İqbal Nəhmətin 50 yaşına - Səlim BABULLAOĞLU

Səlim BABULLAOĞLU

 

Düz 9 il əvvəl istedadlı şair həmkarım  İqbal Nəhmət barədə, daha doğrusu, onun həm poetik-estetik akt kimi gözəl, həm məzmunca həqiqət olan, həm də nə vaxtsa poetik eksperiment kimi oxuna və tədqiq edilə biləcək bir şeiri barədə yazmışdım.

İndi yenə o şeirin bir bəndini xatırlayıram:

 

Gedəndə biyaz dərinə,

Arvad bağırey ərinə,

Adamı adam yerinə,

Saymeylər, qağa, saymeylər.

 

Məzmun dürüstlüyü öz yerində, amma o vaxt yazmışdım, indi də təkrar edim ki, mənə görə bu şeirin ən misilsiz, unikal tərəfi budur ki, şair İqbal Nəhmət bu şeiri adamların gündəlik nitqinin tezliyində və cənubdakı ana dilimizin gözəl koloritilə yazmışdı ki, bu da şeirin həqiqiliyini birə-min artırırdı. Şifahi nitqimizi yazıda stilizasiya edirdi, onu bu vaxta qədər olmayan estetik hadisəyə çevirirdi.

 

Necə ki, bir vaxtlar ustad Şəhriyar da "Heydərbabaya salam!" poemasını məhz aşağı-yuxarı elə belə yazmışdı, şifahi nitqi bədii normativ dərəcəsinə qaldırmışdı; əlbəttə, mən bu fikri mübaliğəsiz və müqayisəsiz deyirəm.

Eyni zamanda, mən İqbal Nəhmətə  onda təklif etmişdim ki, sən bizim bütün bölgələrin "ləhcəsində", "şivəsində" şeirlər yaza bilsən, bu olacaq artıq müstəqillik illərinin ciddi sistemli faktı.

İqbal Nəhmət, əlbəttə, bütün istedadlı şairlər kimi "tənbəldir", bütün istedadlı və həqiqi şairlər kimi gündəlik məişət çək-çevirində, "savaşında"dır, təəssüf ki, bəzi işlərə vaxtı qalmır...

 İqbal Nəhmət  yazır:

 

Mən nəyi oxşadım şəhid qanına?

 - Harda lalə görsəm, ora Vətəndir.

 

Əlbəttə, bu misrada "iki qırmızı"nın, iki qırmızı rəngin əlaqəsindən yazmaq da olar: şəhid qanı ilə suvarılan Vətən torpağının ən kövrək çiçəyi başqa hansı rəngdə olmalıdır ki...

Amma vacib olan şairin sual və cavab verməsidir. Yanlış sualların doğru cavabı olmur, bilirsiniz. İqbalın sualları doğru, cavabları ondan da doğrudur. Onun üçün Vətən anlayışı coğrafi məkan çərçivəsindən çıxıb, müqəddəs mənəvi dəyərə çevrilib. Və nəhayət, İqbal vicdanı, zəhmətkeşliyi, dürüstlüyü, hətta bəzən əsəbi və çılğınlığı ilə özü diri Vətən, Vətənin bir parçasıdır.

İqbal Nəhmət yazır:

 

Təndir çörəyinin ətrinə dönün,

Bu kəndi yiyəsiz qoyub getməyin!

Qoca nənələrin xətrinə, dönün,

Bu kəndi yiyəsiz qoyub getməyin!

 

Urbanizasiyanın, artıq urbanizasiyanın da deyil, rəqəmsallaşmanın dünyamızı "bərbad" hala saldığı bizim bu günlərdə İqbal Nəhmətin "çağırışı" bəlkə sıradan görünə bilər; amma mən şair İqbal Nəhmətin öz çağırışının hər hərfinə ruhunu qoyduğunu çox aydın hiss edirəm. İqbal Nəhmət həmişə belə edir, sevincinə, kədərinə, sözünə, və təkcə özününkünə deyil, özgəsininkinə də həmdərd olur, necə deyərlər, qanını, canını qoyur.

Hərdən belə də düşünür, şikayət edir:

 

Bənzətdilər məni ona,

onu mənə.

Geydirdilər heç əynimə

            biçilməyən donu mənə.

 Göstərdilər görünməyən sonu mənə...

 

Amma mən 50 yaşı tamam olan istedadlı həmkarıma demək istəyirəm ki, heç şikayətlənməsin, narahat olmasın, nə yazısı, nə həyat yolu ilə o, heç kimə bənzəmir. Bənzərsizdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!