Təbiətlə insanın harmoniyası - Allahverdi EMİNOV

 

Ruh fenomenini şairlər daha çox idrak edir. Poeziya dilində səsləndirir. Alman filosofu Hegel "Ruh fəlsəfəsi" traktatında qeyd etmişdir ki, ruhu dərk etmək - ən konkretdir, buna görə də ən ülvidir, qətidir. Deməli, insan düşünən ruhdur, ona görə ki, özünüdərk-seyr-transsendentallıq ruhun təbiətinə xas qanundur və zahirdən təlqin olunmur, batindən - daxildən yetişir. Axı, təbiətin özü Allah tərəfindən yaradılmışdır, mütləq ruhu, İlahini dərk etmək vasitəsidir. Bununla Hegelin Allahı ruhda dərk etmək ideyası özünü doğruldur.

 

Poeziyada şair təbiətin ruhunu gülə, çiçəyə, əlvan bitkilərə, hətta qışın sazağında cəsarət göstərib qar altından baş qaldıran bənövşəyə vermişdir. Şair M.Nəzakət təbiəti duymaq hissi ilə yazmışdır:

 

Ətrin bihuş edir çölü, çəməni,

Güllərin incəsi zərif bənövşə.

Təbiət özü də qoruyur səni,

Şəninə yaraşır tərif, bənövşə!

 

Əzəldən bahardır sevgilin sənin,

Altından baxırsan qarın, bənövşə.

Yolunda boynunu büküb durubsan, 

Yoxsa vəfasızdır yarın, bənövşə?!

 

Bu barədə daha sonra...

Təbiət öz ruhunu qızılgülə sevgi - sevilmək payı bəxş etmişdir, bütün fəsillərdə ətrini, rəngini saxlayır. Deyirlər, böyük şair Sədi Şirazinin qəbri heç vaxt qızılgülsüz olmur, sanki qızılgüllər əsrlərdir bu torpaqda bitir. Bəlkə də bu möcüzə şairin "Qızılgül bağı" şeirini qələmə aldığı üçündür?!

Sədi cismani getsə də, torpağa qovuşsa da, şairin təbiətin gözəlliyi barədə misraları yaşamaqdadır. Onun məzarı ətrafında bitən qızılgüllər də yaşadır, şairin ruhu beləcə yaşayır baxmayaraq, onlar ölümün gəlişini daima qarşılamağa hazırdır.

Şair Şükuhi demişkən:

 

Gələn birdir, gedən birdir, qalan bir,

Gələn qalmaz, gedən gəlməz, əcəb sir.

Bir əvvəl var, bir axır var deyirlər,

Bu, bir sözdür, nə əvvəl var, nə axır...

 

Təbiət insanın ağılına, dərrakəsinə çox güvənir; möcüzəsi ilə, davranışı ilə, gözəllik bəxş etməsi ilə. Bu mənzərəni duyan şairdir, seyrini poetikləşdirən də şairdir, amma adi adamlardan fərqli olaraq. Şairlər Xəzərdən az yazmayıblar, hər biri öz fikir-düşüncəsiylə, duyum tərziylə. Nəzakətin də öz payızı var: "Payız", "Xəzərin payızı", "Payız ömrü". Təbiət isə ildə bir dəfə payızı Yer kürəsinə ərməğan edir. Öz qızılı saçları ilə, sarı yarpaqları ilə. Mən də bir insan olaraq payızı sevirəm. Onun ağaclara sığal çəkdiyi sarı əlləriylə, bu əllər üzü qışa doğru gedir. Gəlin, tələsməyək. Baxmayaraq, meşələrdə, dağlarda, çöl-bayırda qocalıb, ömrünü yaşayan qocalar kimi.

Şairə Nəzakət isə öz duyumunda, öz sinirlərində "Payız"ı şəxsləndirir:

 

Əl çəkib hər yerə qızılı payız,

Ağaclar soyunub yaşıl donunu.

Üzünə ölümün sarısı çökən

Yarpaqlar gözləyir ömrün sonunu.

 

...Düşüb yol gedirəm tale boyunca,

Hər yerdə önümə çıxır bu payız.

Bacımın ağaran telindən düşür,

Anamın qəbrindən baxır bu payız.

 

Bu sonuncu misra məni çox uzaqlara apardı: anasız dünyama. O, bir payız günü qollarını mənə açıb "Alı, məni ağuşuna al, əzrail məni aparır"- dedi. Və arıq, damarı görünən qollarımı buraxmaq istəmirdi.Və elə həmin gün - payız çağında qollarımın arasından uçdu. Bu sonuncu misra şairənin Ana nisgilinə sanki bir elegiyadır, itirilmiş bir ağuşdur, bu isti qucaqda vaxtilə qızı - körpə Nəzakət yatıbdır, ana döşündən süd əmibdir. İllər ötdü qızı şairə oldu, "Anam", "Ana haqqı", "Tənha qadın" şeirlərini pıçıldadı. Ana itkisinin acısını daddı, bəlkə də ilk dəfə anasızlığın həsrətini yaşadı.

Bu anlarda ana yoxluğu ağır qantellər kimi ürəyindən asıldı:

 

İsti nəfəsinmiş həyatım, anam,

Sənsiz keçən illər boşdur, hədərdir.

Bəxtəvər olmuşam səninlə, anam,

Yoxluğun əzabdı, bitməz kədərdi.

 

Gör neçə vaxtdı ki, həsrət qoymusan

Səsinə, sözünə, özünə, anam.

Torpağın qoymayır bircə yol baxam,

Ay kimi nurlanan üzünə, anam.

 

Hər gün səsləyirəm ürəyimdə mən,

Dilimdə qaralan sözüm axtarır.

Həsrətin çəkirəm gör neçə ildi,

Eh...səni hələ də gözüm axtarır.

 

Bu sonuncu misra tənha qadın - ana taleyinin kədərli notlarıdır. İnsan tənhalaşanda dünya ona dar görünür. Allah ona nə üçün bu taleyi qismət edibdir görəsən? Bu sirri açan hələ yoxdur, heç təbiət də mat-məəttəl qalıbdır. Analar həqiqətənmi tənha olur? Şairə Nəzakət üçün tənha qadın varmı, varsa...

 

Göz yaşların yanağının sığalı,

Qəm-qüssədi qəlb evinin qonağı.

Ağ saçların qara günün sığalı,

Tənha qadın, alın yazın beləymiş.

 

...Görünmür ki, azdırasan, azasan,

Yuxu deyil, görüb tərsə yozasan,

Əlin çatmır, yazılanı pozasan,

Tənha qadın, alın yazın beləymiş.

 

Alın yazısı doğrudanmı, gələcəkdən xəbər verir? İnanmaq istəməzdim - hisslərimlə yox, əqlimlə pıçıldayıram, idrakımla götür-qoy edirəm - alın yazısı həqiqətənmi insanın taleyinə müştərəkdir? Təbiətmi belə nişan veribdir? Təbiəti yalnız estetikada, maddiyyatda axtarmaq birtərəflik deyilmi? Tanrının əbədi yaranışı olan "alın yazısı" insan intellektini formalaşdırırmı? Təbiətə sızan onun cisimlərində fəlsəfi hikmətlər tapır, idrakını zənginləşdirir. Alim Ron Habbard "Dialektika" elmini yaradır (bu elm hələ azərbaycanlı alimlər tərəfindən araşdırılmamışdır). Bu təlim-elm keçmişdəki arzuolunmaz emosiyaların, mənəvi əhvalın azaldılmasında, qeyri-rassional fobiyanın - qorxunun, ruhi pozuntuların nəticəsində yaranmış psixomatik xəstəliyin təsir dairəsinin azaldılmasında mühüm rol oynayır. Bu elmi "ağlın bədənə təsiri" vasitəsi də adlandırırlar. "Tənha qadın" şeirinə adi nəzərlə baxılmamalıdır, hərçənd şairə M.Nəzakət proqnozunu poetik dildə təsvir etmişdir.

İnsana bəllidir ki, bir gün gəzdiyi dünyada olmayacaq və bu aləm heç nə itirməyəcək, çün, qonaqsevərdir o vaxtacan - səfər yetişəndə yola salır.

Dahi şair, alim Ömər Xəyyam demişkən:

   

Biz getsək, yenə də duracaq cahan,

Bizdən qalmayacaq bir iz, bir nişan.

Biz yoxkən çəkmirdi o, heç bir zərər,

Getsək də görünməz ondan bir nöqsan.

 

Nəzakətə qədər dünya haqqında S.Vurğun, M.Araz, M.Yaqub şeirlər qələmə almışlar. Mən şairənin "Dünya" haqqında şeirlərini oxumamışdan əvvəl Məmməd Araz poeziyasına baş vurdum. Axı, bu dünya bəşər övladlarını xəlq etmişdir və bu aləm bir meydandır: kimi yaşamağa gəlir, kimi alverə, amma xoşbəxtlər tamaşaya gələnlərdir. Dünya hissiyyatla dərk olunur, bayağı adamlar daha fəaldırlar.

M.Araz üçün dünya bir cüt zərdir:

 

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da, qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin.

 

Şairə Nəzakətin öz dünyası var, bu dünyanın qədrini bilməməkdə özünü "günahlandırır":

 

Ey dünya, qədrini biləninmisən?

Ya sənə əl açıb, diləninmisən?

Çoxu gəlib-gedib, izi qalmayıb.

Səni qarış-qarış biləninmisən?

 

Nadan var, yetişib ucuz şöhrətə,

Alim ağlınca gözü kor qalıb.

Ey dünya, min dəfə atılmısan sən,

Şükür ki, gül altda yenə qar qalıb.

 

Nəriman Həsənzadə "Dünyada" şeirində bu aləmə bir nərdivan kimi baxır:

 

Bu dünya nərdivandı,

Qalxanda mehribandı,

Enəndə nə yamandı...

Görüşdük pillələrdə,

Yolun yarısında biz.

O, qalxırdı bu dəmdə,

Mən enirdim xəbərsiz.

Onu arzularına

Qaldırırdı nərdivan,

Məni xatirələrlə

Endirirdi bu zaman,

Birimiz-günçıxana,

Birimiz-günbatana...

Qalxa bilməzdim daha,

Nə o güc, nə o taqət.

O da enə bilməzdi,

Haqlı-haqsız vermişdi,

Öz hökmünü təbiət.

Gərək ya düşməyəydi

Heç araya.

Ya o əvvəl gələydi,

Ya mən sonra dünyaya...

 

M.Nəzakətdə bədii idrak güclü və çoxcəhətlidir, müşahidəyə əsaslanır, predmetlər və hadisələrin dərki yolu da bu prosesdən başlayır, yəni duyğulardan. Mən onun yaradıcılığı ilə tanış olanda hiss etmişəm ki, gözəlliyin oyatdığı məhəbbət hissinin poetik tərənnümünə estetik kateqoriya nəzərində yanaşır. Bunu praktik şeirlərinə üz tutanda K.Marksın fikrini xatırlamış və yazmışdır ki, insan hisslərinin yaranması və bu hisslərin insaniliyi formasını duya bilən gözün, musiqiyə həssas olan qulağın yaranması eyni zamanda, estetik funksional fəaliyyətinin inkişafının məhsuludur. Məhz şairə dünya obrazına güclü və təmiz bədii təfəkkürlə yanaşmışdır. O, üzünü dünyaya tutub heç də xoşqılıq "dialoq"a girmir:

 

Nə deyim mən sənə, amansız dünya,

Neynirəm, seçilmir qaradan ağın.

Həsrətin əlində ruhum göynəyir,

Tək sənə yetməyir hayım, sorağım.

 

Yormusan yamanca, yormusan məni.

Sən demə, bitməzmiş zülmün-zillətin.

Arzumun dalınca qaldı gözlərim,

Yolların daşlıdır, yüyürmək olmur.

 

Bu poetik giley şairəyə toxtaqlıq verir. Belə bir psixoloji təkamül poeziyasında bir faktor kimi etirafda toxtayır, heç nəyi gizlətmir, heç bir tərəddüdə, sarsıntıya yol vermir:

 

Sən elə beləsən, başdan, əzəldən,

Bilirəm, heç kəsə qalan deyilsən.

Sonuma gedirəm hey addım-addım,

Bilirəm, mənim də olan deyilsən.

 

Bu məqamlarda Nəzakət geniş ürəklə, azadsevərliklə göylərə üz tutacaq, buraya dünyanın əli yetmir, burada insanlar Tanrıya daha yaxındır.

    

Yaş olub gözündən düşənə kimi,

Əlindən nə çəkdim, biləydin barı.

Bir gün üz döndərib üzündən sənin,

Çıxıb gedəcəyəm göylərə sarı.

 

Bu o "göydür" təbiətin maviliyi, ülviliyi, paklığı ona həmdəmdir. Mən bu qənaətə təsadüfən gəlmədim, şairə Nəzakətin təbiətdən harmoniya axtarışının şahidi olduğum qənaətindən gəldim. Onun poeziyasında təbiət bir fantom kimi yaşanır, təbiətin predmetləri sanki danışır şairlə, gözəlliklə üz-üzə dayanır, söhbətə qoşulur, bəzən də gileylənir. Bu onun bütöv axtarışıdır, örtülü kosmosu idi, necə ki, pifaqorçular üçün dünya dürüst biçimli kosmos idi, bütün səma harmoniya idi. Şairə bu ahəngdə payız fəslini sevirdi və "Payız ömrü", "Xəzərin payızı" şeirlərini qələmə aldı. Təbiətə vurğunluq Nəzakətin ana qüdsiyyətindən irəli gəlirdi, axı, analar gözəllik duyğusunu balalarına sinirləri vasitəsilə ötürürlər! Çün, gözəllik şairə üçün varlıq qədər canlıdır, həyatidir, gözəllik mənəvi-maddi qüvvə kimi duyğuları tərpədir. Mən şairənin belə səpkili şeirlərini oxuyanda rus estetiki N.Çernışevskinin sözlərini xatırlayıram: "Gözəllik insanda doğur, düzü, duyğu elə bir işıqlı sevincdir ki, bizim üçün əziz olan bir məxluqun yanımızda olmasından doğan bir adamı sevincimiz kimi sevirik". Qayıdıram fikrimə.

 

Açıb buludlara ovcunu torpaq,

Saralmış baxçanın halına bir bax.

Əl edir budaqda bir sarı yarpaq,

Gəl, payız ömrünün taleyini yaz.

 

...Ruhumda hələ bir ar qoxusu var,

Könlümdə bir misra yar qoxusu var.

Daha qismətimin qar qoxusu var,

Gəl, payız ömrünün taleyini yaz.

 

Nəzakət xanımı "Təbiət şairi" adlandırmazdım, amma təbiətin qoynunu bir ana qucağı sanmışdır, onun ekoloji görüşü təbiətin qorunmasına da yönəlmişdir. Təbiətin bitirib əzizlədiyi predmetlərdə, bənövşə ləçəklərində, çiçəklərində, qızılgüllərində dərin estetik zövq ummuşdur.

 

Bəmbəyaz nəğmədir ağ çiçəklərin,

Saralıb payızda biçənəklərin.

Çəkir sinə dolu ah çiçəklərin,

Gəl, payız ömrünün taleyini yaz,

 

- yazan şairə qar altından boylanan bənövşəyə laqeyd qalmır.

M.Nəzakət xanım kiçik şeirdə öz poetik qüdrətini emosiyasının həzinliyi ilə vəhdətdə vermişdir. Nəzakət Məmmədlinin poeziyasına məxsus romantika realizmlə qovuşur və bir-birini tamamlayır. Onun üçün poetik yaradıcılıq harmoniyaya əsaslanan xüsusi gözəllik axtarışıdır, həmişə sadə və nəhəng faktlar(predmetlər) axtarışıdır. O, bir geoloq kimi keçmişi, bu günümüzdən uzaq düşmüş izlərimizi axtarıb tapır, bu hisslərini intuisiyası ilə duyur və poetikləşdirir. Nəzakət Məmmədli təbiəti ona görə öyrənirdi ki, ondan zövq alsın, çün, təbiət gözəldir, belə olmasa idi sərf edilən əmək də, idrak da lazımsız olardı, ömür də faydasız olardı. Axı, dünya yaşayır, nəsillər doğulur, yaşa dolur, bu ki bir həqiqətdir.

 

Bu dünya bir imtahandır, sınaqdır,

Çoxu bilmir nə doğru, nə nahaqdır.

Bir inamla yaşayıram dünyada,

Bir inam var - o doğrudur, o haqdır.

 

31.08.2026

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!