Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Qazaxıstan Yazıçılar Birliyinin sədri Mərəkə Kulkenova 75 illik yubileyi münasibətilə məktub göndərib
Hörmətli Mərəkə Əbdəş oğlu Kulkenov!
Sizi, görkəmli qazax ədibini və ictimai xadimi - yazıçı, jurnalist və publisisti, Qazaxıstan Yazıçılar İttifaqının sədrini 75 illik yubileyiniz münasibəti ilə həm öz adımdan, həm də Azərbaycan ədəbi ictimaiyyəti adından səmimiyyətlə təbrik edirəm.
Siz həm yazıçı-publisist kimi, həm də mədəni işin təcrübəli təşkilatçısı kimi səmərəli fəaliyyət göstərirsiniz.
Siz Qazaxıstanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüsünüz, eyni zamanda mətbuatdakı çoxillik səmərəli fəaliyyətinizə görə Prezident mükafatına, habelə bir çox başqa təltiflərə, orden və medallara layiq görülmüsünüz.
Son illər qardaş Qazaxıstanın yazıçılar təşkilatına uğurla rəhbərlik edirsiniz.
Fəaliyyətiniz boyu Azərbaycan və Qazaxıstan ədəbi əlaqələrinə ciddi töhfələr vermisiniz və verməkdəsiniz. Bu müddət ərzində Azərbaycan ədiblərinin əsərlərinin qazax dilinə tərcüməsi, həm Qazaxıstanın nüfuzlu ədəbi nəşrlərində, həm də ayrıca kitablar olaraq nəşri işində çox böyük işlər görülür, ciddi layihələr həyata keçirilir. Biz bütün bunları minnətdarlıqla xatırlayırıq.
Eyni zamanda məlumatlıyıq ki, Qazaxıstanın ədəbi mühitində də xeyli canlanma, yenilənmə var və bu prosesin başında siz dayanırsınız.
Sizə ilk növbədə cansağlığı və uzun ömür arzulayır, gördüyünüz bütün işlərdə müvəffəqiyyətlər diləyirik.
Hörmətlə,
Anar
Azərbaycan Yazıçılar Birliyinin sədri
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
