"Öpüm kölgən düşən mübarək yeri!" - 9 noyabr - Bayraq günü Azərbaycan dövlətinin müstəqillik rəmzi - Minaxanım TƏKLƏLİ

 

 

İlk bayraqlar döyüşdə, eləcə də izdihamlı yerlərdə başçını və ya tayfanı ifadə edən, onu fərqləndirən bir vasitə idi; bir mızraq və ya sonralar xüsusi hazırlanmış ağac dəstək ucunda həmin toplumun simvolu yuxarıya qaldırılır, hərə öz yerini təyin edirdi. Bu mənada birliyə və bərabərliyə işarə etməklə bu bayraq böyük mənəvi güc daşıyırdı. Döyüş meydanlarına bayraqların gətirilməsini Hunların adı ilə əlaqələndirirlər. Hərbi şəraitdə artıq bayraqdar rütbəsi (termin) meydana gəlir. Bayramlarda və ümumiyyətlə təntənəli günlərdə daşınan bayraqlar başından asılan zər qotazlarla bəzədilir. Bu əlamət həmişə, ilk çıxan bayraqlarla bir vaxtdan istifadə olunmaqdadır. Qotaz ümumi rəyə görə söz kökündəki qut(kut) "xoşbəxtlik, uğur, müvəffəqiyyət" mənasına istinad edilməklə, daim Türk aləmində evdə-məişətdə, dövləti atributlarda, hərbi geyimdə uğur və şərəf simvolu kimi işlənməkdədir. Ziya Göyalpın qeydlərinə əsasən qədim türklər arasında müqəddəs sandıqları heyvanların(at, əski türkcədə "yak" deyilən öküz) quyruqlarından qotaz və ya tuğ düzəldilirdi. Mahmud Kaşğari Lüğətində (XI əsr) qeydə alınan bayraq sözü onun türk xalqları arasında çox-çox əskilərdən mövcud olduğunu göstərməkdədir. Xoşbəxtlik istəklərindən doğan bu rəmzi qotazlar (kutaslar) dünyaya ayaq açmış, uşaq geyimlərindən hökmdar geyimlərinə, qılınc qəbzəsindən; pərdə, balınc, örtük və s. ev-məişət əşyalarından hərbi mundirə, xüsusən baş geyimlərinədək (Osmanlı dönəmi fəslərdən asılan qotaz da uğur rəmzi idi)  yayılmışdır. Bayraq və ya baydaq (bu formaya şivələrimizdə hələ də təsadüf olunmaqdadır) lüğəvi vahidinin mənası sözün tərkibindəki "bay" uca, yüksək, ali kökü ilə bağlıdır.

 

Dutdu qəm ləşgəri üz gəlməyə hamun-hamun,

Qara baydaqlu ələmlər ucu gülgun-gülgun.

 

Səfiqulu Mirzə

 

Rusların ilk ədəbi abidəsi olan "İqor alayı haqqında dastan" və habelə ən ilkin salnamə nümunəsində 1172-ci ilə aid qeydlərdə qədim türklərin daşıdıqları qotazlı bayraq və tuğlardan, xoruqv - qeyd edək ki, bu mənada rus hərbi leksikasına aid xorunji "bayraqdar" termini var idi (indi kilsə mərasimlərində xoruqv "qoru, mühafizə et" mənasında işlənilir). O zamandan da qeyd olunan funksiyaları ilə rus həyatına daxil olmaqla dilində də əks olunmaqdadır.

Kiçik bayraqlar isə ələm (əlamət, nişan, işarə) adlanırdı. İlk çağlarda totem anlayışına yaxındır: tanrı surətləri, təbiət rəmzləri, ardınca soy, nəsil simvollarını əks edirdi. Hunlara aid olmuş ilk ələmlərdə geyik və yaban keçisi əks olunmuşdu; uzun saplı, bəzəkli baltalar da simvol idi. Daha sonralar onu da rəmz, bayraq, sancaq, tuğ, bəlgə kimi hər bir nüfuzlu adam gəzdirirdi. Bu kiçik bayraqcıqları qədim türklər döşlərinə sancmaqla daşıyırdılar. Əsilli-nəcabətli adamların sinəsində bu nişanlar (ələmlər) xüsusi məna kəsb edirdi və gözəl zövqlə hazırlanmış olurdu. Özünün qədim geyimindən başlayaraq möhkəm Türk geyimi ənənəsini yaşadan ruslar da bu nişanlardan istifadə etmişlər. Rusiya Dövlət Silah Palatası muzeyində böyük knyazların ləl-cəvahiratla bəzədilmiş döş nişanları ələmlər (rusca - "alyam") saxlanılır. Qədim binaların üstündəki rəsm və işarələr həmin əlamət və rəmzlərdir; boyuna salınan həmayil, o cümlədən, bu gün əsgəri geyimdə akselbant (həmayil) keçmiş ələmlərdən - inamlardan yadigardır. Bayraq kimi bayraqdarlar da istər mülki, istər hərbi həyatda mühüm vəzifə daşıyır. Həmişə bölük önündə gedən bayraqdarlar adətən uca boylu, yaraşıqlı, təndürüst, çevik adamlar olur. "Bayraqdar" kimi sözümüz varkən yerli-yersiz "flaqman" sözü tərcih edilir.

Haqq işimizin, azadlığımızın, amalımızın uğruna ucalan bayrağımız qoy heç zaman enməsin, hər zaman səmalarda dalğalansın...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!