Birinci Türkoloji Qurultayın problemləri professor Nadir Məmmədlinin analitik elmi-kulturoloji şərhində - Nizami Məmmədov TAĞISOY

 

Türk xalqlarının tarixi taleyinə qızıl hərflərlə və qan-qadalarla yazılmış Birinci Türkoloji Qurultayın araya-ərsəyə gəlməsindən bir əsr keçməsinə baxmayaraq, onunla bağlı fikir, münasibət, müşahidəli düşüncələr nəinki getdikcə tarixin arxivinə atılır, əksinə, türklərin həyatında oynadığı rola tənqidi və adekvat dəyər vermə daha da aktuallaşır. Eyni zamanda buna görə də Azərbaycan dilçiliyinin, ədəbiyyatşünaslığının, tarixşünaslığının son bir ilə yaxın müddət ərzində problemi gündəmdə saxlayıb, onun əksər tərəflərinə münasibət sərgiləməsi təqdir ola biləcək yanaşma kimi nəzərdən keçirilməlidir. Bu kontekstdə biz filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədlinin bu yaxınlarda nəşr etdirdiyi "1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda" (Bakı, "Elm və təhsil", 2026, 828 s.) adlı kitabının məziyyətlərindən danışmağa ehtiyac duyuruq.

Bəri başdan qeyd edək ki, professor Nadir Məmmədli Azərbaycan dilçiliyi sahəsində öz imzası, bu sahəyə yetərincə adekvat baxışı, mövqeyi, metodoloji konsepsiyası və fəal tədqiqatçılıq səriştəsi ilə seçilən alimlərdəndir.

Professor Nadir Məmmədli adını çəkdiyimiz kitab araya-ərsəyə gələnə qədər Birinci Türkoloji Qurultayın türk xalqları ailəsində yerinə və roluna bir neçə məqalə və materiallar həsr edib, dövri mətbuatda mütəxəssis və alimlərin diqqətinə çatdırmışdır.

Onu da bildirək ki, Nadir Məmmədli əsasən ilkin mənbə ilə təmaslara üstünlük verməyə meyilli tədqiqatçılardandır. Buna görə də məsələnin mahiyyətini daha doğru-dürüst aspektlərdən diqqət mərkəzinə çəkən alim Qurultay materiallarını, stenoqrafik hesabatı, ikinci dərəcəli mənbələri, əlavə yardımçı əsərlərə dərindən diqqət yetirib, onları həzm-rabedən keçirdikdən sonra bu kitabın ortaya çıxmasına zəmin yaratmışdır. Kitabın başlığına çıxarılmış Qurultayın araya-ərsəyə gəlməsini şərtləndirən tarixi şərait, arxiv sənədlərində yer almış informativ materiallar və bütün bunların milli mətbuatda işıqlandırılması Qurultayın türkşümul xüsusiyyətini diqqət mərkəzinə çəkməklə, həm də bu əsərin milliliyi, tarixiliyi və türkçülüyü təqdir edən mahiyyətini daha da artırmaqdadır.

 

Araşdırmanın birinci fəslində Nadir Məmmədli "I Türkoloji Qurultay: tarixi zəmində" adlı bu ali fövqəlhadisənin siyasi və elmi əsaslarını, əlifba məsələsini, yazı-orfoqrafiya problemini, terminologiya və türk dillərinin ədəbi dil, o cümlədən, ortaq ədəbi dil və tədris-metodologiya məsələlərini diqqət mərkəzinə çəkir, onların türk xalqlarının tarixi, çağdaş yaşamı, gələcək perspektivlərinə nə dərəcədə səmərəli təsir və təkan verəcəyini əsaslandırmağa istiqamətlənir, onun tarixi və nəzəri əhəmiyyətini xüsusi dəyərləndirməklə yanaşı, həm də təkzibedilməz perspektivlərini vurğulayır.

Bizə belə gəlir ki, professor Nadir Məmmədli Birinci Türkoloji Qurultayın mahiyyətini oxucu və mütəxəssislərin doğru-dürüst planda anlaması üçün həmin Ali Məclisin təşkilinə və onun keçirilməsinə və ondan sonrakı dövrdə hansı əməli nəticələrin əldə edilməsini gərəyincə nümayiş etdirməsi üçün nəinki bu elmi-tarixi hadisənin özünə, həm də ona dolayısı ilə bu və ya digər şəkildə bağlı olan məqamların doğru mövqedən təsvirinə tutarlı rakursdan yanaşmışdır. Bununla bağlı aşağıda müəllifin Türkiyə Cumhuriyyətinin başçısı Atatürkün 1922-ci il iyulun 7-də Sovet səfiri S.İ.Aralov və İran səfiri İsmayıl Xanın şərəfinə verdiyi ziyafətdə etdiyi çıxışın fraqmentini təqdim etməsi də yetərincə başa düşüləndir. Həmin zaman Atatürk aşağıdakıları demişdi: "Doğrudur ki, mövcud tarixlərin qeyd etdiyi hadisələr millətlərin gerçək düşüncə və arzuları, hərəkətləri deyil. Şərq xalqları öz iradələri, öz hissləri ilə hərəkət etmirdilər. Onların başında bir sıra istibdadçılar, özbaşına hərəkət edən çarlar, hökmdarlar var idi. Tarixi hadisələrin əksəriyyəti onların tamahını təmin etmək üçün etdikləri əməllərdir. Biz onların hamısını cıracağıq, yeni bir tarix yazacağıq" (Atatürkün söylev ve demeçleri. Cild II. Ankara, Atatürk Araşdırma Merkezi Yayınları, 1997, s.44).

Nadir Məmmədli Atatürkdən gətirdiyi iqtibası heç də gəlişigözəl söz kimi yox, həm də türklərin gələcəyə hansı istiqamətlərlə gedəcəyinin, onların millət qarşısında hansı mühüm məsələləri hədəfləyəcəyindən xəbər verir ki, "Yeni tarix yazmaq üçün həm keçmişi", həm indini doğru-dürüst yöndən dəyərləndirmək, gələcəyə uzanan məsuliyyətli yolun konturlarını müəyyənləşdirməyə ehtiyac vardır. Burada isə Atatürkün yuxarıda söylədiyi çıxışdan 4 il sonra Bakıda düzənlənəcək Birinci Türkoloji Qurultayın hədəfləri və prioritetləri diqqət mərkəzinə gəlməli idi. Nadir Məmmədli bütün bunlara praqmatik düşüncəli alim mövqeyindən yanaşmış, həmin dövrlərdə nəinki Azərbaycanda, həm də bütün türk dünyasında türkologiya elminin hansı səviyyədə olduğunu məqsədli şəkildə nəzərdən keçirib, türk türkologiyasının Avropadan və Rusiyadan nə qədər geridə qaldığını konkret məxəzlərə müraciət edib, onlardan aldığı informasiyalara görə geniş oxucu auditoriyasına çatdırmağı gərəkli hesab etmişdir. Bu fəsildə araşdırma müəllifi Qurultayın proqramı məsələsinə də kənar müşahidəçi kimi qalmamışdır. "Yakutiyadan Krıma qədər olan respublika və vilayətlərin elm və maarif sahəsində çalışan məsul nümayəndələrinin bir araya gələrək" Qurultayın keçirilməsinin vacibliyini vurğulamasına (s.15-16) diqqət sərgiləmişdir. Əlbəttə, belə fundamental səpkili tədqiqat işlərində "təmiz milli terminologiya", "milli-Avropa və milli-ərəb qarışıq elmi terminologiyanın", "Xüsusi Daimi Ümumittifaq Türkoloji Orqanı"nın yaradılması" məsələlərinin müzakirəyə çıxarılması üçün proqramın icrasına 14 iş gününün tələb edilməsi və Qurultayda iştirak üçün keçmiş SSRİ-nin 13 regionundan elm və maarif nümayəndələrinin cəlb edilməsi, Qurultayda məruzələrin türk dillərində rus dili ilə bərabərhüquqlu şəkildə aparılmasının dəstəklənməsi, Qurultay başa çatdıqdan sonra materialların rusca və xərclərə qənaət məqsədilə yığcam şəkildə türk dillərindən birində nəşrinin professor Samoyloviç tərəfindən təklif edilməsi və s. məsələlərə incəliyinə qədər nəzər salınması professor Nadir Məmmədlinin Birinci Türkoloji Qurultayla bağlı məsələnin hazırlanması, Qurultayın gedişi, Qurultayın əldə etdiyi elmi-nəzəri nəticələr və onun nümayəndələrinin sonrakı taleyi və s. kimi məqamların bütün nüansları ilə oxuculara təqdim edilməsi bu ali məclisin mahiyyəti ilə geniş oxucu auditoriyasının tanış edilməsi doğru-dürüst yanaşma kimi dərk və qəbul edilməlidir.

Nadir Məmmədlinin gərgin zəhmət və əzablar hesabına hazırlayıb araya-ərsəyə gətirdiyi bu kitab nə xronika, nə salnamə, nə ümumi mənzərə, nə də başqa sıradan hər hansı fakt konstatasiyalarına meyilli əsər olmayıb, 100 il bundan öncə gələcək tarixi taleyimizin boz mənzərəsinə şahidlik edən adi hadisələrin fiksasiya məcmuəsi yox, mütəhərrik tədqiqatçı idrakının görümlü nümunəsi kimi ortaya çıxarılmış tariximizin göstərilən dövrünün orijinal nüsxəsidir.

Nadir müəllim kitabda digər indiyə qədər tədqiqatçı müəlliflərin nəzərdən qaçırdığı məsələləri - Türkoloji Qurultayın Proqramının müddəalarını, qərarlarının qəbulunu, Qurultayın çağırılmasını, Qurultayın iş planını, türk xalqlarının istifadə etdiyi əlifbalar (ərəb, monqol, rus, latın, elmi transkripsiya əlifbası) və s. kimi məsələləri araşdırmanın episentrinə çəkməsi də heç də sıradan bir informativ xarakterli məlumat kimi qəbul edilə bilməməlidir. Eyni zamanda müəllifin əsərdə türklərin islamı qəbul etməsinə münasibətini Vasili Vladimiroviç Bartoldun çıxışında yer almış xeyli tarixi və mədəni baxımdan yanaşmalara baxışını, Orxon tarixi yazılı abidələrinin oxunmasını, türklərin Çin tarixində yer almalarını, Çin mənbələrində müxtəlif transkripsiyalarda "qırğız" sözünə "türk" sözündən daha əvvəl rast gəlinməsini, Radlovun Orxon-Yenisey abidələrinin oxunuşunu "toquzquzlar" ("doqquz oğuz") şəklində ortaya qoymasını, Türküstandakı "Əfrasiyabın evi" adlandırılan Qaraxanilər dövləti ilə bağlı məlumatları, Çağatay ədəbi dili, qıpçaq sözünün özbəklər və qazaxlar arasında tayfa adı kimi qalması, Bartoldun məruzəsində mənbəşünaslıq və mətnşünaslıq, Çin məxəzlərində fonetik problem, ayğuz-oğuz ad ziddiyyətləri və s. kimi anlayışların incələnməsinə professor Nadir Məmmədlinin münasibəti heç də yalnız bir dilçi alimin baxış bucağı kimi yox, əksinə, monoqrafiya müəllifinin əlavə baxış və izahları ilə ortaya çıxarılması onun praqmatik düşüncə məhsulu kimi qiymətlidir.

Professor Nadir Məmmədlinin araşdırmasında Qurultay nümayəndələrinin məruzələrinin əsaslı şəkildə tədqiqi və təhlili müəllifin türk ləhcələrinin tarixi inkişaf mərhələlərinə Orxon dövrü, Qaraxanlı-Uyğur-Səlcuq dövrü, Osmanlı - Çağatay - Qızıl Orda xətti, imperiyalar arasında miqrasiyalar, Şərq-Qərb, Şimal-Cənub istiqamətli qarışmalar, yeni ləhcə və ədəbi dillərin yaranması, toponimlərə və etnonimlərə baxış, siyasi və coğrafi miqrasiyaların dillərin yayılmasını formalaşdırması, onlar arasındakı diferensiasiyaların daha qədimliyi, fonetik və morfoloji proseslər, fonetik qanunauyğunluqlar və s. yetərincə əsaslandırılmış və kompetensiyalı mövqedən şərh edilmişdir. Nadir Məmmədlinin haqqında bəhs etdiyimiz araşdırması müasir türkoloji elminə və mədəniyyətinə alimin töhfəsi kimi dəyərləndirilməyə layiqdir.

Beləliklə, professor Nadir Məmmədlının izahlarında Birinci Türkoloji Qurultayın kulturoloji baxışları türk xalqlarının mədəniyyətlərinin dialoqu və türkologiyanın elmi əsaslarının incələnməsi mövqeyindən doğru işıqlandırıldığı qənaətindəyik. Əsərdə tarixiliklə varislik ənənələri və aspektləri, tarixi irsin qorunması və mədəni-elmi dəyərlərin reabilitasiyası kontekstinin mühümlüyü doğru olaraq ön plana çəkilmişdir. Bununla yanaşı, tədqiqatçının apardığı təhlillər həm də türkoloji dilçiliyin, türkoloji ədəbiyyatşünaslığın və mədəniyyətşünaslığının konseptual istiqamətlərinin genişlənməsi və dərinləşməsinə xidmət edən amil kimi göstərilməsi məntiqə uyğundur. Nadir Məmmədli Birinci Türkoloji Qurultayın əhəmiyyətinə nəzər salarkən, həm də onun baxışlarının digər türkoloqlarla müqayisəli şəkildə öyrənilmə aspektlərinin özünəməxsus müddəalarını hansı rakurslardan reallaşmasını zəruriləşdirdiyi nəzəri-metodoloji baxış rakursu olaraq ortaya qoyduğu görünməkdədir. Hesab edirik ki, bu tipli araşdırmaların daha ardıcıl, intensiv və konseptual istiqamətlərdə aparılmasına diqqət getdikcə güclənməlidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!