İstəmirəm, adımı çağırsınlar Xaqani,
Mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani...
Xəqani bu misraları yazanda ədəbiyyat xalqdan çox uzaqda- saraylarda yazılırdı. Yad dildə, yad vəzndə, yad janrlarda. Amma bu ədəbiyyatı yaradanlar cismən olmasa da, ruhən xalqın yanında idilər. Nizaminin "qarı"sı Sultan Səncərindən daha haqlı, Fitnəsi Bəhram Gurundan daha müdrik, Fərhadı Xosrovundan daha əzmliydi. Orta dövrlərdə ədəbiyyat xalqa bir az da yaxınlaşdı, onun dilində, onun vəznində, onun janrlarında yaranmağa başladı. Sonra realistlər gəldi, sonra satiriklər, maarifçilər, Füyuzatçılar, Molla Nəsrəddinçinlər. Sonra repressiya qurbanları, sonra sovet dövründə milli şüur, dil, ədəbiyyat uğrunda mübarizə aparanlar, sonra 20 Yanvarda xalqın səsini çatdırmağa çalışanlar, sonra xalq hərəkatında tribunada olanlar. Amma heç vaxt o yazıçıların heç birinə "Sənə nə düşüb?" deyən olmadı. Çünki xalqın yazarı olmaq, xalqın təəssübünü çəkmək, sözünü çatdırmaq, dərdinə ağlamaq deməkdi.
İndi nə ərəb xilafəti var, nə Çar Rusiyası, nə SSRİ. Bizim "Azərbaycan dili"dərsliyimiz isə yad ölkələrin həyat tərzindən bəhs edən yad nəfəsli hekayələrlə doludu.Doğrudanmı, bizim dərsliyimizə salınacaq bir dənə də olsun ibrətamiz hekayəmiz, süjetli şeirimiz, əhvalatımız yoxdu?! Yəni, biz o qədər yoxsul xalqmıyıq ki, ana dilimizi başqa ölkələrdən oğurladığımız hekayələrin fonunda öyrənirik? !Həm də onları bir az dəyişib öz imzamızı qoyaraq. Həm də səbəb soruşanlara "yaxşı edirəm" deyəcək tərzdə. Həm də özümüzü "Burda mənəm, Bağdadda kor xəlifə" şəklində apararaq.
Və nəhayət, o dərsliyi tədris edən bir müəllimin iradına "sizin təəssübkeşliyinizin səbəbini anlamıram" açıqlaması ilə.
Doğrudanmı, hansısa tenderin qalibi olmaq bir nəfərə bütün bu haqları qazandırır, həm dərsliyi öz nəşriyyatında çap etmək, həm ora yad ölkələrin hekayələrini seçmək, həm o mətnlərə imza qoyaraq yoğurmadan, yapmadan hazırca kökə sahibi olmaq, həm öz qohumunu hekayə müəllifi etmək və bütün bunların səbəbini soruşanlara "yaxşı edirəm" cavabını vermək, ictimai bir müzakirəni "özünü bir az abırlı apar" səviyyəsinə gətirmək.
Doğrudanmı, elə bir dövrə gəlmişik ki, dərsliklə maraqlanan müəllimin təəssübünün səbəbi sorğulanır?!Doğrudanmı, xalqın balalarının taleyi tapşırılan bir şəxs düşünür ki, başqalarının əməyinə asanlıqla yiyələnə, kiminsə hekayəsinin ora-burasına əl gəzdirib xalqın dərsliyində öz adına çıxa bilər və həmin müəllifin xəbər tutub onu məhkəməyə vermədiyi təqdirdə hər şey qaydasındadır. "Bəs mənəvi məsuliyyət?" sualının cavabında isə deyir ki, mənəviyyat çox geniş anlayışdır?!
Bəlkə doğrudan da artıq dar düşüncənin qəliblərinə girmək zamanıdı və yazıçı da öz xalqı ilə bərabər bunu qəbul etmək məcburiyyətindədir.
Hələ ki bu sualların cavabı heç üfüqdə də görünmür. Bir deyimdə söyləndiyi kimi, yalan qaranlıq meşədə azmağa bənzəyir, daha çox irəli getdikcə doğru yolu daha çox itirirsən. Məncə, nə qədər ki, geriyə yol var, qayıtmağın vaxtıdı.Yoxsa bu yol bizi çox uzağa aparacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
