Dağların şair oğlu - Adil Zeynallının 85 yaşına

 

Şux qamətli, orta boylu Adil Bəhlul oğlu Zeynallıya 85 yaşı heç kəs vermir. Nə zahiri görünüşünə, nə də yaddaşına, zəngin daxili dünyasına rəğmən. Bütün ömrünü pedaqoji sahəyə - müəllimliyə  həsr edən, doğulduğu Leriki kəndbəkənd, oymaqbaoymaq tanıyan, buz bulaqlarının suyundan içən, təmiz mer-meyvəsindən dadan, yaşlılardan uzunömürlülüyün sirrini öyrənən Adili elə cavan saxlayan məmləkətimizin saf cənub təbiətidir, o axarlı-baxarlı dağlarıdır. Elə lirik duyğularını oyadan da füsunkar gözəlliklər olub.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Zeynallı Lerik əhalisinin sayına və sanbalına, ziyalı potensialına görə ən iri yaşayış məntəqəsi - Ceyrudda dünyaya göz açmışdır. Böyük Vətən müharibəsinin başladığı 1941-ci ilin 13 noyabrında 1963-cü ildə ADPU-nun pedaqoji fakültəsini əla qiymətlərlə bitirən bu dağlar oğlu tələbəlik dövründə yaradıcılığından geri qalmırdı. Şeirləri tez-tez Lənkəranda çıxan zona qəzetində, "Leninçi"də, "Gənc müəllim"də, daha sonra "Bolluq uğrunda" adlı mətbu orqanında (Lerik) dərc olunurdu. O, doğma rayonun Tikəband və Çayrud kəndlərində Muğan qışlağındakı  Lapatin məktəbində müəllimliklə yanaşı qəzet və jurnallarda əməkdaşlıq edir, məqalələr yazır, Bakıdakı ədəbi mühitlə əlaqələr qurur, tez-tez  Yazıçılar Birliyində şeirlərini oxuyurdu.

Vaxtilə respublikanın məxfi orqanlarında çalışan atası Bəhlul kişi Cənubi Azərbaycanın Nəmin  qəsəbəsindən idi. Daim yurd eşqi ilə ürəyi çırpınırdı. 1978-ci ildə Lerikdən  Binə qəsəbəsinə köçən Adil müəllim təqaüdə çıxana qədər 101 saylı texniki peşə məktəbində çalışmışdır. Heç vaxt qələmini yerə qoymayan təbli, nəğməli dostumuz böyük ailə  yükünü çəkməklə bərabər, söz yükünü də ürəyində daşımağa imkan tapmışdır. Şeirləri 65 ildən çoxdur respublikanın qəzet və jurnallarında - "Azərbaycan"da, "Qobustan"da, "Ədəbiyyat və incəsənət"də (indiki "Ədəbiyyat qəzeti"ndə), "Azərbaycan gəncləri", "Sovet kəndi"ndə, "525-ci qəzet"də çıxmışdır. İndiyədək peşəkar şairin yeddi şeir və publisistika kitabı müxtəlif mətbəələrdə çap olunmuşdur. "Günəş cənubdan doğur", "Könlümün qəm daşları", "Nəğmə çələngi", "Binə şəhidləri", "İntizar", "Dağlar oğlu",  "Xatirələr" dediklərimizi təsdiq edir. Dörd şeirinə mahnı bəstələnib. Adil Zeynallı "Qızıl qələm" mükafatı laureatıdır.

Arzumuz budur ki, 85 yaşlı qocaman şairimiz bundan sonra da sağlam, mənalı, gümrah ömrünü yaşasın, qəlbindən sözün işığı əskilməsin!

 

Ağacəfər HƏSƏNLİ

 

 

 

Adil Zeynallı

 

 

Ali Baş Komandan

 

Nə yaxşı ki, sən varsan.

Bu dünyada, İlhamım.

Millətin başı üstə

İşıq paylayan şamım.

 

Çəkdin millət dərdini

Gecələr səhərəcən.

Bu yolları sən çəkdin

Kəndlərdən şəhərəcən.

 

Qəm çəkirsən bəlkə də

Sən hamının yerinə.

İgidliyin sığmayır

Bu günümüzün şeirinə.

 

Diz çökdürdün düşmənə

Ağlın cəsarətinlə,

Barışmadın heç vədə

Torpaq əsarətinlə.

 

Ata vəsiyyətini

Şərəflə çıxdın başa.

Şərəfli tarixində,

Şərəfli tarixində

Daim yaşayırsız qoşa.

 

 

Məhəbbət

 

Cahan zülmətə dönsə,

Yetər onun işığı.

Odur bu yer üzünə

Paylayan yaraşığı.

 

Bu çəmənlər, çiçəklər,

Məhəbbətdən su içir,

Onun səhralarından

Leyli, Məcnunlar keçir.

 

Anamızın südündən

Keçibdi canımıza,

Anamızın qanından

Keçibdir qanımıza.

 

İradəsi dəmirdir,

Dözüməcən, səbrəcən.

Dünyaya göz açandan

Bizimlədir qəbrəcən.

 

 

Qoy ürəyim səndə qalsın

 

Qoy ürəyim səndə qalsın,

Sənsiz onu neynəyirəm.

Vaxtsız ölən bu sevgiyə

Onu ehsan eyləyirəm.

 

Qoy vədəsiz otlar bitsin.

Bu sevginin qəbri üstə.

Arzuları qanad açsın

Ümidlərin səbri üstə.

 

Hardan gəlib, hara gedir? -

Heç bilmirəm gidi dünya.

Bir vaxt vardı yer də göy də

Bu sevginin idi dünya.

 

Bu sevginin yollarında

Gözətçidir gözüm yenə,

Müqəddəsdir İlahitək

Bu zirvədən çətin enə.

 

Bu sevgi ilə Günəş kimi,

Doğulaydı hər gün səhər.

Bir Məcnun da yaşayırdı,

Xəbərsizdir ondan şəhər.

 

 

Dünya

 

Elə uşaqlıqdan bir az bağırdım,

Haqqı-ədaləti kömək çağırdım.

Gördüm faydası yox, coşub bağırdım.

Özünü korluğa qoydu bu dünya.

 

Selləri apardı neçə yoranı,

Zalım ayırmadı yaxşı yamanı.

O dilə yanaşı qoydu samanı.

Özünü korluğa qoydu bu dünya.

 

Sevinci damladı qəhri uman.

Gözəllik üstündə pərdədir duman.

Axmaqdan nadandan yaxşılıq uman.

Hələ balıqçıdır, tordur bu dünya.

 

Ulduztək parlayıb sayraşan deyil,

Küsdürdün səninlə barışan deyil.

Heç kəsin işinə qarışan deyil.

Gah şirin, gah şəkər sözdür bu dünya.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!