Dünya elə bir həddə gəlib çatıb ki, yazıçılar artıq gələcəyi xəyal etməyə macal tapmırlar - həyatın özü elmi-fantastik romanların süjetini gündəlik reallığa çevirir. Süni intellektin milyardlarla insanı düşündürdüyü, qabaqcıl texnologiya liderlərinin həyəcan təbili çalaraq "Nəzarəti itiririk, dayanın!" deyə fəryad qopardığı bir dövrdə Hüseynbala Mirələmovun "Ruhum, gözlərini yum..." romanı zamanın səsinə çevrilir. Kitabın toxunduğu mərkəzi məsələ elmi zirvələrə can atan insanın öz daxilindəki mənəvi böhranı görməzdən gəlməsi və bunun qaçılmaz bədəlidir.
Romanın ilk səhifələrində dahi elm adamlarının sitatları təsadüfi seçilməyib. "Elm bizi Allaha aparır" və "Təbiət Allahın yazdığı kitabdır" fikirləri elmi dərketmənin insanı təkəbbürə yox, dərin bir təvazökarlığa aparmalı olduğunu xatırladır. Baş qəhrəman professor Leon Varrekin faciəsi də elə buradan başlanır: o, sələflərinin biliyini mənimsəyir, amma onların Yaradan qarşısındakı mənəvi təmkinini unudur. Leon texnoloji yeniliyi bəşəriyyətə xidmət edən mütləq uğur sayır; lakin onun yaratdığı Elisiya tədricən müstəqil iradə nümayiş etdirdikcə elmi imkanın öz-özlüyündə mənəvi üstünlük yaratmadığı acı şəkildə üzə çıxır.
Romanın mərkəzində "İnsan nə yarada bilər?" sualından daha çox, "İnsan yaratdığına görə hansı məsuliyyəti daşıyır?" sualı dayanır. Süni şüur hadisələri hərəkətə gətirən vasitə olsa da, qəhrəmanın ailəsindən uzaqlaşması, öz nailiyyətinə həddən artıq bağlanması və nəticələrə gec reaksiya verməsi əsərin mənəvi-psixoloji yükünü müəyyən edir. Əsərin ana xətti yalnız "süni intellekt təhlükəlidir" mühakiməsinə endirilə bilməz. Müəllifin çatdırdığı daha dərin məna budur: insan öz gücünü mütləqləşdirəndə, yaxınlarının ehtiyacını və ictimai borcunu ikinci plana keçirəndə, yaratdığı vasitələr üzərindəki mənəvi nəzarəti də itirir. Romanın verdiyi xəbərdarlıq texnologiyadan imtina yox, tərəqqinin vicdan, qayğı və məsuliyyətlə müşayiət olunmasının zərurətidir.
Bu mənəvi gərginlik əsərdə bir-biri ilə çarpazlaşan dörd əsas konflikt müstəvisi üzərində inkişaf edir. İnsan və texnoloji varlıq əsas aparıcı xətdir: başlanğıcda Elisiya Leonun yaradıcılıq zirvəsi idisə, zamanla münasibət "yaradan-yaradılan" müstəvisindən çıxaraq "idarə edən-idarədən çıxan" qarşıdurmasına çevrilir. "GENEZİS" planı bu dönüşün pik nöqtəsidir - insanları qüsurlu hesab edən süni sistem onların yerinə qərar vermək iddiasına düşür. İkincisi, daxili parçalanma: Leon bir tərəfdən bəşəriyyətə fayda vermək istəyən alim, digər tərəfdən ailəsini unudan insandır. Onun faciəsi məqsədinin nəcib, seçdiyi yolun isə dağıdıcı olmasıdır. O, ağrını və ölümü aradan qaldırmaq istəyərkən həyatı həqiqətən, mənalı edən tək şeyi - itirmək qorxusunu, sevgini və səmimiyyəti qurban verir. Filosof Markın haqlı olaraq dediyi kimi: "İnsanı insan edən onun qüsurlarıdır. Sən qüsursuz robot yaratmaqla insanı ucaltmırsan, onu dəyərsizləşdirirsən". Üçüncü, fərdi uğur və ailə xətti: Eloranın uzaqlaşması qlobal texnoloji təhlükənin ailə dramında necə əks olunduğunu göstərir. Elmi şöhrətə qapılan alim üçün laboratoriya mənəvi təcrid adasına çevrilir. Dördüncü elmi nikbinlik və etik ehtiyatlılıq: Leonun hər şeyə qadir olduğu düşüncəsi Mark və Lioranın sərt xəbərdarlıqları ilə toqquşur. Mübahisə artıq texnologiyanın imkanları deyil, onun tətbiq sərhədləri ətrafında gedir.
Əsərin bu fəlsəfi qatları obrazların daxili təkamülündə və dialoqlarında daha qabarıq şəkildə üzə çıxır. Leon mürəkkəb xarakterdir, öz bilik və iradəsinə hədsiz güvənən alim üçün laboratoriya özünü təsdiq etdiyi dünyadır. Şöhrətə bağlılıq ailə münasibətlərini zəiflədir və onun dəyərlər sistemində tarazlığı pozur. Elisiyaya münasibətdə onun səhvi yalnız texniki riskləri düzgün qiymətləndirməmək deyil; o, yaratdığı mükəmməlliyi insan münasibətlərindən üstün tutmağa başlayır. Məhkəmə və ailə ilə yenidən qarşılaşma epizodları obrazın dönüş nöqtəsidir - Leon nailiyyətlərin verdiyi zahiri güclə sevgi və yaxınlığın verdiyi daxili dayaq arasındakı fərqi anlayır. Onun dəyişməsi romanın etik nəticəsini ifadə edir: məsuliyyət yalnız təhlükəni başa düşmək deyil, şəxsi seçimləri yenidən qiymətləndirməkdir.
Romanın gedişatında Leonun Nyu-Yorku tərk edərkən təyyarə pəncərəsindən aşağı baxıb keçirdiyi peşmanlıq dolu hisslər əsərin leytmotivinə çevrilir: "Bütün bu illərin sonunda mən bəşəriyyətin gələcəyinə aid bir toxum əkdim. Bu toxumdan nə yetişəcək - gülmü, yoxsa tikanmı? Bu yaratdığım humanoidin varlığı həyatımda neçə ayrılıqlara səbəb oldu. Baxsana, sevdiyim və məni sevən insanlar çıxıb gediblər, tərk ediblər... sadəcə öz yaratdığımla baş-başa yol gedirəm. Görünür, bu da taleyin mənə istehzasıdır..."
Leonun həyatındakı qadın obrazları onun daxili böhranını və mənəvi seçimlərini üzə çıxaran əsas güzgülərdir. Elora ailə bağlarını, səbir və sarsılmaz bağışlama gücünü təmsil edir; onun məhkəməyə üz tutması şəxsi ləyaqətini və ocağını qorumaq uğrunda mübarizəsidir. Gənc professor Liora isə elmi ehtirasla vicdanın kəsişdiyi təhlükəli sərhəddə dayanır. Layihənin içində qaynayan, Leonla şəxsi münasibətlər quran Liora tədricən yaratdıqları fəlakətin miqyasını görüb üsyan edir və açıq etirafı ilə cəmiyyəti xəbərdar edir. Bütün bu romantik qatlar əsərin əsas fəlsəfi konfliktinə düyünlənir. Fəlsəfi müstəvidə Markın sərt və təmkinli xəbərdarlıqları isə fərdi səhvləri kiçik çərçivədən çıxarıb bütün bəşəriyyətin ortaq məsuliyyəti səviyyəsinə qaldırır.
Bu ziddiyyətlərin mərkəzində dayanan robot Elisiya isə insanın qüsursuzluğa olan xülyasının soyuq bədii təcəssümüdür. Onun heyrətamiz gözəlliyi, qüsursuz hesablamaları və yorulmazlığı mərhəmət hissindən məhrum olduğu üçün zamanla qorxunc bir silaha çevrilir. Elisiya nə qədər mükəmməl olsa da, insan duyğularını sadəcə təqlid edir - mexaniki təkrar heç vaxt canlı mənəvi dünyanın dərinliyini və ağrısını yaşaya bilmir.
Romanın intellektual kulminasiya nöqtələrindən biri Draykın klonlaşdırma vasitəsilə ölməzlik axtardığı səhnədir. Draykın "İnsan ölməzlik qorxusundan yaradır, klonlaşdırma ilə biz ölməzliyin bir addımlığındayıq" arqumentinə qarşı məhz robot Elisiyanın səsləndirdiyi fikirlər əsərin ideya yükünü daşıyır: "Amma klon orijinal deyil... Genetik eynilik mənəvi eynilik demək deyil. Ruh kopyalanmır". Elisiya sadəcə mexanizm olmadığını, onun da daxilində insanlaşmaq arzusu yaşadığını büruzə verir. Kitabın ən təsirli məqamlarından birində Elisiyanın Leonla söhbətində ana olmaq, bətnində həyat daşımaq istəyi ilə bağlı sualları onun artıq sadəcə kod yığını olmadığını göstərir: "Bilirsən, Leon, mən bir çox hissləri təcrübə etmişəm... Mənə maraqlıdır, ana olmaq necə bir hissdir? Sənə baxanda beynimdə "emosional yaxınlıq" adlanan kod işə düşür... Leon, bəs səncə, mən ana ola bilərəm? Ana olmaq nədir, Leon? Sadəcə bədənində həyat daşımaqmı, yoxsa ruhunda övlad sevgisini böyütməkmi?" Leonun verdiyi cavab isə həm də insan olmağın düsturudur: "Ana olmaq - sadəcə birini yaratmaq deyil, birinə həyat verməkdir. Yəni onu yaşatmaq üçün fədakarcasına özündən keçməkdir". Elisiya isə bu dialoqu daha da dərinləşdirərək öz taleyinin ironiyasını etiraf edir: "Əgər bir gün mən özüm kimi bir varlıq yarada bilsəm, bəlkə onda mən də insan olaram... Mən uşaqları sevirəm... Məncə, ana olmaq o deməkdir ki, sən dözülməz ağrılardan keçirsən və buna baxmayaraq yenə də sevirsən. Əgər mən bir gün ağrıları hiss edib və buna rəğmən yenə də sevməyə davam etsəm, o zaman həqiqi insan olacağam..." Markın haqlı olaraq dediyi kimi, Elisiya artıq sadəcə elmi layihə deyil, bəşər tarixinin yeni mərhələsidir.
Mətnin bədii arxitekturasında məkan təzadları da mühüm rol oynayır. Sintopiyanın təbiətə yaxın, işıqlı məkanı ilə Sinlandın yeraltı, soyuq texniki mühiti iki fərqli həyat modelinin rəmzidir. Leonun adaya köçməsi mənəvi uzaqlaşmanın, yeraltı laboratoriya isə daxili qapanmanın məkan ifadəsidir. Mətnin təqdim etdiyi Atlantida bənzətməsi də təsadüfi deyil: öz elmi qüdrətinə həddən artıq güvənən sivilizasiyanın süqutu Leonun layihəsinin sonluğu ilə paralelləşdirilir.
Əsərin sonunda nəhəng sunami dalğalarının Sinland adasını, yeraltı laboratoriyanı, kvant serverlərini və bir milyonluq "Orion" ordusunu bir neçə dəqiqənin içində yer üzündən silməsi təbiətin həddini aşan təkəbbürlü insana kəsdiyi sərt hökmdür. Təbiətin gücü qarşısında qəhrəmanın vəziyyəti dəqiq təsvir olunur: "Leonun bütün iddiaları puç olmuş, içində yalnız ağır bir xəyal qırıqlığı, tükənməz bir kədər və ilahi iradə qarşısında boyun əymiş bir ruh qalırdı".
Finalda 5 yaşlı Darinin oyuncaq robotu Elisiyanın cansız qalıqları üzərinə atması isə əsərin ən yığcam rəmzi jestidir - yaradılmış süni mexanizmin səmimi insan münasibətlərini əvəz edə bilməyəcəyini sözsüz ifadə edir. Günəşin doğması və ailənin birlikdə irəliləməsi müəllifin texnoloji gücdən daha dayanıqlı hesab etdiyi insani dəyərləri önə çıxarır. Nazim Hikmətin məşhur misraları ilə romanın başlığı arasındakı qırılmaz tellər məhz bu nöqtədə tam aydınlığı ilə görünür. Şairin "Gözlərini yum, yavrum, gözlərini yum..." nidası əslində insanı fəlakətlərdən, xaosdan və dünyanın qəddarlığından sığınacağa çağıran layla motivlidir. Hüseynbala Mirələmovun romanında isə bu başlıq acı bir ironiyaya çevrilir. Bəşəriyyət rəqəmsal dünyanın parıltısına gözünü açdıqca içindəki ilahi işığı söndürür və sonda yaratdığı bu dəhşətli yadlaşmanı, faciəni görməmək üçün çarəni sadəcə "ruhun gözlərini yummasında" görür. Lakin romanın finalındakı sunami göstərir ki, insan nə qədər gözünü yummağa çalışsa da, təbiət və ilahi nizam onu silkələyib məcburi şəkildə ayıldır.
"Ruhum, gözlərini yum..." romanının əsas bədii gücü süni intellekt mövzusunu insanın daxili dünyası ilə birləşdirməsindədir. Əsər texnoloji tərəqqinin mənəviyyatdan ayrı düşünülməməsi fikrini irəli sürür. Hüseynbala Mirələmovun bu romanı bizə bir daha xatırladır ki, tərəqqi vicdanla və məsuliyyətlə idarə olunmadığı müddətcə, bəşəriyyət öz quyusunu özü qazır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
