Bu günlərdə Prezident Kitabxanasında müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə oxucuların görüşü keçirilib. Tədbir keçirilən zalda yazıçının kitabxana fondunda olan kitablarından ibarət sərgi təşkil olunmuşdur.
Görüşdə ADA Universiteti, Bakı Dövlət Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri və müəllimləri, eləcə də tanınmış elm, ictimaiyyət və dövlət xadimləri - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin əməkdaşı Elmira Ələkbərova, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Vazeh Əskərov, Azərbaycan Yazıcılar Birliyinin üzvü, yazıçı-publisist Rövşən Ağayev, təqaüdçü, "Əməkdar dövlət qulluqçusu" İsrafil Qurbanov, Prokurorluğun veteranı, ədliyyə polkovniki İlham Məmmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əqli Mülkiyyət kafedrasının müdir müavini, Əqli Mülkiyyət Agentliyinin İctimai şurasının sədri Natiq İsayev iştirak ediblər.
Görüşün əvvəlində Xalq yazıçısının həyat və yaradıcılığına həsr olunmuş fototəqdimat nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova yazıçının Azərbaycan ədəbiyyatının inkişafındakı rolu və dünya miqyasında qazandığı uğurlardan bəhs edib. Çingiz Abdullayevin dünyada ən çox oxunan detektiv yazarlardan biri olduğunu qeyd edərək, yazıçının zəngin ədəbi yaradıcılığından söz açıb. Qeyd edib ki, yazıçının əsərləri nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkəsində böyük məhəbbətlə oxunur. O, sözün həqiqi mənasında, xalqımızı, millətimizi bütün dünyada tanıdan və təbliğ edən böyük yazıçı və görkəmli ziyalıdır.
Afət Abbasova daha sonra bildirmişdir ki, Çingiz Abdullayev 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı romanlarla müntəzəm çıxış edir. Onun əsərləri oxucuların ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır. 600-dən çox kitabı dünyanın 30-dan artıq dilinə tərcümə olunub və ümumilikdə 32 milyon tirajla işıq üzü görüb. Prezident Kitabxanasının fondunda isə ədibin üç dildə 200 adda kitabı mühafizə olunur. Görkəmli yazıçının əsərləri onu siyasi detektiv janrında yazan ən yaxşı müasir yazıçı kimi dünyada tanıtdırıb.
Görüşdə çıxış edən Ç.Abdullayev tədbir iştirakçılarına öz həyat və yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi, görüşləri barədə maraqlı epizodlar danışıb. Azərbaycan və dünya ədəbiyyatının məşhur simalarının əsərlərindən sitatlar gətirib, iştirakçıları bədii ədəbiyyat mütaliyə etməyə dəvət edib. Bununla yanaşı, yazıçı öz yaradıcılığının əsas istiqamətlərindən söhbət açıb, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı tövsiyə edib, onların vətənpərvər şəxsiyyət kimi formalaşmasında elmin, təhsilin və bədii ədəbiyyatın əhəmiyyətini vurğulayıb.
Müasir ədəbiyyatın problemlərinə də toxunan yazıçı ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib. Canlı ünsiyyət şəraitində və mehriban ab-havada keçən görüşdə gənc pərəstişkarlar tanınmış yazıçıya onun yaradıcılığı və düşüncələri haqqında çoxsaylı suallar verib, arzu və istəklərini bildiriblər.
Görüşdə çıxış edənlər Çingiz Abdullayevin Azərbaycanın ən tanınmış yazıçılarından biri olduğunu, həm ölkə daxilində, həm də xaricdə böyük populyarlıq qazandığını qeyd edərək, onun əsərlərinin yalnız detektiv janrında deyil, həm də cəmiyyətin mənəvi və sosial münasibətlər sisteminə və cəmiyyətin mövcud problemlərinə toxunan mövzularla zəngin olduğunu vurğulamışlar. Natiqlər onun əsərlərinin intellektual məzmunu və müasir ədəbi prosesdəki mövqeyinə toxunularaq, Ç.Abdullayevin yaradıcılığı ilə milli ədəbiyyatımızın beynəlxalq miqyasda tanınmasına və bütövlükdə müasir detektiv janrının inkişafına mühüm töhfə verdiyi qeyd etmişdir. Onun əsərləri süjet dərinliyi, hadisələrin dinamikliyi, personajların xarakterinin mürəkkəbliyi ilə diqqəti cəlb edir. Hüquq, psixologiya və elmi bilikləri yazıçının yaradıcılığında hüquq, ədalət, məsuliyyət və beynəlxalq münasibətlər kimi məsələlərin dolğun bədii ifadəsinə zəmin yaratmışdır.
Çıxışlarda qeyd olunmuşdur ki, hüquq elmləri doktoru, professor, Beynəlxalq Ədəbiyyat Fondunun sədri, 4 universitetin fəxri doktoru və bir çox ölkələrin və nüfuzlu beynəlxalq mükafatların laureatı olan Çingiz Abdullayev oxucuları ilə vaxtaşırı görüşlər keçirməyi də unutmur və belə görüşlərdə onun yaradıcılığının çoxsaylı pərəstişkarları böyük həvəslə iştirak edirlər. Belə görüşlər gənclərin ədəbiyyata marağının artırılmasında xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə vurqunlamlşdır ki, bu gün Çingiz Abdullayev Azərbaycan ədəbiyyatının canlı klassiklərindən biri olaraq ədəbiyyat tariximizdə özünəməxsus yer tutur. Xalq yazıçısı fəxri adına layiq görülməsi və dövlət təltifləri onun ədəbiyyat sahəsindəki xidmətlərinin dövlət səviyyəsində də layiqincə qiymətləndirildiyini göstərir.
Tədbirin sonunda Prezident Kitabxanasının direktoru, professor A.Abbasova yekun nitqi söyləyərək, Ç.Abdullayevə görüşdə iştirakına görə minnətdarlığını və görüşün əhəmiyyətini vurğulamış və tükənməz enerjisi və böyük həyat eşqi ilə yaşayıb yaradan, ictimai-siyasi fəaliyyətindən bir an belə yorulmayan bu nəcib və kübar insana onu tanıyan və sevənlər adından yeni yaradıcılıq uğurları, özünə, ailəsinə firavanlıq, uzun və bəxtiyar ömür diləmişdir.
Daha sonra tədbirdə kitab imzalanması mərasimi keçirilib. İştirakçılar və kitabxananın əməkdaşları Çingiz Abdullayevlə xatirə şəkilləri çəkdirib və onunla səmimi ünsiyyət qurmaq imkanı əldə ediblər.
Xalq yazıçısı Çingiz Abdullayevin oxucularla görüşü Azərbaycan ədəbiyyatının təbliği, gənclərin mütaliəyə marağının artırılması və yazıçı ilə oxucular arasında ədəbi ünsiyyətin möhkəmləndirilməsi baxımından əhəmiyyətli mədəni tədbir kimi yadda qalıb.
Leyla SƏFƏROVA

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
