"ƏMİR ƏLİŞİR NƏVAİNİN İRFANİ DÜNYASI" kitabı Özbəkistanda təqdim olunub

 

Özbəkistan Yazıçılar Birliyində tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Nurboy Cabbarovun Azərbaycanda “Elm və təhsil” nəşriyyatında  nəşr olunmuş “Əmir Əlişir Nəvainin irfani dünyası” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Özbəkistan Yazıçılar Birliyinin sədri, Özbəkistanın Xalq şairi Siracəddin Səyyid Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin inkişafında dövlətlərarası dostluq və əməkdaşlığın mühüm rolunu vurğulayıb. O qeyd edib ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında mövcud olan dostluq və sıx əməkdaşlıq iki qardaş xalqın ədəbi əlaqələrinin genişlənməsi üçün də yeni imkanlar yaradır. Dövlət başçılarının çıxışlarında dəfələrlə vurğulanan “ədəbi dostluq əbədi dostluqdur” fikri bu əməkdaşlığın mahiyyətini ifadə edir. Təqdimatı keçirilən kitab da Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafının bariz nümunəsidir.

Bildirilib ki, tanınmış alim Nurboy Cabbarovun böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvayinin həyat və yaradıcılığına həsr olunmuş əsəri Azərbaycan dilinə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Özbəkistan-Türkmənistan ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Özbəkistanın “Dostluq” ordeni laureatı Almaz Ülvi Binnətova və Təbriz Universitetinin professoru, filologiya elmləri doktoru Hüseyn Xoşbətin tərəfindən tərcümə edilib. Nəvaişünaslıq sahəsində əldə olunmuş yeni elmi nəticələrin Azərbaycan oxucusuna, xüsusilə gənc nəslə çatdırılması baxımından nəşrin əhəmiyyəti xüsusi qeyd olunub.

Təqdimat mərasimində Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Maqsud Əsədov, kitabın tərcüməçisi professor Almaz Ülvi Binnətova, ədəbiyyatşünas alimlər Səyfiddin Rəfiddinov və Abdumurod Tilavov, azərbaycanlı şair, Dünya Türk Gənc Yazarlar Birliyinin başqanı İntiqam Yaşar,  şair Axtamqul Kərim və.b çıxış ediblər.

Çıxışlarda təqdim olunan əsərin elmi və ədəbi əhəmiyyəti, Əlişir Nəvainin həyat yolu, zəngin ədəbi-elmi irsi ilə bağlı yeni məlumatları və fərqli elmi yanaşmaları özündə əks etdirməsi diqqətə çatdırılıb. Həmçinin yüksək peşəkarlıqla həyata keçirilmiş tərcümənin Azərbaycan və Özbəkistan arasında ədəbi-elmi dialoqun genişlənməsinə verdiyi töhfə xüsusi vurğulanıb.

Kitabda dahi şair və mütəfəkkir Əlişir Nəvainin şəxsiyyət və dövlət xadimi kimi keyfiyyətləri, quruculuq fəaliyyəti yeni elmi yanaşmalar əsasında işıqlandırılıb. Onun irfani dünyası, ədəbi-estetik görüşləri ilə bağlı yeni elmi qənaətlər irəli sürülüb. Müəllif “Xəmsə”də sənətkarın bədii konsepsiyası, ana obrazının poetik təcəssümü ilə bağlı elmi-nəzəri mülahizələrini təqdim edib. Əlişir Nəvai yaradıcılığının milli ədəbi-estetik düşüncənin inkişafına təsiri araşdırılıb, şairin yaradıcılıq ənənələrinin Zokircan Furqat, Abdulla Oripov və Siracəddin Səyyid poeziyasında davam etdirilməsi təhlil olunub.

Fikir mübadiləsi və elmi müzakirələr şəraitində keçən təqdimat mərasimi iştirakçılarda xoş təəssürat yaradıb.

 

Özbəkistan Yazıçılar Birliyinin Mətbuat xidməti

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!