Min doqquz yüz otuz səkkizinci il mart ayının 14-də Azərbaycanın iki böyük şairinin bir oğlu oldu. O zamanın yenilikçi iki gənc şairi oğluna yaraşan yeni bir ad da dünyaya gətirməyi qərara aldılar. Dünyada, tarixdə deyə bilmərəm, amma dəqiq deyə bilərəm ki, Azərbaycanda o günə kimi belə ad yox idi. Bu adı da həmin iki şair yaratdı, oğluna yaraşdırdı - "Anar" qoydular adını. Kimi dedi ki, bu cavanlar ad qoymada da hoqqabazlıq edirlər, bu nə addır? Gül kimi adlarımız var. Həsən, Məmməd, Əli. Kimi dedi ki, bəlkə demək istəyirlər Anası - Nigar, Atası - Rəsuldur, yəni hər ikisinin baş hərflərini götürüblər. O da ola bilər...
Amma dövr çox gərgin bir dövr idi. Nigar xanımın tərcümeyi-halı hər kəsə məlum idi. Doğmaları pərən-pərən düşmüşdülər. Tutulanı, sürgün olunanı, güllələnəni, xaricdə qalanları vardı. Hətta özünü də sürgündən Mircəfər Bağırovun "saxlanılsın" dərkanarı xilas etmişdi. O dövrdə belə bir ailənin qızı ilə evlənmək üçün gərək dəliqanlı bir cavan ola idin, ya da eşq atəşinə yanan bir şair.
Bunların hər ikisi də Rəsul Rzada vardı. Gərgin həyatlarına ümid və sevinc gətirən körpəyə baxıb, onun gələcəyini, öz gələcəklərini düşünüb, oğlumuz bizi "Anar" - deyiblər, oğlumuz bizi "Anar" ən gözəl tapıntı, dil ucunda olan söz, göz qabağında olandır, amma az adamın diqqət yetirdiyi, baxdığı, gördüyü, eşitdiyidir. Mənə elə gəlir adın da insan taleyində öz kölgəsi, təsiri, iştirakı var.
Anarın yaradıcılığının böyük bir hissəsi anılarla bağlıdır. Baxın, "Min beş yüz ilin Oğuz şeiri" antologiyası, iki cildliyi "Sizsiz" sənədli romanı. Üzeyir bəy haqqında film. Hüseyn Cavid haqqında film. M.F.Axundov haqqında. "Kərəm kimi" Nazim Hikmət haqqında. Rəfibəylilər... "Qalib gəldi, qalib getdi" Heydər Əliyev haqqında. "Gecə düşüncələri". "Ədəbiyyat, incəsənət, mədəniyyət" üçcildliyi. 1986-dan sonra ölkəmiz-xalqımız yollar ayrıcında qalanda yazdığı ən vacib əsər "Ağ qoç, qara qoç" idi.
Bütün bu illər ərzində bir əli düşüncələrini yazdığı vaxtda, o biri əli isə anasına, atasına, özünə, klassiklərimizə, ümumiyyətlə, ədəbiyyatımıza çamır atanlardan qorunub, qara milçək kimi vızıldayanları susdurmağa çalışıb. Doğrudur, o vızıldayanlar da öz zəhmətinin bəhrəsini gördü. Bu səksən illiyi ərəfəsində Anarın sinəsini açıb ürəyinin havasını dəyişdilər. Onu da deyim, belə əməliyyatdan sonra ürəyin azı on beş il köhlən at kimi sahibini gəzdirəcəyi şübhəsizdir, deyir həkimlər.
Dostum, səksən ili vurursan başa...
Həkimlər dedilər get yüz il yaşa.
Mən də yüz il desəm, bəlkə ağ olar,
Yeni səksən ilə başlamaq olar...
Anar min doqquz yüz otuz səkkizinci ildə tək idisə, Anarın adını deyirəm, - indi Anarlar Azərbaycanda minlərlədir. Anar - şadlıq evləri, Anar - restoranlar, Anar - mağazalar. Hətta Anarın dalınca vızıldayanların da övladları öz uşağına atasının adını yox, Anarın adını qoyub. Əlbət ki, ziyalıya, xüsusilə yazıçıya xalqın məhəbbətinin göstəricisi, adının belə əziz tutulması və belə populyarlaşmasıdır.
Onu da deməyi özümə borc bilirəm. Anarın gənc yaşından ilk çap olunan yazılarından məşhurlaşmasında nə anası Nigar xanımın, nə də atası Rəsul Rzanın rolu olmamışdı. 1969-70-ci illər olardı, dəqiq yadımda qalmayıb. Gəncədən, ya da Mingəçevirdən gəlirdik. Dostumuz rəhmətlik Yusif Səmədoğlu, Anar, mən "Qobustan" jurnalının qara və yorğun "Volqa" maşını ilə gəlirdik. Kefimiz kök idi. O zamanlar axşam göydən qəfil qara çadra kimi düşürdü yolların üstünə. Hacıqabula az qalmışdı. Hər yan zülmət qaranlıq. Yol da sizin indi gördüyünüz yollardan deyildi. Maşın dayandı. Anar sürücüdən soruşdu:
- Nə olub?
- Təkər buraxıb, - dedi.
Maşından çıxdıq. Məlum oldu ki, ehtiyyat təkər də yoxdu. Ümid qaldı gələn-gedən maşınlara. Anar maşın sahibi kimi, maşın sahibi olmasa da, bilirdi nə Yusifdən, nə məndən ona haray yoxdu. Bizdən aralanıb maşın gəlməsini gözlədi. Bizim yanımızdan bir maşın keçdi. Əl qaldırdıq, saxlamadı. Anara çatanda kimsə maşından:
- Anar müəllim?! - deyib, qışqırdı. Maşın dayandı.
Yusif güldü:
- Ay Fikrət, bu Anar çox populyardı ey, bax da, bunu gecə qaranlıqda da tanıyırlar.
- Onun burnu çox yekədi. Yolun yarısını tutub. Burnundan tanıyırlar, - dedim.
- Ay Fikrət, sən özünə haqsızlıq eləmə... - dedi, Yusif. - Sən də fındıqburun deyilsən axı.
Anar elə ilk yazılarından fərqli dili, üslubu, mövzuları, sətiraltıları, yumoru ilə fərqlənirdi. Gəncliyində bəzi yaşıdları ilə yanaşı, yaşlı yazıçılar da sanki ədəbiyyatı Anara qısqanırdılar. İndi Anarın ağsaqqal vaxtında da bəzi gənclər ədəbiyyatı ona qısqanır. Hətta bəzi qocalar da.
Belinski Puşkin haqqında yazırdı: "Puşkin gəlincə Rusiyada şair çox idi, lap çox. Lakin Puşkin gələn kimi elə bil qurbağa gölünə daş atdın. Səs kəsildi". Mən cavanlığımda Belinskini bu və bunu bənzər bəzi sərt fikirlərinə görə ürəyimdə qınayırdım. İndi illər sonra, çəkdiklərimizdən və gördüklərimizdən sonra Belinskini anlayıram.
Anar ədəbiyyata gəlincə kim idi?
Anar Nigar xanım Rəfibəyli və Rəsul Rza ocağında (ocağı - məktəb mənasında deyirəm) qızınmış, yetişmiş, bişmişdi. Mütaliə vərdişi qazanmışdı. Bizim və dünya klassik və çağdaş ədəbiyyatını acgöz mütaliə etmişdi. Doğrudur, sovet dövrü idi. Dəmir zanaves arxasında idik. Lakin burda da, Moskvada da çox zəngin "qara bazar" vardı. Orada hər şey olduğu kimi, kitabların da, hər növü vardı. Eyni zamanda Allah Anara qeyri-adi yaddaş verib. Oxuduqlarından ona lazım olanı yadında saxlayıb - hər kitabından dərs alıb. Heç bir dəyərli əsəri oxuyub üstündən keçib getməyib. Qeydlər aparıb, bəziləri haqqında yazıb.
Məncə, ədəbiyyatçı olmaq nəyi yazmamağı bilməkdi. Xüsusilə gələcəyi olmayan problemi, mövzunu, konflikti ayırd etmək, ona vaxt itirib yazmaq lazım deyil. Gələcəyi yoxsa, problem özü ölüb gedəcək. Sənin ona sərf etdiyin vaxt, yazdığın əsər də öləcək. Anar dünya ədəbiyyatında yaranmış cərəyanlardan xəbərdar ola-ola heç bir "izmə" ötəri də olsa yaxasını qapdırmayıb. Milli ədəbiyyatımızda da Mirzə Cəlil, mollanəsrəddinçilər məktəbinə gənc Anar daha isti münasibətini "Molla Nəsrəddin-66" ilə bildirib keçib. İndi isə müasir Azərbaycan nəsrində oturuşmuş Anar yolu var. Bu yol "Ağ liman"la qoyulub. Daha sonra Ağ limanın içindən Təhminə ilə Zaur çıxdı.
Anarın "Ağ liman" əsəri sosializm cəmiyyətinin insanlarını sovuran, boğan, məhv edən bir bataqlıq idisə, Təhminə ilə Zaur o bataqlıqdan xilas olmuş, yeni münasibətlərlə yaşamaq istəyən iki gəncdir. Belə münasibətə görə Təhminəyə "əxlaqsız" deyirdilərsə, Təhminənin anlayışına görə "əxlaqsızlıq" birini sevmədən onunla yaşamaqdır.
Sosializmə görə bizdə qadın azadlığı məsələsi keçən əsrin əvvəllərində həll olunmuşdur. C.Cabbarlının Sevili çadrasını çıxardıb atmışdı. Hətta Bakının mərkəzində ona heykəl də qoyulmuşdu. Anar da hiss edirdi ki, bu əsərdə demək istədiyini sona kimi deyə bilməyib. Daha doğrusu, demək mümkün deyildi. Əsərlər üzərində senzura vardı. Anar bu əsərin tamaşa variantını da yazıb. Əsər iki dəfə Azərbaycanda və Türkiyədə filmə çəkildi. Filmə sevilə-sevilə baxıldı. Qadın azadlığı deyəndə bizə nə lazım idi? Sevil çadranı atmaqla azad qadın oldumu? Təhminə sevdiyi oğlanla gizli-aşkar görüşməklə xoşbəxt oldumu? Bizə nə gərəkdi? Azadlıq - qəlbin - ruhun azadlığı, yoxsa azadlığın imitasiyası. Anar səssizcə bu məsələni müzakirəyə qoyub. Xalqın müzakirəsinə verib. Əsəri hər bir oxuyan, tamaşasına gedən, filminə baxan şüuru ilə qəlbi arasında bu məsələni müzakirə edib. Yazıçıya da lazım olan budur. Həllini istədiyi məsələnin toxumunu oxucusunun, tamaşaçısının qəlbinə - şüuruna əkib. O azadlığın toxumunu insan özü yetişdirib. O əqidəyə, o ideyaya sahib çıxıb. O ideyanın imitasiyasına yox, özünə nail olub. Əslində Anar öz missiyasını yerinə yetirib. Fikri oxucuya sırımayıb, onun toxumunu şüuruna salıb, oxucu bu toxumu şüurunda - qəlbində bəsləyib öz fikri kimi cücərdəcək, yetişdirəcək. Beləliklə, özü də Anarın istədiyi insan kimi yetişəcək. İnanıram, Anar əsərlərinin əsl araşdırıcıları yetişəcək. Əsərlərini eninə yox, dərinliyinə doğru araşdıracaq.
İndi isə əlli beş il tanışlıq, qonşuluq, dostluq etdiyim Anara cansağlığı arzusu ilə dağınıq söhbətimi başa vurmaq istəyirəm.
Sonda dostluq şarjı:
Anarın qəzəbi gur səsindədi,
Sifəti burnunun kölgəsindədi.
Nasirtək dünyada məşhurdu Anar,
İndi də şairlik həvəsindədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!