Xalq yazıçısı Anarı təbrik edirlər: - ANAR - 80

Mübariz Örən: Anar həmişə cavandı: özü də, sözü də.

Həmişə təzədi, həm də bu təzəlik qurama, qondarma deyil, onun təbiətindəndi. Dünyada çox şəhər adları var, lakin Bakı qədər sadə, eyni zamanda əzəmətli, işıqlı ad yoxdu. Varsa da, azdı.

Dünyanın bütün dillərində "Bakı" gözəl səslənir. Anar da belədir, - həm adı, həm əsərləri, - sadə əzəmətli! Həm də işıqlı. Çünki Anarın mahiyyətində Bakı var.

Şəhər ətri, şəhər ağayanalığı var. Obrazları dadlı, duzlu, hər bir ideologiyadan uzaq sadə, səmimi insanlardı. Anar xalqımızın sərvətidi. Adamın heç inanmağı da gəlimr ki, Anarın səksən yaşı var; çünki Anar həmişəcavandı.

 

Rəbiqə Nazimqızı: Anar mənim uşaqlığımın, yeniyetməliyimin və əlbəttə, gəncliyimin yazıçısıdır. Ən çox hekayələrindən sevmişəm onu. "Bayram həsrəti"ndən, "Taksi və vaxt"dan, "Gürcü familiyası"ndan, "Mən, sən, o və telefon"dan. Sonra "Beşmərtəbəli evin altincı mərtəbəsi"ndən, "Macal"dan, daha sonra "Səhra yuxuları"ndan, sonra "Sizsiz"dən, ən son da "Gecə düşüncələri"ndən. Sevimli yazıçımı təbrik edirəm, ona ən vacib olan cansaglığı arzulayıram. Məncə, adama başqa heç nə lazım deyil. Hər şeyi qazanıb. Ən çox da oxucu sevgisini.

 

Murad Köhnəqala: Anarı 60-cı illər ədəbi nəslinin ən parlaq nümayəndəsi hesab edirəm. 60-cılar adlandırdığımız bu ədəbi nəslin yaradıcılığının ən çılğın zamanı sovet siyasi rejiminin nisbətən mülayimləşmə dövrünə təsadüf edir. Ədəbi senzuranın müəyyən qədər yumşalmasına baxmayaraq, Anargildən öncəki nəsilin yazıçıları bu mülayimləşməni şübhə ilə qarşılayır, həm də yeni mühitə adaptə oluna bilmirdilər. Lakin Anar, Elçin, Yusif Səmədoğlu kimi novator imzaların risk bahasına ortaya qoyduğu nümunələrin hər biri yenilik idi. Şəxsən Anarın həmin illərdən üzü bu yana yaratdığı əsərləri bugünkü dövr ədəbiyyatımızın bünövrəsi hesab oluna bilər. Onun gənclik hekayələri, "Molla Nəsrəddin-66" modern satirik toplusu, "Ağ liman", "Əlaqə", "Macal", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Sizsiz" kimi əsərlərindən tutmuş, son dövrlər qələmə aldığı "Ağ qoç, qara qoç", "Göz muncuğu" povestlərinə qədər hər biri Azərbaycan ədəbiyyatının söz xəzinəsinə daxildi. Anarın yazıçı kimi orijinallığı həm də ondadı ki, bir əsərindəki obrazların taleyini digər əsərlərində də izləmək olur. Bu üsul dövlət idarəçiliyi qədər mürəkkəbdi. 80 ili arxada qoymuş bir yazıçı üçün Anar yaradıcılığı heyrətamiz dərəcədə enerjili və zəhmətkeş ömürdən xəbər verir. Ədəbiyyatımızın Dədə Qorqudu saydığım Anar müəllimə cansağlığı və yeni əsərlər yazması üçün təbiətdən uzun möhlət arzulayıram!   

 

Seyfəddin Hüseynli: Baş redaktoru olduğum, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi "Dünya ədəbiyyatı" dərgisinin bu il üçün ilk sayı bütövlükdə Anar müəllimin tərcümələrinə həsr olunub. 300 səhifəlik -  "Anarın tərcümələri"ni xüsusi buraxılış kimi hazırlamışıq. Zəngin, sanballı, nəfis bir nəşrdir, artıq mətbəə mərhələsindədir, inşallah, yubileyə qədər çapdan çıxar. Elə bilirəm, dərginin bu sayını Anar müəllimin 80 illiyinə bizim də mütəvazi təbrikimiz, töhfəmiz saymaq olar. Orijinal bədii yaradıcılığna görə ədəbiyyatımızda xüsusi bir mövqe tutan xalq yazıçısı Anarın tərcümələri də əhatə dairəsinin genişliyinə, seçilən müəlliflərin sanbalına, mətnlərin keyfiyyətinə, aktuallığına görə Azərbaycanda tərcümə işinin çox qiymətli nümunələridir. Əvvəllər də həm ayrılıqda, həm bir arada nəşr edilmiş bu tərcümələrin "Dünya ədəbiyyatı" dərgisində toplu halda işıq üzü görməsi ədəbiyyatımız, tərcümə işimiz baxımından önəmlidir. Odur ki, "Dünya ədəbiyyatı" dərgisinin "Anarın tərcümələri" xüsusi sayı sadəcə yubiley nəşri kimi deyil, Azərbaycanda tərcüməçilik işinin, bu sahədəki nailiyyətlərin mühüm, vacib bir tərkib hissəsinin sistemli, kompleks təqdimatı olması baxımından da ciddi əhəmiyyət kəsb edir.

 

Kənan Hacı: Xatırlayıram, 80-ci illərin ortalarında ədəbiyyat müəlliməsi olan anam evə bir kitab gətirdi. Bu kitab Anarın "Dünya bir pəncərədir" kitabı idi. Mənim hardasa, 12-13 yaşım olardı. Mən o kitabı su kimi içdim. Xüsusən unudulmaz xalq şairlərimiz Rəsul Rza və Nigar Rəfibəylinin ömür yolundan bəhs edən"Sizsiz" əsəri mənə çox güclü təsir göstərmişdi. Dönə-dönə, təkrar-təkrar qayıdırdım oxuduğum səhifələrə. Uzun illər o kitab mənim əlimdən düşmədi. Anar yaradıcılığına sevgim də o kitabla başladı. İndi heç inanmağım gəlmir ki, Anar müəllim 80 yaşındadır. 89-cu ildə onun haqqında çox gözəl bir sənədli film çəkilmişdi - "Anarla üz-üzə". O filmdə gördüyüm Anarı heç vaxt 80 yaşında təsəvvür etmirəm. Düşünürəm ki, bu gün də ictimai, ədəbi-mədəni həyatımızın ən qaynar nöqtələrində Anar sözünə, Anar nüfuzuna ehtiyac var. O, bu gün də həm ictimai baxımdan, həm də yaradıcılıq baxımından aktiv fəaliyyətdədir. Nə gizlədim, mənim ədəbiyyat sevgimin kökündə Anarın əsərləri dayanır. "Dantenin yubileyi", "Gürcü familiyası", "Ağ liman". Bu gün də ara-sıra o əsərlərə qayıdıram, o əvvəlki təəssüratı yenidən yaşamaq istəyirəm. Anar müəllim mənəvi dünyamızı quran, yaradan insanlardandır. Ona möhkəm cansağlığı, gümrahlıq arzulayıram!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!