Müəllimlik fəaliyyəti ilə yanaşı, bədii yaradıcılığa da maraq göstərən Günel İbrahimlinin "Sükutun danışdığı hekayələr" adlı ilk hekayə kitabı işıq üzü görüb. "Star" çap evində nəşr olunan kitab müəllifin həyata, insana və insan talelərinə baxışının bədii ifadəsidir.
1988-ci ildə Mingəçevirdə anadan olan Günel İbrahimli ali təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında alıb. Hazırda Oğuz rayon Calut kənd tam orta məktəbində müəllim kimi çalışan müəllif pedaqoji fəaliyyətlə yanaşı, şeir və hekayələr də yazır.
Kitabda insan münasibətləri, ailə dəyərləri, ana məhəbbəti, həsrət, ayrılıq, Vətən sevgisi, şəhidlik və qəhrəmanlıq kimi mövzulara toxunulur. "Möcüzə qadın", "Gizli qəhrəmanım", "Ana ətri", "Bir ev var çox uzaqlarda", "Polad ömrün hekayəsi" və digər hekayələrdə həyatın müxtəlif üzləri, insanın mənəvi dünyası və yaddaşlarda yaşayan duyğular əks olunur. Müəllif bəzən bir insan taleyindən, bəzən kiçik bir hadisədən çıxış edərək oxucunu daha böyük həqiqətlər haqqında düşünməyə dəvət edir.
Kitabın ön sözünün müəllifi filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas, Milli Məclisin deputatı Elnarə Akimovadır. Nəşrin redaktoru Vüsal Oğuz, tərtibçisi Xalid Mahmuddur.
"Sükutun danışdığı hekayələr" müəllifin ilk kitabı olmaqla yanaşı, onun ədəbi yaradıcılıq yolunun da başlanğıcıdır. İnanırıq ki, bu kitab oxucuların marağına səbəb olacaq, hər kəs öz duyğularından, xatirələrindən və həyatından bir parça tapacağı hekayələrlə Günel İbrahimlinin qələm dünyasına səyahət edəcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
