Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar artıq sağlığında milli mədəniyyətimizin parlaq simaları, ədəbiyyatımızın simvolları sırasında layiqli yer tutmuş şəxsiyyətdir. Heç şübhəsiz, bizim nəslin dünyagörüşünün formalaşmasında "60-cılar" ədəbi nəslinin böyük rolu olub. Bu baxımdan, ən əsas rollardan biri də məhz Anara məxsusdur.
Anar mədəniyyətimizin ən müxtəlif sahələrində misilsiz xidmətlər göstərmiş, möhtəşəm uğurlara imza atmış, universal yaradıcılığa malik insandır. Buna görə də təkcə yazıçı kimi deyil, həm də nüfuzlu mədəniyyət adamı və ictimai xadim kimi müasir Azərbaycan cəmiyyətinin, ədəbi-mədəni mühitinin formalaşmasına əsaslı təsir göstərib. Sadə vətəndaşlardan dövlət rəhbərliyinə qədər hər bir azərbaycanlıdan ötrü, eləcə də Türk dünyasında fəal mövqeyə malik hər kəs üçün müstəsna bir Anar obrazı var və o, Azərbaycan ziyalılığının qiymətli təcəssümüdür.
Mənim Anar müəllimə dərin rəğbətim, yüksək münasibətim hələ çox gənc yaşlarımdan formalaşıb. Əvvəlcə atamın, sonra isə özümün şəxsi kitabxanamda Anarın kitabları həmişə xüsusi və üstün yer tutub. İlk dəfə onun atamın kitabxanasındakı "Molla Nəsrəddin-66" kitabını oxudum. Müəllifin oradakı çevik zəkası, yazıçı və insan kimi aydın mövqeyi, fərqli üslubda təzahür tapan yumor hissi məndə heyranlıq oyatdı. Sonrakı illərdə Anarın filmləri, tamaşaları mənim hər dəfə maraqla baxdığım, "Sizsiz" əsəri sonsuz həyəcanla oxuduğum yaradıcılıq nümunələri oldu. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri isə, şübhəsiz ki, ən çox sevdiyim romanlardan biridir.
Ancaq Anar yaradıcılığına, onun çoxşaxəli fəaliyyətinə rəğbət və ehtiramım təkcə ədəbi kontekstlə məhdudlaşmır. Anarın yaratdığı və uzun illər rəhbərlik etdiyi "Qobustan" jurnalı da hələ lap gənc yaşlarımdan diqqətimi çəkmişdi. Jurnalda yer alan yazılar mövzu və məzmun, dünyagörüş və yanaşma baxımından məni heyrətləndirirdi. Zaman keçdikcə anlayırdım ki, Anarın xarakterindəki millilik və ziyalılıq, qadağa və çərçivələrlə barışmazlıq, şablonlardan qaçmaq meyli, düşüncə çevikliyi, həssaslıq və dəqiqlik "Qobustan"da da özünü göstərib. Nəticədə, bu jurnal mətbuat və fikir tariximizin ən dəyərli nümunələrindən birinə çevrilib.
Əvvəllər Anarı kənardan, uzaqdan izləyərək heyranlıq duyurdumsa, tale elə gətirdi ki, sonradan onunla yollarımız kəsişdi. Doğrudur, mən Anar müəllimi əvvəlki illərdə də çox görmüşdüm, dəfələrlə onunla söhbət etmək fürsəti qazanmışdım. Məsələn, Şuşadakı Vaqif Poeziya Günlərində, hələ çox gənc ikən - 22 yaşımda Yusif Səmədoğlu, Anar, Vaqif Bayatlı, Zakir Fəxri kimi dəyərli insanlarla bir məclisdə olmuşdum. Onların qeyri-adi söhbətlərini hələ də çox xoş, sehrli məqamlar kimi xatırlayıram.
Sonrakı dövrdə Anar müəllim Azərbaycan Mətbuat Şurasının üzvü oldu və biz daha sıx görüşməyə başladıq. "525-ci qəzet"ə ilk dəfə yazılarını göndərdiyi gündən indiyə kimi biz hər zaman Anarın yazılarını çap etməkdən böyük zövq almış və qürur duymuşuq. 2003-cü ildə Anar özünün "Ağ qoç, qara qoç" povestini qəzetimizə təqdim etdi və mən povestə ön söz yazdım. Beləcə, əsər hissə-hissə qəzetimizdə çap olundu. Bu əsər Azərbaycanın gələcəyi ilə bağlı çox böyük narahatlıqlar keçirən həssas və ustad bir yazıçının qələminin təkrarsız məhsuludur.
Anar müəllimi mənə doğmalaşdıran ən önəmli cəhətlərdən biri də onun Şuşaya münasibətidir. Məlum hadisələr başlayanda onun "Qarabağ şikəstəsi" adlı yazısı çap olundu. Həmin yazısında Laçına, Şuşaya səfərindən çox təsirli dillə söz açırdı. O yazıda belə bir yer var: "Özüm də bilmirəm, Şuşanı niyə bu qədər sevirəm. Burda doğulmamışam, burda yaşamamışam, qohum-əqrəbam burda yaşamır. Amma imkanım olsaydı, bütün ömrümü burda keçirər, öləndə də vəsiyyət edərdim ki, məni bu şəhərdə basdırsınlar". Anarın 80-ci illərin ikinci yarısında qələmə aldığı, Şuşaya ülvi münasibətini əks etdirən bu yazısının ruhu, məzmunu mənim Şuşaya münasibətimlə çox yaxından səsləşirdi. Çünki mən də Şuşanı müqəddəs bir yer hesab edirdim. Bəlkə də Azərbaycanın böyük mədəniyyət xadimlərini yetişdirən, musiqimizin, muğamımızın beşiyi, Üzeyir bəyin yurdu olan Şuşaya Anarın belə ali münasibəti, onu çox sevdiyim üçün, məndə də dərin həyəcan yaratmışdı. Görünür, arada hansısa görünməz tellər var ki, Anar müəllimin yazdıqları da, keçirdiyi narahatlıqlar da bizim üçün həssas yanaşmalı olduğumuz məsələlərə çevrilir. Zaman-zaman çap etdiyimiz bütün yazılarında onun bu kimi narahatlıqlarını duyaraq bölüşmüşük.
Yadımdadır ki, bir dəfə Anarın "Kim Dali, yaxud yaşasın söz azadlığı" adlı, tezliklə çox məşhurlaşan yazısını çap etmişdik. Orada müəllif bayağı jurnalist davranışlarına, mediadakı gülünc hallara özünəxas yumorla, ironiya ilə yanaşır, onları satirik dillə gülüş obyektinə çevirir, problemli nöqtələri nişan verir. Bu keyfiyyətlərinə görə də neçə il hər Mətbuat Günündə biz o hekayəni təkrar çap etdik.
2004-cü ildən Anar müəllimlə birlikdə çalışırıq. Yazıçılar Birliyinin XI qurultayında onun təklifi ilə mən Birliyin Gənclərlə iş üzrə katibi seçildim. Bundan sonra Anar müəllimlə daha yaxından təmasda olmaq imkanı qazandım. Onun həm böyük bir yaradıcı qurumun rəhbəri, həm də insan-şəxsiyyət kimi bir sıra xüsusiyyətləri mənimçün daha da aydınlaşmağa başladı. Bu aydınlaşma sayəsində mənim təsəvvürümdə o zamana qədər formalaşmış Anar obrazı daha dəyərli, daha parlaq cizgilər aldı. Onun gözlədiyimdən də artıq dərəcədə təmkinli, həssas, eləcə də bilikli və təcrübəli bir şəxsiyyət olduğuna məndə qəti əminlik yarandı. Bu cəhətləri sırasında onun inanılmaz dərəcədə yüksək yumor hissi, hazırcavablığı ayrıca qeyd olunmalıdır.
Anar müəllimlə çox səfərlərdə olmuşuq və bu səfərlərin hər birində onun nəslindən, ailəsindən, aldığı yüksək tərbiyədən gələn alicənablığına dəfələrlə şahidlik etmişəm. Bu nəcibliyi və ağayanalığı, qardaş Türkiyə başda olmaqla, bütün Türk dünyasının, bir çox başqa xarici ölkələrin sayılıb-seçilən insanlarında Anara böyük sevgi, dərin hörmət yaradıb. Yadımdadır ki, 2012-ci ildə Qazaxıstanda Anar müəllimə Türk dünyasında İlin Ədəbiyyat adamı ödülü verildi. Həmin mərasimdə mən də iştirak edirdim. Biz bir neçə gün fərqli məkanlarda olduq, müxtəlif insanlarla qarşılaşdıq və ünsiyyət qurduğumuz hər kəsin Anar müəllimə sonsuz rəğbəti məndə bir daha heyranlıq doğurdu. Eyni ürəkaçan halları mən Qırğızıstandan Türkiyəyədək, dönə-dönə müşahidə edib, qürur duymuşam. Türkiyədə insanların, hətta sadə xalqın nümayəndələrinin belə, Anar müəllimi tanımalarına, ona ehtiram göstərmələrinə çox şahid olmuşam. Bütün bunlara görə əminliklə deyə bilərəm ki, Anar müəllim nəinki günümüzdə Türk dünyasında İlin adamı olmağa layiqdir, o, elə bütün zamanlar üçün Türk dünyasının fikir və söz öncüllərindən biridir.
Onunla hələlik sonuncu səfərlərimizdən biri yenə də Türkiyəyə olub. İLESAM tərəfindən Anar müəllimin "Yaşamaq haqqı" kitabı çap olunmuşdu və biz də onun təqdimat mərasiminə getmişdik. Düşünürəm ki, bu nəşr Azərbaycanda hər bir insan tərəfindən oxuması vacib bir kitabdır. Təəssüf ki, o kitab dilimizdə ayrıca çap olunmayıb, hissə-hissə "525-ci qəzet"də çıxıb. Bu, öz tarixini, soyunu, kökünü bilmək istəyən hər bir azərbaycanlının evində olmalı, oxunmalı kitabdır.
Anarın rusca çap olunmuş "LİK Azerbaydjana" üçcildliyində Azərbaycan xalqının dühaları, mədəniyyətimizdə izi olan böyük simalar haqqında vacib, maraqlı bilgilər toplanıb. Elə bu cildlər də Anarın millətinə xas olan dəyərləri necə qorumasını, onların keşiyində durmasını göstərir.
Anar müəllimin Yusif Balasaqunlu haqqında "Türkçülüyün banisi" adlı yeni yazısı "Ədəbiyyat qəzeti"ndə təzəcə çap olunub. Həmin yazını oxuduqca Anar müəllim - qısa müddət öncə ağır əməliyyatdan çıxmış bir insan kimi - özünün tükənməz həyat eşqi, yaradıcılıq əzmilə, geniş erudisiyası, araşdırma həvəsilə məni yenidən heyrətləndirdi. Və mən bir daha əmin oldum ki, bədbinlik, ruhdan düşmək, ətalət hissi Anar müəllimə tamamilə yaddır. O, gördüyü işlərin, yazıb-yaratdıqlarının lazımlı, dəyərli olduğunu çox yaxşı bilir, onların unudulmazlığından əmindir və bu da böyük xoşbəxtlikdir.
Bu günlərdə 80 yaşını fərəhlə, qürurla qeyd etdiyimiz Anar müəllim ruhu, zəkası və qəlbilə yenə də gəncdir, güclüdür. Mən inanıram ki, Anar müəllim hələ uzun illər öz qaynar fəaliyyətini davam etdirərək, Azərbaycan xalqına, ədəbiyyatımıza və mədəniyyətimizə yeni töhfələr verəcək.
80 illik yubileyiniz mübarək olsun, Anar müəllim!
Rəşad MƏCİD
AYB-nin katibi
"525-ci qəzet"in baş redaktoru
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!