Mövlanə və Şəms tənhalığının fəlsəfəsi
Həyat bəzən insanı yetkin bir meyvə kimi budağında saxlayar; xarici aləmə baxanda hər şey tamamdır - ad-san, hörmət, mədrəsə divarları arasında əks olunan kəlamlar, dördkünc kitabların verdiyi o rahat təminat... Lakin içəridə, ruhun ən qaranlıq küncündə hələ də doymayan, nə ilə sakitləşəcəyini bilməyən dilsiz bir susuzluq var. Mövlanə Cəlaləddin Rumi məhz belə bir doluluğun və belə bir tənha susuzluğun zirvəsində idi.
Və sonra Şəms gəldi.
Şəms bir müəllim kimi gəlmədi, bir fırtına kimi, bir güzgü kimi gəldi. Biri illərlə topladığı biliklərin yükü altında əyilirdi, digəri isə o yükün üstünə bir kibrit çəkib hər şeyi yandırmağa hazır olan azad bir ruh idi. Onların ilk baxışması iki sonsuzluğun çarpışması idi.
Şəms kəsişmə nöqtəsində bir zərrə kimi dayandı və o məşhur sualı atdı ortaya:
- Məhəmməd (s.ə.s) böyükdür, yoxsa Bayəzid Bəstami?
Mövlanə tərəddüdsüz cavab verdi:
- Bu necə sualdır? Əlbəttə ki, Həzrəti Məhəmməd (s.ə.s) böyükdür.
Şəms isə gözlərini Mövlanənin gözlərinə dikərək təkrar etdi:
- Bəs nə üçün Bəstami "Özümü təsbeh edirəm, şanım nə ucadır" dediyi halda, Məhəmməd (s.ə.s) Allaha "Səni layiqincə tanıya bilmədik" - deyirdi?
Məhz bu an o qapalı mədrəsə divarları, o quru elmi qəliblər çat verdi. Mövlanə dərindən nəfəs aldı və sirrin pərdəsini araladı:
- Bəstaminin mənəvi qabı bir damla ilə doldu və daşdı. O, azacıq feyzlə doyduğunu sandı. Lakin Həzrəti Məhəmmədin (s.ə.s) mənəvi tutumu və sinəsi sonsuz bir okean idi; o, içdikcə daha çox susayır, daha da dərinləşirdi.
Şəmsin də almaq istədiyi cavab məhz bu cavab idi: Bəstaminin bir damla ilə doyan fənalığı müqabilində Həzrəti Məhəmmədin (s.ə.s) sonsuz okean olduğunu və Peyğəmbər ucalığının heç vaxt bitməyən bir ilahi susuzluqdan ibarət olduğunu ortaya qoymaq.
Bu dialoq əslində ağılla eşqin, damlanın yerləşdiyi qabla ümmanın ilk qarşılaşması idi. Mövlanə anladı ki, indiyədək topladığı bütün cavablar sadəcə ölçüyə gələn qabdır; Şəms isə ona o qabdan daşan, sərhəd tanımayan Okeanı göstərirdi.
Hər kəsə onların aylarla davam edən xəlvəti - bağlı qapı arxasındakı tənhalığı maraqlı idi. Dünyanın gözündə bu, bir alimin yolundan sapması, bir dərvişin sehrinə düşməsi idi. Lakin o qapalı otaqda baş verənlər sözə sığmırdı. O söhbətlərin sirri nə bilik idi, nə də nəzəriyyə. O xəlvət - iki ruhun bir-birində fəna tapması, bir-birinin aynasında İlahi varlığı özündə görməsi idi.
Şəms Mövlanəyə yeni bir şey öyrətmədi. O, sadəcə illərlə toplanmış quru biliklərin, ünvanların və zahiri anlayışların əmələ gətirdiyi kül qatını üfləyib kənara atdı, onun altında yatan o böyük alovu azad etdi.
İnsan bəzən bildiklərini unutduqca, bildiklərindən soyunduqca Özünə çatar. Mövlanə də Şəmsin güzgüsündə soyunurdu: kitablarından, unvanlarından, zənn etdiyi "mən"indən - rahat, amma soyuq külündən...
Və nəhayətində daxilindəki gerçəkliyi pıçıldayırdı: "Xamdım, bişdim, yandım..."
Onların söhbəti dillərinin susduğu yerdə başlayırdı - Lisani-halda, yəni sükutun daxili musiqisində. Bəzən saatlarla susurdular. Çünki həqiqi Sevgi və feyz sözün çərçivəsinə sığmaz; o, Xaliqdən gəldiyi üçün bir baxışdan digərinə, bir ürək döyüntüsündən digər xəlqə axar. Şəms Mövlanəyə "xamlıqdan" "bişməyə", bişməkdən "yanmağa" gedən yolu açırdı.
Və o gün gəldi... Şəms yox oldu. Qeybə çəkildi, ya da bir kölgə kimi gecənin içində əriyib getdi.
Əgər Şəms getməsəydi, Mövlanə bəlkə də yalnız bir nəfərin aşiqi kimi qalacaqdı. Lakin Şəmsin gedişi - o böyük həsrət və dözülməz ağrı Mövlanənin daxilindəki vulkanı partlatdı. Şəmsin cismaniyyəti çəkildi ki, onun mənası bütün kainata yayılsın. O ayrılıqdan "Divan-i Kəbir"in coşqun misraları, "Məsnəvi"nin hikmət çayları axdı. Mövlanə anladı ki, Şəmsdən öyrəndiyi sirr Şəmsin özü deyilmiş; Şəms sadəcə o sirrə gedən qapıymış. O qapı bağlandı, lakin pəncərə bütün bəşəriyyətin üzünə açıldı. (Əlbəttə ki, görə bilənə.)
Mövlanə ilə Şəmsin söhbətlərindəki əsl sirr elə budur: insanın öz içindəki İlahi cövhərlə qarşılaşması üçün bir bələdçiyə, o bələdçinin gedişindən doğan həsrətə və nəhayət, hər şeyi yandıran bir Eşqə ehtiyacı var. O söhbət bitməyib; o, hələ də öz içindəki sükutu dinləyə bilən, həqiqi "Mən"ini axtaran hər ruhun dərinliyində pıçıldamağa davam edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
