MİMTA Fondu Azərbaycan ədəbiyyatının xaricdə nəşrinə dəstək məqsədilə “Sözün Baharı” (The Spring of Words) tərcümə dəstək proqramı layihəsinə start verib. Layihə milli ədəbiyyatımızın beynəlxalq miqyasda tanıdılması, yerli müəlliflərin əsərlərinin müxtəlif xarici dillərdə nəşri və yeni oxucu auditoriyalarına çatdırılması istiqamətində mühüm təşəbbüsdür. Tərcümə dəstək proqramı Azərbaycan ədəbiyyatının ölkə sərhədlərini aşaraq dünya ədəbi məkanında daha geniş təmsil olunmasına, ədəbi irsimizin beynəlxalq mədəniyyət mübadiləsində yer almasına və Azərbaycan müəlliflərinin xarici nəşriyyatlarla əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.
İnkar etmək olmaz ki, müasir nəşriyyatlar və müəlliflik hüquqlarını təmsil edən agentliklər arasında beynəlxalq səviyyədə əməkdaşlığa tərcümə qrant proqramları ciddi töhfə verir. İnkişaf etmiş ölkələrdə bu proqramlar minlərcə əsərin çoxsaylı dillərə tərcümə edilməsinə, nəticədə minlonlarla oxucuya çatmasına xidmət edir. Bunlar arasında NORLA (Norwegian Literature Abroad), Goethe-Institut (Almaniya), Pro Helvetia (İsveçrə), Creative Europe (Avropa İttifaqı), TEDA Proqramı (Türkiyə), GLSP (Georgian Literature Support Program), LTI Korea (Cənubi Koreya), PEN/Heim Translation Fund (ABŞ) xüsusi qeyd oluna bilər. Azərbaycanda da yaxın vaxtlarda Mədəniyyət Nazirliyi tərəfindən dövlət tərcümə dəstəyi proqramının reallaşacağı gözlənilir.
Qeyd edək ki, “Sözün Baharı” layihəsi MİMTA Yayımlarında nəşr edilən və müəllifliq hüquqları bu nəşriyyat tərəfindən təmsil olunan kitabları əhatə edir. Artıq qısa müddətdə bu istiqamətdə real nəticələr də əldə edilib. Belə ki, tərcümə dəstək proqramı çərçivəsində Azərbaycan yazıçısı Əziz Sultanın “Kapsul: Yaşıl Dünya” əsərinin Türkiyənin Ephesus Yayınlarında nəşr olunması ilə bağlı müqavilə imzalanıb. Proqramın növbəti layihəsi üçün addımlar da atılır. Belə ki, müasir ədəbiyyatımızdan ikisinin əsərin Almaniya və Kanada nəşriyyatlarında tərcümə edilərək çap olunması istiqamətində danışıqlar aparılır. Ümid edirik ki, “Sözün Baharı” tərcümə dəstək proqramı qısa müddətdə bir çox yazıçımızın və ədəbi irsimizin dünyanın müxtəlif ölkələrində tanınmasına ciddi töhfə verəcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
