Nizami CƏFƏROV
Əsgər Zeynalov öz tərcümeyi-halının sahibi olan alimlərdəndir. O, Qərbi Azərbaycanın İrəvan yaxınlığındakı Zəngibasar mahalında dünyaya göz açıb, orada orta məktəbi, sonra Bakıda Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsini bitirib, öz doğma yurduna qayıdıb, müəllim işləyib. Azərbaycanlıların öz doğma yerlərindən qovulmasının yeni bir mərhələsi başlayanda Əsgər müəllim Bakıda məskunlaşmalı olub, bir müddət işsiz qalıb, sonra öz doğma universitetində fəaliyyət göstərib.
Bizim dilimizdə "firəng" deyilən söz var. Bu söz Fransa ilə bağlı sözdür və bir tərəfdən fransız ziyalılığını, digər tərəfdən "firəng" deyilən bir aləti bildirir. Fransız dilinə, fransız mədəniyyətinə o qədər də maraq göstərilmədiyi bir dövrdə Əsgər müəllim bu sahə ilə ardıcıl məşğul olub və bu sahənin görkəmli mütəxəssisi kimi tanınıb. O, "Fransız ədəbiyyatında Şərq" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Ancaq Ə.Zeynalov yaxşı başa düşürdü ki, Azərbaycan-Fransa ədəbi əlaqələrindən əvvəl Azərbaycan-erməni əlaqələrini öyrənmək, bu sahədə tədqiqatlar aparmaq lazımdır. Ə.Zeynalov 10 il erməni arxivlərində - İrəvan Qədim Əlyazmalar İnstitutunda - Matenadaranda, İrəvan Xalq Yaradıcılığı Evində, İrəvan Ədəbiyyat və İncəsənət muzeyində axtarışlar apararaq 550-dən artıq Azərbaycan bayatısını toplayıb erməni qaynaqları əsasında sübut etdi ki, ermənilər uzun əsrlər boyu Azərbaycan bayatılarından istifadə etmişlər. Həqiqət naminə demək lazımdır ki, bu sahə üzrə bizim yaxşı mütəxəssislərimiz olub: görkəmli ədəbiyyatşünas alim Mirəli Seyidov, erməni qaynaqlarındakı Azərbaycan dastanları ilə bağlı doktorluq dissertasiyası yazan İsrafil Abbaslı. Ancaq onlardan sonra, təəssüflər olsun ki, Azərbaycan-erməni əlaqələrini sistemli şəkildə öyrənən bir nəfər qaldı ki, o da Əsgər Zeynalovdur. Azərbaycan-erməni əlaqələrini ardıcıl araşdıran, erməni əlyazmaları ilə sərbəst işləməyi bacaran Ə.Zeynalov Ermənistan arxivlərindəki materiallar əsasında sübut etdi ki, Azərbaycan mədəniyyəti erməni mədəniyyətinə güclü təsir göstərib və onların məclisləri Azərbaycan mahnıları olmadan ötüşməyib.
![]()
Ə.Zeynalov fransız ədəbiyyatında Şərq mövzusunu işləyərkən fransızların iki böyük sənətkarının bu sahədəki yaradıcılığına xüsusi olaraq müraciət edib - Volter və Hüqonun. Fransız ədibinin tarixi prinsiplər əsasında yazdığı "Esse"lərində tədqiqatçı alim Volterin qədim Hindistan mədəniyyətinə baxışını, Çin mədəniyyətinə, İran mədəniyyətinə, Zərdüştün ''Avesta"sına, "Astiaq əfsanəsi"nə, xüsusilə türklərə olan baxışlarını geniş şəkildə araşdırmışdır. Onu da ayrıca vurğulamaq lazım gəlir ki, Ə.Zeynalov fransız mütəfəkkirinin fikirlərini ehkam kimi qəbul etməyib, lazım gəldikdə özünün tənqidi münasibətini də bildirib.
Volter Şərqi sevən adamdır, türklərə xoş münasibəti var. Hüqonun da nə qədər bəşəri sənətkar olması məlum məsələdir. Volter haqqında da, Hüqo haqqında da dünyada, xüsusilə Fransada çox yazıblar. Onların Şərqlə bağlı düşüncələrini də araşdırıblar, amma Ə.Zeynalovun üstünlüyü ondadır ki, o, şərqlidir. O, Şərqin koloritini, heç şübhəsiz, avropalılardan daha yaxşı bilir. Bu baxımdan Ə.Zeynalovun apardığı tədqiqatlar təkcə bizim üçün deyil, həm də dünya üçün maraqlıdır.Təsadüfi deyil ki, Ə.Zeynalovun Volter və Hüqonun Şərqə münasibətini əks etdirən monoqrafiyaları bir sıra ölkələrdə ingilis və fransız dillərində çap olunub. Əsgər müəllim bu iki dahi haqqında, onların Şərqlə bağlı düşüncələri haqqında təsəvvür yaratmaqla yanaşı, eyni zamanda bu gün dünyada çox aktual olan Şərq-Qərb mövzusunu diqqət mərkəzinə çəkib. Ə.Zeynalovun bu tədqiqatları dünya ədəbi fikrində gedən mühüm prosesləri anlamağa yaxından kömək edib.
Ə.Zeynalovun yaradıcılıq imkanları geniş və əhatəlidir. Onun namizədlik dissertasiyası "Azərbaycan bayatıları Qafqaz regionunda" adlanır. Göründüyü kimi, bu mövzu onun Qərb ədəbiyyatına həsr etdiyi doktorluq dissertasiyasından öz istiqamətinə görə tam fərqlənir. Elmi araşdırmalarında müxtəlif sahələri birləşdirməsində Əsgər müəllimin xarici dil bilgisi, şübhəsiz, mühüm rol oynayır. Belə ki, o, rus, fransız, erməni dillərində tədqiqat aparmaq bacarığına sahib olan alimdir.
Ə.Zeynalov fransız dili, ədəbiyyatı və bu sahələrin tədrisi ilə bağlı çoxlu əsərlər yazıb və indi də bu sahədə elmi-metodiki işlərini davam etdirir. Ancaq
Ə.Zeynalovu bir ziyalı - vətəndaş kimi daim düşündürən məsələlərdən biri Qərbi Azərbaycan məsələsidir. Təsadüfi deyil ki, hələ 25 il əvvəl onun "İrəvan ziyalıları" kitabı nəşr olunub. Bu kitabı yazmaq üçün Ə. Zeynalov İrəvanda 200-250 il müddətində yaşamış nəsillərlə bağlı zəngin material toplayıb. Adlı-sanlı Uluxanlı məktəbinin yetirməsi olan Əsgər müəllim kitabda Mustafa Topçubaşov, Əziz Əliyev, Heydər Hüseynov, Səid Rüstəmov və digər ziyalıların ailələri, nəsilləri haqqında çox geniş məlumatlar verib. Erməni lobbisinin canfəşanlıq, ağ yalanlar, böhtanlarla aləmə səs-küy saldığı bir dövrdə onlara cavab olaraq Ə.Zeynalov dünya şöhrətli rus alimləri B.Starkov və R.İvanovun Ön sözləri yazılmış "İrəvan ziyalıları" kitabını Sankt-Peterburq, Moskva şəhərlərində və ABŞ-da rus və ingilis dillərində nəşr etdirib.
Yeri gəlmişkən, xatırladaq ki, Ə.Zeynalovun indiyədək 45-ə qədər kitabı nəşr olunub. Tədqiqatçının 6 kitabı Avropada, 4-ü Amerikada, digərləri isə Asiya, Avstraliya, Afrika qitələrində işıq üzü görüb. 15-ə qədər məqaləsi Rusiya, İran, Türkiyə, Çin, Serbiya, Özbəkistanda nəşr olunub.
Ə.Zeynalov toponimlər əsasında Qərbi Azərbaycanın tarixini yazıb. O, doğulduğu Zəngibasarı zəngi tayfasının vətəni hesab edir. Necə ki Zəngilan, eləcə də Cənubi Azərbaycanda Zəncan həmin tayfanın məskunlaşdığı ərazi sayılır. Ə.Zeynalovun bu sahədə apardığı tədqiqatlardan məlum olur ki, türk tayfalarından biri olan zəngi tayfası ilə bağlı yer adlarını Orta Asiyada və türklərin yaşadığı digər ərazilərdə də tapmaq mümkündür.
Ə.Zeynalov gözəl bir dostdur. Onunla həmsöhbət olmaq, yoldaşlıq etmək, hər hansı bir məsələyə aydınlıq gətirmək adama xoş gəlir. Əsgər müəllimdə təvazökarlıq da, təmkin də, mülayimlik də var. Lakin bütün bunların üstündə bir vətənpərvərlik, prinsipiallıq dayanır. Onun Vətənlə bağlı həqiqətini əlindən almaq çətin məsələdir. O, həqiqətin üstündə möhkəm dayanan bir adamdır.
Bu gün Əsgər müəllim ömrünün 75-ci ilini - müdriklik çağını yaşayır. O öz yubileyinə iki monoqrafiya - "Tanrının göndərdiyi Atilla" və Cənubi Afrika Respublikasında işıq üzü görmüş "Fransız ədəbiyyatında Şərq" əsərləri ilə gəlib. Xatırlatmaq lazımdır ki, sonuncu əsər Əsgər müəllimin kitablarının işıq üzü gördüyü beşinci qitədir. Səmimiyyətlə deyirik: "Daha qitə qalmadı, Əsgər Zeynalov!"
Biz qələm dostumuz professor Əsgər Zeynalovu bu yubiley münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
