Bu yazını yazmağa məni məcbur edən səbəbi desəm... Desəm, öldürərlər, deməsəm ölləm. Bu kəlmə haqda uzun müddət düşünməli olmuşdum. Bir dəfə yenə məşhur qəzəlin ilk beytini öz-özümə pıçıldayır və: "Axı bu mənada olmamalı. Olmamalıdır. Məgər "qəlb şairi" həzrəti-Füzuli aşiqi o qədərmi özünü endirmiş hesab edir? Məgər onun ilahi eşqə mübtəla olmuş qəhrəmanı tində boyun büküb dayananlardanmıdır? O, Məcnun olub çöllərə düşər, vəhşi heyvanlarla dostluq edər, saçları arasında yuva qurmuş quşun balasını çıxarıb uçurmağını gözləyər, amma belə "tin uşağı" olmaz axı. Həmin istilahın kontekstdən asılı olaraq küçə, meydan, məhəllə mənasında işləndiyi məqamlar da var, amma bu qəzəldə o sözü tərcümədəki mənasında qəbul edə bilmirəm. Və elə həmin o misranı pıçıldadığım günü xatırlayıram: "Edəməm tərk, Füzuli, səri-kuyin yarın..." "Səri-kuy" - küçəmi, meydançamı, məhəlləmi - kuy, tutaq ki, o mənanı verir, bəs sər - baş? Niyə sər? - deyib bir əlimlə başımı tuturam və əlim yavaş-yavaş aşağı enir: Ayy - sinə! Səri-kuy - başın məhləsi, küçəsi - sinə! Sinəni deyir bizim aşiqlərin hökmdarı, can, ruh Allahı! Aşiqin tərk etmək istəmədiyi, vətən hesab etdiyi yer məşuqənin sinəsiymiş. Di gəl ki bu mənadan, bu aydınlanmadan yayındır məni, görüm, necə yayındırırsan?! Heç beytin müəllifini də dediyi məkandan dörd dəfə "Vətənimdir" deməklə yox, mümkün olsaydı, min dəfə deməklə də ayırmaq olmazdı.
Qəzəlin bütün beytlərinin mənasını açıqlamaq oxucunu yormaz, məncə.
Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Şairə görə eşq ona yazılmış elə bir taledir ki, nə həyat, nə ölüm onu bu taledən xilas edə bilməz, ayırmaz. Beytin "daği-cünun" - istilahı iki cür başa düşülər. 1. Eşqdən dəli olub dağlara düşmüş, ağlını itirmiş dəli-cünun; 2. Eşqdən bədəni tamamilə dağlanmış - əslində yanan ürəyinin, ruhunun alovunun dağı.
Hər iki mənanın izahı: 1. Eşqdən dəli olmuş biri kimi bədəni pambıq içərisində örtülüb(nihandır). Dəli olanlardan qan alırdılar. Ülgüclə çərtir, qan aldıqdan sonra yara yerinə pambıq basırdılar. Aşiqin eşqi-cünunluğu o həddə çatıb ki, bədənində qan alınmamış, pambıq basılmamış bir yer qalmayıb, bədəni pambıqla örtülüb, lakin bu eşq sağalmaz bir eşqdir. 2. Ürəyinin - ruhunun alovu bütün bədənini dağlayıb, yandırıb (yanan adam paltar geyinmir, məlhəm yaxılır, üstünə pambıq qoyulur), dağlanmış bədəninə qoyulan pambıq içərisində bədən örtülüb - nihandır, lakin ruhun eşqdən almış alovu sönmür, əbədidir.
İkinci misrada - nə qədər ki, sağam, sağalmazam bu eşqdən, diri olduqca libasım budur - pambıqdır, ölsəm də kəfəndir.
Beytin gözəlliyi də bundadır: şair uzun-uzadı eşq əzabından danışmadan, cəmi iki misrada insanın bütün ömrünü əhatə edən mənəvi bir taleyi ifadə edir.
Canı canan diləmiş, verməmək olmaz, ey dil,
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.
Canı canan, sevgili - əslində Allah, canın Sahibi diləyib. Verməyə bilmərik, naz-niza etməyə ixtiyarımız yoxdur, çünki can nə sənindir, nə mənim. İnsan canının belə mütləq sahibi deyil. Canan Allahdır, insanın canı da Ona məxsusdur. İnsan özünü müstəqil bir varlıq və hər şeyin sahibi hesab etsə də, həqiqətdə isə hətta varlığı belə ona verilmiş bir əmanətdir. Buna görə də canını Yaradanına təslim etmək itirmək deyil, əsl sahibinə qaytarmaqdır. Biz bəzən ilahi eşqi dadmadan canımızı, ömrümüzü, sevdiklərimizi özümüzə aid hesab edirik. Halbuki heç nə əbədi olaraq bizim deyil. Belə olduqda, canan istədiyi zaman ona qarşı çıxmaq nəyə lazımdır?
Bu düşüncə təsəvvüfdə təslimiyyət, mənlikdən keçmək anlayışları ilə səsləşir. İnsanın "mənim" dediyi şeylərə bağlılığı bir illüziyadır. Çünki heç nə əbədi olaraq bizim deyil. Hər şeyin Sahibi Odur.
Daş dələr ahim oxu şəhdü-ləbin şövqündən
Nola zənbur evinə bənzəsə beytülhəzənim.
Bu beytin çox dərin və bir neçə variantda izahı var. Mən şəxsi qənaətimdən - film kimi gözlərim önündə yaranmış epizodlardan çıxış edərək yazacam. Sətri məna belədir: bal kimi şəhdi, şövqü məni cəlb edən dodağının həvəsindən qopan ahımın oxu daşı dələr. Nola-kaş qəmli ürəyim arı pətəyinə bənzəyə. Beləliklə, o səhnəni canlandıraq: sevgilisi ilə qarşı-qarşıya dayanmış aşiq o qədər həvəs və vüsal yanğısı çəkir, vüsal arzusundadır ki, dodağın bal kimi şirinliyini təsəvvür edərək vüsala can atır və bu həvəs, vüsal yanğısı onun ürəyindən ahlar qoparır. Bu ah ox kimi daşı da dələr. Əslində bu ah kaş ki arı kimi sevgilinin dodağının balını vüsal yanğısı, həsrəti çəkən aşiqin ruhuna - ürəyinə daşıyaydı, ürəyinin arı pətəyinə bənzəməyinə razıdır. Burda ah-arı-ox bir rəmzdə - sevgilinin dodağının həsrətini, vüsalını çəkən rəmzi bir mənada birləşir. Birinci, dodağı görən aşiqdən ah qopur, sonra ox kimi geri qayıdaraq arıya dönür, dodağın balını götürür, aşiqin ürəyinə qayıdır, pətəyə bal yığan arı kimi dodağın balını aşiqin həsrət çəkən ürəyinin pətəyinə yığır. O, qəmli ürəyinin arı pətəyi kimi deşik-deşik olmasına razıdır, təki sevgilisinin vüsalına - dodağının balına qovuşsun.
Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim məni ondan çıxara zə"fi-tənim.
Bu beyt digərlərindən xüsusi mənaları ilə fərqlənir. Tövq - boyuna keçirilən halqa, zəncir, cünun - eşqdən dəli olmuş, dairəyi dövlət - xoşbəxtlik, mənəvi bəxt dairəsi, nə rəva - rəvadırmı, zəf"i-tənim-zəif bədənim. Birinci beytdə şair eşq dəliliyinin zəncirini xoşbəxtlik və səadət dairəsi hesab edir. Yəni aşiq olmaq, eşq yolunda divanəlik etmək onun üçün əzab deyil, əksinə, mənəvi bir səadətdir. Zəncir zahirən əsarət rəmzi olsa da, şair üçün xoşbəxtlik mənbəyi, sevgiyə əbədi bağlılıq, bəlayi-eşqdən bir dəm cüda olmamaqdir.
Beytin ikinci misrasında isə aşiq deyir ki, bədənimin zəifliyi üzündən məni bu səadətdən uzaqlaşdırmaq rəvadırmı, insafdandırmı? Başqa sözlə, fiziki gücsüzlüyüm mənim eşq dəliliyindən, onun verdiyi mənəvi xoşbəxtlikdən ayrılmağıma səbəb olmamalıdır. Çünki aşiq eşq zəncirinə könüllü şəkildə bağlanıb, bu vəziyyətdən məmnun və xoşbəxtdir, ayrılmaq istəmir. Əslində aşiqin "zə"fi-tən" - bədəninin zəif olması eşq səbəbindən dünya nemətlərindən əl götürüb yalnız eşq üçün yaşamasındandır. Bu mənada beyti Nəsiminin: "Buldu Nəsimi çün səni, geçdi qamudan, ey sənəm, Qo"di hərirü-ətləsi, girdi əbavü-şalinə..." - beytində ifadə olunan irfani ideyasının məna paraleli kimi də düşünmək olar.
Eşq sərgəştəsiyəm seyri-sirişk içrə yerim,
Bir hübabəm ki, həvadən doludur pirəhənim.
Beytin mənası belədir: Eşq üçün göz yaşları tökərək bu yaşlardan əmələ gəlmiş məkanda sərgərdan qalmış biriyəm, Su üzündə hava qabarcıqlarıyam, köynəyim hava ilə doludur(su axarkən hava qabarcıqlarının yaranmasına işarədir).
Aşiqin göz yaşı içərisində məskən salması və su qabarcıqlarının onun köynəyinin düyməsi olmasını köynəyin düymələrinə bənzədirlər. Burada şair özünü içi hava ilə dolu, olduqca kövrək və asanlıqla yox ola bilən bir su qabarcığına bənzədir.
Birinci misrada aşiqin eşq üzündən çəkdiyi əzab, tökdüyü göz yaşları içərisində məskən salaraq rahatlıq tapa bilməməsi təsvir olunur.
İkinci misrada isə su qabarcığı obrazı vasitəsilə insanın kövrəkliyi və faniliyi ön plana çəkilir. Su qabarcığı zahirən mövcud olsa da, çox zəifdir, dayanıqsızdır və bir an içində yox ola bilər. Qabarcığın hava ilə dolu olması isə boşluq və qeyri-sabitlik mənalarını daşıyır.
Burada "həva" sözünün həm həqiqi, həm də məcazi mənalarını nəzərə almaq mümkündür. Əgər söz "hava" mənasında işlənibsə, qabarcığın içinin hava ilə dolu olması nəzərdə tutulur. "Həvəs, arzu" mənasında yozulduqda isə aşiqin varlığının arzu və istəklərlə dolu olduğu düşünülə bilər. Bununla belə, ikinci yozum üçün şeirin daha geniş kontekstdən izahı vacibdir.
Füzulinin poeziyasında eşq yalnız iki insan arasındakı məhəbbət deyil, həm də insanı mənən dəyişdirən, iztirab və fədakarlıqla müşayiət olunan bir haldır.
Füzuli burada aşiqin iztirabını adi bir kədər kimi deyil, onun bütün varlığını əhatə edən bir hal kimi təqdim edir. Aşiq üçün göz yaşı təsadüfi bir hadisə deyil, yaşadığı aləmdir. Məncə, beytdəki ən təsirli məqam iki obrazın qarşılaşdırılmasıdır: bir tərəfdə göz yaşları içində əzab çəkən aşiq, digər tərəfdə isə hava ilə dolu, hər an yox ola bilən su qabarcığı - aşiqin iztirabdan yox olma, dünyanı tərk etmək təhlükəsi.
Aşiqin qəlbindəki eşq və iztirab böyükdür, varlığı isə kövrəkdir, bir an içərisində ruh kimi gedə bilər. O, eşqin qarşısında özünü itirmiş, göz yaşları içində yaşayan və sanki yoxluqla varlıq arasında qalan bir aşiqdir.
Bülbüli-ğəmzədəyəm, bağü baharım sənsən,
Dəhənü qəddü rüxün qönçəvü sərvi səmənim.
Bu beytdə klassik ədəbiyyatda az təsadüf olunan maraqlı bədii sıralanma var. Gülün eşqilə oxuyan bülbül kimiyəm (eşqin odunda yanan aşiq gecə-gündüz ah-nalə çəkir) və mənim bağım-bağçam sənsən - məşuqədir: 1. Dəhənin (ağzın) - qönçəmdir. 2. Qəddin (boyun) - sərvimdir. 3. Rüxün (üzün) - çiçək açmış yasəmənimdir. Beytdə üç sözün sıra ilə izahı qarşılıqlı olaraq sıra ilə digər üç sözdə verilib.
Şair sevgilisinin gözəlliyini təbiət obrazları ilə təsvir edir. Məşuqəni öz həyatının baharı, onun gözəlliyini sevincinin mənbəyi hesab edir. Özünü isə sevgilisinin eşqindən nalə çəkən bülbül kimi təqdim edir.
Və nəhayət, bu yazını yazmağa məcbur edən beytin izahı:
Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.
Son - məqtə beytin təfsirində bir neçə izah məlumdur. Sevgilisinin olduğu məkanı əsla tərk etməyən aşiqin sədaqəti eşq yolunda fədakarlıq göstərən aşiqə rəğbət hissi oyadır. Dörd dəfə təkrar olunan "Vətənimdir" sözünün hər birinə ayrı məna verən ədəbiyyatşünaslar var. Mən diqqəti "sər"i-kuy" sözünə yönəltmək istəyirəm. Nə üçün "yari-kuy" yox, "səri-kuy?" Bilirik ki, M.Füzuli qəzəldə hər sözün altında gizlənən mənaları arayıb tapmağı səviyyəli oxucunun öhdəsinə qoyur. Beyti oxuyandan sonra düşünürsən: aşiq sevgilisinin "sər"i-kuy"unu tərk etməyəcəyinə and içir. Sər - baş deməkdir, kuy - küçə, məhlə, məskən, meydança mənasındadır. Tutaq ki, "kuy" hissəni verilən mənada - məşuqənin yaşadığı məkan mənasında qəbul edək. Bəs sər - baş sözünün burda funksiyası nədən ibarətdir? Sevgilinin yaşadığı məhlənin başındamı aşiq məskən salıb, oranı vətən hesab edir? Məgər Füzuli küçədəmi məskən salan aşiqdir? Gəlin, bir qədər "sər" sözünün küçə mənasına diqqət yetirək: səri-kuy. Baş-dan sonra kuy - küçə, məhlə. Və budur - məşuqənin sinəsi! Həmin beyt o qədər yüksək bir məna kəsb edir, ifadə öz yerinə elə qəşəng, mükəmməl oturur ki, daha burda mübahisəyə yer qalmır. Nə üçün bu ifadəni yalnız küçə-məkan kimi qəbul etməliyik? Füzuli yaradıcılığının sufi qatının altında hər zaman real - dünyəvi eşqin təzahürü parlaq işıq saçır. O, oxucunu səmalara - ilahi eşqin fəzasına yüksəltsə də, həm də yerə endirir, ayağını dünyadan - torpaqdan üzmür, sevgidən, eşqdən kam almaqdan qaçmamağa çağırır. Necə ki bir beytində:
Bir pəri zülfün tutub, xalindən alsan kami-dil,
Tut ki, Çin mülkün tutdun, Hinddən aldın xərac.
- deyir.
"Sər" sözünün baş mənası məlumdur. Lakin onun "səri-kuy" birləşməsində rəmzi mənasında işlənməsi və buradan "sinə" mənasının çıxarılmasını tarixi lüğətlər, klassik mətnlər və paralel poetik nümunələrlə əsaslandıra da bilərik.
Beləliklə, aşiqin sevgilisinin yaşadığı məkanı özünə vətən seçməsi fikri üzərində sevgilinin vüsalına qovuşmaq, onun sinəsinə bağlanmaq mənası qələbə qazanır. Məncə, bu təfsirin əsas cəhəti məhz budur: beytin mənasını dəyişdirmək xatirinə yox, Füzulinin söz seçiminə diqqət yetirərək ənənəvi izahın cavablandırmadığı bir suala cavab axtarmaq, ən uğurlu variantı tapıb, nəhayət, yerinə qoymaq xatirinədir bu cəhd. Füzulinin məhz nəzərdə tutduğu məna olduğunu qəti söyləmək üçün əlavə dilçilik və mətn dəlilləri axtarmaq əbəsdir. Çünki, məsələn, S.Ə.Şirvanidə rast gəldiyim bəzi beytlərdə bu birləşmə küçə, məhlə mənasındadır. Demək, birləşməni kontekstdən asılı olaraq mənalandırmaq daha uyğundur.
Ədəbiyyatşünas alim Səadət xanım Şıxıyevanın xahişi ilə İzzəddin Həsənoğlunun bir beytinin təfsirini də bu mətnə əlavə etmək istədim.
İzzəddin Həsənoğlunun orta məktəb dərsliklərinə salınmış qəzəlinin bir beytinin açıqlaması o qədər səthi və uyğunsuz verilmişdi ki, o böyüklükdə alimlərin bu cür izahına çox təəccüblənmişdim.
Şəha, şirin sözün qılır bir zamanlar Misirdə kasid,
Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.
Bütün beytləri iki sual və iki cavab şəklində qurulmuş qəzəl ədəbiyyatımızda çox məşhurdur və qəzələ nəzirələr, cavablar yazılmışdır. Bu beytin açıqlaması Quran qissələri ilə bağlıdır. Əbdürrəhman Caminin "Yusif və Züleyxa" poemasında danışılır: tacir Yusifi quyudan çıxarıb Misirə aparır və onu qul kimi satanda bütün qulların qiyməti aşağı düşür. Heç bir qula pul verən olmur. Hamı bütün var-dövlətini qoyub Yusifi almaq istəyir. Həsənoğlu o qissəni xatırladaraq deyir, necə ki bir zamanlar Yusifin gözəlliyi bazarda qulların qiymətini aşağı salmışdı, sənin də bir kəlmə sözün o qədər şirindir ki, dünya bazarında şəkərin qiymətini aşağı salıb.Yəni şəkərə heç kim pul vermək istəmir, hamı var-dövlətindən keçib sənin bir kəlmə şirin sözünü ən şirin şəkər kimi almaq istəyir. Beytin ikinci misrasındakı "bir zamanlar", "Misir" və "kasidi-qiymət" sözləri beytin təfsiri üçün çox gözəl izah xəritəsi cızır.
Heç bir alim, müəfəkkir klassik ədəbiyyat nümunələrini, sufi-irfani təfəkkürü, ruhu olmadan izah edə bilməz. Bu xüsusiyyət ruhla, yaradılışla bağlıdır.
25.10.2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
