımın xatirələrindən: "Sənin yaradıcılığınla mən biz evlənəndən sonra tanış oldum... Sən otaqda olmayanda yazı makinasının arxasına keçib şeirlərini çap etməyə başladım. Arxaya baxanda gördüm ki, dirsəyini qapıya söykəyib gülümsəyirsən. İnamsız-inamsız soruşdum: "Mən şeirlərini çap eləyirəm, olar?" Kövrək səsinlə: "Əlbəttə, olar... Bu mənim çoxdankı arzumdur"...Yadıma bilirsən, nə düşdü? 2014-cü ildə Nizami adına muzeyində sənin Amerikada çıxan kitabının təqdimatında muzeyin direktoru, hələ tələbəlik illərindən tanıdığım Rafael Hüseynov sənin yazdıqlarının işıq üzü görməsində mənim rolumu qeyd edib. Bu fəaliyyətimə qısa və çox dəqiq ad verdi: "Nüşabə xanım şərqşünasdan çevrilib oldu Vaqifşünas".
Vaqif amansız xəstəliyinin sonunu yaxşı bilirdi. Artıq yazmaq həvəsi də son nəfəsindəydi. Yazı masası arxasına daha keçməyəcəkdi... Dostu Anar Vaqif Səmədoğlunu görməyə gələndə özünü gümrah göstərməyə çalışırdı. Nüşabə xanım qeyd edir: "Anar özünü toplasa da səsi titrəyirdi. Ürək-dirək verməyə çalışırdı Sənə. "Biz hələ sənin 75 illiyini keçirmək üçün Moskvaya da gedəcəyik", deyib Səni qucaqladı (Anar sözünün üstündə durdu. 80 illiyini Moskvada keçirtdi, artıq Sənsiz). ...Sonralar Anarın təsirli yazılarında oxuyacağam: "60-cılar nəslinin yarpaq tökümü... Heç kəslə əvəz edə bilməyəcəyimiz şəxsiyyətlər: Yusif Səmədoğlu, Emin Sabitoğlu, Toğrul Nərimanbəyov, Vaqif Səmədoğlu, Maqsud İbrahimbəyov... Bu nəslin budaqlarında bəlkə də son yarpaqlar qalır"...
Anarın dostuna yazdığı şeirdə Vaqif Səmədoğlu xəstəliyə baş əymir:
...Ölümü, xəstəliyi zarafata salardı,
Ölümdən, xəstəlikdən belə qisas alardı...
Ömrünün son anında
Ölümə güldü getdi...
Günəş həmin günəşdir,
Həmin yağışdır yağış,
Həmin dənizdir dəniz,
Dünyam bomboşdur sənsiz...
Doğma xatirələr öz sırası ilə vərəqlənir: "Kitablarının ilk nüsxəsini imzalayaraq mənə bağışlayırdın. "Məni zülmətdən işığa çıxaran, taleyimin bəxt üzüyünə dönən, ömrümün mənası və yaraşığı olan sevgilim, dostum Nuşa xanıma diz üstə əllərini öpərək. Vaqif Səmədoğlu. 16.XII 1999."
Şair kimi tənhalığı sevsə də şeirində Nüşabə xanıma müraciət edir:
Bu dünya, bir də sən olmasaydınız,
Harada, kiminlə mən tək qalardım?
Bu poetik təklik şairin sığınacaq yeri idi. İndi onun azad ruhu kainatı dolaşır, əbədi səfərdədir. Şair, "səfərin" uğurlu olsun. Yeri görünən şair həyatdakı yerini şeirlərinə verdi. Şair dünyasını dəyişsə də şeirləri yaşayır, oxucularla bağları qırılmır. Yazdıqları bizə qaldı, yazmağa macal tapmadıqlarını özü ilə apardı. Mənəvi yükünü belə təsvir edirdi: "Mənim beynim də, ürəyim də şeir qəbiristanlığıdır".
Acılı, şirinli xatirələr yelkən açıb bizi "Ayrılıq dənizi"ndəki "uzaq yaşıl ada"ya doğru aparır... Xəyallar nağıllaşır, uzaqlıq yaxınlaşır... Nüşabə xanımın etirafı dənizi dalğalandırır: "Yadındadı, təzə evlənəndə demişdim: "Sənin dünyanı sevən adam mənim də əzizimdir". Heç nə dəyişməyib"...
Nüşabə xanım Vaqif Səmədoğlunun həyat və yaradıcılığının aparıcı qüvvəsi idi. Lakin amansız xəstəlik araya girdi, fırtına qopartdı. Sanki fəsillər bir-birinə qarışdı. Şairin yaşamaq ümidləri qar kimi əriyirdi... Nizami adına muzeydə keçirilən tədbirdə Nüşabə xanım çox məyus görünürdü. Sonralar o, bu sətirləri yazır: " 2014-cü ilin sentyabrında Nizami muzeyindəki son çıxışında məni o dünyada 50 il gözləyəcəyini söylədin. Öz aramızdır, həddən artıq vaxt qoydun axı, görüşümüzə... İndi Sən orada, mən yolda".
2017-ci il iyun ayının 6-da Parisdə Azərbaycanın Fransada tanıdılması mədəniyyətinin, tarixinin təbliğinə xidmət edən "Azərbaycan evi"ndə fransız dilində Sənin "Mən bir gün təbəssüm olmuşdum" kitabının təqdimatını keçirdim. Tədbirin təşkilində "Azərbaycan Evi"nin sədri, vətənpərvər xanım Mirvari Fətəliyeva öz köməyini əsirgəmədi... Həmin gecədə fransalı şair və ədiblər, jurnalistlər, Azərbaycanın Fransadakı səfiri iştirak etdi".
Bu səfərdə onun qəlbində həm sevinc, həm də kədər bir-birinə qarışmışdı. O, vaxtı ikən Vaqif Səmədoğlu ilə Parisin məşhur mədəniyyət ocaqlarında olmuş, Eyfel qülləsini, Parisin Lüksemburq bağını və başqa tanış küçələri bir yerdə gəzib dolaşmışdılar. "Məşhur "Klozeri de Lila" kafesində Emil Zolya, Pol Verlen, Oskar Uayld, Jan Pol Sartr və digər məşhur simalar olmuşlar. Ernest Hemenquey "Fuesta" romanını burda yazıb. Yox, Paris dəyişməyib... Dəyişən mənəm, Sən gedəli... Bilirsən, ilk dəfə duyduğum doğmalığı da hiss etmədim. Səninlə Parisdə yaşadığım doğmalığı. O doğmalığı Sən mənə yaşatmışdın, Sənin varlığın"...Deyirlər ki, zülmət yoxdur, işıq olmayan yer var". Vaqif Səmədoğlunun olmadığı yer Nüşabə xanım üçün işıqsızdır...
İnsan yaşa dolduqca daha kövrək, daha həssas olur. Şairin həm də musiqiçi kimi mənalı bir aforizmi yaddaşıma həkk olundu: "Minorda ömür sürüb majorda ölmək. Baxın əsəri kimi". Belə bir deyim var: "Allah yeri, göyü sanki Baxın əzəmətli musiqisi altında yaratmışdır". Eynşteyn də etiraf etmişdir ki, əgər Baxın fuqaları olmasaydı mən heç vaxt "Nisbilik" nəzəriyyəsini kəşf edə bilməzdim. Səməd Vurğun da Baxın əsərlərini sevirmiş... Bu musiqidə səslənən müqəddəs ahəng dinləyicini öz məhvərindən qoparmağa qadirdir.
Həyat eşqi şairə hava, su kimi çox lazım idi: "Çox yaşamaq istəyirəm. Çox yazmaq istəyirəm. Nüşabə xanımı daha çox görmək istəyirəm. Günbəgün daha çox səsini eşitmək istəyirəm"... Bu intizar həyatının ən qiymətli, sevimli varlığından, qələmindən ayrılmağa qarşı bir haray idi. Lakin sevərək yaşamaq, sevərək ölmək ölməzlik deməkdir.
Yazının bu məqamında barmaqlarım yaza bilmədi... "İstəyirəm" sözü məni yaman kövrəltdi. Dərin sükuta qərq oldum... "Ayrılıq" elmə məlum olmayan "uzaqlıq ölçüsüdür". Riyaziyyatda belə bir ölçü vahidi olmasa da həyatda var. Həyatla ölüm arasında ölçüdür. Xatirələrin qapısı həmişə açıqdır. Bir ömrə sığmayan, yaddaşa həkk olunan xatirələr köhnə şəkillər kimi doğma olaraq qalacaq. İnsan doğulanda qaranlıqdan işığa, dünyasını dəyişəndə işıqdan qaranlığa qərq olur və heç birində özü iştirak etmir. Nəbi Xəzrinin misraları yada düşür: "Dünyada hər şeyin xatirəsi var. Bir doğum, bir ölüm xatirəsizdir".
Vaqif Səmədoğlunun yaradıcılığına təəssüf ki, geniş yer ayırmaq mümkün olmadı. Amma onun həyatda, ailədə, dostluqda şəxsiyyəti özü də bir şeirdir. Son günlərini yaşayan şair gündəliyində yazır: "Ölümüm də çap olunmayan şeirə bənzəyəcək. İlk oxunuşdan əzbər qalacaq bu şeirin bütün misraları. Əcəl vəznində yazılmış ilk və son şeirim". Nüşabə xanım ölümlü dünyanın vəfasızlığını, acısını çox ağır qəbul edirdi: "İki dünya arasında çarpışırsan, Vaqifim...Reallıq ağır gəlir Sənə. Xilasını yuxuda tapırsan. Hər şeydən əli üzülən, ömrünü yuxuda keçirmək istəyən Vaqifim...Sakitcə gedirsən...Şüurlu...Göz qapaqların yarı örtülür... "Nuşa, möhkəm ol!" sözləri qulağımda səslənir".
Bu kövrək xatirələri yenidən yaşamaq ağırdır, lakin Nüşabə xanım onun həyatda yoxluğu qarşısında iradəsini toplayır. Onun adını, arzularını yaşatmağa çalışır. Unudulmaz xatirələrlə həyat və əqidə yoldaşının heykəlini o, oxucuların, onu sevənlərin qəlbində ucaltmağı bacardı. Oxucu onların arasındakı dialoqlarda, sevgi, səmimiyyət dolu münasibətlərdə xoşbəxt ailənin tablosunu görüb yaxından tanıdılar. Bu, bir çox ailələrə nümunədir. Ömər Xəyyamın dəyərli fikirlərindən: "Hər bir damcıya mirvari olmaq nəsib deyil"...
Vaqif Səmədoğlunun məzar daşı üzərində həkk olunan "Mən burdayam, İlahi!" fikri daşı da şeir kimi dilləndirdi. Allahın dərgahı onun üçün əbədi ünvan oldu.
Nüşabə Babayeva-Vəkilovaya sağlam ömür, yaradıcılıq uğurları arzulayıram. Vaqif Səmədoğlunun ocağında işıqlar daha da gur yanır. Ədəbiyyatımızın ağsaqqalı Səməd Vurğunun müdrik fikirlərinə qoşuluruq:
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
