1
İndiki kimi yadımdadır - 2011-ci il idi. "Əbədi Şirvan" jurnalının ilk sayını çapa hazırlayırdım. Müxtəlif şəhərlərdən şeirlər və hekayələr göndərirdilər redaksiyamıza. Bir gün də naxçıvanlı şair, mərhum Vaqif Məmmədov türk yazıçılarının bir neçə şeir və iki hekayəsini dilimizə çevirib, yollamışdı mənə. Vaqif müəllimin yaxşı şair olduğunu nəşr elədiyimiz kitablarından bilirdim. Amma... türkcədən çevirdiyi nəsr nümunələrinə, düzü, bir qədər şübhəylə yanaşırdım. Axır ki, şeirlərlə tanış olandan sonra hekayələri götürdüm əlimə. Müəlliflərindən birinin "İmdat Avşar" olması yadıma Nadir şah Əfşarı saldı və birinci olaraq onun "Həmdi kirvə" əsərini oxumağa başladım. Elə ilk səhifənin yarısına çatar-çatmaz bir də gördüm dodağım qaçır.
Həmdi kirvə:
"- Ay müəllim, bu yumurtaları sənə gətirmişəm.
- Niyə gətirmisən?
- Mən, Bağdat var ha, onun atasıyam. Ona qələm, dəftər almısan...
- ...bu yumurtaları apar, uşaqlar yesin.
- Tövbə... bu yumurtaları sən yeyəcəksən..."
Gözümü qaldırıb səhifənin yuxarı başında, sağ tərəfdəki İmdat Avşar imzasına baxıb gülümsədim.
"Şəhərdən bir papaq aldım Həmdiyə. Həmdi səhəri günü bir xoruzu banlada-banlada evimizin qarşısında durmuşdu."
Yenidən gözlərim "İmdat Avşar" imzasına dirəndi.
"Birdən Həmdinin gözü evdə oxuyan maqnitofona sataşdı:
- ...bu kaseti mənə ver, yaman dərdli çalır, müəllim.
...kaseti təzə aldığım üçün maqnitofonun o biri gözündəki başqa bir kaseti çıxardıb verdim Həmdiyə.
Gecədən xeyli keçmiş darvazam döyüldü. Həmdi idi.
- Kirvə bu kaset mənim evimdə dərdli çalmır axı..."
Hekayəni oxuyub başa çıxana qədər baxışlarım təzəcə pərvaz eləmiş sərçə balası kimi dəfələrlə mətndən "İmdat Avşar"a, "İmdat Avşar"dan da mətnə qonub-qalxdı.
Sonra da Vaqif müəllimə zəng eləyib, müəllifin kimliyi ilə maraqlandım...

2
"Həmdi kirvə" ilə ilk tanışlığımdan düz 15 il sonra, daha doğrusu, bu yazını qələmə almağa başlayanda onu bir də oxudum. Eyni təsir, eyni təəssürat, eyni əhval-ruhiyyə.
Yadıma Nobel mükafatı laureatı İvan Bunin düşdü. Eşitdiyimə görə, Lev Tolstoyun "Hacı Murad" əsərini oxuyandan sonra İ. Bunin yarı-qibtə, yarı-təəssüflə" kaş bu povesti mən yazmış olaydım" deyibmiş!
Qəribədi, mən özüm də... "Həmdi kirvə"ni oxuyanda əvvəlcə elə bildim hekayəni özüm yazmışam. Sonra gördüm ki, əsərin sehrinə düşmüşəm. Necə də doğma üslub, oxşar yumor hissi, dönmələr, mükalimələr...
Ürəyimdən Buninsayağı isti bir hiss ötdü: "Kaş ki, bu əsəri mən yazmış olaydım!"
3
Bir gün də Azərbaycan yazıçılarının Türkiyədə kitablarının nəşr edilməsi xəbərləri məni həvəsə saldı. Odur ki, ehtiyacın Bakıdan götürüb Çanaqqalaya atdığı ustad şairimiz Məmməd İsmayıla üz tutdum. O, şairliyinin ilahi gücündən kəsib yenicə öyrəndiyi müəllimlik peşəsinin üstünə qoyub, professor səviyyəsinə yüksəlmişdi. Baxmayaraq ki, işi başından aşırdı, "Əsərlərimi türkcəyə çevirməyi kimə etibar eləyə bilərəm?" sorğuma həmin günü də cavab verdi: "İmdat Avşarla Məsud Əlizadəyə... Hərçənd ki, Məsud Azərbaycan türküdü, köçüb İstanbulda yaşayır, gəl ki, türkcəni ana dili kimi bilir."
Adətim üzrə deyilən hər sözə inamlı olduğumdan götür-qoy eləmədən - həmyerlimiz "daha yaxşı duyar məni" fikriylə Məsud bəyə üstünlük verdim. Zəng eləyib, adımı-soyadımı deyən kimi məni şeirlərimdən yaxşı tanıdığını, hətta onlara rəğbəti olduğunu bildirdi. Əslində mən ona nasir kimi zəng eləmişdim, o isə Azərbaycandan çoxdan köçdüyünə görə məni şair kimi tanıyırdı: "Şeirlərinizi göndərin, 4-5-ni tərcümə edib yollayım, baxın, bəyənsəniz əməkdaşlıq edək".
Bu istəyin əksinə Məsud bəyə uşaq və yeniyetmələr üçün yazdığım iki povestimi yolladım. Ruhu şad olmuş, gecikmədən türkcəyə çevirib qaytardı mənə. Onu da yazdı ki, əsərləriniz xoşuma gəldi. Bir povestinizi də yollayın, təmənnasız tərcümə eləyəcəm.
Təbiətimdə havayı iş gördürmək damarı olmadığından, "çox sağ olun"la kifayətləndim. Onu da deyim ki, Məsud bəyin təşəbbüsüylə türkcə kitabımın nəşri üçün, indi adını unutduğum bir nəşriyyatla müqavilə də bağladıq...
Bu arada şair Məmməd İsmayıl mənə mesaj göndərdi ki, bəs İstanbulda
Azərbaycan yazıçılarının əsərlərindən ibarət bir toplu hazırlanır çapa, hekayə yolla. Mən də "Eşşək Eşşəkoğlu" adlı yumorlu hekayəmi göndərdim. Rəhmətlik, hekayəni toplunun tərcüməçisi İmdat Avşara verir. İmdat bəy də etiraz eləyir ki, bəs, ustad, gecdi artıq, həm də yer yoxdu kitabda.
Aralarında yüngülcə söz-sov yaranır. Məmməd müəllim deyir, balam, bu kitabın maliyyəsini Bakıdan mən almamışam məgər, istəyirəm Q.İsabəylinin də hekayəsi getsin topluda?!
İmdat bəy də təbii ki, yarı-könül, yarı-incik başlayır tərcüməyə. Ancaq...
Demə, bu hekayə iki söz sərrafının arasında sülh göyərçini missiyasını oynayacaqmış. Bir gün də İmdat bəy Məmməd İsmayıla zəng edib hekayəni tərcümə etdiyini və hətta əsərdən məmnun qaldığını da bildirir. Bu zəngdən və bu xəbərdən Məmməd müəllim xeyli xoşhal olur:
- Ay saqqalı ağarmış, sənə deyirdim də...
İmdat bəy bir az da sevindirir ustadı:
- Qəşəm bəy izn versəydi bu hekayəni jurnalımızda -"Berceste"də də çap edərdik.
- Rusiyadan şair dostlarım, - Məmməd İsmayıl deyir, - az qala mənə yalvarırlar ki, şeirlərimizi Türkiyədə çap etdirin. Qəşəm bəy papağını göyə atsın!
Beləcə "Eşşək Eşşəkoğlu" türk dilində çap olunan ilk əsərim oldu.
4
2012-ci ildə isə İmdat bəylə Bakıda ilk görüşümüz oldu. Baxdım ki, üzügülər, səmimi cavan bir kişidi. Əsrin beşdə biri qədər ondan böyük olmağıma baxmayaraq elə ilk dəqiqələrdən aramızda məhrəm münasibət yaranmağa başladı.
İlk söhbəti tərcümə elədiyi "Eşşək Eşşəkoğlu"ndan saldı: "Siz Azərbaycan türkləri bu fədakar, zəhmətkeş, üzüyola heyvanı, amma tərsliyi tutanda üzünü görmə, elə bil acıqla qoşa "ş"lı - "eşşək" deyirsiniz. Biz türklər isə yazığımız gəldiyindəndi-nədəndi, "ş"nın birini ixtisar eləyirik, olur "eşək". Amma hekayənizdə mən də sizin kimi "Eşşək Eşşəkoğlu" yazdım ki, ləzzətli çıxsın.
Gülüşdük.
Sonra o, hekayənin çapıyla bağlı maraqlı bir söhbət elədi: ""Eşşək Eşşəkoğlu" jurnalda çıxan kimi redaksiyamızda bir canlanma yarandı ki, gəl görəsən. Əməkdaşlar əsəri oxuyub müzakirə edəndən sonra başladılar məni topa tutmağa:
- Bəy, gəl bizi dağa-daşa salma, hekayəni özün yazmısan, qəsdən də "Qəşəm İsabəyli" imzasını qoymusan altına.
And-aman elədim ki, əsərin tərcüməsi mənimdir, müəllifi Q. İsabəylidir...
- Axı bu tərcüməyə oxşamır, orijinal əsərdi elə bil!
- Çox sağ olun, minnətdaram! - dedim.
- Nə demək istəyirsən?
- Deməyi siz deyib, tərcüməyə "əla" verdiniz.
-Düzünü de, bu nə sirdi?
- Dostlar, hekayənin müəllifi Qəşəm İsabəyliylə heç bir münasibətim yoxdu. Şəklini də görməmişəm, səsini də eşitməmişəm heç. Sadəcə, hekayəni dilimizə çevirəndə gördüm ruhən bir-birimizə çox yaxınıq. Bu yaxınlıq da əsərin canlı və orijinal alınmasına səbəb olub.
Axır ki, əməkdaşlar yaxamdan əl çəkdilər.
Söhbətimizin üstünə yazıçı Elçin Hüseynbəyli də gəlib çıxdı. İmdat bəylə duz-çörək kəsmək istəyimi bildirdim:
- Amma bir şərtim var, - dedim.
İki dost maraqla üzümə baxdı.
- Sizi Xəzərin Novxanı sahilindəki restoranlarından birinə aparacam. Gözümüzün qabağında dəniz, süfrəmizdə dəniz nemətləri, ciyərimizdə dəniz havası...
Razılaşdılar.
Beləcə, üçümüz, bir də korun əsası kimi hər yerə özümlə apardığım, Şəmşəm dediyim beş yaşlı nəvəm Qəşəm maşına minib şəhərdən çıxdıq.
Novxanıda süfrə hazır olana qədər qumlu sahildə gəzməyə başladıq. Birdən Şəmşəmin şən-şaqraq gülüşlərini eşitdim. Geri çevriləndə gördüm İmdat bəy onunla tay-tuş imiş kimi az qala qaçdı-tutdu oynayır. Hətta "cigit, burda dur, cigit, orda dayan..." deyə-gülə bir neçə şəklini də çəkdi...
5
Bir yandan "Həmdi kirvə", o biri yandan da "Eşşək Eşşəkoğlu" gözümü açdı.
Gördüm ki, elə məndə olduğu kimi, İmdat bəyin də yaradıcılığında hamının bədii əsərə gətirə bilmədiyi eyham, dodaqqaçma, təbəssüm dolu elementlər var. Ona görə də böyüklər üçün hekayələrimi yığıb verdim ona. 2022-ci ildə türk dilində ilk kitabım - "Beş hərflik faciə" İstanbulda nəşr edildi. 2023-cü ildə isə uşaqlar üçün "Sarı keçinin masalı" kitabım işıq üzü gördü. İmdat Avşar onlarla hekayəmi Türkiyənin nüfuzlu jurnallarında çap etdirdi və bu gün də çap etdirir. O, az qala bütün nəsr əsərlərimi türkcəyə çevirib.
Bu yerdə bir gizlinimi açmaq istəyirəm sizə. İmdat bəylə yazıçı-tərcüməçi əməkdaşlığına başlayanda əvvəlcə onun Türkiyə türkcəsinə çevirdiyi əsərlərimin həcminə baxırdım. Sonra orijinalla tutuşdururdum. Görürdüm ki, tərcümə mətnində orijinalla müqayisədə az-çox həcm artıqlığı var. Bu məni rahatsız etdiyinə görə başladım tərcümə və orijinalı tutuşdurmağa. Bir neçə cəhddən sonra... heyrətə gəldim. Baxdım ki, əsərlərimdə verdiyim fikir və düşüncələr, necə deyərlər, sanılı qoz kimi yerli-yerindədir. Üstəlik də, eyni emosiya, oxşar bədii priyom və xalq təfəkkürünə dayanıqlı ifadələr... Dərindən nəfəs aldım: "Bax, budur əsl tərcüməçilik məharəti!"
Amma...
Azərbaycan yazıçılarının yüzlərlə kitabını türkcəyə çevirib, nəşr etdirib, Türkiyə oxucularına doğmalaşdıran İmdat Avşarın Bakıda çıxan bir kitabı əlimə düşmüşdü. Yazıçının hekayələri toplanmış bu kitabı dilimizə müxtəlif müəlliflər çevirmişdi. Elə bu səbəbdən də kitabda bədii dilin səviyyəsi bir-birindən xeyli fərqlənirdi.
Kitabı vərəqləyib, bir sıra hekayələrilə tanış olanda ağzımın acısını ürəyimi göynədən bir sözlə ala bildim - təəssüf!
İmdat bəyin bu kitabında gedən hekayələrinin bir çoxunun tərcüməsi, necə deyərlər, kopirovkadan başqa bir təsir bağışlamadı mənə. Öz-özümə dedim: "Hanı İmdat Avşarın isti nəfəsi, koloritli, təbəssüm dolu eyhamları?! Nə olsun ki, fikir var, amma bir yerdə çılpaqdı, başqa bir yerdə paltarlı da olsa, cındırından cin ürkür... Hətta istedadına şübhə eləmədiyim bir qələm adamının da Azərbaycan türkcəsinə çevirdiyi hekayəni birtəhər oxuyub, güclə başa çıxa bildim".
Onu da deməyi özümə borc bilirəm ki, İmdat Avşarın Azərbaycan ədəbiyyatının Türkiyədə tərcümə edilib, nəşr olunmasında böyük xidmətləri var. İldə dəfələrlə Bakıya gəlir, hər gəlişində də 5-10 müəllifə sevinc bəxş eləyir.
6
Parlaq istedad sahibi, gözəl yazıçı, əvəzsiz tərcüməçi İmdat Avşar böyüklər üçün yazdıqlarımın 80 faizini türkcəyə çevirəndən sonra, baxdım ki, onun tərcümələri daha isti, daha yapışıqlı, daha oxunaqlı və cəlbedicidir.
Bir gün də gücümü toplayıb 800 dollara türkcəyə çevirtdirdiyim 2 povestimi qoydum onun qarşısına.
- Qəşəm bəy, bu nədi? - soruşdu.
İstəyimi bildirdim.
- Nə ehtiyac varmış?
- Məsud bəy də yaxşı tərcüməçidi. Yazıçılar tanıyıram ki, Azərbaycanda onunla işləyir, əsərlərini çevirtdirir türkcəyə. Amma bizim aramızda yaradıcılıq fərqimiz var. Sizinlə isə ruhən əkiz qardaş kimiyik. Sətiraltı fikirlərimi belə əlüstü tutursunuz...
P.S. Oxucu, sizin heç ziyandan xeyir gördüyünüz olubmu?! Bilirəm, çoxunuz bu sualımı eşidəndə nəinki dodaq büzəcək, üstəlik: "Ağ eləmə də!" cavabını verəcəksiniz.
Mənim rəhmətlik Əzət nənəm vardı, bir adam ziyana düşəndə, deyərdi: "Özünü darıxdırma, bəlkə xeyir bundadı!"
Mən ziyana düşüb, xeyrini də gördüm!
Qələm dostum İmdat Avşar milli təfəkkürü, yazıçılıq istedadı və tərcüməçilik məharəti ilə səkkiz yüz dollar ziyana "salsa" da məni, əvəzində səkkiz min dollara dəyəsi iki kamil tərcüməylə, necə deyərlər, "könlümü aldı".
25-31.10. - 09.11.2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
